Gülüş iksirinin mənbələri

 

Cəlil Məmmədquluzadənin serb dilindəki "Seçilmiş əsərləri"nə "Ön söz"

Balkanlarda, xüsusən Serbiyada Azərbaycan ədəbiyyatının təbliğatı istiqamətində görülən işlərdən danışanda "çap olunan kitablar" deyil, yəqin ki, "çap olunan kitabxana" ifadəsini işlətmək daha doğru olardı. Bəli, söhbət 75 kitabdan gedir. Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı Fövqəladə və Səlahiyyətli səfirimiz Eldar Həsənovun dəstəyi və iştirakı ilə 6 ildə bir kitabxana kitab çevrilib balkan xalqlarının dilinə. Və aşağı-yuxarı bir o qədər kitab da ana dilimizə çevrilib ki, beləcə biz balkan xalqları ədəbiyyatlarını daha yaxından tanıya bilmişik.

Burda klassiklərin də əsərləri var, yeni ədəbiyyat da, antologiyalar da var, tarixi-siyasi ədəbiyyat da. Lüğətlər də...

Hörmətli Eldar müəllimin belə işlərindən biri - müasir Azərbaycan nəsrinin atası hesab olunan Cəlil Məmmədquluzadənin və Əziz Şərifin rusca tərcümələri (və şərhləri) əsasında Nina və Qradimir Poliçlərini serbcəyə çevirdikləri 456 səhifəlik "Seçilmiş əsərləri"dir. Doğrusu, bu kitab haqqında elə çap olunduğu il, 2014-cü ildən xəbərim vardı. Bu haqda "Kitabçı" jurnalının "Serbiya ədəbi əlavəsi"ndə məlumat vermişdik. Və nədənsə, mənə elə gəlirdi ki, xəbərdən hamı məlumatlıdır, üstəlik görkəmli serb yazıçısı Radomir Andriçin yazdığı "Ön söz" ana dilimizə çevirilərək bizim mətbuatda da çap edilib. Təəssüf ki, belə deyilmiş.

Bu günlərdə Bakıda qonaq olan Radomir Andriç akademik İsa Həbibbəyli ilə söhbətində Cəlil Məmmədquluzadədən söz saldı. Mən kitab və yazı haqqında məlumat verdim. Hörmətli İsa müəllim də Cəlil Məmmədquluzadənin görkəmli tədqiqatçısı və bütün nəşrlərinin "kolleksiyaçısı" kimi həmin nəşri tapmağımı, "ön söz"ü isə ana dilimizə çevirtdirməyi xahiş etdi.

Beləliklə Cavanşir Yusifli və Draqana Pantoviçin tərcüməsində "Ədəbiyyat qəzeti"nin oxucularının diqqətinə həmin yazını təqdim edirik.

Səlim Babullaoğlu

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri

Radomir Andriç

Çoxdan məlumdur ki, özünün bir sıra "mənəvi xüsusiyyətlərinə" görə yumor dili əsas etibarilə azad nitqə, azadlıq duyğusuna şamil edilir və ədəbiyyatda, hər şeydən öncə isə xalq mədəniyyətində onun gülüşlə bağlı əsasları üzə çıxır. Əlbəttə, bir sıra satirik hekayətlər, kiçikhəcmli yumoristik əsərlər, lətifələr və oyunlarda həm qrotesk keyfiyyəti, həm də şənliklərə xas spontan gülüş, o cümlədən "normanı aşmayan həqarət" payı olur. Əslində isə, belə demək olar ki, bu cür gülüş zövqverici keyfiyyətə malik olmaqla həyatımızı gündəlik xoşagəlməzliklərdən xilas edir və enerjimizi təzələmək şansı yaradır.

Komiklik gülüş üçün elə bir yanacaqdır ki, bir sıra gizli sirlərə agah olmasıyla bəlli ədəbi qəhrəmanlar üçün dünyanın hardan gəlməsi və necə peyda olması bilinməyən qaçılmaz zəhərindən təmizlənməyə və ayılmağa xidmət edir. Qısaca desək, məlum şərtlər daxilində onların hamısı xalqın həyatında həlledici rol oynayan insanlara çevrilirlər və məqamı yetişəndə əllərinə müdrikliyin açarını alaraq tükənməz mənəvi xəzinə qarşısında lətifə çərçivələrini vurub aşırlar. Şübhəsiz ki, xalq mədəniyyətində kifayət qədər səciyyəvi olan fiqurlardan biri, xüsusən Yaxın Şərq folklorunda şənlik və gülüşün bütün rənglərini daşıyan Xoca Nəsrəddin, yaxud Molla Nəsrəddindir.

