Cəlil Məmmədquluzadənin ev-muzeyinin
təmirdən sonra açılışı olub
Noyabrın 18-də Cəlil Məmmədquluzadənin
ev-muzeyinin təmirdən
və yeni tərtibatdan sonra açılışı olub.
Açılış mərasimində
mədəniyyət nazirinin
birinci müavini Vaqif Əliyev çıxış edərək
Prezident İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik
yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən
ölkəmizdə silsilə
tədbirlər keçirildiyini
diqqətə çatdırıb.
Bildirib ki, Mirzə Cəlil bütün yaradıcılığı ilə
bərabər, həm
də çox böyük azərbaycanlıdır:
“O, Azərbaycanın ədəbiyyatı,
maarifi, dilinin təmizliyi uğrunda çalışıb. Cəlil Məmmədquluzadənin
irsinə nəzər
salanda görürük
ki, o və onun qələm yoldaşları bu xalq üçün çox böyük işlər görüblər.
Bu gün onun
ev-muzeyinin təmirdən
sonra yenidən açılmasına görə
çox sevinirəm.
Bu gün muzeydə
yeni ekspozisiyalar təqdim olunur. Düşünürəm ki, muzey gələcəkdə oradakı
ekspozisiyalarının daha
da genişləndirilməsində
böyük rol oynayacaq".
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı
Anar qeyd edib ki, Bakıda
Cəlil Məmmədquluzadənin
muzeyi əvvəllər
olsa da, ümummilli lider Heydər Əliyev Moskvaya gedəndən sonra baxımsız vəziyyətdə qalıb:
“Mən də o vaxt bu barədə
bir yazı yazmışdım. Sonralar Heydər
Əliyev ölkə rəhbərliyinə qayıdandan
sonra muzeyə diqqət yenidən artırıldı. Bu muzeydə Cəlil Məmmədquluzadənin ömrünün
ən ağrılı
anları keçib.
O, bu evdə övladlarını soyuqdan
qorumaq üçün
öz əlyazmalarını
yandırıb. Böyük
ədibin həyat yoldaşı Həmidə
xanım xatirələrində
yazırdı ki, Mirzə Cəlil ev qızanda
dedi ki, hə, indi uşaqlar
rahat yata bilərlər. Mənə elə gəlir
ki, bu ocaq
tək onun balalarını yox, bu gün bizi
də isidir”.
Akademik İsa Həbibbəyli 68 illik fasilədən sonra Mirzə Cəlilin nəslinin davamçılarının ilk dəfə vətənlərinə
qayıtdıqlarını bildirib: “Mirzə Cəlilin nəvələri
İran, Polşa, Fransa və İrlandiyada yaşayır.
Cəlil
Məmmədquluzadənin nəticəsi
və kötükcəsi
hazırda bizimlədir.
Onlar ulu babalarının evində olacaqlar. Bu evdə Cəlil
Məmmədquluzadə ən
böyük əsərlərini
yazıb. Bu evin ona verilməsində
Azərbaycan xalqının
böyük oğlu Nəriman Nərimanovun böyük xidmətləri
olub. Sovet rejimi onu İrandan
dəvət etsə də, ona bir
il ərzində
lazımi diqqət yetirilməyib. Evin birinci mərtəbəsi
“Molla Nəsrəddin”
jurnalının mətbəəsi,
ikinci mərtəbəsi
isə mənzil kimi istifadə olunub. Azərbaycanın görkəmli yazıçıları
bura onunla görüşə gəlib”.
Daha sonra C.Məmmədquluzadənin
nəticəsi Martin Cavanşiri
çıxış edərək
ulu babasına göstərilən bu diqqətə görə təşəkkürünü bildirib: “Mən təsəvvür etməzdim
ki, ona Azərbaycanda
bu qədər sevgi var. Bura ilk dəfə gəlirəm,
ümid edirəm ki, bu səfərlər
davamlı olacaq”.
Çıxışlardan sonra qırmızı lent kəsilib
və qonaqlar muzeyi ziyarət ediblər.
Ədəbiyyat qəzeti.-
2019.- 23 noyabr. S. 17.