Yanmayan bina, sönməyən
ocaq
Aydınlarımız
“Söz
dünyası” kitabı - II cilddən
Bəzi binaların ayamaları da
olur: Tarixi bina... Qədim bina... Ağ ev...
Qış sarayı...
Əfsanələrdən doğulmuş, ya doğulub əfsanəyə
çevrilmiş sirli-sehrli Qız qalası.
Bakıda
beşmərtəbli binalar az deyil. Amma "Beşmərtəbə" deyəntək
hamı dəqiq bir ünvanı - Füzuli bulvarıyla
Şıxəli Qurbanov küçəsinin tinində yerləşən
binanı nəzərdə tutur. Çünki
o Birincidir, şəhərdə tikilən beşmərtəbələrin
ilkidir.
Binaların öz ömür yolu, qismətləri, taleləri
olur.
İsmailiyyə Bakının bəlkə də ən zəngin
ömür yolu keçmiş, şərəfli və cəfakeş
taleyi olan binasıdır. Bu binanın fərəhli
tarixinə və acı aqibətinə həsr olunmuş
çox təsirli yazı ustad nasirimiz Seyid Hüseynin qələmindən
çıxmışdır.
Seyid Hüseyn Mir Kazım oğlu Sadıxzadə 1887-ci
ildə Bakı şəhərində dəmirçi ailəsində
anadan olmuşdur. Çox gənc yaşlarında
"Kaspi" qəzetində mürəttib, sonra korrektor
işləyib. İlk hekayələrini
Haşım bəy Vəzirovun "Tazə həyat" qəzetində
çap etdirib. Ədəbiyyat tariximizdə
görkəmli nasir, hekayə ustası kimi tanınan Seyid
Hüseyn mətbuatda "Kazımoğlu", "Hüseyn
Sadiq" imzalarıyla publisist və ədəbi tənqidçi
kimi də çıxış edirdi. H.Sadiq
ilk professional ədəbi tənqidçilərimizdəndir.
1919-cu ildə
"Azərbaycan" qəzetinin bir neçə nömrəsində
Seyid Hüseynin "Həzin bir xatirə - İsmailiyyə"
adlı yazısı çıxır - məşhur bina
haqqında təsirli bir elegiya....
Yazısını Seyid Hüseyn binanın yaranma və
inşa tarixindən başlayır.
"Bən İsmailiyyənin o günlərini
düşünürəm ki, orası açıq bir yerdən,
boz bir düzəngahdan, şəhərimizin mərkəzində
vaqe olmuş bir boşluqdan ibarət idi. Ta əski zamanlardan orası
ətraf köylərdən, uzaq məhəllələrdən
gələn gətiricilərin bir mərkəzi, bir bazarı
idi. O zamanlar bura "Qapan dibi" adı ilə məşhur
idi. "Qapan dibi" şəhərimizin mərkəzində
rus mədəniyyətinin təsirinə heç bir növlə
tabe olmayaraq, özünün əski ruhunu, təbiət və
xüsusiyyətini mühafizə etmiş bir parça,
yorulmuş Bakı şəhərində Şərqin
nümunəsini göstərən bir mənzərə
idi".
Gələcək
binanın tikiləcəyi sahəni Seyid Hüseyn kamil
yazıçı qələmiylə müfəssəl təsvir
edir, gözlərimiz qarşısında əyani bir səhnə
canlanır:
"Burada hər zaman gövdəsini yerə sərmiş
və boyunlarını kəmali-əzəmətlə dik
tutmuş qara gözlü dəvələrin istirahət etdiklərini,
müdhiş və qorxunc buynuzlu kəllərin yanı üstə
yatıb kövşədiklərini görmək olardı. Hər zaman
burada dəvə qatarlarının Şərq əzəmət
və ehtişamını dərxatirə etdirən zəng və
zınqırovlarının həzin səsləri, kəl
arabalarının təkərlərinin munis bir musiqi qədər
munis cırıltıları eşidiliyordu. Hələ
gecələr "Qapan dibi"nin nə qədər
başqalaşdığından, nə qədər səmimiləşdiyindən
bəhs etmək istəmiyorum. Siz gərək o
zaman Azərbaycanın müxtəlif nöqtələrindən
gəlmiş müxtəlif ləhcəli köylülərin,
o yekdigərinə qonaq olanların yatmış dəvələr
arasında od yandırıb, başına
toplaşdıqlarını və söhbət etdiklərini
görəydiniz ki, bəni şimdi başa düşərdiniz".
