Mərdəkan
esseləri
Bu
ilin mart ayında Mərdəkan qəsəbəsində yerləşən
Əmək Veteranları xəstəxanasında müalicə
olunarkən aşağıdakı esseləri qələmə
aldım...Müəllif
1. Dərman...
Dəyirman...
Mərdəkanda
Əmək Veteranları Xəstəxanasında müalicə
olunuram. Qarşı-qarşıya duran tərəflər
qulluğumdadırlar. Həkim dərmanı, Fələk isə
dəyirmanı ilə. Həkim dərmanı ilə xəstəliyimi
dəf etməyə, ömrümü uzatmağa
çalışır. Fələk isə dəyirmanı ilə
ömrümü üyüdüb qurtarmaq inadından əl
çəkmir. Görək, dərman dəyirmanın
qarşısında nə qədər tab gətirə biləcək?!.
21
mart 2019-cu il
2.
Telefon nömrəsi: 254-35-52
Qeydiyyat
otağında gülərüzlü, sərvboylu Fəridə
xanım yeni gələnləri bir-bir qeydiyyatdan keçirir. Mənim
də növbəm çatır. Onlardan
soruşduqlarını məndən də soruşur:
- Zəhmət
olmasa, telefonunuzu deyin.
Mən
üstümdə götürdüyüm cib telefonumun nömrəsini
deyirəm. O, mənalı şəkildə üzümə
baxıb sözümə düzəliş verir:
- Bizə
ev telefonunuz lazımdır.
Düzəlişin
nəyə xidmət etdiyini anlayıram. Əlacım nədir,
sorğusunu cavablandırıram:
-
254-35-52.
Niyə
məhz ev telefonu?.. Başa düşüləndir. Hər
ehtimala qarşı. Birdən... Evə xəbər vermək məcburiyyətində
qalarlar.
12
mart 2019-cu il
3. Xəyal
21
mart - Novruz bayramı axşamı. Mərdəkan xəstəxanasında
özümə məxsus palatada tək oturmuşam. Bayram
axşamında şənlənmək, deyib-gülmək,
yeyib-içmək üçün, icazəli-icazəsiz - xəstələrin
hamısı evlərinə gedib. Danışmaq
üçün bir adam tapmıram.
Yeməkxana
xidmətçiləri mənim üçün kasıbyana
bayram süfrəsi bəzəyiblər. Nemətlər mənə
baxır, mən də onlara. Qəlbimi bir qüssə
dumanı bürüyüb. Tək olanın yükü
ağır olur - çək görüm, necə çəkirsən?!
Tanrının təamını belə, tək yemək olmur.
Hazır atalar sözünün (meşədə aslan da tək
olmasın) qatqarına öz möhürümü vurdum:
meşədə aslan, xəstəxanada xəstə də tək
olmasın. Görəsən, bu nə taledir mən
yaşayıram?.. Bu təkliyin qalasını uçuran bir
möcüzə arzulayıram.
Birdən
Xəyal məni çaşdırır. Bərk həyəcanlanıram.
Ürəyim şiddətlə döyünür. ...Gördüyüm
gerçəkdir, yoxsa Xəyal? Qeybdən süfrəmə məni
təklikdən qurtaran nurlu bir əl uzanır. Heyrət
içində pıçıldayıram: Bu, Sənsənmi,
İlahi?! Yoxsa məsləhət bildiyin başqa birisinin əli?!
Bu
möcüzəli mənzərə nə qədər çəkəcək?
Deyəsən, reallıq qəlbimin qapısını
döyür.
Çəkilmə,
Xəyal!..
21
mart 2019-cu il
4.
Günəş məndən küsüb?..
Xəstəxana
həyatı darıxdırıcı olur. Xüsusilə
havaların üzü dönəndə. Mən səhər-səhər
günəşli havada gəzməyə öyrəncəliyəm.
Amma neçə gündür təmiz hava almaqdan, günəşin
parlaq nurunu içməkdən məhrumam. Deyəsən,
günəş məndən küsüb... Bəlkə də,
araya girən var.
Neçə
gündür dəli küləklər ağacların
saçını yolub zorla rəqsə dəvət edirlər.
Ağaclar zora müqavimət göstərə bilmirlər.
Bir tərəfdən də qara bulud qara çadra kimi günəşin
üzünü örtüb. Araya girən
üçlüyün biri də yağışdır. O da
aramsız olaraq çiləyir. Məqsədim günəşi
görmək, onun şəfəqinə bələnməkdir.
Bu arzuya qarşı duranlar məni ev (palata) dustağı
ediblər.
...Bu
səhər gözlərimi açanda hər tərəfim
parlaq işığa qərq olduğunu gördüm. Dəli
külək də, qara bulud da, çılğın
yağış da təpintiyə dözməyib aradan
çıxmışdılar. Günəş pəncərədən
mənə baxıb gülümsəyirdi. Sevindim. Deməli,
günəş məndən küsməyibmiş. Axı
böyüklər kiçiklərdən küsmürlər...
