Dünyaya
günah üzündən baxanda
"Ulduz"
jurnalının "#ulduzlu nəşrlər" layihəsinin
oxuculara təqdim etdiyi "Cənnətlik günah" Taleh
Mansurun ilk nəsr kitabıdır (bundan əvvəl oxucular
onun şeir kitabı ilə tanış
idilər).
Kitabın yaratdığı əsas təəssürat
budur ki, "Cənnətlik günah"dakı hekayələrin
əksəriyyəti "şair nəsrinin" nümunələridir. Taleh hekayələrində
tale, alın yazısı, sevgi, vicdan, vicdan əzabı,
günah, peşmanlıq, ölüm kimi əbədi
mövzuların obrazlarını canlandırmağa, onları
əyaniləşdirməyə cəhd göstərir və mənə
elə gəlir ki, müəllifin bu cəhdləri, əsasən,
alınır. Taleh ən çətin işin -
"şeirin dilini" "nəsrin dilinə"
çevirməyin, şeirlə nəsr arasında tarazlıq
yaratmağın, şeir obrazlarını nəsr
detallarına çevirməyin öhdəsindən gəlməyi
bacarır. "Yaşadığı həyatı
yanağındakı xala bənzəyirdi: qara və tənha",
"Könülsüz avtobus hər gün keçdiyi yollarla
şütüyür, "könüllü" sərnişinləri
getdikləri mənzillərə çatdırıb,
onları ölümə bir az da
yaxınlaşdırırdı", "Şəhərin
bütün dilənçilərinin səsini batırardı
onun səssizliyi", "Xirtdəyəcən günah
içindəydilər. Boğazlarına günahlardan
toxunmuş zəncir keçirmişdilər",
"...uşaqlığımın xarabalığının
hər daşının altından bir xatirə
çıxır" kimi...
Sonuncu
sitat "Banan qoxulu alma" hekayəsindəndir.
Bu əsər müəllifin nəsr
yaradıcılığı haqqında daha dolğun təsəvvür
əldə etmək baxımından maraqlıdır. Hekayə uşaqlığı yaddaşında
şairanə boyalarla oyanan təhkiyəçinin xatirəsini,
uşaqlıqdan özü ilə böyütdüyü
peşmanlıq hissini, vicdan əzabı ilə ilk
"tanışlığını" əks etdirir.
Hekayədə
təqdim olunan hadisə ötən əsrin sonlarında, sıxıntılı
illərdə baş verib. Müəllif
təhkiyəçinin dilindən ayrı-ayrı bədii
detallar vasitəsilə həmin illərin uşaq
yaddaşında qalan mənzərəsini və qoxusunu
canlandırır. Hekayə boyunca təhkiyəni
müşayiət eləyən banan iyi o illərin məhrumiyyətinin
qoxusu kimi qavranılır. "Bizə elə gəlirdi
ki, bayramda süfrəmizdəki meyvəqabını bir
cüt sarı banan
bəzəməsə, o bayram bizim
üçün qara gələcək". Mətndə
verilmiş bu psixoloji detal əvvəlcədən əsaslandırıldığına
görə uşaq "maksimalizmi" göydəndüşmə
təsir bağışlamır. Hekayədəki
hadisələr elə bir zamanda baş verir ki, valideynlərin
uşaqlara ürəklərinin istədiyini alıb yedirtmək
imkanı yoxdur. Banan bayram təmtərağının
aksesuarıdır. Di gəl ki, uşaqlar
heç bayramda da bu "meymun yemini" bütöv yeyə
bilmirlər. Süfrədəki meyvəqabını bəzəyən
qoşa banan bayramın sonunda doğranır və uşaqlar
öz dilim paylarını alırlar...
Hekayədəki
tək uşaq personajını müəllif bizə o illərin "uşaqları"
kimi təqdim edə bilir. O illərin uşaqları
üçün bananın dadı qədər qoxusu da sehrli, mistik
bir gücü nişan verir. Uzaqlardan gətirilmiş həmin mistik enerji
uşağı bir dəfə oğurluğa təhrik eləyir.
Uşaq məhəllə dükanında
bananın özünü deyil, banan ətri gələn
almanı oğurlayır. Əslində,
uşağın almaya ehtiyacı yox idi: onların süfrəsindəki
meyvəqabında həmişə öz bağlarından dərdikləri
alma olurdu.