Yazıçı xatırlayır ki, hələ
çocuqkən Bakı bələdiyyəsinin bu sahəni
müsəlmanlara məscid tikmək üçün verdiyini
eşidibmiş. Məcidin inşası nədənsə
baş tutmur və bu zamanlar Bakıda təsis edilmiş
müsəlman "Cəmiyyəti xeyriyyəsi" bu sahəni
əldən verməmək üçün ora sahiblənir,
xırda alış-verişçilərə icarəyə
verir.
"Böyük qapan" tərəzisi orada qalmaqla ətrafında
ağacdan dükanlar və budkalar yapılır. Bu yerin adı
da dəyişir, "Qapan dibi" "Şeytan bazar"
olur.
1908-ci ildə
böyük bir toplantıda çıxış edən
Hacı Zeynalabdin Tağıyev deyir: "Şeytan bazarda
artıq məscid tikilməyəcək, burada Cəmiyyəti-Xeyriyyə
üçün bir bina yapılacaqdır. Bunun
da bütün xərcini mərhum oğlu Ağa
İsmayılın bakayi-nami (adının əbədiləşdirmək)
olmaq üzərə məclisdə hazır bulunan Musa
Nağıyev öz öhdəsinə götürəcəkdir".
Hacının sözləri toplaşanlar tərəfindən
böyük ruh coşqunluğu ilə
qarşılanmışdır. Salonda divarda gələcək
İsmailiyyə binasının layihəsi də
asılıbmış. Qəlbi fərəhlə
dolu gənc Seyid Hüseyn bu mübarək hadisəylə
bağlı "Tazə həyat" qəzetində bir
yazı da dərc etdirir.
İsmailiyyənin təməlini qoymaq mərasimi də
çox təntənəli keçib, taxta dükanlar və
budkalar aradan götürülür, qapan tərəzisi oradan
köçürülür, geniş bir sahənin - tikinti yerinin
ətrafına hasar çəkilir. Bina qoymaq mərasimində
Bakının say-seçmə adamları iştirak edib: şəhər
bələdiyyə rəisi, vali, mülki və əsgəri
məmurlar, ziyalılar, erməni və rus ruhaniləri. Bakıda mövcud olan rus, erməni, yəhudi, polyak
və sairə cəmaətindən nümayəndələr.
Bakı Qazisi Ağa Mir Məhəmməd Kərim
çar Nikolaya və xanədanına dua ilə binanın
inşasını dualandırıb, Musa Nağıyev
bünövrəyə ilk daşı qoyub. Günlər, aylar, illər keçir, İsmailiyyə
binası tədriclə ucalır. Beləliklə,
bina dördillik bir zaman içərisində tamam olur. Bu tarixdən sonra binanın ictimai həyatı
başlanır. Cəmiyyəti-Xeyriyyə
idarəsi və dəftərxanası orda yerləşir.
Bakıda mövcud olan başqa maarif cəmiyyətləri
də orda yer alır. "Səadəti
ruhani" cəmiyyəti məktəbini İsmailiyyəyə
köçürür, "Nicat" və "Səda"
maarif cəmiyyətlərinin dəftərxanaları burda yerləşdirilir.
Amma bu fərəhli günlər çox sürmür. Birinci
Dünya müharibəsi başlanır və Çar
hökumətinin qərarıyla İsmailiyyə əsgər
xəstəxanasına çevrilir. Orada
yerləşən "Səadət" məktəbi, maarif
cəmiyyətləri binadan bayıra atılır. Binanın milli ruhunu öldürməkçün
orada "Boje tsarya xrani" ("Allah, çarı hifz elə)
mahnısının türkcə tərcüməsi ifa
olunmağa başlanır. Divarların
birində Həzrət İsanın şəkli asılır
və qarşısında kiçik şam
yanıdırılır.
