Bir məktub,
bir tale
Aydınlarımız
Otuz ildir ərzə
qədəm basdığım
Yol uzun,
arzu çox, ömür yarıdır...
Başqa
bir şey deyil mənim yazdığım
Sahilsiz qəlbimin dalğalarıdır.
Abdulla
Faruq
1935
Göyçaylı şair Abdulla Faruq atamgilin uzaq
qohumudur. Daha dəqiq desək, böyük bibim Kubra
xanımın həyat yoldaşı Əbdülkərim
Əfəndiyevlə Abdulla Faruq Əfəndiyev əmioğludurlar.
Uşaqlıq
və yeniyetməlik çağlarında Göyçayda Rəsulla
Abdullanın tanış olub-olmaması
haqqında məlumatım yoxdur. Hər halda, atamın
yazmağa başlayıb tamamlamadığı tərcümeyi-halında
bu barədə bir şey demir. Faruq haqqında
yalnız Bakıya gəldiyi vaxtdan yazır. Rəsul Rza otuzuncu ildə Bakıya gələndə
Abdulla Faruq artıq ədəbiyyat aləmində
tanınırdı. Atamın yazdığına görə,
məhz Faruq göyçaylı qohumunu ədəbiyyat aləminə
gətirib, "Gənc işçi" qəzetinin
redaksiyasında Mikayıl Müşfiqlə, Sabit Rəhmanla,
Mehdi Hüseynlə, Süleyman Rüstəmlə və
başqalarıyla tanış edib. Qısa
müddətdə Rəsul Rza həmin şeirləri, hekayələri,
məqalələri, həm də ədəbi-ictimai həyatda
fəallığıyla daha çox məşhur olur.
Ey hər
gün
Başımın
üstündən keçən
Buludlar,
buludlar...
Qara
buludlar!
Silsilə
dağları bürüyəndə çən
Gedirsiniz belə hara buludlar?
Gah
düzəlirsiniz böyük bir alay,
Gah
toplanırsınız səmada lay-lay...
Küləklər
axşama çalanda lay-lay,
Günü
çəkirsiniz dara buludlar!
Kiminiz nəşəli, kiminiz qəmli.
Kiminizin
gözü daima nəmli,
Qışın
qasırğalı, yazın şəbnəmli
Günlərinə
verin ara, buludlar!
Faruq bu "Buludlar" şeirini Rəsul Rzaya ithaf edib.
Otuzuncu illərdə ədəbiyyata gəlmiş
başqa şairlər kimi, A.Faruqun da
yaradıcılığında yeni həyatın tərənnümü,
quruculuq işlərinə, tarlalara, pambığa, buruqlara,
Leninə, Qorkiyə, Dolores İbaruriyə həsr olunmuş
şeirlər müəyyən yer tutur. Bunlarla yanaşı, bu
gün belə, təravətini itirməmiş incə lirik
parçalar da var:
Oylə
bir xəyalın hökmündəyəm ki,
Ruhuma dar
gəlir səmalar mənim
Bəzən
buludların üzərindəki
Boşluqlar
istərəm ola məskənim.
Yaxud:
Son şəfəq
- günəşin batdığı yerdə
Yanıb şölələnən tonqal kimidir.
Çəkilir
dağlara, daşlara pərdə
Qayalar uzaqda xəyal kimidir.
Dəniz
xoş - uyuyur dalğalar belə
Susur küləklərin uğultusu da.
Tək-tənha
çıxmışam qumsal sahilə
Bir xəyal arayır gözlərim suda.
Şair sözləri oynadaraq gözlənilməz təşbeh
yarada bilir.
Yenə gəlir
sahilləri yorta-yorta dalğalar
Yenə gəlir yaxasını yırta-yırta
dalğalar.
Son illər tədqiqatçı Sona Xəyal arxivlərdən
atamın Faruqa məktublarını tapıb. Bu məktublardan
bəzi parçaları gətirirəm (gətirmədiyim
parçalar sırf məişət xarakterindədir). Məktublardan
hər iki şairin səmimi dost, məhrəm, həm də
bir-birinin yaradıcılığına tələbkar
münasibətləri aydın görünür.
