Nə
qəribədir insan...
Quba bizim ailədə
başlanğıclar kimi yadda qalıb. Son isə hələ
çox
zaman alsın... ən gec son olsun...
Həyatımın ən dəyərli
xatirələri atamla bağlıdır. Həyatım atamla
başlayıb, çox güman ki, atamın yoxluğu ilə
də bitəcək...
Noyabrın
16-da Quba Mədəniyyət Mərkəzində atamın,
Dövlət mükafatı laureatı, filologiya elmləri
doktoru, professor Nizaməddin Şəmsizadənin 65
yaşı münasibətilə yubiley tədbiri
keçirildi. Burada, həmçinin, "İdrakın
üfüqləri", "Ədəbiyyatdan əbədiyyətə"
kitabı da təqdim edildi. Tədbir atam haqqında onun
doğulub böyüdüyü İspik kəndində
çəkilmiş sənədli filmlə
açıldı. Babam Şəmsəddinin tikib-yaratdığı,
daima qonaqlarla dolub-boşalan həyət-bacada, nənəm Hənifənin
ocağının ətrindən danışdı. Oxuduğu
məktəbin həyətində gəzdi, müəllimlərini
xatırladı. İnsan yaşlandıqca keçmişinə
qayıdır. Atalı-analı günlərini axtarır.
Dünyanın bütün gözəlliklərini onların
varlığı ilə dərk edirik. Təəssüf ki,
çox zaman biz bu günlərimizin qədrini yaxşı
bilmirik.
Cala
sən,
Dərdə
dərman cala sən.
Gedən
gün geri dönməz,
Günü-günə
cala san.
Kərkük
bayatısı
Atam
İspikdən yalnız arzularını götürüb
böyük ürəyi ilə Bakıya üz tutmuşdu.
Buranı bizim ailənin əsas dayaq nöqtəsi də hesab
etmək olar. Atamı uğurlara, qaynar elmi mühitə
hazırlayan ona qoşa qanad verən məkan da adlandırmaq
olar Qubanı. Onun arzuları bir ispikli uşağın hisslərindən
çox yuxarıda olub. Bu gün isə xəyallarının
arzularının pöhrələndiyi bu qonaqpərvər
yurdda atamın 65 yaşının onun sönməz
ziyasının işığına toplanmışıq. Sənədli
filmdən sonra pərdələr açılaraq məclis
açıq elan olundu. Həmişə müxtəlif tədbirlər,
yubiley mərasimlərinin - Hüseyn Cavidin 130, Məmməd Səid
Ordubadinin 140, Mikayıl Müşfiqin 100, Mirzə
İbrahimovun 100 illik tədbirlərinin aparıcısı,
yüzlərlə elmi-nəzəri iclasın məruzəçisi
olsa da, bu gün səhnənin bir qırağında, ona olan
məhəbbəti, axını məmnunluqla izləyərək
sakitcə əyləşmişdi. Cəbhədə
qılınc, məclisdə gözəl sözə malik
olanlar qəhrəmandır (Məmməd Səid Ordubadi).
Söz çıxışçıların idi.
Tədbiri
Quba Mədəniyyət Mərkəzinin işçisi, bir
zamanlar atanın tələbəsi olan Ramiz Ramazanov
aparırdı.
Tədbir
Quba Rayon İcra Hakimiyyəti və Xaçmaz rayonunun Regional
Mədəniyyət Mərkəzinin təşkilatçılığı
ilə keçirilmişdi. Atam Nizaməddin Şəmsizadənin
həmkarları, şair və yazıçı dostları,
tələbələri bədii qiraət ustalarının
iştirak etdiyi tədbir səmimi çıxışlarla
yadda qaldı.
Quba
Rayon İcra Hakimiyyəti başçısının birinci
müavini Allahverdi Xudaverdiyev qonaqları salamlayaraq icra hakimiyyətinin
başçısı Ziyəddin Əliyevin yubilyara təbriklərini
çatdırdı, Qubada toxunan xalçanı təqdim etdi.
Milli
Məclisin deputatı, millət vəkili Vahid Əhmədov
atamın ədəbi ictimai fəaliyyətindən, onun Azərbaycan
xalqının özünüdərk, təfəkkür və
dövlətçilik yolundan bəhs edən "Azərbaycanşünaslıq"
kitabını, "Azərbaycan ideologiyası"
monoqrafiyasını bu sahədə ilk nümunə kimi dəyərləndirdi.
Atamın bir təəssübkeş ziyalı kimi tanıdığını,
onun bütün yaradıcı insanlara qayğı ilə
yanaşdığını qeyd etdi.
Xaçmaz
Mədəniyyət Mərkəzi Regional idarəsinin rəisi
Nazim Ağayev mərkəzin fəaliyyətindən və
ziyalılara, söz adamlarına olan hörmətindən və
qayğısından danışdı.
