Bakıda bir müəllim

 

Uzun zaman idi ki, mədəsi ağrayırdı. Əvvəlki kimi tez-tez evdən çıxmırdı, ancaq onu ziyarət edən dostları ilə söhbətlə kifayətlənirdi. O gün çox halsız olmasına rəğmən, havanın xoş keçməsini fürsət bilib evdən çıxdı. May günəşinin istiliyi kürəyinə dəyincə rahatladı. Ağır addımlarla dostu Osman Nuri Enginin bürosuna getdi.

Osman Nuri malatyalı idi, məktubçu Osman deyə tanınırdı. İstanbul bələdiyyə jurnalını çıxardırdı. Dostunu görüncə ayağa qalxıb yer göstərdi. Əlindəki qəzeti kədərli bir hərəkətlə onun dizlərinin üstünə qoydu. "Posta" qəzetinin sonuncu nömrəsində müxbir İbrahim Haqqı zəhər kimi yazı yazmışdı. Yazıda Osmanlı arxivindəki bəzi sənədlərin işə yaramaz deyə kilo ilə Bolqarıstana satılması tənqid edilirdi. Yazıya göz gəzdirincə hiddətindən oturduğu yerdən ayağa sıçradı. Başı dönüncə yenidən yerinə oturdu.

"Bunlar dəlimi olub?! Heç belə də iş olar?!" - deyə çığırdı.

Osman Nuri onu sakitləşdirməyə çalışsa da, əslində, özü də çox hirslənmişdi.

"Görürsənmi, arxivdəki sənədləri maşın-maşın qara qəpiyə bolqarlara satırlar!".

Hönkür-hönkür ağlamağa başladı. Ömrünü türk arxiv işinə həsr etmişdi. Dözəmmədi. Bütün gücsüzlüyünə rəğmən ayağa qalxdı, ağır addımlarla qapıdan çıxdı. Bu talanı durduracaqdı. Bir saat sonra təngnəfəs yenidən dostunun bürosuna gəldi. Bir qucaq kağızla geriyə dönmüşdü.

"Bunları su qiymətinə uşaqların əlindən aldım!" - dedi. "Tarixi sənəd də bu hala gətirilərmi?!"... Stula çöküb ağladı. "Bu talanın mütləq qarşısını almalıyam!" - deyərək yerindən səndələyə-səndələyə qalxıb evinə getdi. Ertəsi gün dönəmin baş naziri İsmət İnönüyə məktub yazdı. Məktubda tarixi sənədlərin vacibliyindən bəhs etdi.

"Möhtərəm Paşam!

O sənədlərin içində Vyana səfərinə aid parçalanmış yol xərcləri dəftəri, dünyanın sadəcə üç muzeyində olan uyğurca açar, Niş qalasına aid yazılar, Şeyx Qalibin övladlarına verilən fərman kimi vacib sənədlər təsadüfən mənim əlimə keçənlərdir. Bir fikirləşin, Paşam, bu vəsiqələr belə, ürəyinizi yandırmağa yetərlidir".

Baş nazirin ona cavab yazdığı bəlli deyil, amma türk mədəniyyətinə vurulmuş bu zərbəni təkbaşına və o xəstə halı ilə az da olsun həfiflətməyi bacarmışdı. Sadəcə İnönüyə deyil, Türk Tarixi Cəmiyyətinə, Bolqar-Türk Cəmiyyətinə dəfələrlə baş vurması nəticəsində İstanbul Dəftərdarlığı Xəzinə dairəsindən Bolqarıstana satılan 400 sandıqlıq sənədin 51 çuvalını Türkiyəyə geri aldırdı. Ayrıca olaraq, sənədlərin qorunması mövzusunda bir qanun hazırlanmasına nail oldu.

Bu kitab aşiqi və çalışqan adam 1883-cü ildə Boluda dünyaya gələn Müəllim Cevdət idi. Babası Səid Əfəndi Nişdə bir təkkənin şeyxi idi. 1877-ci ildə müharibə üzündən Boluya geri dönmüş və Müəllim Cevdət də orada dünyaya gəlmişdi. Uşaqlığı, gəncliyi Boluda keçmişdi. Atası Məhmət Səid Əfəndi sərxoş bir əsgər idi və həmişə anasına işgəncə edirdi. Bu hadisənin də onun üzərində çox pis təsiri olmuşdu. Bir an öncə həyata atılaraq anasına kömək etmək istəyirdi. İstanbula getdi. Əvvəlcə hüquq fakültəsinə, sonra da Müəllim məktəbinə qəbul oldu. Müəllim məktəbini birinciliklə bitirdi. Tələbəlik illərində öz üzərində çalışaraq ərəbcə, farsca, almanca, fransızca öyrənmişdi.