Xoca Nəsrəddin haqqında kitabın 1894-cü il tarixli birinci nəşrinə yazdığı girişdə böyük serb realisti Stevan Sremaç qeyd edirdi: "Türklər və onlara yaxın olan digər Şərq xalqlarından sonra qəribədir ki, onun haqqında lətifələr bizdə - Balkanlarda serblər, bolqarlar və yunanlar arasında məşhurdur, amma bütün bu xalqlarla müqayisədə şübhəsiz ki, o, biz serblərə daha yaxından tanışdır...". Stevan bədii əsərlərində yumor elementlərini, necə deyərlər, özü "əkib-becərir" və təqdim edirdi: "Keşiş Çira" və "Keşiş Spira", "İvkonun şöhrəti", "Zamofirovun zonası" əsərlərindəki kimi. Nəticə etibarilə, bu elementlər həmin yumoristik hekayətlər üçün də müəyyən mənaya malik idi və istənilən zaman şəxsiyyət fenomenini, habelə Nəsrəddin Xocaya aid sərgüzəştləri dəyərləndirirdi ki, onlar bu gün üçün də keçərlidir: "Beləcə türk şifahi ədəbiyyatında gözəllik adına var olanlar təkcə zövq almaq üçün deyil olmayıb eyni zamanda bizim dilə də uyğunlaşdırılır və tirajlanırdı. İstedad ölüb getmir, itmir, yalnız əvəzlənir və bərpa edilir. Bizim xalqın övladı olmasa da, tezliklə yumor və hazırcavablıq baxımından onun oğulluğuna - ən doğmalarından birinə çevrilə bildi Xoca Nəsrəddin. Paxırsız və səmimi qəlblər bir-birlərini tapıb beləcə tez dostlaşdılar".

Bu uyğunluq və hazırcavablıq qabiliyyətinin güclənməsini xalq yumorunun həm köhnə, həm də müasir tədqiqatçılarının bir çoxu müşahidə edirdi. Onlardan bəzisinin adlarını elə Stevan Sremaç qeyd edir, bəziləri isə hər dəfə Nəsrəddin Xocaya həsr edilmiş kitabın yeni nəşrlərinə daxil edilir, məsələn, - Mehmet Teflik, Vuk Karaciç, Vuk Vrçeviç, Edhem Mulabiç, Fehim Baryaktareviç, Vido Latkoviç, Dimitrie Vuçenov, Voislav Djuriç, Vladan Nediç, Jivomir Mladenoviç, Branko Çopiç, İvan Şop, Lyubişa Djeniç, Milenko Misayloviç, Nenad Lubenkoviç, Draqan Lakiçeviç... Əlbəttə, bu sıralama burda göstərildiyindən daha uzundur, ancaq biz yerdə qalan mənbələrin adlarını çəkmirik, halbuki, onlar da yumorun mahiyyətini düşünmək mənasında diqqətə layiqdirlər.

Tanınmış serb şairi və müasirliyin pioneri Vasko Popa yazırdı: "Bu möcüzəli, bu ələkeçməz yumor! Yer üzərində gəzsə də, kölgəsi göylərdədir. Onun səsi ağdır, əks-sədasının cavabısa qara. Ayaqları irəliyə yönəlib, izləri isə arxaya. Kim biləcək, kim təsvir edəcək bunu: hansı sonsuzluqda, hansı hirsin içində yumor yenidən öz kölgəsini tapacaq? Onun səsi hansı karlığın içində əks-səda verəcək və yenidən sakitləşəcək? Onun ayaqları hansı uçurumda bir daha izləriylə rastlaşacaq? Bu dünyada kim yumorun bütün sifətlərini saya bilər ki?".

 

Doğrudan da, bütün bu suallar yumorun estetik mahiyyətinə və bütün mövcud formalarına, xüsusən də tarixinə, habelə, poetik dildə yaradılmış zarafat və qrotesklə süslənmiş nümunələrinə aiddir. Bu hekayətlərdən birində deyilir ki, "Bir dəfə Nəsrəddin Xocadan soruşurlar: İlin ən uzun günü hansıdır? Xoca deyir: Ramazan ayının başlandığı gün, su içilməyən gün". İkinci fraqment də ümid barədədir, hər bir itki, daha doğrusu, itki tapılıncaya qədər itmir demək. Bir gün Xoca Nəsrəddin eşşəyini itirir. Onu axtara-axtara təkbaşına oxuyur. İnsanlar deyirlər: "Xoca, bilirik ki, insan eşşəyini itirəndə oxumaz, donquldanar!". Xoca deyir: "Mən hələ də onun bax, o təpənin dalında olduğuna ümidliyəm, ona görə də oxuyuram; ulağı tapmasam donquldamağımı eşidəcəksiniz!".

