Ölümə
güvənən adam
Vaqif
Səmədoğlunun kitablarını bir daha oxudum...
bağladım.. nə idi bu?.. Bir neçə saatda oxunan,
misra-misra uçub gedən 70 illik bir ömrün
işığa bürünmüş ruhu idimi?
Ölümündən sonra da bu dünyaya nigarançılığını
əli qələm tutandan misralardakı sözlərlə
çəkən, var olub varlığın, yox olub
yoxluğun dərdlərini, sevgilərini şeirlərində
oxuyan Vaqif Səmədoğlunun ruhu idi:
Nəyin
istisindən yananlar
Arzulayacaq
kölgəmi?
Hansı
rənglə çəkəcəklər
Xəritədə
ölkəmi?
Şeirlərimi
sevəcəklərmi
Divarlar
arxasında?
Bu,
kimsəyə bənzəməyən insan övladının
"o dünyada" belə, bu dünyanın dərdlərindən
narahat olan ruhunun pıçıltılarıdır.
Yuxulu-oyaqlı, o dünyalı-bu dünyalı bir
ömrün yaşam ritmləri sözlə qeyri-adi ifa
yöntəmində şeirə dönən
pıçıltılarıdır. Şeir olmuş
varlığının-ruhunun burda qalanlar - divarlar
arasındakılar tərəfindən seviləcəyindən
belə nigarançılığıdır.
Varlığı ilə yoxluğunu, diriliyi ilə
ölümünü qoşa yaşayan, hələ gəncliyindən
hər iki dünya arasında "var-gəlləri" ilə
"düşünən" şairin narahat ruhudur, bu
şeir parçasında səslənən:
Pasport,
viza
Gərək
olacaqmı sərhədlərdən keçməyə?
Andersenin
nağıllarını oxuyacaqlarmı?
Əlifba
biləcəkmi hamı?
...İnsan
bir ömrü boyu
öləcək
neçə kərə?
Yol
azacaqlarmı?
Məzar
qazacaqlarmı?
Adi
sözlərin tutumunda insan ruhun ovqatını necə möhtəşəm
bir tablo ilə çıza bilərmiş:
Batan
gəminin suya atılan
yükü
kimi
kənara
atıram ümidlərimi.
Ömrümün
divarında bu gün yenə
kəndir
dayanıb qapı yerinə...
Olumun-ömrün
qapılarında ölüm var bu gün yenə (həmişə
olduğu kimi) - paraleli şairin həyatı anlam fəlsəfəsidir.
Ölüm ömrün yollarında hər an var ola bilər və
bu varlığı yanındaymış kimi
"danışdıran" ruhun o taylı-bu taylı
dünyalarda dolaşması şairin "həqiqətlərindən"
biridir. Bütün yaradıcılığı boyu onun
ölümlə "ünsiyyəti", "səmimiliyi"
aydın oxunur və duyulur.
İnsan
övladı mənən nə qədər böyük, nə
qədər həssas duyğulu olmalıdır ki, içində
bulunduğu anın - son məqamında dünyada baş verən
"sonları" xəyal etsin, düşünsün.
Donmuş zamanın fellərini (baş verənlərini)
misralarda sərgiləmiş olsun?!
Axırıncı
ağacdır bu,
Əsir
sonuncu külək.
Bağlayıb
sonuncu yolu
Yenə
sonuncu fələk.
...Doğulur
sonuncu insan,
Sonuncu
insan ölür,
Yenə
son dəfə ağlayan,
Son dəfə
gülən olur...
Şairin
sözləri ilə çəkilən insan
ömrünün kiçik "kadrlar"ının
görüntülərinə "baxıb" heyrətlənməmək
olmur:
Əlimi
uzatdım sevincə sarı,
Gördüm
yox, arada kədər dayanıb.
Üz
tutub gedirdim Allaha tərəf,
Gördüm
yox, arada ömür dayanıb.
Sevinclə
ona uzanıqlı əl arasındakı kədər payı dərdi
çəkə bildiyindən, "mənə bir az göz
yaşı lazımdır" - deyib, kədəri
özünə "həmdəm" etdiyindəndir. Bu
dünyanın dərd-sərini boyuna biçilmiş kimi
özününküləşdirib, şirin bir yumorla Allaha qədərki
ömür yolunda özünə yol yoldaşı seçib.
