Azərbaycan Milli Elmlər Akademiyası İctimaiHumanitar Elmlər Bölməsinın Mətbuat xidmətinin məlumatı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəylinin dəvəti ilə görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin nəslinin davamçıları olan, ədibin Polşada yaşayan nəticəsi Martin Cavanşirionun oğlu Pşemislav Cavanşiri 2019-cu il noyabrın 17-dən 19-dək Azərbaycanda olublar. Akademik İsa Həbibbəyli 40 ilə yaxındır ki, Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığının tədqiqi ilə məşğuldur. Böyük demokrat ədib Cəlil Məmmədquluzadəyə həsr edilmiş bir neçə monoqrafik tədqiqatın müəllifi olan, yazıçının əsərlərini dünya dillərində çap etdirən İsa Həbibbəyli onun nəslinin davamçılarının axtarışı işinə 1989-cu ildə Vətən Cəmiyyətinin orqanı olanOdlar yurdu” qəzetində çap etdirdiyi “Ənvəri kim tanıyır” adlı məqalə ilə başlayıb. Onun eyniadlı məqaləsi, həmçinin İranda məşhur cərrah və ictimai xadim Cavad Heyətin nəşr etdirdiyi “Varlıq” jurnalında da oxuculara çatdırılıb. Bu axtarışlardan sonra Cəlil Məmmədquluzadənin oğlu, Azərbaycan Tibb Universitetini bitirmiş Ənvər Məmmədquluzadənin (1908-1979) sovet ordusunun tərkibində hərbi həkim kimi 1942-ci ildə İrana getdiyigeri qayıtmadığı məlum olub. Tədqiqat və axtarış nəticəsində aydın olub ki, Ənvər Məmmədquluzadə İranda Bakıda ikən ailə həyatı qurduğu Mehri Pənahpurdan ayrılıb, polyak mənşəli Zofya Bahrinovski ilə evlənib. Bu nikahdan Ənvər Məmmədquluzadənin iki oğlu: Midhət və Teymur Cavanşirilər və iki qızı Nizhət Şəcəri və İren Cavanşiri dünyaya gəlib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, ünvanlarını dəqiqləşdirdikdən sonra İsa Həbibbəyli 1992-ci il yanvarın 25-də Tehran şəhərində Teymur Cavanşiri, Midhət Cavanşiri, İren xanım və onun həyat yoldaşı Əmir Hüseyn Süleymani ilə görüşüb. Bu barədə “Səhər” qəzetində məqalə çap olunub, şəkillər oxuculara çatdırılıb. Səfərdə o vaxt Naxçıvan Dövlət Universitetinin müəllimi vəzifəsində çalışan kimya elmləri namizədi Miryaqub Seyidov da iştirak edib. Həmin vaxt Məmmədquluzadə - Cavanşirilər ailəsinin adları çəkilən nümayəndələri rəsmi şəkildə Naxçıvana dəvət olunublar. Lakin bir müddət sonra Teymur Cavanşiri dünyasını dəyişdiyi üçün səfər alınmayıb. Bundan sonrakı illərdə İsa Həbibbəyli Tehranda Midhət Cavanşiri, Teymur Cavanşirinin oğlanları Şahir və Bəzrinlə görüşüb.

İsa Həbibbəyli Ənvər Məmmədquluzadənin və Teymur Cavanşirinin Tehranın Behişti Zəhra qəbiristanlığındakı məzarlarını ziyarət edib.

Cəlil Məmmədquluzadənin nəsil şəcərəsini öyrənmək sahəsində axtarışlarını davam etdirən İsa Həbibbəyli 1998-ci ildə Paris şəhərində yaşayan Ənvər Məmmədquluzadənin birinci nigahdan olan qızı Məhin Səqqətçiya ilə görüşüb. Görüşdə tanınmış diplomat Ramiz Abutalıbov da iştirak edib.