Bu müxtəsərlikdə peyda olan gözlənilməz cavabın rüşeymində bir ixtiraçılıq qabiliyyəti var, bədahətən meydana çıxan gülüşün zirvə məqamı yüksəlir - məhz bu kritik məqamda məntiq matrisası aşılır və hazırcavablığın doğurduğu nəticədən, o məmləkətə aparan yolda məna paradoksu baş verir. Zarafat yalnız oyunundan baş açılmayan həyatın müəyyən ekzistensial təlaş içində insanın qarşısına qoya bildiyi tapmaca və bulmacaların həllində nəsə deyilməyən, həm də çox mühüm bir nəsnənin qılafı və örtüyüdür. Xoca Nəsrəddin gülüş dalğalarının üstüylə gəzir, oyun çıxardır və fəlakətin birindən digərinə sıçrayır, beləcə özünün qəfil yaxalanmış avamlığı, daha çox isə gülməli yalanları ilə gələn təhlükələrin qarşısını alır və beləcə ədalətsiz məzəmmətdən çıxış yolu tapılır. Xalq gülüşünün biliciləri bizə deyirlər ki, onlar müxtəlif rəvayətlərin motivləri, xüsusən nəql edildiyi zaman konkret etnik icma üçün xarakterik olan fərqli versiya və məna qazanmış beynəlxalq mənşəli yumorlu hekayətlərlə bir növ sığınacaq tapırlar. Nəsrəddin Xoca burada, Balkanlarda bir neçə personaja transformasiya edilib. Hansısa variantda o, məsələn, serb hekayələrində Eradır, yaxud makedoniyalı gülməcəçi İter-Peyodur, yaxud ən müxtəlif hissələrdə Çosadır, buna bənzər yumor variantlarını Xorvatiyada Qarabansiyaş mirzə haqqında hekayətlərdə də tapmaq mümkündür. Düzdür, onların hamısı təkcə yumoristik güzgüdə görünmürlər, ancaq müvafiq situasiyalarda onlar yırtıcı davranışlarıyla hakimiyyəti ələ salmağa hazır olduqlarını bildirir, ali sosial zümrələrin, xüsusən qazı, alverçi, hərbi lenniklər, keşişlər, kaluşlar və ümumən kasıblara yuxarıdan baxan, özlərinin gücünə güvənən bürokratik zümrəni təmsil edən insanların paxırını faş edirlər. Şübhəsiz ki, ən çox yayılmış yumor məhz Eranın təcəssüm etdiyi yumordur... Bu şəxs kimliyi ilə bağlı məlumat və izahları yazıçı Milenko Mihayloviçin qələmə aldığı "Xalq yumorunun müdrikliyi" kitabında tapa bilərsiniz, burada o, bizi Vuka Stefanoviç Karadjiçin "Serb sözlüyü" əsərinə yönləndirir. Burada siz: Herkinya-Herseqovinka, Hero-Herseqovineç kimi qəhrəmanlarla da tanış ola bilərsiniz və bu etno-qəhrəmanlar hazırcavablığın və gülüşün sayəsində həyat və gerçəkliyin dözülməz işgəncələrinə qarşı dururlar. Bu özəlliklə bağlı Çex yazıçısı Karel Çapekin məlum fikrini xatırlamaq yerinə düşər, o deyirdi ki, yumor həmişə tale və qədərdən müdafiə, onunla mübarizədir.

Əlbəttə, Era və Nəsrəddin Xocanın rəvayət mətnlərində müəyyən paralellər var; yəni yumorlu süjetlərə əsaslanan hekayətlərdə bunu görüb sezmək asandır. Hər ikisi bəzən hakimiyyət orqanlarının təqibinə, ədalətsizlik və zülmə məruz qalırlar. Bu tarixçənin modeli eyni olsa da, onların satirik ülgücləri ən müxtəlif, həm də mahiyyətcə fərqli iqtidar nümayəndələrinə doğru yönəlib - biri özünün həmvətənlərinə gülür, digəri isə başqa bir iqtidar sahibinə, ədəbi mətnlərdən biri müsəlman kontekstindədir, digəri xristian sosial icmasında yaranıb-formalaşıb - onların hər ikisi ümumi mənşə və zülmün qarşısında müdafiəsiz əhali zümrəsinin vəziyyətinə işıq tutur, bu mətnlərdəki insan doğulandan sonra həyatının sonuna qədər yaşamaq uğrunda mübarizə aparır. Harda olmalarından asılı olmayaraq bir çox oxucu (və bir qayda olaraq bu lətifələrin və yumorlu hekayələrin pərəstişkarları) həmin ədəbi qəhrəmanların fərqli milli mənsubiyyətinə rəğmən öz talelərindən oxşar nələrisə tapırlar. Eyni zamanda, bu tarixçələrdən bəzisi çox tanışdır: tutalım "qırmızı turp və incir" hadisəsi, "Nəsrəddin Xoca və padşah", "Nəsrəddin əfəndi və oğrular", "Bu dünyanın Erosu..." və b. rəvayətlər.