Yox,
deyəsən, bu gecədən də
bir
şey çıxmayacaq,
Allahın
yarasından da qan axmayacaq...
Bu
gecənin də qaranlığı
Dərd
çəkmək, sevmək,
oğurluğa
çıxmaq üçünmüş...
"Yayda
qış olanda da, qışda yay gələndə də"
bu dünyanın ağrılarını çəkən
şair ruhu "dərdlə oxuyur" şeirlərində.
Vaqif Səmədoğlu ifadələrində insan zəkası
və qəlbi arasındakı ovqat belə poetikləşir:
İnsan
duaları
qalın
meşə kimi bürüyüb
torpağı,
göyü.
Dünya
keçilməz olub Allaha...
Yer
üzündəki bütün ağacların kölgəsi
qürbətə
düşür daha...
Vaqif
Səmədoğlunun poetik təsvirlərində yalnız ona
məxsus olan gizli bir "ironik təbəssüm", əgər
belə demək mümkünsə, "yumşaq, həm də
iç sızladan" bir təbəssüm var. Bəzən
şeirlərin ruhunda həssas duyğuların titrəyişi
üzüntülü hissləri yumşaldacaq gizli bir yumora
bürünür, sanki:
Ölümümü
niyə gözləyirsən, gülüm?
Ağla,
bu başdan ağla mənə.
Qoy
özüm də görüm
Çoxmu
ağlamalı şey idim...
Ölümlə
iç-içə insan ömrünün poetik təqdimat
çalarları şairin dəyişən
duyğularının əlvanlığından yaranır.
Salam,
ata, salam.
Bilirəm
arxamdasan.
Məzarından
Cəmi
əlli-altmış
addım
bu yanda dayanıb
trolleybus
gözləyirəm.
Trolleybusa
minib,
sənin
yanına gələnə qədər
yaşamağa
gedəcəyəm...
Var
olduğu hər anın ölümlə təmasına poetik
rənglər verən şair "o boyda ölümün
gözü qabağında", "kağız-qələm
olmasaydı bircə gün də yaşaya bilməzdim" -
deyir. Hər yerdə, hər durumda
qarşılaşacağını, hər sıxılan nəfəsində,
hər çıxdığı yolun üstündə
ölümünü "tanıyır". Ruhunun hansı
ovqatında onu yaxalayacağını gözləyir:
"Bir-iki lay-lay qoy yoluma, ana, bəlkə uzaqda,
uşaqlıqda öləcəyəm". Hətta
ovqatının ən duyğulu anında - gözəl bir
musiqi dinləyəndə belə yanındaymış kimi:
Bu
yad nəğməyə bürünüb
Zillənib
gözlərim göyə.
Bu
ölmüş oxuyanacan
Qoymayın
məni ölməyə...
-
deyir.
Onun
şeirlərində görüntüsü sərt, lakin
yumşaq, bəzən də bir qədər müti təqdimatla
ölüm təsbit aktıdır.
Bu
gecə sağ əlim sıxılır yenə,
Qorxu
salam verir yenə də mənə
Allaha
inanan gecəmdir yenə,
Şeir
oxuyuram dua yerinə.
Bu
assosiativ iztirab tablosu Leonardo da Vinçinin "Sonuncu şam
yeməyi" əsərindəki İsanın əllərini
xatırladır. Taleyin hökmünə tabe, həm də məyusluqdan
açılmış əllər sabahkı xəyanətin
ölümlə sonlanacağı xəbərinin təslim
işarəsidir. "Qorxu" adlandırdığı
ölümün "bu gecə"ki "salamına"
açılmış əlinin poetik lövhəsini belə
cızır şair.
Vaqif
Səmədoğlu "Heç kəsin demədiyini heç
kəsin ağlına gəlməyən şəkildə
deyirdi" (Anar). Kimsənin ağlına belə
görüş dəvəti gələ bilərmi?
Bu bahardan
çıxıb,
Hansına
bürünəcəksən?
Hardan
görünəcəksən?
Səsin
gələcəkmi,
Gəlsə
güləcəkmi?
Sinəndən
sözlə çıxacaq səsin,
ya
qışqırıqla?
Yoxsa
elə susacaqsan
bu
ayrılıqla
Harada
gözləyim səni, harada?
Evdə,
eşikdə, ya məzarda?