Bütün bu faktlar Seyid Hüseynin haqqında bəhs
etdiyim yazısındandır. Müəllif yazır:
"Zaman bir halla davam etməz, Rusiyada inqilab oldu. Nikolayın
Rusiya taxtından enməsiylə rus soldatlarının
İsmailiyyədəki iqbalları dəyişdi. Tədricən İsmailiyyə binası rus soldatlarının
vücudundan təmizləndi".
İsmailiyyə yenidən başqa böyük
miqyaslı ictimai hadisələrin mərkəzi olur. Birinci Qafqaz
müsəlman qurultayı orada açılır. İlk olaraq muxtariyyə və adəmi-mərkəziyyət
fikri orda meydana atılır. Bu səpkili
bütün yığıncaqlar, siyasi müzakirələr
orda keçirilir, oxunur, dinlənilir. Seyid Hüseyn
yazır:
"İsmailiyyənin kimsəyə baş əymək
istəməyən möhtəşəm salonu bir çox
tarixi vaqiələrin şahididir. Biz azərbaycanlılar
İsmailiyyədə bir çox şad və qəmgin
günlər keçirmişik, müqəddəratımız
haqqında orada bir çox məruzələr dinləmişik,
gələcəyimiz barəsində bir çox qərarlar
çıxarmışıq, bizlərdən kimsə
onları unutmamışdır. İsmailiyyə
binası bizimlə bərabər böhranlı zamanlar da
keçirmişdir. İsmailiyyənin, müqəddəs
adını haqlı olaraq qazanan o millət evinin, o bizim siyasi
fikirlərimizi, istiqlaliyyət məfkurəsini, Azərbaycan
qayəsini bir ana kibi, müşfiq və mehriban bir ana kibi
ağuşunda, qəlbində bəsləyən dilbəranə
binası, gizli sirlərimiz olan divarlar martın faciəvi
günlərində bir çox düşmən qurşununa
göyüs gərmişdi".
Seyid Hüseyn yanıqlı bir dillə bu müdhiş
hadisələri qələmə alır. 1918-ci ilin
martında birləşmiş bolşevik-daşnak qüvvələri
Azərbaycan türklərinə qarşı
soyqırımına başladırlar. Hədəf
yalnız müsəlman əhalisini qırmaq deyildi. Binalardan da intiqam alırdılar. Millətin qürur rəmzinə çevrilmiş
İsmailiyyə düşmənlərə göz
dağı idi. O da məhv edilməli, yer üzündən
silinməli idi.
"Bir vaxt yetişmişdi ki, orada məskən edən
təşkilatlar onu müdafiəsiz bir halda buraxıb
getmişdi. Orada yalnız "Müsavat" firqəsinin telefonu
işləyir, şəhərin hər tərəfindən
imdad istəyənlərə mümkün edə bildiyi
cavabı veriyordu. İsmailiyyəni ən
son buraxıb çəkilməyə məcbur olan
müsavatçılar olmuşdu. Onlar
İsmailiyyəni bir halda buraxmışdılar ki, bolşevik
və erməni əsgərləri Nikolayevski küçəyə
hücum ediyor, "Metropol" mehmanxanasının (indiki
Nizami müzeyinin - A.) qarşısında qoyulmuş pulemyot
özünün ürəküzücü
şakırtısı ilə İsmailiyyəni nişanəyə
alıyordu".
Daha sonra yazır ki, Azərbaycan millətinin hürriyyət
və istiqlal uğrunda şəhid düşmüş qəhrəmanlar
kimi düşmənin amansız qurşunlarına
köksünü sipər edən binanın yanmış divar
daşları bir çox natiqlərin nitqini hələ də
əks etdirməkdədir.
Seyid
Hüseyn davam edir:
"Millət başını itirmiş, kəndisini
şaşırmış, nə yapacağını bilmədiyi
halda özünün qəzanın təqdirinə
buraxdığı gibi sevgili İsmailiyyəsini də kəndi
başına buraxmış, onun üç-dört nəfərdən
ibarət olan mücavirləri (xidmətçiləri) də
oradan çəkilmiş, İsmailiyyədə yalnız bir
neçə müharibədə şəhid
düşmüşlərin qanlı və soyuq meyitləri
qalmışdı.