Akademik İsa Həbibbəyli əldə etdiyi materiallar əsasında “Cəlil Məmmədquluzadənin nəsil şəcərəsi” adlı elmi əsər yazıb. Həmin tədqiqat onun 1997-ci ildə çapdan çıxmış “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” adlı kitabında özünə yer alıb. Kitabda Cəlil Məmmədquluzadənin Fransada və İrandakı nəvə-nəticələri ilə yanaşı, nəslin Polşada yaşayan davamçıları, hazırda Azərbaycana gəlmiş Martin Cavanşirionun İrlandiyada məskunlaşmış qardaşı Ramin Cavanşiri haqqında da məlumat verilib. Müəllif onlar haqqında məlumatları İranda dəfələrlə görüşdüyü ataları Midhət Cavanşiri vasitəsilə əldə edib. İsa müəllim 2009-cu ildə Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyi qeyd edilərkən Martin Cavanşiri və hazırda İrlandiyada yaşayan qardaşı Ramin Cavanşirini Azərbaycana dəvət etmək üçün ölkəmizin Polşadakı səfiri Vilayət Quliyevə müraciət edib. Azərbaycan Respublikasının Polşadakı səfiri Vilayət Quliyev Martin Cavanşiri ilə əlaqə qurubonlarla danışıqlar aparıb, zəruri olan digər prosedurları həyata keçirib, lakin səfər baş tutmayıb. Midhət Cavanşiri 2013-cü ildə Tehran şəhərində vəfat etdikdən sonra onun övladları ilə əlaqə zəifləyib. Hafiz Times” saytında 2019-cu ilin yayında Polşadakı Cavanşirilər haqqında material verildikdən sonra İsa Həbibbəyli bu saytın sahibi Hafiz Əhmədovla əlaqə yaradıb, onun vasitəsi ilə Lodz şəhərində yaşayan, orta məktəbi yenicə bitirmiş Pşemislav Cavanşirinin facebook ünvanını əldə edib. O isə atasının razılığı olmadan göndərilən suallara cavab verməkdə çətinlik çəkdiyini bildirib. Bundan sonra İsa müəllim Pşemislav Cavanşiri ilə yazışaraq, onun atası Martin Cavanşiri ilə əlaqə yaratmağa nail olub, onunoğlunun Azərbaycana ulu babaları Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar Milli Elmlər Akademiyasında keçiriləcək tədbirlərdə iştirak etmək üçün dəvət olunmalarına razılıq alıb. Bundan sonra Azərbaycan Respublikasının Polşadakı səfiri Həsən Həsənova müraciət edən İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin nəslinin davamçılarının - Martin Cavanşirininoğlu Pşemislav Cavanşirinin ölkəmizə dəvət edilməsinə köməklik göstərilməsini xahiş edib. Həsən müəllim və Polşadakı səfirliyimizin digər əməkdaşları Məmmədquluzadə – Cavanşirilər ailəsi ilə dərhal əlaqə yaradıb, onların ulu babalarının vətəninə gəlmələri üçün zəruri addımları atıblar.

Cəlil Məmmədquluzadənin nəsil şəcərəsinin davamçıları ölkəmizin yazıçıları və alimləri ilə birlikdə Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ulu babası Mirzə Cəlilin məzarlarını ziyarət edib, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində olub, ədibin 150 illiyinə həsr edilmiş beynəlxalq elmi konfransda, ədibin ev-muzeyinin açılışında, Ədəbiyyat İnstitutda təşkil edilən görüşdə iştirak ediblər.

İsa Həbibbəyli 2019-cu il noyabrın 18-i saat 13.30-da “Hafiz Times” saytının rəhbəri Hafiz Əhmədova telefonla zəng edərək Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə Azərbaycan Milli Elmlər Akademiyasında noyabrın 19-da keçiriləcək tədbirlərə dəvət edib, onun səfəri ilə əlaqədar zəruri xərcləri də öz üzərinə götürdüyünü bildirib. Hansı səbəbdənsə Hafiz Əhmədov Bakıya gəlməyib.

Akademik İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin nəslinin davamçılarının Polşadakı ünvanlarının müəyyən edilməsində, Azərbaycana dəvət olunmasında və səfərin təşkilində xidmətləri olan ölkəmizin Polşadakı səfiri Həsən Həsənova, Mirzə Fətəli Axundzadə adına Milli Kitabxananın direktoru Kərim Tahirova və “Hafiz Times” saytının sahibi Hafiz Əhmədova dərin minnətdarlığını bildirir.

İsa Həbibbəyli Hafiz Əhmədovun izləri itmiş tanınmış azərbaycanlıları axtarıb tapmaq istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirir, bu faydalı işə dəstək verir və həmin istiqamətdə onunla əməkdaşlıq etməyin ölkəmiz üçün faydalı olduğunu bildirir.

Müxtəlif illərdə Cəlil Məmmədquluzadənin nəvə-nəticələri ilə Tehranda və Parisdə çəkilmiş fotoşəkillər ictimaiyyətə təqdim olunur.

Böyük demokrat ədib Cəlil Məmmədquluzadənin nəslinin hazırda yaşayan davamçılarının ünvanlarının kim tərəfindən tapılmasından, onların ölkəmizə kim tərəfindən dəvət edilməsindən asılı olmayaraq Mirzə Cəlilin şəcərəsini təmsil edənlərin ulu babalarının vətənini ziyarət etməsi mühüm əhəmiyyətə malik ədəbi hadisədir və bu işin təşkili bizim hər birimizin borcudur.

 

Ədəbiyyat qəzeti.- 2019.- 23 noyabr.  S. 6.