21
mart 2019-cu il
5.
Gül, yoxsa dua?..
Bu
yazım bağban, rəhmətlik Məşədi Əli
Ələsgəroğlu haqqındadır. Ancaq mövzuya keçməzdən
əvvəl bir neçə insanı xatırlamağa,
onların da haqqında söz deməyə ehtiyac duydum.
Mərdəkan
qəsəbəsində yerləşən Əmək
Veteranları Xəstəxanasına davamlı gəlişimdən
istifadə edib ziyarətlərdə də bulunmuşam.
Onlardan biri yazıçı Seyran Səxavət və şair
Xosrov Natillə Xəzər dənizinin görüşünə
getməyimdir.
Seçilən
insanlardan olan, sınaqlı seyid Mir Möhsün Ağanın
möhtəşəm məqbərəsini elə birinci gəlişimdə
ziyarət etmişəm. Nəzir paylayıb, problemli səhhətim
üçün ruhundan, cəddindən şəfa diləmişəm.
Məqbərəsinin tikilib başa çatmasında dövlətlə
birgə xalq da maddi köməyini əsirgəməyib.
Sonrakı
yayda məşhur Azərbaycan milyonçusu, mesenat, öz pulu
ilə Avropa arxitekturası ilə ayaqlaşan binalar tikdirən;
maarif, mədəniyyət və neft sənayemizin
inkişafında müstəsna rol oynayan Hacı Zeynalabdin
Tağıyevin sadə məzarını ziyarət etməkdə
palata yoldaşlarım mənə şərait
yaratmışdılar.
Düzünü
deyim ki, Hacının uyuduğu məkana, simicliklə qurulan
sinə və baş daşlarına baxanda bərk təəssüfləndim.
O, təmənnasız əməllərinə, ehtiyacı
olanların harayına yetməsinə, özü ziyalı
olmasa da, milli ziyalılara dayaq durmasına görə "Millət
Atası" titulu qazanmışdı. Bərəkətli
yeraltı sərvətinin "bir qaşıq" neftindən
qazanc götürən Alfred Nobelin adına təsis olunan
mükafat dünyanın ən yüksək çoxsahəli
mükafatı sayılır. O neftin sahibinin adına isə
dünyanı əhatə edən belə bir ödül -
"Hacı Zeynalabdin adına mükafat" indiyədək təsis
olunmayıb. Halbuki, o buna layiqdir. Əvəzində Sovet sistemi
çörək verən Millət Atamızın Sara adlı
qızını dilənçiliyə düçar edib bir
tikə çörəyə möhtac qoydu. Dünyanın gərdişidir
də...
Hacı
Əlinin məzarı...
Bu
geniş, yarlı-yaraşıqlı bağda bircə məzar
var. Kiçik başdaşına adı, soyadı və
ömür tarixi yazılıb: Məşədi Əli Ələsgər
oğlu, 1857-1944. səksən yeddi il ömür sürüb.
Görəsən, kimdir bu adam ki, ümumi məzarlıqda
deyil, tək-tənha sanatoriya tipli xəstəxananın
geniş bağında, hüzurunda dayanan şam
ağacları arasında dəfn olunub. Bağban. Tərcümeyi-halını
gərəyincə bilmirəm. Eşitdiklərimdən onu
öyrəndim ki, bu geniş bağı - meşəyə bərabər
bir bağı o salıb, onları böyüdüb ərsəyə
yetirib, o, ağacların dibini belləyib, yumşaldıb,
qurumuş budaqlarından o təmizləyib. Günəşi
göydən gəlsə də, suyunu o verib sevimli
ağaclarının. Bağın kölgəsini, təmiz
havasını təmənnasız paylayıb adamlara.
Bağbanla
bağ arasında qəribə bir ünsiyyət, sevgi
yaranıb. Elə bunun hesabına öləndə
bağbanı yetirmələrindən - ağaclardan
ayırmayıblar. Qoca bağbanı insan-ağac kimi
tapşırıblar torpağa, tapşırıblar
ağaclara...
Kimlərsə
bu məzarı tez-tez ziyarət edir, üstünə təzə-tər
gül dəstələri qoyur. Mən də rəhmətliyin
ziyarətinə gəlmişəm. Ancaq gülsüz,
çiçəksiz. Əvəzində ruhuna dua oxuyub, salavat
çevirirəm. Onun ruhunu gül məmnun edərdi, yoxsa dua?
Bildiyim qədər müsəlmançılıqda duaya
üstünlük verirlər. Allah rəhmət eləsin!..
Ruhu şad olsun!
23
mart 2019-cu il
6.
Küləklər... ağaclar...
Küləklər
həm aşağıya - yer üzünə, həm də
yuxarıya - göyə bağlıdır.
Ağacların
isə əlləri göyə sarı olsa da, kökləri
yerə dayanıqlıdır.
Küləklər
sərhədsiz ixtiyar sahibləridir, bütün
dünyanı dolaşıb öz güclərini
nümayiş etdirməyin vurğunudurlar.