Xain düşmənlər, əhdlərini söndürən
və müsəlmanları aldadan erməni milli polku
İsmailiyyəni işğal etmiş, oradakı müxtəlif
təşkilatların kağız dəftərlərini
qarışdırıyor, bəzi eşyaları
arıyordular.
Bu qədər müxtəlif təşkilatlardan
birdəfəlik xilas olmaq, daha doğrusu, xalqda doğan
müstəqillik fikrini əbədiyyən basmaq
üçün bu fikrə pərvəriş verən
İsmailiyyənin edamına qərar verilmiş, ona
düşmən əliylə od vurulmuş idi".
Binanın
edamına qərar vermək! Nə qədər
dəqiq sözdür. Binanı sökmək,
dağıtmaq, yandırmaq belə azmış, onu məhz edam etmək, yəni bu binanın divarları
arasında yaşayan müstəqillik ruhunu məhv etmək,
azadlıq hissini, hürriyyət fikrini beyinlərdən, qəlblərdən
əbədi silmək... Bolşevik-daşnak
tandemində İsmailiyyənin qətlini icra etməyin məhz
erməni polkuna tapşırılması əbəs deyildi.
Daşnakların xalqımıza qarşı uzun illər boyu
davam edən və hələ də bitməyən mücadiləsində
insanları tələf etmək, şəhərləri, kəndləri
viran qoymaq, evləri, binaları xarabazara çevirməklə
yanaşı, ən ümdə niyyət millətin ruhunu
öldürmək, onun keçmişini məhv etmək,
tarixini tərs yozmaq, mənəvi dəyərlərini iflasa
uğratmaqdır. İsmailiyyənin qətli bu
məqsədlərə xidmət edirdi.
Seyid
Hüseyn yazır:
"Diyorlar ki, fəlakət ümumi olduğunda bir o qədər
insanı müztərib etməz. Lakin mart faciəsi
barışığından sonra kimsə o məşum
günlərin bir daha təkərrür etməyəcəyinə
əmin olmadığından xalqda böyük bir iztirab
müşahidə ediliyordu. Bən də şu iztirab halında
sınıq bir qəlb, düşkün bir ruhla,
yanmış İsmailiyyənin qarşısında durub, onun
xaraba halını görüb zövq alan
rus və erməni tamaşaçılarının
gülüməsəyən çöhrələri
qarşısında əzilməkdə idim".
Bu da
azmış kimi, Seyid Hüseyn "özümüzkülərdən"
olanların münasibətindən də yazır:
"Bənimlə hər zaman məslək
münaqişəsini edən bir sosialist arkadaşıma, daha
doğrusu, tanış bir sosialistə rast gəldim. Bənimlə
görüşdü, dişlərini ağardaraq, üzümə
güldü: Arsızcasına, həm də İsmailiyyə
binasının içərisindən hələ
çıxmaqda davam edən o xəfif dəruni tüstüdən
utanmadan bir söz dedi. Bən ömrümdə
o qədər acı söz eşitməmişdim və o qədər
də müztərib olmamışdım. Sosialist
yoldaş bana dedi: - Hə, necə gördün bizim sınmaz
qüvvətimizi", bu sayaq "sosialistlərin sınmaz
qüvvəsi" möhtəşəm binaları
darmadağın etməkdə məharət göstərmək
imiş. Axı doğrudan da İnternasional
himnində oxuyurlar ki, "Biz əski dünyanı təməlindən
dağıdacayıq, sonra elə bir yeni dünya quracayıq
ki, heç nə olanlar hər şey olacaqlar".
Bu niyyətə
doğrudan da nail ola bildilər.
Seyid Hüseyn başqa bir epizodu da xatırlayır. "Hümmətçilər"
"müsavatçıların" İsmailiyyədə
görüş dəvətini qəbul etmirlər. Səbəb?
"Bu bina burjuy yolu ilə tikilmişdir. Burada
füqareyi-kasibiyə şərdən başqa xeyir gəlməz,
füqareyi-kasibə əgər öz səadətini istiyorsa,
birinci olaraq gərək bu binanı dağıtsın".
