Əlahəzrət gündəlik

 

 

Gündəlik xüsusi janrdır.

Heç bütün yazıçılar gündəlik yazmayıb. İ.Turgenevin, C.Məmmədquluzadənin, Ə.Haqverdiyevin, M.Qorkinin gündəliyi yoxdur.

Lev Tolstoy inanırdı ki, əsl həyat zamandan kənarda, deməli, yaddaşdan kənarda mövcuddu. Ona görə gündəlik vasitəsilə həyatının dəyişməsinə, ömrünün uzadılmasına  ümid bəsləyirdi.

Lev Tolstoy gündəliyinin evdəkilərin əlinə keçəcəyindən "redaktə"yə məruz qalacağından qorxurdu. Onu ya Çertkovun yanında gizlədirdi, ya da Tula bankında saxlayırdı. Bədii əsərlərini kim harda çap edir etsin, qonorarlarını alıb yesinlər - umurunda deyildi. Amma gündəlik uğrunda şir kimi döyüşürdü.

M.Prişvində oxunası maraqlı bir şey varsa, o da gündəlikləridir.

Kafka fenomenini açmaq üçün, onun ruhsal, psixoloji yaşantılarını anlamaq üçün dünya onun gündəliklərini oxuyur şərh edir.

Nobelçi yazar Tomas Mann gündəlik yazmağa iki dəfə cəhd edib. Hər dəfə gündəliklərini yandırmaq, məhv etmək fikrinə düşüb. Hitler hakimiyyətə gələndə yazıçı Münheni tərk edir, yazıçının kiçik oğlu Qolo atasının əlli dəftərlik gündəliyini ailə sürücüsü ilə vağzala çatdırmaq istəyir, amma gestapo idarəsinin əlinə keçir. Yalnız güclü vəkilin tutub gündəlikləri gizlicə İsveçrəyə apartdırmaq mümkün olur.

1944-cü ilin iyununda T.Mann dəftərləri evin arxasındakı bağçada zir-zibil yandırılan sobaya atır. Amma nəyisə qoruyub saxlamaq olur. Bu, dördqat iplə bağlanmış, qırmızı surğucla möhürlənmiş qalın paketdən ibarət 32 dəftərlik, beş min səhifəlik əlyazma idi. Sonralar 1918-1921-ci illəri əhatə edən dörd qeyd dəftəri  ortaya çıxır. Üç paketin üstünə bu sözlər yazılmışdı: "Daily notes from 1933-1951, without literary value, but not to be opened bu anybody before 20 years after my death" (1931-1951-ci illərin gündəlik qeydləri ədəbi dəyərə  malik deyil, mənim ölümümdən 20 ildən tez olmadan heç kim açmasın). Doğrudan da, bu qeyd dəftərləri elə bir estetik əhəmiyyət kəsb etmir. Fikrim oxuculara aydın olsun deyə, gündəlikdən iki-üç nümunə gətirirəm:

"...Axşam saat altıda Luqanoya gəlib çatdıq. Xoşgörümlü mehmanxana, sadə - italyan üslubunda idarə edilir, amma məni komfortun çatışmazlığı, xırda-para rahatsızlıqlar üzür. Əsəblərim gərginləşib.

İlk gecəni Herman Hessegildə keçirdik. Nömrədə yataq dəsti xoşagəlməzdir, isti su yoxdur.

Üzümü qırxdım, əynimi dəyişdim. Yeməkxanada nahar, sakit hüzurlu ortam. Xanımlar, qocalar. Forel, fazan, babat şərab. Sonra Fulda ilə oyun salonunda siqar, ədəbiyyat Akademiyasında baş verən ağlasığmaz, dəhşətli situasiya haqqında bir neçə saatlıq söhbət. Vaqner haqqında məqaləmin vərəqlərini ona oxumağa verdim...

Reyxstaqın yandırılması haqqında şərəfsiz  qrotesk saxtakarlıq... (27 mart 1933-cü il)".

"Nahardan öncə d-r Faustu yazmağa başladım" (23 may 1943-cü il).

"Aydın hava. Bu gün on ikinin yarısında "Doktor Faustus"un sonuncu sözlərini yazdım. Yenə - hadisədir. Amalfi-drayv boyunca gəzinti. Katya məni təbrik etdi. Hansı əsasla? Mənəvi uğurumu ən azı özümdə etiraf edirəm. Poçt, demək olar ki, yox idi... "Dul Kliko" şampanı ilə şam yeməyi. Şubertın "Qış səyahəti". Çox yorulmuşam, hədsiz həyəcanlanmışam" (29 yanvar 1947-ci il).

Göründüyü kimi, bu gündəliklər quru, soyuq qeydlərdən (az qala A.Blokun gündəliklərinə bənzəyir) ibarətdir, ədəbiyyatla, yaradıcılıqla  bağlı mübhəm fikirlərini paylaşmır. Romanlarının "ağırtaxtalı", çoxmənalı, bəzən kinayəli üslubundan əsər-əlamət yoxdur. Sadəcə yaşlı alman kişisinin məişət  narazılıqlarıdır. Vaxtlı-vaxtında yemək yeyir, şampan, şərab içir, musiqiyə qulaq asır, gəzib-dolaşır, əsər yazır, daha istəyir? Havadan, yorğunluqdan şikayət edir. Evin bütün yükü arvadının çiynindədir... 