Orta əsrlər və İntibah dövrünün xalq mədəniyyəti kontekstində, Mixail Baxtinin "Fransua Rablenin yaradıcılığı" əsərində göstərdiyi kimi, bütün dünyanı dolaşdıqdan sonra tragik və komik nəsnələr çarpazlaşır: "Qədim xalqların folklorunda ciddi (kompozisiya və üslubuna görə) kultlarla yanaşı, sitayiş edilən predmetlərə gülür və onlara alçaldıcı münasibət sərgiləyirdilər (mərasim gülüşü), burada şübhəsiz ki, onların parodiya cildinə girmiş təqlidçilərindən başqa, ciddi miflər - gülüş və söyüşlə bağlı mifləri də unutmayaq".

Burada, Balkanlarda və digər Avropa ölkələrində olduğu kimi, Şərq xalqlarının ədəbiyyatının da bir çox ciddi nümunələri gülüş prinsipləri əsasında yaranıb. Nəsrəddin Xoca və bizim ədəbi nümunələrimizin qəhrəmanları haqqında hekayətlərdə paralelizm göz qabağındadır. Komik sərgüzəştlərlə, qrotesk situasiyaları və gülüşlə qidalanmış çoxsaylı incəsənət əsərləri ikiqat funksiya daşımaqla həm keçmişin, həm də bugünün nümunələrində mövcuddur.

Azərbaycanda çox sevilən və onun sərhədlərindən uzaqlara adlamış yazıçı Cəlil Məmmədquluzadənin ədəbi əsərləri, bədii nəsri və dram əsərləri də bu kateqoriyaya daxildir. O həm də jurnalsit və publisist olub, satirik hekayələr və dramatik mətnlər yazıb, bunları fərqli qəzetlərdə və xüsusən də özünün hakimlərə, xəsis varlılara və kasıbları özlərinin köləsi hesab edən bütün insanlara acıyaraq güldüyü son dərəcə populyar lətifələri ilə məşhur olan müdrik və şən qəhrəmanın şərəfinə "Molla Nəsrəddin" adlandırdığı jurnalında çap edib. Bu jurnalın dünyaya gəlməsi ilə bağlı Cəlil Məmmədquluzadə 1906-cı ilin apel ayında yazırdı ki, "Molla Nəsrəddin"i zəmanə özü yaratdı, bu jurnalı təskinliyi xəyal və zarafatlarda axtaran, bununla da dəstək qazanmaq çabasında özünü kasıbların dünyası ilə eyniləşdirmək zərurəti yetirdi.

Cəlil Məmmədquluzadənin ədəbi əsərinin orijinallığı və adıçəkilən jurnalın vacibliyi ilə münasibətdə Əziz Şərif qeyd edirdi ki, bu, "təkcə Azərbaycanda deyil, bütün Yaxın və Orta Şərqdə jurnalistika tarixində tam yeni hadisə idi. Orijinallığına, mündəricə diapazonuna, həm də məzmununa görə xeyli pərəstişkar, dost və heç şübhəsiz ki, bir ordu düşmən qazanan belə bir nəşr heç bir ölkədə olmamışdı". Cəlil Məmmədquluzadə özünün yumor və satira hissi sayəsində əfsanəvi Nəsrəddin Xocanın izilə gedib bu jurnalın səhifələrinə böyük ədəbi ştampının möhürünü basdı. Nəhayət, yazıçı özünü saysız lətifə mətnlərində əbədiləşən Molla Nəsrəddin personajı ilə eyniləşdirdi. Şübhə yoxdur ki, digər nəsr və dramatik mətnləri də onu Azərbaycan ədəbiyyatının zirvəsinə qaldırdı. Burada onların bir neçəsinin adını xatırlaya bilərik: "Danabaş kəndinin əhvalatları", "Poçt qutusu", "Kişmiş oyunu", "Ölülər", "Quzu", "Nigarançılıq", "Kamança", "Baqqal məşədi Rəhim", "Dəli yığıncağı"...