Görəsən,
dünyada elə bir erməni sosialisti, ya daşnakı (elə
daşnaklar da özlərini sosialist sayırlar)
tapılarmı ki, məsələn, Eçmiədzinin
sökülməsinə rəvac versin. Tarixi sənədlərlə
tanış olduqca hərdən adama elə
gəlir ki, 1920-ci ilin aprelinə qədər
inqilabçılarımızı, sonradan da yetmiş il
kommunistlər tərəfindən idarə olunan Azərbaycanı
çocuq yerinə qoyub uşaq kimi aldadırmışlar.
Daşnak-bolşeviklərin
İsmailiyyəyə qənim kəsilmələri məlum! Amma 1919-cu ildəki müstəqil Azərbaycanın
öz milli hökuməti vardı, Seyid Hüseynin
yazısı məhz bu dövrə aiddir və bu yazıda
binanın yanmasından da daha dəhşətli bir niyyətdən
- İsmailiyyənin tamam sökülməsindən söhbət
gedir. Yazıçı həyəcan təbilini məhz
buna görə çalır: Yandırılmış bina
yenidən hasar içinə alınıb və qərar
verilib ki, binanın salamat qalmış divarları da
sökülsün, qabil bənnalar axtarırlar ki, İsmailiyyəni
tamamilə söksünlər. Bakı Bələdiyyə
İdarəsi binanın təhlükəli olduğunu iddia
edir. Musa Nağıyevin varisləri onun
sökülüb-dağılmasına mane
olmayacaqlarını deyirlər.
Pəncərəsini
açıb məhkum binanı seyr edən yazıçı
düşünür: "Səbəbini anlamıram ki, bəni
nə kibi şeylər, nə kibi əlaqələr
İsmailiyyə binasına bağlayıb, onun
sökülüb-dağılması fikri onun yandırılıb,
xarabazara döndərilməsi qədər məni mütəəssir
etmişdi".
Bəyəm yazıçı özü bu hissin səbəbini
bilmir? Səbəb vətəndaşlıq qeyrəti, millət
təəssübkeşliyi, xalqın hər maddi, mədəni
və mənəvi sərvətin qeydinə öz şəxsi
işin kimi qalmaqdadır. Millətin dərdinə
gürültülü sözlərlə deyil, qəlbən
qalanlar üçün burda izahsız bir şey yoxdur.
Seyid
Hüseynin yazısı başdan-ayağa bu duyğularla
yoğrulub:
"Söylədiyim
iş bu xatirələr həzin, olduqca həzindi. Hələ bənim üçün daha da həzin,
bəlkə müdhişdir. Lakin bu qədər
xoş olmayan hallar içərisində bəndən
ötrü müsibət, tam mənasilə müsibət
olacaq bir hal, daha doğrusu, bir təsadüf var ki, vəhdətdən
kənar düşsəm də yenə söyləyəcəm
və hər zaman söyləyəcəm. İsmailiyyə daha artıq kimsəyi
ağuşu-şəfqətinlə bəsləyə biləcək
səlahiyyətdə deyildir. O, gənc ikən xainlər
əlilə yerlə-yeksan edildi. Bununla bərabər
heç bir zaman millətdən ayrılmadı.
Ey
bakılı qardaş, ey azərbaycanlı vətəndaş!
Niyə də yanıb-yaxılıyorsan?
Qoş! İsmailiyyənin, hər vakıt
böyük salonunda öz gələcəyin
üçün gün ağladığın İsmailiyyənin
qarşısına gəl, onu səndən ayırıyorlar.
Həm də sənin gözünün
qabağında dəfn ediyorlar. Halbuki onun
məhzun gözləri səni gözlüyor, sənin həsrətini
çəkiyor. Son kərə olmaq üzərə
səni görmək istiyor. Get, son kərə olmaq
üzərə get ona, o müqəddəs binaya, o Azərbaycan
bayrağını yuxarı qaldıran binaya doyunca tamaşa et. Çünki bir daha onu
görmək sənə müyəssər olmayacaqdır.
