25
Noyabr - türklərin əlifba bayramı
Bizim, yəni türk qövmünün, türk soyunun,
türk dilinin, türk ədəbiyyatının haradan
başladığı barədə dünyada yekdil fikir
yoxdur. Çünki indi bunu biz yox, böyük bildiyimiz
millətlər müəyyən edir. İki
əsrdən artıq bir zamandır ki, yeni dünyanın yeni
tarixi Londonun, Parisin akademiyalarında yazılır və oradan
tənzim olunur. Sonradan bu sıraya Sankt-
Peterburqu da qoşdular, çünki alman elmi düşüncəsi
oradan izhar olunmağa başlamışdı.
Avropanın XVIII əsrdən başlayan total iqtisadi və hərbi
üstünlüyü mədəniyyət monopoliyasına da
meydan açdı. Dünyada hegemonluq
qazanmış Avropa dünya xalqları üçün yeni
tarix formalaşdırdı ki, onları idarə eləmək
asan olsun. Adətən, türklər bu
tarixdə daha çox öz vəhşilikləri və
savaş ruhları ilə tanınırdılar. Tarix kitabları onların qılıncların
parıltısı ilə qazandıqları qələbələri,
qurduqları dövlətləri təsvir edirdi. Avropa mənbələrində bu dövlətlər
vəhşi köçərilərin, sivilizasiyadan xəbərsiz
insan kütlələrinin qurduğu dövlətlər kimi təqdim
edilirdi. Amma bir gün bu baxış bucağı dəyişdi…
1893-cü
il noyabrın 25-də Danimarka alimi Vilhelm
Tomsen Orhun çayı sahilində daşların üzərində
yazılmış sirli yazıları deşifrələdi. Şifraçma prosesi "tenqri" sözündən
başladı və məlum oldu ki, bu qəribə yazılar
özünü türk adlandıran bir xalqın dilindədir.
Beləcə, Göytürk xaqanlarının
öz xələflələrinə miras qoyduğu Daş
bitiklərin oxunuş tarixinə qədəm qoyuldu. Hər şey İsveç ordusunun kapitanı
F.İ.T.fon Stralenberqin 1709-cu ildə Poltava
yaxınlığındakı döyüşdə ruslara əsir
düşməsindən və I Pyotr tərəfindən Sibirə
- Tobol şəhərinə sürgün edilməsindən
başlamışdı. O, azad edilib İsveçə
qayıdandan sonra, 1730-cu ildə Stokholm şəhərində
"Das Nord und Ostliche Theil von Europa und Asia" ("Avropa və
Asiyanm şimal və şərq hissələri") adlı
bir kitab nəşr etdirir. O, kitabında german runlarına bənzər,
daş kitabələr üzərində yazıların şəkillərini
verir və bu hadisə Avropa elmi ictimaiyyətini çox
maraqlandırır. Amma bu yazıları nə german dillərində
nə fin dilində oxumaq mümkün olmur.
Sonradan Orxon-Yenisey əlifbası adlandırılacaq bu
yazıların açılması üzərində Danimarka
alimi professor Vilhelm Tomsen (1842-1927) və alman mənşəli
rus alimi akademik Vasili Vasilyeviç Radlov (1837-1918) daha çox
işləyirdilər. 1893-cü il noyabr ayının 25-də
V.Tomsen Orxon-Yenisey yazısı abidələrinin oxunmasına
açar tapdı. Onun ilk oxuduğu kəlmələr
Tenqri və türk sözləri oldu. Sanki
Türk tanrısı özü bu böyük alimə
türk xalqları tarixinə misilsiz töhfə vermək
üçün yol göstərdi. Oxunan
ikicə kəlmə mətnlərin qədim türk dilində
olduğuna işarə etdi, qalanı isə alimin dilbilmə
texnikasından asılıydı.
Həmin
ilin dekabr ayının 15-də Danimarka Kral Elmlər
Akademiyasının iclasında V.Tomsen run yazılarının
(Orxon-Yenisey yazılarının) açılması barədə
məlumat verdi. Hələ bu hadisədən
əvvəl V.Tomsen 1893-cü il noyabr
ayının 29-da V.V.Radlova yazdığı məktubda
Orxon-Yenisey yazılarına açar tapdığını xəbər
vermişdi. V.Tomsen əvvəlcə, Kul tigin abidəsindəki
dörd sözü - tenqri, türk, kül, tigin sözlərini
Çin heroqlif mətnindəki uyğun sözlərlə
qarşılaşdırıb t, r, r, i, ü, k, 1 səslərini
bildirən işarələri açır və həmin
sözləri oxuyur. Abidənin türk dilində
olduğunu müəyyənləşdirdikdən sonra digər
mətnləri də aydınlaşdırır. Beləliklə, 1893-ün 25 noyabrında köklərini
türklərdən sayan bütün xalqların tarixində
yeni dönəm başlayır.
