"Ən qısa hekayələr" silsiləsindən:
deyimlər və duyumlar
Hələ ötən əsrin
doxsanıncı illərinin
ikinci yarısında
"7 gün" qəzetində
işləyərkən belə
bir layihə düşünmüşdüm: gündəmlə səsləşməkdə
olan ən maraqlı hadisə və faktları "Ezop dili" vasitəsilə ifadə etmək, onları sitat kimi qəzetin
səhifələrinə çıxarmaq.
Bu sitatlar deyim
və ifadə şəklində dərc
olunmağa başladı.
Qələm dostlarım deyirdilər
ki, layihə böyük marağa səbəb olub.
O zamanlar görürdüm ki, gerçək həyatımız getdikcə
daha çox informasiya məhsulları ilə yüklənir; müasir oxucunun dar vaxtını, uzun və darıxdırıcı
roman və povestləri
oxumaq həvəsinin ölməkdə olduğunu
da duyurdum, buna görə də düşünürdüm
ki, ən qısa hekayələr yazmağın vaxtıdır.
2000-ci ildən bəri "Ən qısa hekayələr"
silsiləsindən yazılarım
(hətta bir və bir neçə
cümləlik hekayələr)
mətbuatda çap olunmağa başladı.
Əlbəttə, bu, təzə
janr da deyil.
Dünya
ədəbiyyatında belə
qısa hekayə və deyimlərə bəs deyincə rast gəlmək mümkündür.
Bu gün müasir
oxucunun informativ yükü həddən artıq çoxalıb; onun oxu funksiyası,
zövqü, maraq dairəsi və s. xeyli dəyişib; pisdirmi, yaxud yaxşıdırmı, deyə
bilmərəm, hər
halda, dünyada baş verən qlobal proseslər Azərbaycan oxucusundan, onun düşüncə tərzindən də yan keçməyib.
Ağlımız kəsəndən bizi
əhatə edən aləmi anlamağa can atırıq, bu dünyada öz yerimizi, rolumuzu görmək üçün
çalışırıq. Ümumiyyətlə, insanın təbiəti
belədi - onun dünyagörüşünün formalaşması ta ölənədək davam
edir. Hər birimiz (hətta
fəlsəfə və
məntiq elmlərindən
xəbəri olmayanlar
belə!) hansısa dünyagörüşə, baxışa,
düşüncə tərzinə
sahib oluruq. Hər birimiz
müəyyən zaman
axarıyla yol gedirik, bu yolda
bilik və dünyagörüşümüzü müəyyən mənada
ya artırır, ya azaldır, ya da bəzən
heç o yolun mənasını belə
dərk etmədən
yaşayır və ölürük. Bütün hallarda
yaşadığımız zaman və məkan
çərçivəsində dəyişirik, ətrafa münasibətlərimiz də
dəyişir. Tarixi və
təbii prosesdir.
Düşüncə tərzinin səviyyəsi
də tarixi hadisədir; binayi-qədimdən
bilik və dünyabaxışlar cəmiyyətin,
millətin, dini icmaların ayrı-ayrı
seçilmiş şəxsiyyətləri
tərəfindən bu
və ya digər dərəcədə
nəsillərə ötürülür,
yaddaşlara yazılır.
Əslində, elm və sənət
növləri də bu vacib və
önəmli işlə
məşğul olub və olurlar. Tarixin ayrı-ayrı dönəmlərində
yaranmış və mənəvi sərvət
hesab olunan çoxsaylı məsəl,
ifadə və deyimlərin əhəmiyyətinə
həm də bu baxımdan yanaşmaq olar. Onlar əsrlərlə yol gəlir və xalqın yaddaşına əbədi yazılır,
o qədər populyarlaşır
ki, ilk mənbəsi, yaxud da müəllifi
belə yada düşmür. Deyim və
məsəllərin əzəməti,
möhtəşəmliyi və
paradoksal ömrü də məhz bundadır. Bir tərəfdən, əbədiləşib
xalqın malına çevrilir, digər tərəfdən isə bəzən onun kim tərəfindən
deyilməsinin heç
bir önəmi qalmır, müəllifi itib gedir. Bütün hallarda,
hesab edirəm ki, fikir, ifadə
və deyimlərin konkret yaşı və müəllifi çox vaxt bəlli olmasa da, onlar insanlığa
fayda gətirirlər.
Məhz bu səbəbdən və həm də müasir oxucu marağı baxımından
uzun illərdən bəri hazırladığım
"Ən qısa hekayələr" silsiləsindən
olan deyimlərin, fikir və düşüncələrimin
ən qısa şəkildə ifadələrini
"Ədəbiyyat qəzeti"nə
təqdim edirəm. Maraq doğuracağına
inanmaq arzusuyla:
Kamran
NƏZİRLİ
21 noyabr, 2019-cu il
Həyat hər gün bizimlə zarafat edir, yalnız son nəfəsdə ciddiləşir.
Lazım olan şeyi axtarsan, tapa bilərsən.
Dörd
şey var ki, şan-şöhrətə
mane olmur: axmaqların
qarşısında susmaq,
ağıllı sərkərdənin
qarşısında baş
əymək, filosofların
məsləhətinə qulaq
asmaq, qadınlara hədiyyə vermək.