Onu söküyor, dağıdıyorlar".
Bilmirəm Seyid Hüseynin bu ehtiraslı fəryadının
təsiri olubmu, olmayıbmı. Bilmirəm başqa
ziyalılarımız da mətbuat səhifələrində
onun harayına hay veriblərmi? Hər halda
İsmailiyyə binası sökülməyib, bərpa olunub.
Məşhur
rus yazıçısı Mixail Bulqakov "Usta və
Marqarita" romanının sağlığında çap
olunacağına ümidi qalmayanda bəlkə də
özünə təsəlli kimi məşhur sözlərini
deyib: "Əlyazmaları yanmır". Xoşbəxtlikdən
"Usta və Marqarita" müəllifin ölümündən
sonra da olsa çap edildi, dünyada şöhrət
qazandı. Amma yanıb yox olan əlyazmaları
azmıdır?
Bəs binalar? "Binalar da yanmır" deyə bilərikmi?
Dərhal yadımıza İskəndəriyyə
kitabxanasını, Herostratın yandırdığı
Artemida məbədini salacaqlar. Amma bəlkə
doğrudan da öz taleyində xalqın ruhunu, istiqlal arzusunu
yaşadan binaları yandırıb kül etmək
mümkün deyil.
İsmailiyyə də tariximizin YANMAYAN binasıdır.
Yandırılası mümkün olmayan binalar təkin
söndürülməsi mümkün olmayan ocaqlar da var.
İsmailiyyə haqqında - rekviyemmi deyim, elegiyamı,
ağımı deyim - həzin yazının müəllifi
Seyid Hüseynin də ocağını söndürməyə
çalışdılar. Bu ocağın
işığı iki köklü-köməcli
bakılı ailəsindən gəlirdi - Rəsulzadələr
və Sadıqzadələr ailəsindən. Rəsulzadələr ailəsinin ən görkəmli
övladı Məhəmməd Əmin müstəqil Azərbaycan
dövlətinin əsas qurucularından və beşiyi
başında duranlardandır.
Məhəmməd Əmin əmisi qızı
Ümmülbanuyla evlənir. Ümmülbanunun
kiçik bacısı Ümmügülsüm Seyid Hüseyn
Sadıqzadəyə ərə gedir. Bu
izdivac romantik bir tərzdə başlanır. Yeniyetmə Ümmügülsümün qəzetlərdə
çap olunmuş şeirləri Seyid Hüseynin diqqətini
çəkir. Tanış olurlar, evlənirlər,
üç oğulları, bir qızları dünyaya gəlir.
Xoşbəxt, məsud bir ailə, mehriban
qohumluluq.
Düşünürsən, əgər Seyid Hüseyn
Sovet quruluşunun ən qatı düşmən
saydığı Məhəmməd Əminlə bacanaq
olmasaydı, həyatının sonrakı müsibətləri
başına gəlməyə bilərdimi? Yəqin ki,
yox. Bu qohumluq olmasaydı da nə Seyid
Hüseynə, nə Ümmügülsümə
türkçülük ruhunda, milli ruhda məqalələrini,
şeirlərini, ən azı İsmailiyyə haqqında
bolşevik daşnakları günahlandıran
yazısını bağışlamazdılar.
Stalin
dövründə bu iki ailənin düçar olduğu bəlalar
haqqında Nəcibə Bağırzadənin "Uzaqdakı
yaxınlar" və "Vətən ayrısı Rəsulzadələr"
kitablarında, bir də Seyid Hüseynlə
Ümmügülsümün kiçik qızları Qumral
Sadıqzadənin "Son mənzili Xəzər oldu" sənədli
romanında ətraflı bəhs olunur. Vaxtilə
mən "Uzaqdakı yaxınlar" kitabına ön söz
yazmışdım. Bu ailələrin dərd
üstünə dərd gələn qismətləri
haqqında Nəcibə xanımın işlətdiyi dəqiq
ifadə indiyədək yadımdan çıxmır: "Sən
demə, dərd yaxşı tanıdığı
qapıları döyürmüş", Doğrudan da, belədir.