Dünya
yarandığı gündən nə daş öz bərkliyindən,
nə bayquş təkliyindən, nə də ilan zəhərindən
şikayətçi olmayıb. Uca yaradan Allah bu dünyadan,
insanların günahlarından bezmirsə hələ, bəndə
niyə bezsin... xəstəliyindən... qismətindən...
taleyindən... qismətsizlik də bir alın yazısı,
insan taleyidir. Dünyada heç
nədən bezməmək gərək. F.M.Dostoyevskinin fikri ilə
desək, insan öz xoşbəxtliyini dərk edənə qədər
bədbəxtdir.
Daş
gərək bezməsin öz bərkliyindən,
Bayquş
da bezməsin öz təkliyindən.
Tanrı
özü yazıb yazılanları,
ha
pozmaq istəsən -
bir
xeyri yoxdu.
Səmimi
hisslərini, düşüncələrini bölüşən
Xalq şairi Ramiz Rövşən atanın sözə olan
hörmətindən, sözə verdiyi dəyərdən, Məhəmməd
Füzuliyə olan sevgisindən
söz açaraq, "Kim nə miqdar olsa, əhlin eylər
ol miqdar söz" epiqrafı ilə başlayan "Köhnə
sözlər" şeirini söylədi.
Hamı
söz çıxarır sözün içindən,
şair
öz sözündən bezməsin gərək.
Allahın
CANI yox,
Allah
da SÖZDÜ!..
Nə
çoxdu dik gəzib
ucuz
söz satan,
Nə
çoxdu yendirən ayağa sözü.
Sən
özün tapdana-tapdana, atam,
Necə
qaldırmısan Allaha sözü?!
Allahı
dünyayla barışdırmısan,
qıraqda
gəzməsin gözün Allahı.
Dünyanı
Allahla barışdırmısan;
Allahın
qulusan,
Sözün
Allahı.
Şair,
oftalmoloq alim Paşa Qəlbinur atamın tənqidçi, ədəbiyyatşünas
kimi fəaliyyətindən, insani keyfiyyətlərindən,
söz açaraq, lirik şeirlərini
iştirakçılara ərməğan etdi. Xoşbəxtlik
adlı bir pillə olsaydı, yəqin ki, hamı pilləkəndə
qalardı... atamın xoşbəxtliyi isə hər dəfə
nəşr olunan yazısını oxuyan zaman gözlərində
gilələnir.
Professor
Rəhim Əliyev dedi ki, mən Nizini (icazənizlə, mən
həmişə belə müraciət etmişəm) "ədəbi
tənqid" şöbəsinin müdiri kimi
çalışdığım vaxtlardan tanıyıram.
Şöbəyə göndərilən məqalə və
resenziyalar içərisində onun özünəməxsus təfəkkür
tərzinə malik olması diqqəti cəlb etmişdi. Rəhim
müəllim atamın tədqiqatlarının elmi
aktuallığını xüsusi olaraq vurğuladı,
20-30-cu illər ədəbiyyatşünaslığını
ədəbi mübahisələr dövrü kimi xarakterizə
edərək, 20-30-cu illər mərhələsinin öyrənilməsində
bir alim kimi xüsusi xidmətlərindən danışdı.
Gənc tədqiqatçı kimi doktorluq dissertasiyası
müdafiə olunan zaman işinin qarşısında
yaradılan süni maneələrdən və qarşıya
qoyduğu elmi məqsədlərindən, nailiyyətlərindən
danışdı. Çıxışının sonunda -
Nizi, sənin ötən əsrdən başlayan ədəbiyyat
və sənət məsələlərinə dair tədqiqatlarının
elmi dəyərləri, ədəbiyyatşünaslıq sahəsində
qazandığın uğurların əhəmiyyəti
böyükdür, dostluğun isə əvəzolunmazdır
- deyərək, bu günü, sanki ötən illərə
caladı.
Atam
öz həyatını Jül Renarın gündəliyindəki
bir fikrinə uyğun tərzdə yaşayıb: "Təqvimi
sənə bağışlayıram, istədiyin kimi
yaşa" - dostluqda da, sevgidə də, ədəbi fəaliyyətində
də...
Şair-tərcüməçi
Ramiz Məmmədzadə, əməkdar jurnalist, prof. Qulu Məhərrəmli,
şair-publisist Cabir Albantürk atamın keçdiyi ədəbi
yolundan danışaraq Allahdan şəfa dilədilər. Sənətşünaslıq
üzrə fəlsəfə doktoru Zülfiyyə
Eldarqızı atamın şeirlər kitabından bir
neçə şeiri səsləndirərək ədəbi məclisə
xüsusi rəng qatdı. İnsan nə vaxt öləcəyini
dəqiq bilənə kimi zəli olub dünyanın
yaxasından yapışır, nə qəribədir insan?
Həm
iblisdi, həm mələk,
Həm
ülviyyət, həm kələk
Həm
keçmiş, həm gələcək
Böyük
qüvvədir insan
Nə
qəribədir insan?
Tanrının
surətidir
Peyğəmbər
hikmətidir
Sevgi-həqiqətidir
Nurdu
əbədi insan
nə
qəribədir insan...