"Qardaşım
Faruq! Məktubunu aldım, son şeirim
haqqında yazdıqlarını oxudum. Sən
özün yaradıcılıq etibarilə aramızda olan
ayrılığı yaxşı göstərirsən.
Sənin dediklərinin bəziləri ilə mən
də şərikəm. Əlbəttə,
oylə şeir yazmaq lazımdır ki, o yalnız öz təzəliyi,
orijinallığı, dərinliyi deyil, öz ahəngi etibarilə
də əski şeirdən qat-qat yuxarı dursun. Bu
baxış nöqtəsindən, benim şeirlərim hələ
ben istedigim kamilliyə yetə bilməmişdir...
...Bu
günlərdə imtahanlarımız başlayır, ona
görə sənə bir az gec-gec məktub
yazsam incimə. Hələlik bu qədər.
Əllərini sıxıram sənin.
R.Rza.
21.11.1935-ci
il. Moskva.
Göründüyü kimi, məktub atamın Moskvada təhsil
aldığı (və təhsilini bitirmədiyi) illərdə
yazılıb.
Hətta 1935-ci ildə də "mən" deyil
"ben" yazmaları maraqlıdır.
Qardaşım
Abdulla, salam! Üçüncü məktubunu
aldım... Sənin şeirin haqqında hələlik
(yəni bir dəfə oxumuşam, həm də fikrim bir qədəri
dağınıqdır) bir qədər deyim. Əvvəla,
göndərdiyin parça bir poema hissəsi olsa gərəkdir,
ikinci, burada da bəzi şeirlərin də özünü
göstərən və benim sana dəfələrlə
dediyim trafaretlərdən qurtulmamısan. Daha
aydın deyim, sənin "Snayper", "Partizanlar" və
bir sıra başqa qüvvətli, ruhlu, atəşli şeirlərinə
kölgə salan sadalamalar, eyni ahəngdə gələn tarixi,
coğrafi adlardır. Əslində, istər
tarixi, istərsə də coğrafi adlar, sözlər işlədilə
bilər və bunlar "v meru" olduğu zaman şeiri daha
da qüvvətləndirər. Misal
üçün, müharibə mövzusunda sənin qədər
qüvvətdə yazan olmamışdır.
Ancaq sənin bu gözəl yazının qüvvətini
padşahlar, sultanlar, baronlar, xanlar, panlar və bu gibi sadalamalar
azaldır. Cavab parçasında bundan başqa bir nöqsan da
vardır. Bu nöqsan əsgərə məktub
yazan kəndli qızın (mən inanıram ki, sən bunu
boylə vermək istəmisən, yəni kəndli
qızının dilindən) Litvinov qədər xarici siyasət
məsələləri haqqında məlumatı olduğu,
Polşa, alman, ingilis ordularının silahlarının
bildiyidir.
(Litvinov o vaxt SSRİ Xarici İşlər Komissarı
idi - A.)
Başqa əsgərin son məktubu çox uzundur. Sevgilim deyə
başladığın yer çox səmimidir. Sonra isə sənin əsgərin çox hap-gop
edir. Axırıncı səhifələrdə
ayrı-ayrı təşbehlər və qüvvətli
misralar vardır. Bitkin bir obraz yoxdur. Sözlərdir. Bu sözləri
insan göz qarşısında canlandırmaq istədikdə
səhnə çox tez keçir. İnsana
bütün təsir verməyir. Bəlkə
də qırıq-qırıq təsirlər buraxır.
Bu kiçik parçada "hərb" sözü on bir dəfə,
"Qanıma" sözü 45 dəfə, "bomba, top, təyyarə,
sərhəd" sözü hərəsi 45 dəfə,
"ordu" sözü 67 dəfə, "düşmən"
sözü 45 dəfə təkrar olunur. Bunlar nədir?