Məhəmməd Əminin qoca anası Maral
xanımı və həyat yoldaşı Ümmülbanunu
sürgün edirlər, sürgündən qayıtmırlar.
Dörd övladının dördündən də
amansız qisas alırlar, (nəyin qisasını? Məhəmməd Əminin ancaq beşikdə
gördüyü oğlu Azərdən kimin qisasını
alırdılar?) Məhəmməd
Əminin bir qızı Xalidə itkin düşür, o biri
qızı Lətifə öz tifil balası Füruzəylə
birlikdə sürgündə yatağındaca soyuqdan donub
ölür. Məhəmməd Əminin
böyük oğlu Rəsulu 19 yaşında güllələyirlər,
kiçik oğlu Azər sürgün ömrünü vətən
həsrətiylə başa vurur.
Seyid Hüseynin özünü də, bir neçə
gün sonra arvadı Ümmügülsümü də həbs
edirlər. Dözülməz işgəncələrə məruz
qalan Seyid Hüseynə millətçilik,
müsavatçılıq, antisovet təşkilatının
üzvü olmaq ittihamları verilir, həm də bu ittihamlar
başqa dustaqların verdikləri məlumatlarla guya ki, təsdiqlənir.
Seyid Hüseynə yalnız bu "təqsirlərini"
boynuna almaq qalır. Amma dözülməz
işgəncələrə rəğmən heç bir
yalançı ittihamı qəbul etmir, heç nəyi
boynuna almır və heç kəsin adını çəkib
bada vermir.
Qumral Sadıqzadə ata-anasının faciəvi taleləri
haqqında yazdığı sənədli romanı təəssüf
ki, ədəbiyyatşünaslığımızda layiq
olduğu qiyməti almamış əsərlərdəndir. Çox uşaq
yaşlarından iti müşahidə qabiliyyətiylə
yaddaşında saxladığı ailə xatirələri,
atasının yazıları, anasının şeirləri, həbsxana
və sürgün gündəlikləri, məktubları,
ata-anasının bəraətlərindən sonra ola bildiyi istintaq protokolları, məhkəmə
qərarları və s. materiallar romanın inandırıcılığını
artırır. Romandan real faktlara əsaslanan bir
səhnəni burda gətirmək istəyirəm. 1938-ci ildə yazıçıya ölüm
hökmü oxunur.
"Seyid Hüseyn hökmü təmkinlə dinlədi. O, belə
olacağını güman edir, gözləyirdi, hökm
oxunandan sonra iki şeyə görə, hətta bir növ
yüngüllük hiss etdi. Əvvəla,
çəkdiyi əzab-əziyyətlərə,
nigarançılığa son qoyulacaqdı. İkincisi, özündən razı qaldı ki,
müstəntiq nə qədər çalışsa da,
başına nə oyunlar açsa da, onun dilindən əlavə
"günahkarlar" əldə edə bilmədi. Deməli, o, bir neçə nəfəri bu əzabdan,
bu məhkəmədən, bu hökmdən mühafizə edə
bilmişdi. "Elə bu mənə bəsdir
ki, ömrümün sonunda da kimisə xilas etdim, kiməsə
yaxşılıq etdim".
Romanda Ümmügülsüm xanımın şeirlərindən
parçalar verilir. Mən də vaxtilə "Min beş
yüz ilin oğuz şeiri" antologiyasına bu gözəl
və bədbəxt şairənin bir neçə şeirini
daxil etmişdim. Hələ o vaxt Bayıl
həbsxanasının və sürgünün dözülməz
şəraitində belə zərif və həzin şeirlərin
yaranmasına heyran qalmışdım.
1937-ci ildə
Bayıl həbsxanasından Xəzərə müraciətlə
yazdığı şeirdə acıdan acı suallar verir: nəydi
təqsirimiz, neyləmişdik biz? Həbsxana
kamerasında yuxusuz gecələrdə özünə dönə-dönə
verdiyi bu cavabsız suallar zərif şeir misralarına
çevrilir.