Müəllim Cevdət bir müddət Darüşşafaka və Robert Kollecində müəllimlik etdi. Robert Kollecində dərs deyərkən müsəlman tələbələrin kilsəyə aparılmasının şiddətlə əleyhinə idi. Çox keçmədən təzyiqlər nəticəsində oradan ayrılmağa məcbur qaldı və tələbələrə individual dərs verməyə başladı. Dərslərini açıq havada, ağac altında, su kənarlarında verirdi. "Əziz Nəhir" adını verdiyi İstanbul Körfəzini uzun-uzun seyr etməkdən böyük zövq alardı. Əsəbi, səbirsiz, bir o qədər də dürüst idi. Heç ailə qurmamışdı, tək yaşayırdı. Ən böyük sevdası kitab toplamaq idi. "Sahaflar çarşısı"nda onu tanımayan yox idi. Yeyəcək, üst-baş almaz, əlinə keçən bütün pulları kitablara verərdi.

1907-ci ildə Hacı Zeynalabdin Tağıyevdən bir teleqraf alır. Bu xeyriyyəçi iş adamı Müəllim Cevdəti Bakıya dəvət etməkdədir. İslam Xeyriyyə Cəmiyyətinin qurduğu Füyuzati Darül-Müəllim məktəbində müəllimlik edəcəkdi. Bəlkə də Əhməd Ağaoğlu kimi Azərbaycan türklərindən olan dostları onu mərhum Tağıyevə tövsiyə etmişdilər.

Müəllim Cevdət heç tərəddüd etmədən pasportunu alıb bir alman gəmisiylə əvvəlcə Batuma, oradan Tiflis yoluyla Bakıya gedir. O, anasına yazdığı məktubunda Hacı Zeynalabdin Tağıyevlə görüşündən belə bəhs edir:

"Hacı Zeynalabdin Tağıyevin evinə getdim. Ev desəm yalan olar, bir saray. Bəyoğlunun ən böyük otelləri elə bəzəkli və mükəmməl deyil. Qapıçıya özümü tanıtdıqdan sonra əfəndinin yanına qalxdım. Buralarda bizimki kimi əl öpmək adəti yoxdur. İslam qanunlarına görə, yalnız müsahafa edirlər. Mən bunu oraya gedincə əlini verməsindən anladım.

İstanbulda ikən Bakı müsəlmanlarında bu gözəl müsahafa sünnəti-şərifəsindən xəbərim var idi. Oturub söhbət etdik. Məni sevdi. Mənim nə üçün gətirildiyimi, Bakıda maarifin inkişafı naminə məni bu işlərə rəhbərlik etmək üçün Darül-Müəlliminə müdir etmək istədiyini söylədi. Sonra məni qalacağım yerə göndərdi. Çox gözəl! Darül-Müəllimin içində bir otaq. Məktəb də yeni tikilmiş. Bütün xərclər Hacı əfəndiyə aid. Şəhər də çox gözəl! İstanbulda belə böyük, təmiz küçələr yoxdur. Şəhər xalqının dörddəüçü müsəlman, bir qismi rusdur. Dilləri Anadolu türkcəsi kimidir. Əlhəmdülillah, islam mərkəzindəyəm".

Müəllim Cevdətin ilk dönəmlər işi olduqca çətindir. Çünki o vaxta qədər təhsil ya rusdilli məktəblərdə verilmiş, ya da farsca klassik mədrəsələrdə. İlk dərsinə Bakının önəmli şəxsiyyətlərindən başqa, yaşı yetmişi haqlamış o dövrün din xocası Hacı Mirzə Turab da gəlir. Müəllim Cevdət iştirakçıların hüzurunda dərs proqramını açıqlayır və dərslərin içində "Türkcə dil məlumatı" fənnini də elan edər. O anda din xocası ayağa qalxıb: "Türk dili nədir ki, hələ bir məlumatı da olsun?!" - deyə bağırır. "Dil məlumatı sadəcə ərəbcə öyrədilə bilər. O dərsi proqramdan atacaqsan!".

