Matadorun
və şairin ölümü: Federiko Qarsia Lorka və
Mikayıl Müşfiq
Federiko
Qarsia Lorkanın poeziyasını və taleyini
düşünəndə ilk ağıla gələn
"torrero", "korrida", "matador" sözləridir.
Matador ispan ərlik-ərənlik kultudur. Buğa ilə
qarşılaşma iki erkəyin əlbəyaxa mücadiləsini
(güləşini) simvolizə edir. Buğa da, matador da
kişi başlanğıcını təmsil edir. Matador
şərəf və ləyaqətini qoruyan bir ispan
kişisidir. Matador meydana (stadiona) çıxıb buğa ilə
qarşılaşanda ölümü gözünün
altına alır, qızmış, dəli öküzün
buynuzunda didik-didik olacağını yaxşı anlayır.
İspaniyada
şairlər, rəssamlar matadoru təqlid ediblər. Korrida
ruhu ispan musiqisində, kinosunda və rəssamlığında
artıq bir metafizik substansiya halına gəlibdir. Deyilənlərə
görə, Pablo Pikasso da rəsmlərini çəkəndə
korridanı təqlid edirdi: kətanı buğa kimi,
fırçanı isə matador pikası kimi təsəvvür
edirdi.
Lorkanın
taleyi bir matadorun taleyidir. (Görəsən, fransız
şairi Mişel Leyris "əsl ədəbiyyat
korridadır" deyəndə F.Qarsia Lorkanın şeirlərini
nəzərdə tuturmuş?).
O, XX
yüzilin poeziya meydanına matador kimi çıxmışdı.
Matador kimi özünü həmişə ölümlə
görüşə hazırlamışdı. Saf, məğrur
ürəyi ilə, güvənsiz-filansız...
F.Qarsia
Lokanın matador dostları çox olub. Amma ölümünə
acıdığı, xatirəsini unuda bilmədiyi matador
İqnasio Sançes Mexiyas idi:
Axşamüstü
saat beşdə
Axşamüstü
tam saat beşdə
Bir
çocuq bəyaz çarşafı gətirdi
Axşamüstü
saat beşdə
Kavada
hazırdı kirəc
Axşamüstü
saat beşdə
Və
öteşi ölümdü
Yalnızca
ölüm.
Axşamüstü
saat beşdə
Gözünü
belə qırpmadı
Yanıbaşında
görünən buynuzlar...
Ah! Bəyaz
buynuzları İspaniyanın
Ah!
Acının siyah boğası...
Korrida
F.Lorka üçün qurbanlıq ayinin gerçəkləşdiyi
ölüm ruhunun (duendanın) hakim olduğu dini
misteriyadır. Zatən İspaniya özü ölüm
misallı bir ölkədir. Burada hər şeyin sonu
ölümə doğru olmalıdır. Flamenko sənətçisinin
səsini dinləyin - şeirlə ölüm havasının
vəhdətidir.
Əndəlusda
hər kəs inanır ki, insana "duende" gəlməsə,
içi yanmaz, nə nəğmə, nə də rəqs
yaranmaz. Əndəlusda rəqs əslində, ölümlə
rəqs kimi düşünülür. Böyük türk
şairi Yəhya Kamalın "Ölümlə rəqs"
şeirini xatırlayın.
Korridaya
ispan ölümün varlığını ritual səviyyədə
hiss etmək üçün gedir. Ölümün
gözünə susaraq sakitcə baxmaq ispan insanı
üçün adi haldır.
Lorka
Tanrıya, İsaya yox, ölümə inanırdı.
Ölüm qutsal və məhrəm, ali və gizli məna
idi. Mənalar mənası idi.
"Poemalar
kitabı"nı (1921) yazanda Lorkanın iyirmi üç
yaşı varıydı. Burda da ölüm
qırmızı xətt kimi keçir. "Beş il
keçəndən sonra" adlı misteriya janrında
yazdığı avtobioqrafik pyesində bir sox detallar
ölüm işarəlidir: (məsələn, qara lentli lak
tuflilər). Axı, qara lent tabuta bağlanır. Gənc bu
assosiasiyadan qorxaraq qulluqçuya lenti dəyişməsini
xahiş edir.
