Beş
it günü...
Hekayə
Bilirsən it kimi yaşamaq necə olur?
Mən
bilirəm!
Mən it
deyiləm, adamam, amma həmin gün nə oldu bilmirəm...
Birinci
gün
Yenə həmişəki kimi, bazar günü
dost-tanışla bağda manqalın yanına
yığışmışdıq. Qozbel kabab çəkir,
biz də elə birbaşa şişdən isti-isti kabab
yeyirdik. Onu da deyim ki, Qozbel illərdi
yanımda işləyir. Onun ən
xoşuma gələn xüsusiyyəti budur ki, o
danışmır. Lal deyil,
özünü lal kimi aparır. Bu da mənə
sərf edir. Uzun illər ötməsinə
baxmayaraq onun danışığını
üç-dörd dəfə eşitmişəm, o da
qısa bir-iki kəlməlik söz olar, ya olmazdı.
İşini bir baxışdan başa düşən, yeriyəndə
beli azca əyri olan adam qozbel olmasa da, onu
belə çağırmağım heç xətrinə dəymirdi.
Hərdən ona qonaqların yanında "ən
sədaqətli itim" desəm də gülümsəyib,
başını aşağı salıb, ona sarı
atılan yemək qırıntılarını sakitcə yerdən
yığıb, gözdən itməyi bacarırdı.
Həmin gün nə oldu bilmirəm, Qozbel elə bil əvvəlki
qozbel deyildi.
O, şişi Rusiyadan gələn dostuma uzadanda birdən-birə
gözünü qaldırıb şişdəki tikəyə
baxıb udqundu. Bunu məndən başqa bəlkə də
heç kim görmədi, nədənsə,
mənə elə gəldi ki, o bir tikəyə baxıb
udqundusa, deməli, artıq o mənim "sədaqətli
itim" ola bilməz. Özümdən asılı olmadan
şişi onun əlindən alıb, beş
minə aldığım itimin qabağına atdım. Dönüb Qozbelə baxdım, onun gözlərini,
sanki ilk dəfə idi görürdüm. Bu
gözlər nəm içində idi. O,
üzünü gizlətmək üçün manqala
sarı çevrilib, bir şiş kabab götürüb,
rusiyalı dostuma tez-tələsik verib, itin
qarşısında diz çöküb, tikələri
şişdən çıxardıb hələ də olanlara
matdım-matdım baxan itin qarşısına düzdü. İt tox olduğundan nazla gözəl
qızardılmış ətə baxıb, getmək istəyəndə
Qozbel it kimi oturub ağzı ilə bir tikə
götürüb itə baxaraq mırıldadı. "Qraf", itim Qozbelə sarı çevrildi,
onlar üz-üzə dayandılar. Qraf yeməsə
belə, payını götürən bu adama sarı
mırıldadı, qəfildən Qozbelin ağzından
sallanan tikənin bu biri tərəfindən tutub dartmağa
başladı. Qozbellə Qraf
ağız-ağıza hərəsi tikəni özünə
tərəf çəkir, qonaqlar bu mənzərəni səs-küylə
seyr edirdi. Tək mən görürdüm
Qozbelin göz yaşlarını və Qrafın ona məğlub
olma anlarını.
Qozbel bəlkə
də mənə başa salmağa
çalışırdı ki, beş minə
aldığın it belə, sənə mənim qədər
sədaqətli ola bilməz, çünki o iti mən bəsləyib
böyütmüşəm.
Qraf axır ki, Qozbelə məğlub olub tikəni
buraxdı, zingildəyə-zingildəyə arxasına baxa-baxa
ordan uzaqlaşanda Qozbel ayağa durdu, onun arxasıycan gedib, iti
qucaqladı. İt də özlüyündə olanları bir
anda unudub, onunla oynayıb, qabaq ayaqlarını yerdə oturan
Qozbelin çiyninə qoydu. Qozbellə it
başlarını bir-birinə söykəyib bir müddət
belə dayanmışdılar ki, bu məhrəmlik mənə
təsir etdiyindən bəlkə də
qısqandığımdan Qozbelə acıqlandım: -
Əl-üzünü yu gəl, kabablar soyudu!
Qozbelə,
sanki can gəlmişdi o, dayanmadan işləyirdi. Bişirdiyi
kababa da söz ola bilməzdi. Buna baxmayaraq mən Qrafa əsəbləşmişdim,
o, məğlub olmuşdu. Mən məğlubları
sevmirdim.
Qonaqlar səhərə yaxın
dağılışdı. Günboyu gözümdən
itən ikinci arvadımın axır ki, evə sarı yellənə-yellənə
getdiyini gördüm. Sözsüz,
çox içmişdi. Oğlum ağacların
arasından çıxıb, mənə sarı: - Papa, gəlmirsən?
- dedi.