T.Mann yaxşı bilirdi ki, vaxt gələcək, onun qələmindən çıxan hər cümlə, hər söz oxunacaq. Ədəbiyyatşünaslar, psixoanalitiklər onun gündəliyində yazıçının "gizlinlərini" axtaracaqlar.

Gündəlik alman yazıçısı Ernest Yungerin əsas ədəbi janrı idi. O, ömrünün sonuna qədər gündəlik yazdı onları müxtəlif adlar altında qruplaşdırıb nəşr etdi: "Yarpaqlar daşlar", "Birinci Paris gündəliyi", "Qafqazdan qeydlər", "İkinci Paris gündəliyi", "Bağlar küçələr".

E.Yunger bu qeydləri ustalıqla salnamə statusundan bədii ədəbiyyat, fəlsəfi mətn statusuna keçirə bildi. Hətta bəzi qeydlər bütöv əsər təsiri bağışlayır. 30-cu illərdə Yunger yuxularını da gündəliyə yazıdı...

Bütün müharibəni səngərdə, qospitalda gündəliyində qeydlər aparmaqla keçirib  qəti  inanırdı ki, gündəlik "içimizin yolunu müəyyənləşdirmək tələbatını ödəyir. İnsan - özü ilə başbaşa qalır - burda sakral nəsə var": Məsləhət görürdü ki, "gündəlik yazmağa erkən başlayıb, ölüm gününə qədər çatdıra bilsən yaxşıdır".

Azərbaycan ədəbiyyatında gündəliyə iki yazıçı ciddi, məsuliyyətli janr kimi yanaşıb: Yusif Vəzir Çəmənzəminli Xəlil Rza Ulutürk.

Yusif Vəzirin Azərbaycan rus dillərində iki gündəliyi mövcuddur.

Gənc Yusifin təhtəlşüur dialoqlarının, mübhəm sirlərinin, ilk çılğın eşq xatirələrinin saxlancıdır. İlk qələm təcrübələrini - şeir hekayələrini   etibar etdiyi yazı aktıdır.

1917-ci ildə rus dilində qələmə aldığı "Minuta dlya sebya" adlı qeyd dəftəri  Yusif Vəzirdə gündəlik yazmaq ehtirasının sönmədiyini bildirir!

İ.Qutqaşınlının "Səfərnamə"si gündəlik formasında yazılıb. Öz aramızda qalsın, "Rəşid bəy Səadət xanım" hekayəsindən daha çox xoşum gəlir.

Sovet dövründə İ.Şıxlının cəbhə gündəlikləri dəfələrlə "Kerç sularında" adı altında çap edilib.

Söz-söhbət gəzir ki, Xəlil Rza Ulutürk 300 cilddən artıq gündəlik yazıb. Gündəlik janr kimi onun strateji yaradıcılıq yaşam proqramına daxil idi.

Firəngiz xanım Ulutürk onlardan bir neçəsini kitab şəklində nəşr etdirib. Bu gündəliklərdə, prof. N.Şəmsizadənin təbiri ilə desək, "Xəlil Rza Ulutürk öz zəmanəsinin ədəbi-siyasi, mənəvi-ideoloji, milli-əxlaqi anafomiyasını yaratmışdır".

Güman edirəm ki, Yusif Səmədoğlunun gündəlikləri tam şəkildə çap olunsa, 90-cı illərin ictimai-siyasi həyatının çox gizlinləri açılacaq. Yusif Səmədoğlu ruhunun obrazını görəcəksiniz. "Gündəliyimdə tənəffüslərin müddəti artır. Yazmağa da daha hövsələm qalmayıb.

Bu zəmanədə gərək özünü həmişə arsızlığa vurasan. Ayıq beyinlə yaşamaq qeyri-mümkündür.

"Qətl günü"nü yenidən oxumaq. Kirlikir  üçün darıxmışam". (16.IV///.1996)

"Köhnə fikirlərdən, düşüncələrdən ayrıla bilmirəm. Yaddaşım durulur, amma yadıma yaxşı şey sala bilmirəm. Yenə qayıdıram 90-cı illərə. "Ən qəribəsi budur ki, çox şeirləri ölümlə o dünyaya aparmaq istəmirəm. Yəqin ki, eqoistlikdəndir... Təki romanımı qurtara bilim. Romanımı qurtarsam, şübhəsiz ki, ürəyimi boşaltmış olacam. (2.XI. 1987)".

Qadın gündəlikləri ədəbiyyatın xüsusi növü kimi ayrıca söhbətin mövzusudu. Qadınlar gündəliyi, adətən, çətinliklə yazırlar. (Yazının həcmi bu haqda geniş müzakirə açmağa imkan vermir). Bəlkə qadın yazar hardasa sərt, amansız, yəni "kişi" olmalıdır?! Zinaida Gippius kimi. "Blokada gündəliyi"nin müəllifi Olqa Berqolts kimi. 

Mədinə Gülgünün gündəliklərini təsəvvür etmək istəyirəm...

"Şəbəkə" gündəliyi çıxandan sonra elə bilirdim ki, gündəlik bir janr kimi öləcək. Bu yaxınlarda eşitdim ki, Vaqif Səmədoğlunun da gözdən-qulaqdan gizli saxladığı, artıq mistik mətnə çevrilmiş gündəlikləri var. Nüşabə xanım Babayeva-Vəkilova bəzi hissləri çap etməyə hazırlaşır. Əminəm ki, çox maraqlı ədəbi hadisə olacaq...

 

Rüstəm Kamal

Ədəbiyyat qəzeti.- 2019.- 23 noyabr. S. 19.