Həm də sənin kimi o tövr dəsxoş
(oformivşis) (püxtələşmiş - A.)
yazıçı üçün əfvedilməz
nöqsandır.
Bir də ben seni bir şeydən saqındırım. Bu hərb məfhumlarını
həmişə bir cəhətdən götürməyin.
Bunları yazmaq benim dostluq, qardaşlıq
borcumdur. Bəlkə mən fikirlərimdə
yanılıram. Yaz, mübahisə edək, bir-birimizi
qane salarıq...
Benim
haqqımda o Rəhmlidir nədir onun yazdığı isə beni zərrə qədər də rahatsız
etməyir. Yer yiyəsiz olanda donuz təpəyə
çıxar. Bugünkü Azərbaycan ədəbiyyatı
cəbhəsində boylə-boylə şeylərin meydana
çıxması həm də təəccüblü bir
şey deyildir. Rahim isə Cəfər Xəndanla bərabər
benim şeirimi anlaya bilmirsə, bu çox gözəl, beni son dərəcə şad edən bir
faktdır. Bu boylə də olmalıdır.
Nigarın
sana çoxlu xeyir-duası var. Hələlik
bu qədər. Əlini sıxıram. Sənin
Rəsul
12.11.1935-ci
il
Çox illər sonra Müşfiqin xatirəsinə həsr
olunmuş "Qızılgül olmayaydı" poemasında
Rəsul Rza adlarını çəkməsə də, gənclik
dostlarını portretlərini yaradır.
O gün.
tanış olanda biz,
orda
bir talei
kür
şair
də vardı.
Tez qızar, tez soyuyardı.
İndi yoxdur o da.
Fırtınalı
illər onu
Yaralı
ov kimi
Qabağına qatdı.
Ömrünü
parça-parça
tikə-tikə qopartdı.
Vətən
xaini dedilər adına.
Min bir ləkə
yaxdılar
Özünə, əcdadına.
O cavan
ömrünü
Qurban verdi
Vətən yolunda.
Güllü bir bahar axşamı.
Kaş
onuntək
Vətənə
Sadiq
olaydı hamı!
Onu uddu cəbhədə
odlar-alovlar.
Bəli,
həyatın belə
Qanlı hekayəti var.
Bu sətirlər Abdulla Faruqa aiddir və onun kür xasiyyətini,
kədərli ömür yolunu canlandırır. Atamdan
başqa Faruq haqqında Ənvər Məmmədxanlıdan,
bibilərimdən, Kubra bibimin oğlu tarixçi Oqtay Əfəndiyevdən
eşitmişdim. Hamısı onu dəli-dolu,
qabağından yeməyən, son dərəcə cəsur, mərd
gənc kimi səciyyələndirirlər. Ənvərin bacıları Arifə və Həbibə
danışırdılar ki, bir dəfə axşam vaxtı
Faruq onları Ənvərgildən evlərinə
ötürürmüş. İçərişəhərdə,
küçənin tinində bir neçə cavan oğlan
söhbət edirmiş. Həbibəgil
keçəndə bu oğlanlar öz aralarında etdikləri
söhbətə gülüşüblər. Onlara heç bir dəxli olmasa da, Faruqa elə gəlib
ki, onlara sataşırlar. Tez
tapançasını çıxarıb təkbaşına
onların üstünə cumub. Qızlar
birtəhər yalvar-yaxarla onu sakitləşdirib qorxmuş
oğlanlardan aralayıblar.
- Həmişə
üstündə tapança gəzdirərdi - deyirdilər.
Faruqla bağlı məzəli əhvalatlar da yadımda
qalıb. Bir
şakəri varmış, tez-tez deyərmiş: Qoy bu da mənə
dərs olsun. Axır bir gün Sabit Rəhman: Faruq, sən bu
universiteti haçan qurtaracaqsan? - deyir.