Həmin gün özünü sivil adlandıran
xalqların mədəniyyətsiz köçərilər
hesab etdiyi türklərin qədim yazı mədəniyyətinə
malik olduğu meydana çıxdı. Bu hadisə,
onlarca imperiya yaratmış və yüzlərlə meydan
savaşında qalib gəlmiş türk etnosunun tarixində əlamətdar
bir hadisə oldu.
Daş bitiklər bütün türk xalqlarının
daşlara həkk edilmiş ilk tarixi sənədləri,
türkdilli ədəbiyyatların ilk poetik nümunələridir. Ən azından 1300-1500 il yaşı olduğu ehtimal edilən bu abidələr
türk xalqlarının fəxr mənbəyi, ulu babalarımızın
bizə yadigar qoyduğu ən böyük bir miras oldu. Bu elə bir mirasdır ki, onun qiymətini heç nə
ilə müəyyənləşdirmək olmaz. Bu abidələr
Göy Türklər imperiyası kimi möhtəşəm
bir dövlət qurmuş babalarımızın daşlar
üzərində yazılmış şanlı tarixidir,
xaqanların, bağaturların öz xalqı qarşında
hesabatıdır, türk elinin dövlət və xalq
qarşısında duran vəzifələr haqqında bəyannaməsidir,
türk elinin, törüsünün (qanununun), yüksək
şəkildə inkişaf etmiş türk mədəniyyətinin
və türk hərb sənətinin daşlara həkk
olunmuş illüsrasiyasıdır, türk ictimai-fəlsəfı
fıkrinin və türk bədii ədəbiyyatının
ilk səhifəsidir, nəhayət, türk natiqlik sənətinin,
xalqa müraciət üsulunun ən yaxşı, təqdirəlayiq
nümunəsidir. Və hələlik əlimizdə olan ilk
yazılı ədəbi nümunələrdir, çünki
"Gültəkin", "Bilgə kağan" və
"Tonyukuk" kitabələrini poetik nümunələr
hesab edən tədqiqatçılar da az deyil. (məs.İ.V.Stebleva).
Bu yazılar oxunana qədər Avropa akademik elmi türkləri
mədəniyyətdən uzaq (bar-bar) köçərilər
adlandırırdı. Mədəniyyətsiz köçərilər...
və birdən-birə əlifba. İlkin
tədqiqatçılar onların VIII əsrdən öncə
yaradıldığını söyləyirdilər. Əlbəttə, V.Tomsen başda olmaqla,
bütün Avropa alimlərini bircə şey
maraqlandırırdı - görəsən, bu "vəhşilər"
yaratdıqları əlifbanı kimdən
çirpışdırıb. Orxon-Yenisey
abidələrindəki mətnləri yazan və onların
yazıldığı əlifbanı yaradan göy Türklərin
yaşadığı arealda yalnız çinlilərin və
soqdiyalıların əlifbaları vardı. Çinlilər yazıda heroqliflərdən istifadə
edibdi. Elə ilkin ehtimal da yazıları
deşifrələmiş V.Tomsendən gəldi. O,
türk runlarının arami əlifbasının əsasında
yaradıldığı barədə fərziyə irəli
sürdü. Çünki Assuriya dövrü arami əlifbasındakı
"het", "lamed" "phe", "rseh",
"tav" və "şin" hərfləri ilə
türk runalarındakı eyni səslərin
yazılışı demək olar ki, identik idi. Amma böyük alimi, ondan sonrakılar kimi, bir
şey qorxudurdu - məsafə (Orhun sahilləri və Ön
Asiya) və zaman (yeni eranın V-VIII əsri və e.ə VII əsr).
Finikiya əlifbası əsasında, e.ə
IX-VIII əsrlərdə formalaşan arami əlifbası
dünyada mövcud olan əlifbalar içində ən qədimlərindən
biridir. Ön Asiyanın qədim
xalqları - yəhudilər, assuriyalılar, babillilər bu əlifbadan
istifadə edib. Uzun illər dünyanın
böyük bir hissəsində dominantlıq etmiş Əhəməni
və Parfiya imperiyaları da bu əlifbadan istifadə ediblər.
Sonrakı İran əlifbaları da, o cümlədən
Avesta əlifbası arami əlifbasından törəyib.
Ərəb əlifbası da həmçinin.
Buna görə ilkin olaraq, türk
runlarının arami əlifbasından törədiyini
söyləyən V.Tomsen sonradan onun Parfiya əlifbası əsasında
yarandığını iddia etdi. Amma
çoxəsrlik zaman məsafəsi, bu fərziyəni də
şübhə altına alırdı. Buna
görə böyük poleoqraf yeni fərziyə irəli
sürdü-türk runaları, zaman və məsafə
baxımından yaxın olan soqdi əlifbasından yaranıb.
