Nəsimi
ilinin stimulverici missiyası
2019-cu
ilin ölkə Prezidenti tərəfindən Nəsimi ili elan edilməsi Azərbaycan ədəbiyyatı
tarixində həqiqətən də unikal və əvəzsiz
bir addım oldu. Bu Sərəncam nə qədər dahi olsa
belə, sadəcə bir klassik şairimizin xatirəsinin yad
edilməsi yox, ümumilikdə Azərbaycanın XXI əsrdə
dövlətçilik siyasətinin hansı istiqamətdə
aparılmasına dair də bir yol göstərisi idi - Bəli,
Azərbaycan müasir qloballaşan dünyanın bir hissəsidir
və öz hərtərəfli inkişafında qabaqcıl
dünya ölkələrinin təcrübəsindən bəhrələnir,
iqtisadiyyatını, mədəniyyətini inkişaf etdirir,
lakin bütün bunlar milli mədəni ənənələrimizin
unudulması, üstündən xətt çəkilməsi
hesabına edilmir - Azərbaycan XXI əsrə zəngin mədəni-ədəbi
sərvəti ilə qədəm qoyub və bu sərvət
dövlətimiz tərəfindən göz bəbəyi kimi
qorunur. Bütün xalqımız, ələlxüsus
da ziyalı təbəqə bu sərvətin qorunması
üçün əlindən gələni əsirgəməməlidir.
Çünki milli mənəvi dəyərlərinin qiymətini
bilməyən, onları bu qloballaşan dünyada
qorumağı bacarmayan xalq, əvvəl axır tarixin dəyirmanında
ovulub gedəcək, bir xalq olaraq nə identifikasiyası, nə
də özünəinamı qalmayacaq...
Ölkədə
Nəsimi ilinin elan olunması, təbii ki, bütün
ziyalı təbəqəyə, elmi dairələrə, təhsil
sahəsinə, mədəniyyət xadimlərinə, klassik ədəbiyyatımıza
- bu zəngin xəzinəyə daha da dərindən baş
vurmaq üçün stimul vermiş oldu...
Eyni zamanda Heydər Əliyev Fondu tərəfindən
artıq ikinci dəfə beynəlxalq Nəsimi
festivalının keçirilməsi və bu festivalın
dünyada artıq bir müasir Azərbaycan brendinə
çevrilməsi də bu böyük siyasətin bir hissəsidir. Bəli, biz müasir
dünya mədəniyyəti meydanına
çıxmışıq, ancaq əliboş
çıxmamışıq, çarəsizlikdən kimlərisə
imitasiya etməmişik, heç kimdən heç nə
oğurlamırıq, öz Nizamimizlə, Nəsimimizlə,
Xaqanimizlə, Füzulimizlə çıxmışıq...
Nəsimi
ili çərçivəsində ölkədə onlarca
maraqlı layihə ərsəyə gətirildi - televiziyalarda
Nəsimi yaradıcılığıyla bağlı layihələr,
filmlər; Akademik elmi dairələrdə Nəsimi irsinin
araşdırılmasıyla bağlı yeni sanballı
kitablar, elmi əsər müsabiqələri;
teatrlarımızda Nəsiminin həyat və
yaradıcılığıyla bağlı tamaşalar; Nəsimi
şeirləri üzərində musiqiçilərimizin və
bəstəkarlarımızın yeni əsərləri; Ali və
orta təhsil müəssisələrində Nəsimi
yaradıcılığının gənc nəsil arasında
təbliğ olunmasıyla bağlı çoxsaylı
görüşlər, ədəbi-bədii tədbirlər və
sair və ilaxır...
Əlbəttə
ki, qələm adamları da bu il ərzində
Nəsiminin həyat və yaradıcılığına həsr
olunmuş müxtəlif məzmunlu çoxsaylı ədəbi
əsərlər ortaya qoydular. Bu əsərlərin hər
biri haqqında ayrıca yazılar yazmağa, analiz etməyə
dəyər... Lakin bu yazıda belə əsərlərdən
biri üzərində dayanmaq istərdim ki, bu da Sayman Aruzun
"Nəsimi" mənzum dramıdır...