Təhkiyənin növbəti mərhələsində
uşaq fərdiləşdirilir və öz vicdanı ilə
baş-başa buraxılır. Meyvəqabındakı
almaların yanına qoyduğu oğurluq almanı tez oradan
götürən uşaq özünə yer tapa bilmir,
oğurluğunu gizlətməyə yol axtarır. "Bəlkə vicdan əzabının
dadını duymaq üçün oğurlamışdım
o almanı?" - deyən təhkiyəçinin
obrazını hekayədə iki zamanda -
yaşadığımız günlərdə və keçən
əsrin sonunda görürük...
"Cibindəki almanın rəngi üzünə
çıxan" uşaq oğurluğun izini itirmək
üçün həmin almanı yeyir və cecəsini
bağda torpağa basdırır. Bununla o öz
günahını dəfn etmək istəyir. Ancaq torpaq
günahı gizlətmir, uşaq üçün vicdan əzabı
"bitirir": uşaq həmin yaz bağda cecəni
basdırdığı yerdən alma
tumunun zoğ verdiyini, alma fidanının cücərdiyini
görür. Hekayədə bu detal uğurla mənalandırılır:
"Bilirdim ki, bu dırnaq sədəfi boyda zoğ elə-belə
baş qaldırmayıb. Baş qaldırıb ki, unutmağa
çalışdığım vicdan əzabıma təzədən
baş çəkim...".
Bu hekayəni
məktəb dərsliyində görmək istərdim:
düşünürəm ki, bu cür mətnlər
uşaqların həm mənəvi, həm də estetik tərbiyəsinə
müsbət təsir göstərə, ən əsası da
onlara bədii sözün sehrini, qoxusunu və dadını
hiss etdirə bilər.
Kitabda
diqqəti cəlb eləyən hekayələrdən biri də "Bir cib
günah"dır. Bu hekayədə qoyulan
"kimdir günahkar - əyri yola düşməyə məcbur
olan köməksiz insan, yoxsa onu əyri yola getməyə məcbur
edən cəmiyyət?" sualı ədəbiyyatın əbədi
dilemmalarındandır.
"Banan
ətirli alma" hekayəsi kimi, bu hekayənin
qəhrəmanı da həyatının ilk oğurluğunu
edir. Oğlanın cibinə girən qız
fahişə olmaqdansa, oğurluq eləməyi üstün
tutduğunu bildirir. Ancaq "Banan ətirli alma"dan fərqli olaraq, bu hekayədə bədii
əsaslandırmaya ehtiyac qalmır. Böyük
sualın cavabını kiçik bir hekayədə vermək
üçün Talehin köməyinə şairliyi gəlir.
Avtobusdakı basırıqda oğlanın cibinə girən
qızın günahının tarixi, onu bu yola gətirən
ictimai proseslərin bədii təsviri deyil, bir anın psixoloji
lövhəsi yaradılır və həmin lövhə hadisənin
kökləri barədə düşünməyi, qərar
çıxarmağı oxucunun öhdəsinə
buraxır...
Avtobusdan düşən qız yolu keçmək istəyəndə
yandan qəfil çıxan "BMW" onu vurub qanına bələyir. Hekayədə qəza
anının təfərrüatı verilməyib: bu, intihar da
ola bilərdi...
"Ürək ağrısı, çiçək
oğrusu" hekayəsində də "kimdir
günahkar?" ritorikasına cavab axtarılır. Bu hekayədə
sevdiyi qadına sevgililər günündə bir dəstə
çiçək almağa imkanı olmayan oğlan da Talehin
o biri qəhrəmanları kimi, çıxış yolunu
oğurluqda tapır. Gecə çiçək
mağazasına girir və burada
qarşılaşdığı mühafizəçini
öz istəyindən asılı olmayaraq öldürür.
Əvvəl azadlığını, sonra da həyatını
itirir...
"Narciso
Readriquez" hekayəsi Talehin usta təhkiyəçi
potensialını, magik realizm elementləri ilə real
insanların həyatını bir araya gətirə bilmək
qabiliyyətini üzə çıxarır. Bununla belə,
Talehin və onun təmsil etdiyi gənclərin
yaradıcılığında aparıcı olan bir motiv
burada da diqqətdən yayınmır: hekayənin qəhrəmanı
- "Füzuli" soyuqdan öləcəyini bilə-bilə
dərin yuxuya getmək istəyirdi, özü də vaxt itirmədən.
Düşünməyə qorxurdu. Ya qorxularına güc gəlib düşünməliydi,
ya da heç nə düşünmədən şirin bir
yuxuya getməliydi. Əbədi şirin
yuxuya. Dünyanın ən şirin intihar yuxusunu
seçməli idi"...