Baxmayaraq ki, soqdi əlifbasının bircə
işarəsinin belə türk hərflərinə bənzəyişi
yoxdur.
Bəs bu mətnləri yaradan kimlərdir? Prins Yolluk Təkin tərəfindən
hökmdar Bilgə kağan və baş vəzir Tonyukuk
adına yazılan və daşlara həkk edilən bu mətnlərdən
məlum olur ki, onlar ilk dəfə türk adıyla tarix səhnəsinə
çıxan və Göy Türk xaqanlığı
(imperatorluğu) quran böyük və əzəmətli bir
etnosun yaratdığı abidələrdir. Şərqdə
Sakit okean, Qərbdə Qara dəniz, cənubda Hindistan,
Şimalda Sibir meşələri ilə əhatələnən
bu imperatorluq bəşəriyyət tarixində çox dərin
izlər qoysa da, XX əsrə qədər onun barəsində
elə də dərin bilgilər yox idi. Bu
dövlət də, onu quran şanlı insanlar da daha çox
əfsanələrdə yaşayırdılar. İlk böyük əfsanəni Əbülqasim
Firdovsi yaratdı. Onun yazdığı
möhtəşəm "Şahnamə" əsəri
Göy Türk xaqanları ilə Sasani şahları
arasında müharibələrdən bəhs edir. Göy Türklər barədə başqa bir əfsanəni
Elxani hökmdarı Qazan xanın saray tarixçisi Rəşidəddin
qələmə alıb. Onun "Cami ət
tavarix" əsərində Göy Türk
xaqanlığının tarixi Oğuz xanın tarixi şəklində
təsvir olunub. İndinin özündə
də Göy Türk xaqanlığının sivilizasiya
tarixində oynadığı rolu ortaya qoya biləcək
sanballı əsərlər elə də çox deyil. Belə əsərlər içərisində
öz elmi dərinliyi ilə daha çox seçilən rus
-sovet tarixçisi Lev Qumilyovun "Qədim türklər"
əsəridir. Baxışlarında
müəyyən ziddiyyətlər olsa da, məhz Lev Qumilyov
ilk olaraq Türk xaqanatının sivilizasiya tarixində
oynadığı rolu müəyyən etməyə cəhd
etmiş, onun üzərinə salınmış sirr pərdəsini
aralamağa çalışmışdır. Biz Avropa,
Yaxın Şərq, Çin, Hindistan ərazilərində
baş verən hadisələr barədə kifayət barədə
material əldə edə bilərik, bu barədə
saysız-hesabsız yazılar yazılıb, amma Avrasiyanın
nəhəng ərazilərində baş verən hadisələr
barədə çox az məlumatlıyıq.
Bu geniş ərazilərdə yaşayan,
Balkanlardan tutmuş Şərqi Türküstana, Yakutiyaya qədər
səpələnmiş və indi türk xalqları adlanan
qövmlər üçün ayrıca tarix kitabları
yazılır. Onları mümkün qədər
ortaq tarixdən məhrum etmək istəyirlər. Tarixi yaddaş itən yerdə isə assimilyasiya
başlayr. Bu xalqların tarix səhnəsindən
silinib yox olmamasının, əksəriyyətinin XXI əsrdə
dövlətçiliklərini qoruyub saxlamalarının tək
bircə səbəbi var - daimyaşar türk törəsi.
"Yer yarılmasa, Göy çökməsə
türk törəsi pozulmaz". Qayalara həkk
olunmuş bu yazı 1500 il insanların
genetik yaddaşında yaşadı. Gör nə
qədər dövlətlər, xalqlar, qövmlər tarix səhnəsindən
silindi getdi. Çoxunun heç adı da
qalmayıb. Amma Aşina boyundan olan (əslində,
Arşina, Çin dillərində "r" hərfi
olmadığından onlar bunu "Aşina" şəklində
ifadə etmişlər), Sakit okeandan Qara dənizə qədər
ərazilərdə səltənət quran sir türk
xalqının adı da yaşayır, dili də. Hələ adlarını daşıyan bir dövlət
də var - Türkiyə. Orta Asiya isə
sovetlər gələnə qədər həmişə
Türküstan adlanıb. Onların
yaratdığı, Uzaq Şərq və Aralıq dənizi hövzəsini
birləşdirən, "İpək yolu" kommunikasiya
koridoru bu gün də gündəmdədir. Sadədə indi ipəyi neft kəmərləri və
dəmir yolları əvəz edib.