Danışırlardı
ki, Faruq rus dilini o qədər də yaxşı bilmirdi, odur
ki, rus ofisianta pivə sifariş verəndə bilmirdi necə
desin: "dve ya dva butulki" - Prinesi tri butilki - deyirdi.
Üç şüşə gətirəndə - eto vozmi - deyə
üçüncü şüşəni göstərirdi.
Bu xasiyyətinin canlı detalları olsa da, Faruq, əlbəttə,
ədəbiyyatda həm şeirləriylə, həm taleyində
məşum rol oynamış məktub olaylarıyla qalıb.
1939-cu il dekabrın 21-də "Ədəbiyyat qəzeti"ndə
belə bir məlumat çıxıb:
"Bu günlərdə Azərbaycan Sovet
Yazıçılar İttifaqının geniş plenum
iclası olmuşdur. Azərbaycan Sovet Yazıçılar
İttifaqının işi ciddi surətdə tənqid
edilmişdir. Plenum iclası Azərbaycan
Sovet Yazıçılar İttifaqında işin öhdəsindən
gələ bilmədiklərinə görə və sovet
yazıçılarının etimadını
doğrultmadıqlarına görə İttifaqın məsul
katibi Rəsul Rzayevi və onun müavini Cəfər Cəfərovu
vəzifədən götürmüş və Prezidium heyətindən
çıxarmışdır".
Nə
oldu, nə baş verdi? Nə
səbəbdən birdən-birə Rəsul Rzanı
İttifaqın rəhbəri vəzifəsindən (o vaxt bu vəzifə
məsul katib adlanırdı) uzaqlaşdırdılar? Qəzetin sonrakı nömrələrində Rəsul
Rzaya məsələn, Mayakovskini təbliğ etmədiyi kimi
gülünc ittihamlar verilir, daha sonrakı saylarında isə
uzun müddət ümumiyyətlə, heç yerdə
adı çəkilmirdi.
Rəsul
Rzanın Yazıçılar İttifaqının rəhbərliyindən
çıxarılmasının əsas, daha doğrusu, yeganə
səbəbi latın qrafikasından rus əlifbasına
keçidlə bağlı idi. Azərbaycanın latın əlifbasından rus əlifbasına
keçməsi sadəcə hurafatın dəyişməsi
deyildi. Bu xalqın milli şüuruna vurulan
güclü zərbə, mənəviyyatını zədələyən
bir təkan idi. Bu zərbənin, bu təkanın
təsiri ayrı-ayrı şəxslərin taleyində də
hiss olundu. O cümlədən Abdulla Faruqun taleyində, Rəsul
Rza ömrünün müəyyən mərhələsində.
Uşaqlığımda evimizdə valideynlərimin bu əlifba
dəyişməsinə aid söhbətlərini
eşitmişdim. Onlar bu məsələni 37-ci il faciəsindən
sonra Azərbaycanın mənəviyyatına vurulan ikinci
ağır yara kimi dəyərləndirirdilər.
Anam danışırdı ki, bir gün Rəsul evə
Səmədlə gəldi. Üzlərinə
baxanda ürəyim düşdü, ikisi də bir haldaydı
ki, çırtma vursan sifətlərindən qan damardı.
Bağırovun yanından gəlmişdilər.
Bağırov bunları əlifba məsələsi
üçün çağırıbmış. Qabaqlarına yemək qoydum, içki istədilər,
içdilər və dərdləşməyə
başladılar. Bağırov onlara deyib ki, rus əlifbasına
keçirik, özü də burada daha heç o yan-bu yan ola bilməz, bu, şəxsən Stalin
yoldaşın göstərişidir. Bu qorxunc
sözlərə baxmayaraq, etiraz etməyə
çalışıblar. - Axı ermənilər,
gürcülər öz əlifbalarından əl çəkmirlər
- deyiblər. Bağırov: yaxın zamanlarda onlar da rus əlifbasına
keçəcəklər - deyib. - Stalin yoldaşın fikri
budur ki, bütün sovet xalqları eyni əlifbadan istifadə
etməlidirlər.
