Söz
dünyası söz ustalarının təqdimatında
Bu
günlərdə Fərid Hüseynin "Kaspi nəşrləri"
seriyasından "Sevdiyim əsər" adlı kitabı nəşr
olunub. Kitabda dünya və Azərbaycan ədəbiyyatının
şah əsərləri haqqında seçkin söz və
fikir adamlarının müsahibələri toplanıb. Toplu Azərbaycan
ədiblərinin dünya ədəbiyyatına, ən
çox sevdikləri əsərlərə münasibətlərini
aydınlaşdırır, həmin əsərlər əhatəli
şəkildə təhlil olunur. 101 müsahibənin cəm
olduğu kitabda 100-ə qədər əsərdən söhbət
gedir.
Qeyd
edək ki, "Kaspi nəşrləri" seriyasının rəhbəri
və redaktoru filologiya elmləri
doktoru Sona Vəliyevadır. Kitabın rəyçiləri
akademik, millət vəkili, AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli və
akademik, millət vəkili, Azərbaycanda Atatürk Mərkəzinin
direktoru Nizami Cəfərovdur. Kitabın Ön
sözünün müəllifi professor, Bakı Dövlət
Universitetinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi
kafedrasının müdiri Cahangir Məmmədlidir. Nəşrin
redaktorları isə Natiq Muxtarlı və Günel
Şamilqızıdır. Kitabın Ön sözünü təqdim
edirik.
Azərbaycan
ədəbi mühitinin və bütövlükdə
oxucuların orijinal bir şair, esseist, publisist kimi yaxşı
tanıdığı Fərid Hüseyn qeyd etdiyim
yaradıcılıq sahələrinin hər birində öz
orijinallığı ilə seçilməkdədir. Onun
oxuculara təqdim etdiyi "Sevdiyim əsər" adlı 101 ədəbi
söhbət kitabı da bu orijinallığın bəhrəsidir.
"101 ədəbi söhbət" bir az da, jurnalistika
anlayışı ilə desək, əslində, 101
müsahibə deməkdir. Ona görə müsahibədir ki,
Fərid Hüseyn - yəni müsahibəni aparan
yaradıcı adam özü, demək olar ki, birbaşa
suallarla işləyib. Bu format Fərid Hüseynin ədəbiyyat
üzrə redaktoru olduğu "Kaspi" qəzetində onun
ortaya qoyduğu möhtəşəm bir ədəbi layihənin
materiallarıdır. Məlumdur ki, tarixi "Kaspi" qəzetinin
ənənələrini, gerçəkliyə klassik
baxışını müasir çağda yenidən reallaşdıran
"Kaspi" ədəbiyyatla, sənətlə bağlı
bu tip ideyaları yaradıcılıq faktına çevirən
bir qəzet kimi geniş populyarlıq qazanmışdır. Fərid
Hüseynin 6 il öncə başladığı "Sevdiyim əsər"
layihəsində gerçəkləşdirdiyi
çoxsaylı müsahiblə söhbət bu qəzetin səhifələrində
təqdim olunub. Bu müsahibələrin əsas vəzifəsi
və əhəmiyyəti kitabın qısa anonsunda öz əksini
belə tapıb: "Kitabda dünya və Azərbaycan ədəbiyyatının
şah əsərləri haqqında seçkin söz və
fikir adamlarının müsahibələri toplanıb. Toplu Azərbaycan
ədiblərinin dünya ədəbiyyatına, ən
çox sevdikləri əsərlərə münasibətlərini
aydınlaşdırır, həmin əsərlər əhatəli
şəkildə təhlil olunur". Burada maraqlı, bəlkə
də, fenomenal bir fakt var: Fərid Hüseyn 101 müsahibədə
hər kəsin sevdiyi bədii ədəbiyyat nümunələrinə
özü də çox yaxşı bələddir və
buna görə də həmsöhbətlərinə o əsərlər
haqqında maraqlı suallar verə bilir. Fenomenallıq
orasındadır ki, müsahibəyə cəlb edilən hər
kəs sevdiyi əsəri özü seçir və
müsahibəni götürən adam həmsöhbətin
seçiminə lazımınca bələdlik göstərir.
Fərid
Hüseyn kimləri müsahibəyə cəlb edir:
yazıçıları, şairləri, ədəbiyyatşünasları,
ədəbi tənqidçiləri, publisistləri...
Onların böyük əksəriyyəti bədii söz sənətinin
azman ustadları, milli tənqidimizin, publisistikamızın ədəbi-ictimai
mühitində əməlli-başlı tanınan nümayəndələridir.