Dünyanı, hətta qəpik-quruşla
da almaq olar, lakin dünyanı
verməklə ölümü
ələ ala bilməzsən.
Şeylərin forma və mahiyyəti heç vaxt bir-birinə uyğun gəlmir, elə buna görə də elm min illərdir mövcuddur.
İztirab çəkmədən çox asanca yaşamaq olar - çox şey istəməsən!
Gözə çarpmadan yaşamaq insana ruhi sakitlik
gətirməz. Çünki o, doğulandan eqoistdir,
iddialıdır və
şöhrətpərəstdir. İnsan həmişə görünmək
istəyir; görünmək
azdır, həm də seçilmək istəyir. Seçilmək azdır, həm
də hər şeyə sahib olmaq istəyir. Bu sahiblik atəşi ölənə kimi onu yandırır. Bir də ayılıb görür ki, nəyə sahib olmağa çalışırdısa, o, əslində, heç nədir. Heç nə!
Əslində hər şey yaxşıdı, pis şeyi uydurublar ki, insan qorxa
bilsin.
Dünyanın bütün qəhrəmanlıqlarını
yalnız gənclər
edib, qocalar çox nadir hallarda belə axmaq hərəkətlər edirlər.
Əgər sən insanın ömrü boyu etdiyi səhvləri bir-bir sadalaya bilsən, mən də göydəki ulduzları sayaram.
Heç kəsi ("heç nəyi" yox!) tənqid etməyin, inanın ki, həyatınız və qəlbiniz rahat olar.
Kölgədən kölgəyə fərq var; misal üçün,
ağacın altındakı
kölgə ilə uzun adamın kölgəsi bir deyil.
Əslində, biz hamımız axtarışdayıq!
Kimi tapır, kimi tapdığını
itirir, kimi itirdiyini tapır, kimi tapmır, heç vaxt tapmır! Çünki axtarmır!
"Ötən günə gün çatmaz!" deməyin, ən yaxşı halda, "mənim yaşadığım
zamanlar ürəyimcə
idi", ya da "ürəyimcə deyildi" deyin. Ağıllı adam
keçmişini rahat
buraxar, bu günün əlindən
tutar, gələcəyinin
xəyalını qurar.
Bütün yeniliklər köhnənin
üstündə qurulur,
bəlkə elə buna görə də insanların şüurunda köklü
dəyişiklik etmək
mümkün deyil - axı onlar köhnədən heç
vaxt qurtula bilmirlər.
Dünyada borcu olmayan yeganə
şey torpaqdır.
Hamıda və hər şeydə güc var, heç nə gücsüz deyil, hətta qarışqalar da yuva qura bilirlər.
Ədalətlə bərabərliyi tərəziyə
qoymaq ən böyük ədalətsizlikdir. Bu dünyada
heç nə və heç kim heç
vaxt bərabər olmayıb və olmayacaq. Bərabərlik yalnız işarədir
(=), vəssalam.
Ehtiyac təkamülün anası
ola bilməz,
onların heç bir əlaqəsi yoxdur: birincisi dağıdır, ikincisi yaradır.
Yaşlı nəsillə gənc nəslin bir fərqi də bundadır ki, birincilər daha çox etdiklərindən,
ikincilər isə etmək istədiklərindən
danışırlar.
Öyrənmək qabiliyyətini itirən adama "qoca" deyilir.
Qoca doğulmaq,
cavan ölməkdən
yaxşıdır.
Nəfs hamıda olur, onun həddini bilən adamlar üçün həyat amansız deyil.
Qarğa
yumurtasından əmələ
gəlmək olar, amma əvvəl-axır soruşacaqlar: anan kim olub?
İnsan
da leş yesə qarğa kimi 300 il
yaşaya bilər.
Pisləmək çox asan işdir; elə buna görə də insanların əksəriyyəti asan iş dalınca qaçır.
Keçmişlə yox, xatirələrlə yaşamaq daha gözəldir.
Uğur qazanmağın ən yaxşı yollarından biri, bəlkə də ən başlıcası qənaətdir
- pula, yeməyə, vaxta.
Heç
kim heç
kimə bənzəməyib,
bənzəmir və gələcəkdə də
bənzəməyəcək. Təkcə buna görə ki, heç kim
heç kimin əvəzinə doğulmur.
Özünə yazığı gələn
adamın ruzisi olmaz.
Ağlağan adamdan fayda gəlməz,
ona hədsiz imkan da yaratsan,
yenə deyəcək
- azdı.
İşi pis icra etsə də, yararlı adama tapşırın, yararsız
adam lazım
olmayan işi görər.
Əlbəttə, Yer öz oxu ətrafında fırlanır, sərxoş
adam üçün
dünya fırlanır.
Hamı,
demək olar ki, eyni şeyi
edir - doğulur,
yaşayır və ölür. Amma hamı eyni
cür doğulmur, yaşamır və ölmür.
Kamran Nəzirli
Ədəbiyyat qəzeti.-
2019.- 23 noyabr. S. 23.