Cəlil Məmmədquluzadə haqqında bu tipli bir neçə informativ cümlə, şübhəsiz ki, onun necə böyük ədəbiyyat adamı olduğunu düzgün anlamaqda bizə kömək etmir. Biz onun ədəbi şəxsiyyətinin rəsmini çəkməyə çalışdıq və XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda bir sıra mürəkkəb sosial problemləri nişan verməklə, onun ədəbi qabiliyyətləri, eyni zamanda sadə insanın mental sirlərinə vaqif olma qabiliyyətinin üzərinə işıq salmağa cəhd etdik. Mirzə Cəlilin ədəbi yaradıcılıqla məşğul olduğu dövr müəyyən dərəcədə Stevan Sremaçın Serbiyada ədəbi səhnəyə çıxdığı dövrlə üst-üstə düşür. Elm artıq təsdiq edib ki, Milovan Qlişiç, Radoe Domanoviç, Branislav Nuşiç kimi digər yumor və satira ustaları bu kimi hekayət və komediyalarda öz ədəbi yaradıcılıq məhsullarını qarşısıalınmaz hazırcavablıqla süsləyir və bu zaman biz də daxil olmaqla hər bir xalqda mövcud olan tənqidi düşüncə və insani eybəcərliyi diqqətdən kənarda qoymurdular.

Dünyada, xüsusən Serbiyada müasir ədəbiyyatın bir çox cəhətləri etibarilə ilkin yumoristik mətnlərə və gülməcələrə borclu olduğunu deyəndə səhvə yol vermirik. Branko Çopiçin yumorunu xatırladıq, eyni zamanda İkinci Dünya müharibəsindən sonra "Kirpi" adlı populyar yumoristik qəzetin ətrafında birləşən digər yazıçıları da andıq. Orada kimlər var idi: Vladimir Bulatoviç Vib, Lubişa Manoyloviç, Aleksandr Popoviç, Vasa Popoviç, Duşan Radoviç, Jika Laziç, Branislav Lovrenski, Bane Yovanoviç, Yovan Xadji Kostiç, Momo Kapor, Branislav Çriçeviç, Matiya Beçkoviç, Petar Paiç, Aleksis Maryanoviç, Rade Yovanoviç, Zoran Bokoviç, Draqutin Karlo Minik, Milovan Vitezoviç, Vitomir Sudarski, Aleksandar Belyak, Aleksandar Çotriç, Slobodan Simiç... Bir çoxları indi Serbiyada müasir ədəbi düşüncənin zirvəsi sayılan yumorlu və satirik nəsr əsərlərini çap etdilər. Bu barədə həmin sahədə təcrübəsi olan məşhur tənqidçi və ədəbiyyatşünaslar yazdılar: Borislav Mixayloviç Mixiz, Lubomir Simoviç, Ratko Bojoviç, Jarko Trebeşanin, Miladin Şevarliç, Miko Çvetiç, Marko Nediç, Lyubişa Yeremiç, Çedomir Mirkoviç...

Son zamanlar bir sıra qəzet və jurnallarda hazırcavablığa hesablanmış, sanki yerin təkindən fontan vurmuş kimi aforizmləri oxuya bilərik. Hansısa mənada onların bir çoxu, satirik tənqidi digər şəxslərin üzərinə yönəltdikləri üçün, şəfaverici gülüş və ironik hazırcavablıqla müəyyən məqamlarda özlərinin də buna möhtac olduqlarını nümayiş etdirirlər. Bu məqamda Milenko Misayloviçin müşahidəsini bölüşmək istərdik: "Bizim xalq ruhumuz getdikcə özünü daha dərindən fəhm edir, elə buna görə də bizim xalqın tarixi elə milli gülüşün tarixi kimi meydana çıxır, deməli, gülüşün tarixi xalqın və milli ruhun tarixinə çevrilir: xalq müdrikliyinin təcəssümü olan Ero Çose ilə, Nəsrəddin Xocayla və bütün dünyada parlaq xalq yumorunun digər nümayəndələri ilə birləşir, çünki həqiqi gülüşün dili həmişə azadlığın dili olub". Buna görə də ədəbiyyatı yaradan şəxslər həmişə ruhun yeni və tükənməz mənbəyinin, sözsüz ki, gülüş iksirinin axtarışında olurlar, bilirlər ki, gülüş həm krallar, həm də yoxsullar üçün dərmandır. Və bu axtarışlardan yazmaq geniş mövzudur və bitib-tükənməzdir...

 

Radomir Andriç

Ədəbiyyat qəzeti.- 2019.- 23 noyabr. S. 14-15.