Heç
yerdən bir qırnıq ümid işığı
sızmadığında belə, yenə ümidini itirmir:
Mənim
gözlərimdən günəş çəkildi,
Parlaq həyatıma
zülmət çöküldü,
Vərəmli
qəlbimə oxlar tikildi,
Qoy axsın qanları, sarma, dedilər.
Günəşim
bir daha doğmayacaqmı,
Vəhşi
qaranlığı boğmayacaqmı,
Kölgələri şəfəq qovmayacaqmı? -
Sordum, ümidini qırma, dedilər.
1944-ci ildə Qazaxıstanın Temlaq həbs düşərgəsində
yazdığı şeir insanın ən çətin şəraitdə
də mənəviyyatını, ruhunu qoruyub
saxlamasının heyrətamiz örnəyidir. Hansı
möcüzəyləsə qulağına çatan doğma
musiqinin sədaları şairəni uzaq və gözəl bir
dünyaya aparır.
Qopardı
ruhumu bu gün yerindən,
Elimin qəlbindən gələn nəğmələr.
Dinlərəm
mən səni, ey doğma vətən,
Könül dalğalanar, həyəcana gələr.
Çal,
gözəl musiqi, gözəl muğamat
Çal,
bir az ağlayım, gülüm səninlə.
Qoy bəlkə
özümü bir yarım saat,
Elimin qəlbində bilim səninlə.
1944-cü
ildə azadlığa buraxılan Ümmügülsüm
xanım Bakıya gəlir, amma burda yaşamağa izin verilmir,
qızı Qumralla Şamaxıya gedir və bir neçə
gündən sonra orda vəfat edir, Şah Xəndan qəbiristanlığında
torpağa tapşırılır.
Düşmənlər İsmailiyyə binasını
yandırıb yox etmək istədikləri kimi, neçə-neçə
başqa ocaqlarla bərabər, Seyid Hüseyn
ocağını da söndürmək istədilər. Amma İsmailiyyə küldən
çıxıb dirilən Səməndər quşu kimi
yenidən həyata qayıtdı, neçə-neçə
mötəbər məclisə, qurultaya yubileyə sinəsində
yer verdi. 1987-ci ildə mən
Yazıçılar təşkilatının rəhbəri
kimi Seyid Hüseynin yüz illik yubileyini İsmailiyyənin
böyük salonunda keçirtdim.
Seyid Hüseyn ocağı da sönmədi. Bu ocaq
yazıçının təmiz adıyla, zindanlarda əyilməzliyiylə,
gözəl hekayələriylə yaşadı. Ümmügülsümün qadın ləyaqətiylə,
ana məhəbbətiylə, zərif şeirləriylə
yaşadı. Zülmnən bir-birindən
ayrılmış ər-arvadın övladları - iki
görkəmli rəssam Oqtay və Toğrul Sadıqzadələr,
ailələrinin keşməkeşli ömür
yollarını romanda əks etdirmiş Qumral xanım bu
ocağı sönməyə qoymadılar. Bu ocağın şöləsi bu şəcərinin
neçə-neçə nəvə-nəticələrinin də
yolunu işıqlandırır.
"Son mənzili Xəzər oldu" romanı
sarsıdıcı bir epizodla tamamlanır. Övladları
öyrənirlər ki, Seyid Hüseyn Qum adasında güllələnib
dənizə atılıb. Gül dəstələriylə
adaya gəlirlər. Adada işləyən
neftçilər keçmişin məşum hadisələri
haqqında bir şey bilmirlər. Yalnız
qoca gözətçi danışır ki, 30 ildi burda işləyir,
heç yerdə qəbir-zad görməyib. Amma - deyir -
o vaxt işə təzə-təzə başlayanda bir əhvalat
eşitmişdim: adada neft axtaranda dənizdə birinci
estakadanı quraşdıranda vodolazlar sahilə yaxın yerdə
suyun dibində çoxlu insan sümüyü görüblər.
Hətta bir vodolaz ayağı altındakı insan kəllələrindən
dəhşətə gəlib dəli olubmuş...
Nə yazıq ki, hələ də Stalin rejiminin xiffətini
çəkənlər var.
Noyabr 2019
Anar.
Ədəbiyyat qəzeti.-
2019.- 23 noyabr. S. 2-4.