Dünya ədəbiyyatında mənzum dram
janrının tarixi demək olar ki, dramaturgiya tarixi qədər
qədimdir.
Onlarca böyük dramaturq bu janrda maraqlı əsərlər
yaradıb, poeziya ilə səhnə oyununun vəhdətini
qurmağa çalışıb... Azərbaycan
ədəbiyyatında da son yüz ildə bu janrda xeyli
böyük əsərlər ərsəyə gəlib.
Hüseyn Caviddən tutmuş, Bəxtiyar Vahabzadəyə,
Nəriman Həsənzadəyə qədər bir çox
şairlərimiz bu janrda qələm sınayıb və bu
tamaşalar teatrlarımızda səhnəyə qoyulub.
Lakin əfsuslar olsun ki, sırf romantik teatrın elementi
olan mənzum dram janrı son yarım əsrdə bütün
dünyada unudulmağa başladı. Dramaturqlar daha çox
realist psixoloji janrlara və absurd teatra üstünlük verməyə
başladılar. Bizdə də son onilliklərdə
mənzum dramlar demək olar ki, yazılmır və səhnələşdirilmir.
Məhz bu prizmadan yanaşanda Sayman Aruzun Nəsimi
yubileyilə bağlı qələmə aldığı
"Nəsimi" mənzum dramının ərsəyə gəlməsini
ədəbiyyatımız üçün əlamətdar
hadisə hesab etmək olar. Ümumiyyətlə,
hansısa ədəbi və dramatik janrların unudulması,
diqqətdən kənarda qalması təqdirəlayiq hal
deyil... Sayman Aruzun "Nəsimi"
dramının bir özəlliyi də sadəcə şeirlə
yox, ən çətin vəzn olan əruz vəznində qələmə
alınmasıdır. Bunun özü də böyük
cəsarət tələb edir... Bu vəzndə Azərbaycan ədəbiyyatında
son dram əsərləri uzaq keçmişdə Hüseyn
Cavid tərəfindən qələmə
alınmışdı...
Olmuşam
od, həm də İbrahim özüm,
Olmuşam öz bağıma qaim özüm.
Rücət
etdim öz içimə, amma kim,
Yoxdu
"mən"dən başqa məndə, ey həkim!
Həqqə
çatsan, güzgü olsan həqqə gər,
Sən susarsan, həqq səni dinləndirər.
Diqqət etsək görərik ki əruzun rəməl
bəhrində ("failatun, failatun, failun" təfiləsi)
yazılmış bu beytlər ilk baxışdan çox sadə
təsir bağışlayır. Amma yalnız əruz şairləri
bilir ki, bu sadəliyi və rəvanlığı əldə
etmək əslində nə qədər çətindir...
Xəlqin
Allahı çörəkdir, ey Nəsim,
Kütlənin
şahı çörəkdir, ey Nəsim!
Aclıq
olsa bu cahanda bircə ay,
Xəlq
içində eşq olar iblisə tay.
Unudar xəlq
aclıq olsa şahı da,
Unudar xəlq
eşqi də, Allahı da,
Sən
ürək vermə, çörək ver, xəlqinə,
Xəlq inanar onda ənəlhəqqinə.
Təbii ki, belə böyük əsəri əruzda qələmə
alanda, müəyyən zihaf və imalələrdən
qaçmaq mümkün deyil və biz böyükhəcmli
klassik poemalarımızda da bu halın şahidi oluruq. Lakin Sayman Aruz bu zihaf və
imalələrin də sayını bacardıqca maksimuma endirməyə
çalışmışdır...
Dram əsərində, əlbəttə ki, mövzuya
uyğun olaraq şərtiliklər üstünlük təşkil
edir. İstər
Nəsimi obrazı, istər Nəimi, Şəms, Həllac,
Şah, Səmazən və başqa obrazlar real psixoloji
xarakterlər kimi deyil, irfani həqiqətləri bəyan etməkçün
şərti və abstrakt simalar kimi simvolik şəkildə təqdim
edilib. Səhnələrin ardıcıllığı və
quruluşu da ənənəvi Şərq sufi
traktatlarındakı irfani aşiqanə dialoqları
xatırladır ki, bu da əsərin sırf Şərq sufi məzmununu
ön plana çəkir...