Sözün düzü, bu yazıda mənim məqsədim,
runik əlifbanın tədqiqat tarixini incələmək
deyil. Mən daha çox onun əhəmiyyətini qeyd etmək
istəyirəm. Çünki bu əlifbanın
oxunduğu gün türk etnosunun tarixinə baxış
bucaqı dəyişdi. Birdən məlum oldu ki,
Avropanın Paris, London, Berlin və s. kimi sivilizasiya mərkəzləri
hesab olunan şəhərləri hələ mövcud
olmayanda, onların sivilizasiyadan uzaq adlandırdıqları
türklərin babalarının intelektual imkanları heç
yanda analoqu olmayan əlifba ortaya qoyub. Bu əlifbanın
yaranmasını şərtləndirən mədəni və
mənəvi mühit olub. Birdən-birə
heç bir xalq qəfildən əlifba icad edib qayalar
üstündə gözəl, təkmil və poetik bir dildə
mətnlər yaza bilməz. Belə bir əlifbanın
və onunla ifadə olunan dilin formalaşıb ərsəyə
gəlməsi üçün yüz illər lazımdır.
Bu əlifbanın nə üçün
unudulması isə tamam ayrı bir mövzudur. Bəziləri bu əlifbanın unudulmasını
İslam amili ilə bağlayırlar. Amma
İslamı qəbul etməyən və göytürklərin
olduğu arealda yaşayan tuvalılar və altaylılarda da bu
əlifbaya təsadüf olunmur. Məsələ
heç də islamda deyil. İslam dininin
tanrıçılığa yaxınlığını
görən və onun böyük ideoloji gücünü
hiss edən türk boylarının əksəriyyəti bu
dini qəbul etdi və böyük İslam mədəniyyətinə
öz töhfələrini verdilər. Hətta
İslam xilafətini kökündən laxladan
tanrıçı Çingizxan orduları da yekunda
İslamı qəbul etdilər. Əsrlər
boyu, ərəb əlifbası və İslam, böyük ərazilərə
səpələnmiş türk xalqlarının mənəvi
yaxınlaşmasında aparıcı amil oldu. Amma
gün gəldi və maraqlı bir olay baş verdi.
Böyük Tanrı özü qədim əlifbalarını
türklərin yadına saldı. Qəhrəman
danların soyundan olan görkəmli türkoloq Vilhelm Tomsenin
oxuya bildiyi ilk kəlmə "tenqri" sözü oldu və
bu kəlmə qalan mətnlərdə açar yolunu
oynadı. Çünki bütün kilidlərin
açarı Tanrı özüdür. Bu
açar, türklər üçün, gələcəyin
və keçmişin qapılarının
açılmasında mühüm rol oynadı. Mətnlərin
oxunuşundan cəmi on bir il sonra, 1914-cü ildə Mahmud
Kaşqarinin türk dilinə qoyduğu abidə, "Divani
lüğət-it-türk" əsəri ortaya
çıxdı, ondan cəmi dörd il sonra Qafqaz türkləri
Azərbaycan Cümhuriyyəti yaratdılar və bundan da
beş il sonra Anadoluda Türkiyə Cümhuriyyəti
yarandı. Sonra da müstəqil və yarımmüstəqil
başqa türk Cümhuriyyətləri...
Bilmirəm
təsadüfdən oldu, ya Tanrının inayəti ilə
baş verdi, amma Daş bitiklər (kitabələr)
və M.Kaşqari "Divan"ı türklərin qədərini
dəyişdi, çünki onlar bütün türklərin
ortaq abidələridir, onları birləşdirən
bağdır. Bu gün türk xalqları, türk dövlətləri
arasında ayrıntılar da az deyil, amma
bu iki abidə, xüsusən də Daş kitabələr
bütün türklərin cazibə mərkəzidir. Deyirlər, türkçülüyün
ideoloqları bu ideyanı germanizm və slavizmdən
götürüb, amma XXI əsrdə bu ideyalar (slavizm və
germanizm) tükəndi artıq. Türkçülük
isə inkişafdadır, çünki onların daşlara həkk
olunmuş cazibə mərkəzi var. İnanıram ki,
çox yaxın gələcəkdə yer üzünün
bütün türkləri 25 noyabrı öz əlifba
bayramları kimi qeyd edəcəklər. Həmin
gün "Tanrıtək tanrıda bolmuş türk Bilgə
kağan bu ötkə otırtım" (Tək
tanrının səmasından gəlmiş türk Bilgə
xaqan bu taxta oturdum) ifadəsi on milyonlarla qaynar ürəyin
ümumsevgi atəşinə çevriləcək.
Elxan Zal Qaraxanlı
Ədəbiyyat qəzeti.-
2019.- 23 noyabr. S. 25.