F.Qarsia
Lorka hər yerdə ölümü təqib edirdi. Hər yerdə
ölümün nişanəsini - "duende"ni
axtarırdı. "Duende" ispanca sirli söz olub, dəqiq
anlamı yoxdur. İspaniyanın gizli ruhunun adıdır.
Hər
axşam üzəri bir çocuq ölür
Hər
axşam üzəri Qranadada...
(F.Qarsia
Lorkadan nümunələr Türkiyə türkcəsinə tərcümədən
götürülüb)
O,
gündəlik həyatın hər detalında, hər məişət
səhnəsində ölümün nişanəsini -
"duende" axtarırdı: şairin ölüm fəlsəfəsi
ilə bu qədər dərindən ilgilənməsi ən
yaxın gənclik dostu Salvador Dalinin də gözlərindən
yayınmamışdı. Şairin ölüm xəbərini
eşidəndə rəssam korrida ehtirası ilə
qışqırmışdı: "Öldü, güllələndi
Qranadada müdhiş ölüm şairi Federiko Qarsia Lorka!
Ole!".
"Ole"
matador buğaya qarşı uğurlu "passi" edərkən
korrida azarkeşinin qeyri-şüuri, bioloji səviyyədə
çıxardığı səsdir, yaxud flamenko müğənnilərini
ruhlandıran dinləyicinin hülqumundan qopan qəfil
qışqırtıdır. S.Dali də Lorkanın faciəli
ölümündən belə vəcdə gəlib
qışqırmışdı.
Biz
Müşfiqi həmişə qadınlara, həyata sevgisi ilə,
bir nəşə qaynağı kimi xatırladıq.
Yazılarımızda, xəyallarımızda onun nakam
ömründən ölüm obrazını
uzaqlaşdırmaq istədik. Qəlbimizdə gənc və
gözəl obrazını yaşatdıq.
Müşfiq
özü də bilmirdi ki, bu həyat nəşəsinin
içində ölümün ruhunu daşıyır. Hələ
1936-cı ildə yazırdı:
Hər
kəs bilir həyatın sonu ölümdür,
Ah,
bu qəmli dəyişmə yaman zülümdür.
Şeirim!
Bu gülünc oyun bəllidi yarın.
bizi
də bəklər,
Sən
də ol mənim kimi, fəqət məzarın
olsun
ürəklər!
("Şeirim")
"Daş
qartal" şeiri (1929) kor qurşunla vurulmuş qartal
haqqındadır. Bu şeirlə şairin ölümü
arasında qəribə bir nəfəs uyğunluğu,
assosiativ məna doğmalığı sezmək olar.
Əvət,
qaynağında aman bulmayan
Zavallı
insanlar üzünə durdu.
Dərələr,
təpələr eylədi üsyan,
Bağrına
zəhərli bir güllə vurdu.
Səməndər
Şərq ədəbiyyatında ölüb-dirilən mifik
quşun adıdır. S.Şamilov yazıçıların
plenumunda məruzəsində təəccüblənirdi ki,
"Müşfiq nə üçün "Səməndər"
kimi əfsanəvi bir quş ilə maraqlanır? Səməndər
onun fikrinə haradan gəlib? O, mürtəce-romantik "Səməndər"
şeirini hanki təsir altında və neçin
yazdığını plenum qarşısında söyləməlidir..."
("Ədəbiyyat qəzeti", 27 mart, 1937).
M.Rahim
"Kontrrevolyusioner, kontrabançı, oğru" adlı məqaləsində
də "Səməndər" şeirini söyürdü.