Şair-publisist
Sərvaz Hüseynoğlu, filologiya üzrə fəlsəfə
doktoru, dosent Qürbət Mirzəzadə, şair-həkim
Tofiq Nurəli, Əmirşah Əliyev, fizika üzrə fəlsəfə
doktoru Şəmsəddin Allahverdiyev,
yazıçı-publisist Əkrəm Məmmədov,
"Yada düşdü" jurnalının təsisçisi,
"Respublika Xatirə" kitabının baş redaktoru Nəzakət Məmmədli
də atamla bağlı ürək sözlərini dilə gətirdilər.
Filologiya
üzrə fəlsəfə doktoru, yazıçı
Gülxani Pənah bu yaxınlarda yenicə nəşr
olunmuş "Ədəbiyyatdan Əbədiyyətə"
adlı monoqrafiyası haqqında təəssüratlarını
danışdı.
Mən
inanıram ki, bu tədbirdə çox yazıçı və
alimlər, müəllimlər iştirak etmək istərdi.
Lakin qısa zamanda qərara alınıb
hazırlandığı üçün vaxt məhdudiyyəti
yarandı. Atamın ən ağır zamanlarında məni tək
qoymayan hörmətli Qəzənfər Paşayev, sevimli
şairimiz Nəriman Həsənzadə, müəllimim Nizami
Cəfərov və "Ədəbiyyat qəzeti"nin
baş redaktoru Azər Turan iştirak edə bilməsələr
də, böyük sevgi ilə həmişə atama
qayğı göstərmişlər.
Tədbirin
ən kövrək məqamı mənə söz veriləndə
baş verdi. Atam haqqında, söz adamı barəsində
söz demək çox çətindi.
Mən
atamla birlikdə yaranmışam. Həyata hamı kimi atam və
anamla başlamışam. Atamla yarıyuxulu bağçaya,
zeytun bağlarını keçərək məktəbə
və nəhayət, universitetə getmişəm. Beləliklə,
bu dünyanı atamın yollardakı nəsihətləri ilə
dərk etmişəm...
Atam
"Unudulmuşlar haqqında uvertüra"sı ilə
özünü tarixin unudulmayan əbədi səhifələrinə
həkk etdi. İlk kitabı olan "Ədəbi mübahisələr"i
isə hələ də davam edir!!! "Ədəbiyyat nəzəriyyəsi"
kitabını isə elmi rəhbərim mərhum akademik Bəkir
Nəbiyevin "nə yazmısan, gətir" deməsindən
sonrakı iki ay, yay ərzində mənim yanımda Qubada
yazdı. Çox fikirlərini mənimlə
bölüşürdü: "Sən yaxşı yemək
hazırla, mən də yaxşı yazım" - deyirdi. Biz hər
yayı bu gözəl məkanda Qubada keçirmişik,
xüsusilə də atam və mən...
Quba
bizim ailədə başlanğıclar kimi yadda qalıb. Son
isə hələ çox zaman alsın... ən gec son olsun...
Həyatımın
ən dəyərli xatirələri atamla bağlıdır.
Atam bütün nəslin çırağı, ailəmizin
sönməz ocağıdır. Həyatım atamla
başlayıb, çox güman ki, atamın yoxluğu ilə
də bitəcək.
Xalqların
taleyində müharibələr, müdaxilələr,
uzaqlaşmalar yaxınlaşmalar olduğu kimi, insanların da
həyatında dostluqlar, sevgilər, ayrılıqlar
vardır. Ən əsası budur ki, atam türk xalqlarına
xas olan milli-mənəvi vəhdəti qoruyub saxlaya
bilmişdir. Hisslərdən pay olmaz! Atam hisslərinə
güvənərək yaşayıb. Hissləri ilə
kükrəyib, ərşə qalxıb, ya da hisslərinin
içində boğulub.
Hər
kəs aid olduğu dünyanın özəyində
yaşayır. Tanrı hər birimizə eyni üzvləri bəxş
etsə də duyğularımız, hisslərimiz müxtəlif
aləmlərə aiddir. Obyektiv aləmi daxili
dünyamızdan dürüstcə keçirsək,
şüşədən baxarıq, düzgün qiymət verərik.
Ömər Xəyyam demişkən, şüşəyə
gümüş qatsaq, güzgüyə çevrilər
yalnız özümüzü görərik,
özümüzü öyərik. Sadəliyi və səmimiliyi
mən atamdan öyrənmişəm. O dünyanın ən səmimi
insanıdır! Nə sevgisini gizlədə bilir, nə də
nifrətini.
P.S.
Ertəsi gün xəstəxanaya dializə atamın yanına
gedəndə xeyli gümrah gördüm. Tədbir haqqında
təəssüratlarını soruşdum. Hamını təriflədikdən
sonra "heç kim mənim kimi danışmadı" dedi.
Sanki heç xəstələnməmiş kimi, tam sağlam tənqidçi
mövqeyində. İkimiz də kövrəldik. İnsanı
öz auditoriyası yaşadırmış...
Fidan Nizaməddin
qızı
filologiya üzrə fəlsəfə
doktoru, dosent
Ədəbiyyat qəzeti.-
2019.- 23 noyabr. S. 12-13.