Bu
söhbətin ardını Ənvər Məmmədxanlının
dilindən eşidib yazmışam:
"Faruq
mənə dedi ki, mən bu əlifbanın dəyişdirilməsini
səhv hərəkət hesab edirəm, bu, Bağırovun
işidir, ona məktub yazacam. Dedim yazma, bu, Bağırovun
işi deyil, Stalindən gələn məsələdir. Faruq qulaq asmadı, yazdı. Məktub
Bağırova çatan kimi tufan qopdu. Bağırovun
bir xasiyyəti vardı, biri bir iş tutan kimi o saat deyirdi ki,
bu tək sənin işin deyil, bunun altında hansısa bir
qrup, bir təşkilat dayanıb və bu hazırlanmış
təxribatdır. Bəli, o saat zirək xəbərçilər
Bağırova çatdırdılar ki, bəs Faruq Rəsul
Rzanın qohumudur və Rəsul də Yazıçılar
İttifaqının sədri olduğu üçün bu məsələni
o təşkil edib. Bağırov
bütün Yazıçılar İttifaqını
darmadağın etdi. Bir-bir adamları
çağırırdı, içəri girən kimi də
soruşurmuş ki, kakoy on poet? (yəni
Faruq necə şairdir - A.) Məsələn, Səməd nə
bilsin ki, hadisədən xəbəri yoxdu, deyir ki,
"tovariş Bağırov rastuşiy, xoroşiy poet"
(yaxşı, inkişaf edən şairdir) "A.. rastuşiy xoroşiy
poet?". Otur!
Bir nəfər
adını demirəm kimdir, nə təhər olubsa, hiss edib
ki, bu nə məsələdi, içəri girən kimi ondan
da soruşub, "Po tvoemu kakoy poet Faruq?".
O da dərhal deyib ki, "eto provokator, a ne poet".
Bağırov:
Vot nastoyaşiy bolşevik, - deyib".
Ənvərin bu xatirəsinə ancaq onu əlavə edə
bilərəm ki, Faruqu provokator adlandıran adamı atamın
yerinə Yazıçılar İttifaqına rəhbər
göndərdilər.
Ənvərlə
Faruq yaxın dost idilər, bu hadisələr zamanı Faruq hər
axşam Ənvərgilə gələrmiş.
"Bir nəfər
də vardı, o da gələrdi və mən də bilirdim
ki, bu adam söz almağa gəlir. Bu adam hər dəfə məndən
soruşurdu: Ənvər, sən necə baxırsan bu əlifba
məsələsinə? Mən ehtiyatla cavab verməyə
çalışırdım, amma ağzımı
açmamış Faruq ortalığa atılırdı ki,
çox pis baxıram bu əlifba dəyişdirilməsinə.
O adam yenə məndən soruşurdu:
Ənvər, sən necə baxırsan və mən də
ağzımı açmamış Faruq yenə
atılırdı ortaya: Mən çox pis baxıram, filan. Axırda o adamın hövsələsi
çatmadı, qayıtdı Faruqa ki, əşi, səni
bilirik e. Sən pis baxırsan, mən bu kişinin fikrini bilmək
istəyirəm".
Ənvərin
vəfatından sonra tarixçi Solmaz xanım Tohidi məni
NKVD arxivindən çıxardığı bir sənədlə
tanış etdi. Bu sənəd-informasiyada
deyilirdi:
"Yazıçı Məmmədxanlı deyirmiş. - Biz kiçik millətik və
əlifba vasitəsilə bizi ruslaşdırmaq istəyirlər.
Məlumat var ki, ikinci ordeni alandan sonra Moskvadan qayıdan
Səməd Vurğun və Rəsulov Rza (sənəddə
belədir - A.) yeni əlifbaya keçmənin əleyhinə kəskin
şəkildə danışırlarmış. Şair Əfəndiyev
Abdlulla Faruq deyirmiş: "Mən yeni əlifbaya keçmənin
əleyhinə çıxış etmək istəyirdim, amma
Rəsul Rza bunu məsləhət görmədi".