Mən əsiri
eşqəm, ey afət, burax,
Eşqi
öyrən, eşqi dərk et, eşqə
bax.
Mən təriqi
eşqə düşdüm bir kərə,
Çatmışam
indi geri dönməzlərə...
Mənsur
üçün dar mükafatdır, bəli,
Zahid üçün dar mücazatdır vəli.
Mən o
Mənsuram ki, eşqin darına,
Gər çəkilsə çatar o dildarına.
Ümumilikdə
bütün romantik şeir parçalarında, dialoq və
monoloqlarda Mövlana Cəlaləddin Ruminin poeziyasının təsiri
duyulur ki, bu da təbiidir, çünki Sayman Aruz uzun ilər ərzində
Mövlana yaradıcılığının tərcümə
və tədqiqi ilə məşğul olub... Özündən sonrakı
bütün Şərq şairlərinin
yaradıcılığına təsir etmiş Mövlana, təbii
ki, Nəsimi yaradıcılığını da təsirsiz
buraxmamışdır, lakin təbii ki, Nəsimi sadəcə
imitator kimi çıxış etməmiş, ümumi irfan fəlsəfəsinə
öz fərdi hiss və duyğularını, fikir və
düşüncələrini də əlavə etmişdir...
"Nəsimi"
dramının bütün məzmunu, sanki Haqq
daşıyıcısı olan mübariz arif-şair, Haqq
uğrunda, hətta canından keçməyə belə
hazır olan bir Şəhid obrazının vəsfinə həsr
edilib... Sanki bütün ətraf obrazlar
yalnız və yalnız Nəsimi obrazının
açılmasına, sufi-irfan təfəkkürünün təqdimatına
istiqamətlənib. Bütün projektorlar
yalnız Nəsimiyə yönəlib. Xüsusən də
əsərdəki edam səhnələrində
baş qəhrəmanın cəsarəti və fədakarlığı
açıq şəkildə nümayiş etdirilir... Əsərin
məhz əruz vəznində və Nəsiminin öz poetik
dilinə yaxın bir formada yazılması da maraqlı
detallardan biridir, çünki bir çox başqa əsərlərdə
olduğu kimi, klassik obraz müasir dildə
danışsaydı, əsərin təsir gücü xeyli
azalmış olardı...
Lakin onu
da qeyd edim ki, vəhdəti-vücud fəlsəfəsi üzərində
köklənmiş irfan-təsəvvüf dolu poetik fikirlərin
oxşar şəkildə əsərin müxtəlif
parçalarında yüngül fərqlərlə təkrar-təkrar
səslənməsi, zənnimcə, müəyyən qədər
yorucu təsir bağışlayır və gələcək
üçün müəllif əsəri kitab halında
çapa hazırlayarkən, müəyyən ixtisarlar eləsə
məqsədəuyğun olar...
Əlbəttə,
əsərin sırf teatral dramaturgiya baxımdan izahı və
şərhi teatrşünas alimlərin işidir, mənsə əsərə
səhnədə baxan yox, məhz yazıdan oxuyan bir oxucu kimi
fikirlərimi yazdım, çünki etiraf edim ki, mənimçün
bu əsərin poetik və irfani tərəfi daha
açıq-aydındır. Və düşünürəm
ki, teatrşünaslarımız da bu əsərin məhz
dramaturji tərəfləri barədə öz fikirlərini
yazacaqlar...
Əlbəttə
ki, haqqında danışdığımız əsər Nəsimi
ili çərçivəsində ərsəyə
gələn çoxsaylı işlərdən yalnız
biridir. Və zənnimcə, bu işlərdən
hər biri - istər musiqi əsərləri olsun, istər
teatr tamaşaları, istərsə də ədəbi əsərlər
- xalqımızın öz milli mənəvi dəyərlərinə
nə qədər sadiq olduğunun, heç vaxt nihilizmə
yuvarlanmayacağının bir göstəricisidir.
İlqar Fəhmi
Ədəbiyyat qəzeti .- 2019.- 23 noyabr.- S.22.