Müəllim Cevdət bu cəhalət qarşısında çaşqınlıq keçirdir. O toplantıda iştirak edən Əhməd Ağaoğlu müdaxilə edir: "Əfəndim, rus məktəblərində rus qrammatikası öyrədirlər, hər dilin qrammatikası vardır!" - deyə etirazını bildirir.

Xoca da bütün hiddətini onun üstünə salır.

"Sus, cahil hərif, sən bizi rusmu edəcəksən?" - deyə bağırır.

Ətrafındakı müridləri də onu dəstəkləyincə Əhməd Ağaoğlu ilə birlikdə hamı qorxudan səsini çıxarmır.

Müəllim Cevdət gənc, atılqan, cəsur və ən pisi də, çox əsəbi biriydi. İstanbul kimi qarışıq şəhərdə belə, heç bir gücün qarşısında susmamışdı. Hacı Mirzə Turabın cahilliyi ona yer etsə də, səsini çıxarmamağı seçir. Darül-Müəllim, yəni Müəllim məktəbi açılan kimi müdirliyindən qalan boş vaxtlarında yaşadığı ölkə haqda məlumat toplayır. Əvvəlcə Bakı, sonra bütün Azərbaycan ərazisində yaşayan xalqlar, dinlər, məzhəblər, təriqətlər, varlılar, qruplaşmalar, təşkilatlar, "qabadayılar - şəhər lotuları", hətta işçi təşkilatları haqqında məlumat toplayır. Ölkədə müxtəlif azınlıq millətlərdən başqa, yüzdəotuz sünniyə qarşı yüzdəyetmiş şiə məzhəbinə mənsub insanların yaşadığını, onların da öz aralarında qruplara ayrıldıqlarını öyrənir. Bütün bunları araşdırdıqdan sonra görəcəyi işlərin təhlükəyə girməməsi üçün o məlumatların işığında bir strategiya hədəfləyir. Çox keçmədən hazırladığı plan işləməyə başlayır, istədiyi bütün fənlər dərs proqramına salınır və məktəbin ulduzu parıldamağa başlayır. Məktəbin uğurundan yazdığı məktubların birində belə bəhs edir:

"Şiəlik sünnilik üzündən bir-birinə əl verməyən xalqın uşaqları bir arada oxumağa başladı!".

Bu çalışqan müəllim bir il içində o qədər sevilir ki, Bakıdakı gənclərin çoxu onun ləhcəsini təqlid edərək danışmağa, onun kimi geyinib başlarına fəs taxaraq gəzməyə başlarlar. Hətta balaca uşaqlar belə bu qırmızı fəsli, cib saatlı İstanbul müəllimini elə sevərlər ki, harada görsələr arxasınca düşüb qaçarlar.

Müəllim Cevdət Bakıda çıxan qəzetlərə yazı yazır, hətta dil kursuna girərək rusca öyrənir. Fürsət tapıb Rusiyaya səfər edir, məşhur rus yazıçısı Tolstoyla görüşür. Orada rus pedaqogikası üzərində tədqiqatlar aparır.

Çox keçmədən Bakıdakı Müəllim Cevdət sevgisi və onun gənclər üzərindəki təsiri Çar məmurlarının diqqətini çəkir, onu təhlükəli insan kimi ölkədən xaric edirlər. Amma aradan 70-80 il keçsə də nə o birillik müəllimlik, nə də müdirliyini etdiyi Müəllim məktəbi əsla unudulmadı. Onun arxasınca fəslə qaçan uşaqlar onu bir əfsanə kimi sonra gələn nəslə də danışmağa davam etdilər.

Müəllim Cevdət Bakıdan xaric edildikdən sonra Fransaya gedir. Cenevrə və Parisdə tədqiqatlar aparır, ünlü sosioloq Emil Durkheimın konfranslarına qatılır. 1910-cu ildə İstanbula geri dönür. Müxtəlif məktəblərdə müəllimlik edir, kitablar yazır. Haqsız təzyiqlərə qarşı duruşu, əsəbiliyi onun xəstələnməsinə səbəb olur. 1935-ci il dekabrın 3-də 52 yaşında İstanbulda həyata vəda edir. Məzarı Edirnekapı Şəhidliyindədir.

 

Orxan ARAS

Ədəbiyyat qəzeti.- 2019.- 23 noyabr. S. 10.