"Onun zahirən sovet, lakin bütün daxili quruluşu ilə
qəddar kontrrevolyusion ruh ilə dolu bir sıra əsərləri
vardır. "Səməndər" əsərində
revolyusion böyük rus xalqının Azərbaycan xalqına
olan yardım əli, onun səadəti, çiçəklənməsi
üçün olan köməyi inkar olunmuşdur. Burada
müsavatçıların dediyi od yurdu vardır ki, o
özünü yalnız bu od yurdunun "Səməndəri"
sayır..." ("Ədəbiyyat qəzeti", 21 avqust,
1937).
Tənqid
olunan həmin "Səməndər" şeiri indi də
ortada yoxdur. Amma inanırsan ki, səməndər quşu kimi nə
vaxtsa "zuhur edəcək" - şeir tapılacaq?!
Cəfər
Cabbarlının qəfil ölümündən möhkəm
sarsılan Müşfiq "müsibəti-Cəfər"ini
- "Şairin ölümü" şeirini yazır. "Cəfər
Cabbarlının qəfil ölüm xəbərinin
Müşfiqə necə təsir etdiyini yazmaqda qələm
acizdir. Müşfiq Cəfərin ailəsinə
başsağlığı verib qayıdandan sonra evdə
çörək yemədi. Papirosu papiros dalınca o ki var
çəkdi. Gecəni səhərə kimi yatmadı. Cəfərin
ölümünə həsr etdiyi şeiri yaza-yaza gecəsini
dan yerinin şəfəqlərinə
qarışdırdı" (D.Axundzadə.
"Müşfiqli günlərim").
Müşfiqin
bir neçə poetik tərcüməsi var. Bəxtə
baxın ki, əksəriyyətinin (M.F.Axundov
"A.S.Puşkinin ölümünə Şərq
poeması", M.Y.Lermontov "Şairin ölümü",
T.Şevçenko "Vəsiyyət"...) mövzusu
ölümlə bağlıdır.
M.Müşfiqin
"Şairin ölümü"ndə "öldü"
və M.Lermontovun "Şairin ölümü" şeirində
"öldü...öldürüldü" felinin anafora
statusu mətnlərin emosional effektini gücləndirir, sanki
"ölüm ruhunu" özünə çəkib gətirir.
Ölüm elə bir mistik, qara qüvvədir ki, onu çox
çağıranda gəlir. Xüsusən gənc
yaşında!
Müqayisə
edək. M.Müşfiqin "Şairin ölümü"ndən:
Öldü!
Bu sərt ölümü düşündükcə mən,
Şiddətli
arzular keçir içimdən.
Öldü!
Xəbər verin aşnaya, dosta,
Ruhlar
mühəndisi o böyük usta!
Öldü
bir üsta ki, ustalar başı,
Bütün
yoldaşların əziz yoldaşı
Öldü,
ağlamayan gözlər ağlasın,
Qələmlər,
kağızlar, sözlər ağlasın!
M.Lermontovun
"Şairin ölümü"ndən:
Şair
öldürüldü, şair vuruldu
O
namus aşiqi düşərək şərə,
Sinəsində
qurşun, intiqam odu,
Qürurlu
başını endirdi yerə...
Öldü,
ziddi gedərək əvvəlki kibi
Kübar
aləminin hər bir rəyinə
Öldürüldü
artıq, hədər əməkdir,
Bu təriflər
xoru, bu hönkürtülər...
P.S.
Federiko Qarsia Lorka 5 iyun 1899-cu ildə doğuldu. Mikayıl
Müşfiq isə doqquz il sonra, 5 iyun 1908-ci ildə bu
dünyaya gəldi.
İkisi
də rejimin, qanlı xuntanın qurbanı oldu.
Lorkanı
general Frankonun köpəkləri Qranadada güllələdilər.
Müşfiqi NKVD cəlladları Nargin adasında qətlə
yetirdilər.
Nə
Lorkanın, nə də Müşfiqin qəbri bu gün də
tapılmır...
Rüstəm KAMAL
Ədəbiyyat qəzeti.- 2019.- 16
noyabr. S. 25.