Dildə
nikbin görünən, dərinlikdə "ağrılı
təbəssümü" ilə müşayiət olunan
hisslərin ifadə tərzi, hətta Allaha müraciətlərində
də duyulur:
İlahi,
hansı dildə yalvarım sənə?
Bir
dua yetər, yoxsa sənə də
ağız
açmaq gərəkdir dönə-dönə?
Sənə
yox, dünyaya yox,
özümə
gülürəm,
çünki
yaratdığın neçə min dildən
cəmi
ikisini bilirəm.
Bunların
birindən
yer də,
göy də xəbərsiz...
Odur
o birində
yalvarıram
sənə indi:
Qospodi,
pomoqi, Qospodi...
Allaha
yalvarışın dua etmə yöntəmi, əllərini
açıb diləmə, istəmə şəkli deyil Vaqif
Səmədoğlunun müraciət forması. Sanki sevgisindən
əmin ərköyün adam balası Yaradanından
arxayın, istədiyi an sözünü sərbəst demə
hüququnu bilir: "Yadına sal məni, yadına sal məni
qoyduğun yeri, tap məni, tap, aman, Allah!
Bəlkə
də "qələmin dizləri söz yükündən
büküldüyü", "hələ axırına
çox qalan yolun yorulduğu", "ümid döyən
qapıların bağlandığı" zaman şair
ruhunun sıxıntıları onu üzünü göylərə
tutub yerini nişan verməyə "təkid" etdiyi
anların çağırışıdır bunlar:
Qulaqlarımda
küləyin uğultusu,
Gözlərimdə
torpağın tozu,
Sağımda
kor quyu,
Solumda
paslı darvazanın səsi.
Arxamda
bağ evi,
Qarşımda
hasar,
Sağ
əlim cibimdə,
Sol əlim
divarda.
Burdayam,
ay Allah, burda!
Şairin,
hətta Allahdan dilədikləri də duadan çox poetik
müraciət, xahiş, minnət şəklindədir:
Allah,
bir az da möhlət ver,
Öldürmə,
sağ saxla yenə.
Beş-on
yazılmamış şeirim,
Beş-on
duam qalıb sənə...
Şeirlərində
dünyanı bütün əlvanlığı, gözəlliyi,
təzadları ilə poetikləşdirib, ən saf
duyğulardan tutmuş vətənin, xalqın, dünyanın
problemlərini kimsənin görə bilmədiyi kimi görən
müdrik intellekt sahibi, xalqının sevimlisi, Allahın
sevimlisi Vaqif Səmədoğlu bütöv insanın
özü idi və bu dünyada olumdan ölümə doğru
gedən yolunda insanlıq adına ən ali hisslərə
sahib bəşər övladı kimi yaşamağı
bacardı. Ölümün üzünə baxa-baxa
yaşadı və hər an Allahın hüzuruna hazır, onu
gözləyən sonu ağılla qəbul edib yaşadı.
Ömrün sonu çatanda isə yer adamları kimi vəsiyyət
yazmaq əvəzinə, Allahına namə yazdı Vaqif Səmədoğlu:
Allah,
nə var, nə yox?
Məndən
nə xəbər var?
Gecələri
özüm sayıram,
Üzümə
açılacaq neçə səhər var?
Bəyənəcəksənmi
məni?
Bəndəni
hansı gözlə görəcəksən?
Allah,
özüm gəlim,
Ya
kimisə göndərəcəksən?
Bu
dünyanın dünya boyda dərdini, dünya boyda sevgisini
misra-misra yaşayan, dilləndirən, sözlərin rənginə
boyayan, yaşadıqlarını onu yaradanla bölüşən,
dərdləşən Vaqif Səmədoğlunun ruhu idi bu
misralarda uçub gedənlər. Nur topasına
bürünüb uçan işığın ardınca
baxıb onu yaradana: - "onu verdiyin nə? Aldığın nə?"
- sormaq istəyirsən. "Allaha ağır getməsin",
bu sevimli səfərdəkinə belə hörmətli, əzəmətli
gediş üçün burdan durub onun getdiyi məqama və
gedişə həsəd aparmağın gəlir. Bir də
özünün dediyi kimi, günəşə yox,
üzünü elə onun özünə tutub demək istəyirsən:
"Hayıf işığına...".
Hicran Nəsibova
Ədəbiyyat qəzeti.- 2019.- 16
noyabr. S. 26.