Ağaclar
isə ancaq tapındıqları torpağa sadiqdirlər, bir
addım kənara belə çıxmağı
ağıllarına gətirməzlər.
Küləklər
güclü olmaqları ilə kifayətlənməyib, həm
də gözəgörünməzlik sehrinə yiyələniblər.
Ağaclar
hiylədən, məkrdən uzaqdırlar. Ona görə də
olduqları kimi görünürlər.
Küləklər
tez-tez Ağaclarla vuruşa çıxırlar. Bu
qarşıdurma heç də insan cəmiyyətində
baş verənlərdən fərqlənmir.
Birisi
güclüdür, o birisi zəif. Birisi qəzəbli,
dağıdıcıdır, o birisi mülayim. Birisi hücum
edəndir, o birisi müdafiə olunan. Birisinin
hökmranlığı, ağalığı o birisinin məhkumluğu
üzərində bərqərar olub.
Çarə
yoxdur. Küləklər hansı havanı çalsalar,
yaşam xatirinə Ağaclar o havanı oynamağa məhkumdurlar...
24
mart 2019-cu il
7.
Yazmaq əzabı
Yaradıcılıq
otağımda - palatamda masa arxasında oturub fikirlərimi qələmə
alıram. İndi məni düşündürən bir
başqa səbəb var. Burada mən yazmaq işinin əzabını
çəkirəm, yoxsa nəşəsini duyuram? Mənim
cavabım o qədər də yetərli olmaz. Görək, bu
barədə nəhənglər (iki nümunədə) nə
deyirlər.
Adı
dünyanın ən möhtəşəm 10
yazıçısı sırasında yer alan,
yaradıcılıq məhsulları 90 dildə əhatələnən
böyük rus yazıçısı, Lev Nikolayeviç
Tolstoy yazı işini "cəhənnəm əzabı"
adlandırıb. Kəskin və birbaşa deyimdir. Gerçəyi
daha dürüst ifadə etmək üçün mübahisəyə,
fərqləndirməyə yer varmı? Var.
Ucalığı
ilə buludlarla döyüşən Göyçə
dağlarının bir insanı - dağ qardaşı da
göz qabağındadır. Bu, ağzı dürr
saçan, adı ellərdə məşhur olan Aşıq
Ələsgərdir. Dədə Qorqudun XIX yüzillikdəki
varisi Dədə Ələsgər yazmaq, yaratmaq işini xeyli
fərqliliyi ilə nəzərə çatdırır:
"Zəhmətdə zəhri həlayıl (ən kəskin
zəhər), ləzzətdə baldı yüküm".
Acılı-şirinli
yazı prosesinə Dədə Ələsgər daha
düzgün qiymət verib. Tolstoy onun bu fikri ilə
tanış olsaydı, məncə, böyüklüyündən
enməyərək özünün birtərəfli qənaətinə
məmnuniyyətlə düzəliş verərdi.
25
mart 2019-cu il
8. Kədər...
Ümid...
Bu da
son gün. Müalicə müddətim başa
çatırdı. Yola düşmək üçün
yır-yığış etdim. Evə - nəvələrimə
qovuşmaq istəyim qəlbimi
çırpındırırdı. Sözümlə, nəzərlərimlə
hər kəslə, hər şeylə - əziyyətimi
çəkənlərlə, qulluğumda duranlarla
vidalaşırdım.
Müalicə
müddəti haqqında arayış və xəstəliyimin
tibbi tarixçəsi - epiqriz almaq üçün diqqətli
və qayğıkeş həkimim Gülnarə
xanımın qəbulunda oldum. (Otaq yoldaşı, həmkarı
Saleh həkimi də salamlayıram). Həkimim lazım olan sənədlərimi
verib gülümsündü:
-
Sizi qoca kişi kimi qəbul edib, cavan oğlan kimi yola
salırıq!.. Narazı deyilsiniz ki?
Hələ
vaxtilə məşhur çarəçi - loğman İbn
Sina həkimin hikməti, müalicə üsulları barədə
demişdi: "Xəstəni mərəzdən xilas etmək
üçün cərrah üç vasitədən istifadə
etməlidir - neştərdən, dərmandan və sözdən".
Gülnarə həkim fikrini çatdırmaqda sözü
önə çəkmişdi. Təşəkkürümün
dərinliyini və səmimiliyini çatdırmaq
üçün Allahı da özümə qoşdum:
-
Şəfalı əlləriniz var olsun, həkim! Allah sizdən
razı qalsın!
Budur,
Gəncəyə - məni doğma ocağa doğru aparan
avtobusda oturmuşam. Yolumu intizarla gözləyənlər
sevinəcəklər. Gəncədən gələndə
yüküm kədər idi. Gəncəyə dönürəm,
yüküm işıqlı ümiddir!..
26
mart 2019-cu il
Qərib MEHDİ
Ədəbiyyat qəzeti.-
2019.- 23 noyabr. S. 11.