Atamın da bu barədə söhbəti yaxşı
yadımdadır. Deyirdi ki, bir gün Bağırov məni
çağırdı, gözündən, ağzından od tökülürdü, mən də hələ
başa düşmürdüm ki, niyə qəzəbə
keçmişəm, çünki Faruqun məktubundan xəbərim
yoxdu. Məsələ açılanda, deyəndə
ki, Faruqu sən öyrətmisən, sənin qohumundur, cavab
verdim ki, bəyəm siz öz qohumlarınızın hər
bir hərəkəti üçün cavabdehsiniz? Daha da
özündən çıxdı: Mən, bax bu əlimlə
öz qohumlarımı güllələmişəm - dedi.
O
vaxtın şərtlərinə görə, hələ
yaxşı qurtarıblar. Rəsul Rzanı
olmasa da, Faruqu tutdura da bilərdi. Bunu etməməsinin
səbəbi, məncə, rəhmdilliyində deyildi.
37-ci il qırğınından sonra həbs,
sürgün və güllələnmə planları
artıqlamasıyla doldurulmuşdu və 39-cu ildə Yejovun
süqutundan sonra ölkədə repressiya kampaniyası səngiməkdə
idi.
Abdulla Faruqun adı qara siyahıya düşür, onu
ayrı bəhanəylə Yazıçılar
İttifaqından çıxarırlar. Sovet sisteminin
riyakarlığı bir də ondaydı ki, cəzalandırdığı
adamın nəyə görə cəzalandırıldığını
açıb ağartmırdı.
Dostum Ramiz Rövşən tələbəlik illərində
ədəbiyyat müəlliməsindən eşitdiyi Faruqa məxsus
misraları yadında saxlayıb. Şairin heç bir kitabına daxil
edilməyən bu misraları Ramizin dilindən kağıza
köçürdüm:
Gül,
gül, gülən gözündən sevinc
sağılsın
Gündüz
günəş kimi, gecə ay kimi
Kədərin
dağılsın, dərdin dağılsın,
At dərdi başından kəlağay kimi.
Nə yazıq ki, o ağır günlərdən sonra
Faruqun kədəri dağılmadı, dərdi
başından kəlağay kimi ata bilmədi.
O gündən
sonra atamın Faruqla münasibətləri necə olub? Təəssüf edirəm ki, bu barədə nə
atamdan, nə anamdan xəbər almamışam. Bircə çox illər sonra, 1964-cü ilin
martında atamın Faruqun xatirəsinə həsr etdiyi "Səhifələrin
yaddaşından" şeirində buna bəzi işarələr
var.
Bu
kitabı sən vermişdin:
Üstündə
"dostum nöqtə, nöqtə" yazı
Sonra,
sonra oldu
sənə atılan acı sözlərin,
insafsız sözləri,
tikanlı sözlərin
tolamazı.
Sənin
yazından aşağı
iki sətir
mən yazmışdım
O bədbəxt,
o qaynar,
O kədərli
axşam.
Sən
özün yazmışdın:
"Bəlkə
görüşmədik"
Görüşmədik,
bəlkəsiz.
Düşünürəm, bu məsələ, yəni
Faruqun məktubuyla bağlı tufan Rəsul Rzaya necə təsir
edə bilərdi? (Yeri gəlmişkən, arxivlərdə
işləyən bir neçə tarirxçidən Faruqun bu
mənhus məktubu haqqında soruşsam da, bu sənədə
rast gələn olmamışdı).
Rəsul Rza 29 yaşında Yazıçılar
İttifaqının rəhbəri və deputat seçilir. Xalqa, ədəbiyyata
xidmət etmək, doğma dilin qorunması yolunda qəlbi
qaynar arzularla, beyni böyük planlarla dopdolu olan gəncin bir
an içində həyatı sarsılır. Özünün nəinki təqsiri, xəbəri
belə olmadığı bir məktubdan, dostunun heç nəyi
dəyişə bilməyəcəyi uğursuz məktubundan
sonra hər şey alt-üst olur.