Bu şəxsiyyətlər içərisində dünya ədəbiyyatına
elə milli ədəbiyyatımız qədər bələd
olan Anar, Elçin, İsa Həbibbəyli, Kamran Əliyev,
Sona Vəliyeva, Muxtar Kazımoğlu, Nizami Cəfərov,
Teymur Kərimli, Rəşad Məcid, Əsgər Rəsulov,
Azər Turan, Könül Bünyadzadə, Əjdər Ol, Seyfəddin
Hüseynli və b. kimi onlarca ziyalı var. Adını çəkdiyim
və çəkmədiyim bu ədəbi şəxsiyyətlərin
hər birinin içində lap uşaqlıqdan sevdikləri Azərbaycan
və dünya ədəbiyyatının oxuculara çox
maraqlı olan nümunələri var. Həqiqətən də,
bu müsahiblərin hər birinin sevdiyi əsər milli və
dünya klassik ədəbiyyatından yaşlı nəslin
estetik idealına çevrilmiş və bugünkü gəncliyin
də istinad nöqtəsi olan elə nümunələrdir ki,
onlara nəzər saldıqca bizim yaradıcı ziyalılarımızın
zövqünə, biliyinə, bədii əsərə qiymət
vermək bacarığına heyran qalmaya bilmirsən. Əgər
bizim ustad yazıçımız Anar milli nümunə kimi
xalq yaradıcılığına məhəbbətini ifadə
edib "Kitabi-Dədə Qorqud" dastanını sevirsə,
milli bədii ədəbiyyatımıza dəyərli töhfələr
vermiş Elçin ən çox Migel de Servantesin
"Lamançlı Don Kixot" romanını bəyəndiyini
bildirir. Əgər akademik İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin
"Anamın kitabı"nı müqəddəs nümunə
sayırsa, istedadlı şairimiz, yazıçı və tədqiqatçımız
Sona xanım Vəliyeva Cəlil Məmmədquluzadənin
"Usta Zeynal" hekayəsinə sevgisini ifadə edir. Əgər
AMEA-nın müxbir üzvü, yorulmaz ədəbiyyatşünas
Kamran Əliyev Cəlil Məmmədquluzadənin
"Poçt qutusu" hekayəsinin vurğunudursa, akademik
Muxtar Kazımoğlu həmin böyük sənətkarın
"Ölülər" tragikomediyasının böyük
sənət nümunəsi olduğunu dilə gətirir.
Əgər akademik Nizami Cəfərov əlifbanı
"Koroğlu" dastanından öyrəndiyini xüsusi bir
sevgi ilə bildirirsə, akademik Teymur Kərimli Nizami Gəncəvinin
"İsgəndərnamə" poeması ətrafında
müsahibəyə üstünlük verir. AMEA-nın
müxbir üzvü, filosof Könül xanım Bünyadzadə
Erix Maria Remarkın "Üç yoldaş"
romanını 20 Yanvar hadisələri zamanında oxuyub və
insanın öz acizliyi ilə mübarizə aparan obrazın
yaratdığı ovqata görə bu əsəri sevdiyini bildirir.
Rəşad Məcid Cek Londonun "Martin İden"
romanının vurğunu olduğunu güclü arqumentlərlə
bizə çatdırır, yaxud Seyfəddin Hüseynli Yusif Səmədoğlunun
"Qətl günü"nün pərəstişkarı
kimi bu əsərin indiyədək çoxumuza aydın olmayan
məqamlarından bəhs edir və s.
Bəlkə
də, belə bir sıra təqdimi ilə mən oxucunu
yorğun saldım. Amma bunları deməyi ona görə vacib
saydım ki, Azərbaycan ədəbi-bədii
düşüncə sahiblərinin nə qədər rəngarəng,
milli və dünya ədəbiyyatına sevgi ilə
yanaşdığını dilə gətirim.
Əlbəttə,
yaradıcılıq problemlərinə aid hər bir
ideyanın öz səmərəsi olur. Fərid Hüseynin
"Sevdiyim əsər" ədəbi ideyası spontan şəkildə
(hər şey seçənlərdən və seçimdən
asılı oldu) bizi - yəni oxucunu ədəbiyyat aləminin
çox dərin qatlarına aparır və "Kaspi" qəzetinin
maarifçilik prinsiplərinə sadiq qalaraq bədii
sözün əvəzsiz xidmətini bir daha bizə
xatırladır.
Yuxarıda
sadaladığım və sadalamadığım bu müsahibələrin
böyük əksəriyyətində bədii təhlil, ədəbiyyatşünaslıqla
ədəbi tənqidin sinxronluğu, bütövlükdə ədəbiyyata
sevgi, ədəbiyyatın insanı kamilləşdirmə
missiyasına qəti inam hissi var. Bu inam hissinin kitabı
oxuyacaq hər kəsdə də yaranacağına çox
inanıram. Fərid Hüseyn bu müsahibələri ilə
bizə özümüzü tanımaq, bugünkü milli
ziyalılarımızın estetik ideallarına bələd
olmaq, milli və dünya ədəbiyyatının klassik və
müasir nümunələrini bir daha xatırlatmaq və
sevdirmək kimi böyük bir müəllim missiyasını
gerçəkləşdirmişdir. Müəllifin bir
tapıntısı da kitabın adı ilə
bağlıdır. "Sevdiyim əsər" - "101 ədəbi
söhbət". Buradakı "sevdiyim əsər"
söz birləşməsi Fərid Hüseynin "Kaspi"də
həyata keçirdiyi ədəbi ideyanın mahiyyətidir.
Lakin "101 söhbət" min illərin bədii
sözünü, qoca Şərqin müdriklik
çalarlarını özündə daşıyan "Min
bir gecə" nağıllarının improvizasiyası təsirini
bağışlayır. Orada "Min bir gecə", burada
"101 söhbət". Məncə, bu heç də təsadüfi
deyil və yəqin ki, bu da Fərid Hüseyn
orijinallığının daha bir göstəricisidir.
Sonda
mən bir oxucu kimi, indiyə qədər nəşr etdirdiyi
neçə-neçə kitablarla xalqımızın maariflənməsinə
xidmət edən "Kaspi nəşrləri"
seriyasının rəhbəri Sona xanım Vəliyevaya təşəkkürümü
bildirirəm.
Cahangir Məmmədli
Ədəbiyyat qəzeti.-
2019.- 23 noyabr. S. 13.