"Ruh düzündə intihar", "Ürək
ağrısı, çiçək oğrusu",
"Bahadır və Sona" hekayələrindəki hadisələrin
və təhkiyənin bir ucu ümidsizliyə, çarəsizliyə,
intihara bağlıdır.
Talehin hekayələrində və şeirlərində,
eləcə də onunla eyni nəsli təmsil edən gənclərin
yaradıcılığında ümidsizlik və həyatdan əl
üzmək motivi zamanın real gerçəkliyinin bədii
sözdə ifadə olunan izləri kimi qiymətləndirilə
bilər.
Sanki müxtəlif üslublarda yazılmış, bir-birinə
bənzəməyən yazılara zaman eyni yükü, eyni
şələni yükləyir...
Xose
Orteqa-Qassetin janrlar haqqında maraqlı bir fikri var: "Necə
olur-olsun, sənətin əsas mövzusu həmişə
insandır. ...Janrlar mahiyyətcə insanın ən
mühüm cəhətlərinin baxıldığı geniş
baxış bucaqlarından başqa bir şey deyildir. Hər
bir dövr özü ilə insanın əvvəlki zəmanədə
olduğundan əhəmiyyətli dərəcədə fərqlənən
yeni yozumunu gətirir... Elə buna görə də hər bir
dövrün öz sevimli janrı olur". Mənə
elə gəlir ki, bu fikri bədii ədəbiyyatda müxtəlif
dövrlərdə fəallaşan mövzulara, təkrarlanan
motivlərə də aid etmək olar. Tariximizin
ayrı-ayrı dövrlərində yaranmış bədii əsərlərə
nəzər salanda hər zaman üçün müəyyən
motivlərin aparıcı olduğunu görürük. Bu, ayrı-ayrı yazıçıların fərdi
istedadından və üslubundan asılı olaraq müxtəlif
səviyyələrdə təzahür edir.
Taleh Mansurun yaradıcılığına şeir
texnikası, zamanın şairanə dərki və təqdimi
üstünlüklər verdiyi kimi, müəyyən məhdudiyyətlər,
xüsusilə mövzu qıtlığı gətirir. Çoxsifətli
dünyaya yalnız günah üzündən baxmağın,
eyni ictimai problemin çevrəsində qapanıb
qalmağın gətirdiyi ən böyük məhdudiyyət
isə bədii düşüncədə yeknəsəqlik,
düşüncənin ifadəsində monotonluq
yaratmasıdır.
Talehin hekayələrində Tanrıya tez-tez müraciət
olunması da şeirin bir qədər gecikmiş təcrübəsindən
gəlir.
Filologiya elmləri doktoru Elnarə Akimova
"Çağdaş Azərbaycan postmodern şeirində
Tanrıya münasibət" adlı məqalələr
silsiləsində "postmodern epoxasının özü ilə
gətirdiyi yeni dünya modelinin
nizamsızlığı"nı araşdıraraq bunu yeni
epoxanın düşüncədə, əxlaqda, sənət
meyarlarının dərkində gətirmiş olduğu
çaşqınlıqlarla bağlayır.
Hekayələrində real dünyadakı problemlərin
həllini dünyanın özündə axtarmaq əvəzinə,
insanın ümidini yeri gəldi-gəlmədi gözəgörünməzə
bağlaması gənc nasirin üslubunun hüdudlarını
daraldır və həm mətnlərin məzmununa, həm də
yazıçının idealına qeyri-müəyyənlik gətirir.
Taleh Mansur istənilən həyat faktını, real
müşahidəsini bədii mətnə çevirməyə
qadir nasirdir.
Bənzərsiz insani keyfiyyətləri, ömrünün son
illərində ədəbi həyatda - müxtəlif
mövzulu tədbirlərdə, yubiley və təqdimat məclislərində
özünəməxsus fəallığı ilə
seçilən Oqtay Rzanın son söhbəti əsasında
hazırladığı yazı bu fikrimizi təsdiqləyir:
müsahibə maraqlı hekayə kimi oxunur...
Ümid edirəm ki, Talehin nəsr
yaradıcılığı qapalı çevrədən,
intihar kəndirinin ilgəyindən qurtulacaq, təzadlarla dolu
ucsuz-bucaqsız həyatın bədii təhlilinə
üstünlük verəcək. Bunun üçün ən
böyük zəmanət isə Talehin istedadıdır.
Məti Osmanoğlu
Ədəbiyyat qəzeti.-
2019.- 23 noyabr. S. 28.