Yazıçılar
İttifaqına rəhbərlik etdiyi iki ildən də az müddətdə Azərbaycan dilinin vəziyyəti,
onu gözləyən təhlükələr haqqında Plenum
keçirir və özü məruzə edir. Azərbaycan
ədəbiyyatı tarixinin yaradılması təklifini irəli
sürür. O il "Ədəbiyyat
qəzeti"ndə gedən bütün yazıların
altında müəlliflərin imzaları həmişəki
təxəllüsləriylə deyil, "oğlu" deyə
göstərilir.
Natəvan klubu yaradılır. Həm də bütün bu təşəbbüslər
37-ci il xofunun hələ yaddaşlardan
silinmədiyi bir vaxtda baş verir.
Rəsul Rzanı nəinki Yazıçılar
İttifaqının rəhbəri vəzifəsindən
çıxarırlar, adı və kitabları yasaq olunur. Mətbuatda
adı çəkiləndə ancaq mənfi mənada,
cürbəcür iradlarla çəkilir. Anam danışırdı ki, o vaxt hər iclasda
İttifaqın yeni rəhbərliyi hökmən Rəsulun
adını kəskin tənqidlə hallandırırdı.
Moskvada keçiriləcək dekadaya nə
özünün, nə artıq nəşr olunmuş
kitablarının aparılmaması bəs deyilmiş kimi,
başqa çapa gedən kitablardan da adını pozurmuşlar
və xüsusi qəddarlıqla bu işi Rəsulun o vaxt Azərnəşrdə
işləyən bacısı Surəyə
tapşırırlarmış. Göz
yaşları içində bu işdən imtina edən
bibimin halını təsəvvür etmək olar.
Araya müharibə düşür, Rəsulun hərbi
müxbir kimi Krım cəbhəsindən, azərbaycanlı əsgərlərin
rəşadəti, igidliyi haqqında yazıları
soydaşlarımızın hərbi səriştəsizliyi,
vuruşa bilməmələri, hətta fərariliyi barədə
mifləri təkzib edirdi.
Müharibənin ilk günündən cəbhəyə
yollanan Abdulla Faruq döyüşdə ağır
yaralanır, müalicədən sonra yenidən
döyüşən orduya qayıdır.
Bəzən cəbhələrdə qanad
çalıram.
Bəzən
xəyalımdan keçir uzaqlar
Şeirimdə canlanır dumanlı dağlar.
Nə cəbhədə qanad çala bildi, nə xəyalında
canlanan uzaqları, dumanlı dağları bir daha görə
bildi. 37 yaşlı şair davadan qayıtmadı. Rəsul
Rzanın Elegiyasında xatırlandı:
Nə son
dəqiqələrindən xəbərim var,
nə
harda basdırıldığını bilirəm.
Bəlkə
qara quzğunlar
caynaqlayıb yedi qara gözlərini,
Bəlkə
də yanaqlarında
gilə-gilə buz oldu
hələ ağrılı nəfəsi kəsilməmiş
üzünə düşən qar naxışları.
Bəlkə
üstünə cansız sərildiyin torpaqda,
bir
parça, bir boy o torpaqda
cəsədin qaldı neçə gün
və
düşmən ayağı dəymədi
torpağın o parçasına.
Bu da sənin
vətənə son borcun oldu
Bəlkə
də o torpaq,
o torpaq
ki, sinəsinə aldı səni
dönə-dönə sənin qoruyucun oldu.
Lakin
nə sən
qoruya bildin onu
sona qədər,
nə o səni.
Əbədi
o torpaqda qaldı
Yurdumun
neçə-neçə
Əlisi,
Əhmədi, Həsəni və sən!
Dünyaları
versələr,
İstəməzdim
bir gün
təbəssümünlə
qapımdan girsən...
ANAR
Ədəbiyyat qəzeti.- 2019.- 23 noyabr. S. 4-5.