Evdə çalışanlar hələ də
yır-yığış edirdi. Bu vaxt mənə
sarı qaçan Qrafı görəndə elə bil beynimə
qan vurdu, o mənə çatar-çatmaz ona yaxşı təpik
vurdum, o andaca yerə yıxıldım, səslər
eşidildi. Qozbelin düz gözümə baxan gözlərindəki
təlaşı hiss edəndə etdiklərimə peşman
olsam da, söz deyəcək gücüm yox idi. Qozbel harasa
qaçdı, onun əvəzində Qrafın isti nəfəsi
üzümdə gəzdi və mən, sanki bir işıq
seli kimi axıb, tanımadığım bir yerdə
özümə yuva qurdum...
Günün
davamı
Özümü kənardan görürdüm. Təcili
yardım gəlib, məni götürüb apardı. Həkim
dedi: - Deyəsən, komaya düşüb.
Oğlum əsəbiləşdi:
- Deyəsən nədi?!
Arvadım ağladı. Qozbel gözə
görünmürdü. Qraf bağın
içinə doğru gedəndə, sanki mən də onunla
birgə gedirdim. Bu nə hiss idi, başa
düşmürdüm. Qozbel bağda ağaca söykənib
ağlayırdı: - Qraf, bizim ağamız getdi, daha bizi burda
sayan, it yerinə qoyan da olmayacaq.
Az
qalırdım çığıram, necə yəni getdi,
hara getdi (?!) Əvəzində qraf səsimi öz içində
boğub, öz it dilində yazıq-yazıq hürdü və
onda bildim ki, mən o boyda iş adamı, qarşısında
sayılıb-seçilən kişilərin, qadınların
həyəcandan titrədiyi Adəm, dönüb it olmuşam.
Bir it üçün isə iki ürəkdən yanan can
gördüm, biri Qozbel, o biri isə arada başımı
qatmaq üçün aldığım Qraf idi. Qraf canımdan çıxan ruhumu udub, mənə
sahiblənmişdi, bəlkə də canımı
özündə dustaq etmişdi. Nə
vaxta kimi çəkəcəkdi bu yeni həyatım? Bu hal mənə ar gəlirdi nə edəcəyimi
bilmirdim, ona görə də həyətdə veyil-veyil gəzirdim
ki, Qozbel məni, əslində, Qrafı sığallayıb,
qarşıma gecədən qalan soyuq kababdan qoyub, yanımda
oturdu. Məndən olsa, o yeməyi yeməzdim,
həm də itin qabından, amma Qrafın it qanı yeməyə
girişdi. Onu saxlamağa cəhd eləsəm
də xeyri yox idi, ürəyim bulanırdi. Qozbel
başıma kürəyimə sığal çəkdi: - Sənə
nə olub, xəstələnmisən? İnsafın olsun, sənə
də bir şey olsa dözmərəm yadlar arasında...
Qozbel yad deyəndə kimi nəzərdə tuturdu, yeganə
əziz-xələf oğlumu, yoxsa çox sevdiyim
arvadımı? Ayaq üstə sağ-salamat vaxtım
olsaydı, yəqin, bu sözə görə Qozbel cəzasını
çəkərdi. İndi it həyatı
mənə səbr etməyi başa salırdı. Sakitcə bir küncə çəkilib,
gözümü darvazaya dikmişdim, öldümmü,
qaldımmı bir xəbər gözləyirdim. Həmişə başını işlə qatan,
bir dəqiqə boş dayanmayan Qozbel belə mənim vəziyyətimdə
idi. Qapı isə açılmaq bilmirdi.
Oturduğum vəziyyətdə yuxuya
getmişdim. Qozbel manqalı təmizləyə-təmizləyə,
sanki ağı deyirmiş kimi oxuyur, gözlərindən
yaş axırdı. Düşündüm, əclafın
gözəl səsi varmış, kaşşş...
Bir
gündə ürəyimdən neçə
"kaşşş" keçmişdi, görəsən?..
Səhərə yaxın oğlum yanında
tanımadığım qadınla qapıdan girəndə pis
oldum, ya olmadım bilmirəm, amma ürəyimdən "Adəm,
ölən günündü" fikri keçsə də,
ata sevgisi ilə ona tərəf qaçdım və Qrafın
itliyi onun ayaqlarına sürtülmək istədi. Bir anda
özümü oğlumdan xeyli uzaqda gördüm. Təngnəfəslik tutdu məni. Ürəyim sancdı o niyə mənim itimi təpiklədi,
axı mənim yanımda Qrafın boynunu qucaqlayıb, onunla
oynamasa əl çəkməzdi heyvandan. Düzdü,
o bilməzdi mənim nəfəsim ruhum indi Qrafın içinə
oturub, amma o mənim sevimli itim idi. Bir də istədim
qışqıram, "ay it oğlu it, mənəm, dədənəm!". Əvəzində Qrafın itdiyi tutub hürməyə
başlayanda mənim adam ruhumun ürəyi bulandı və
Qraf bir küncə yazıq-yazıq
qısıldığı vaxt Qozbelin asta səsi eşidildi:
- Adəm müəllim necədi?..
Oğlum
qadını evə ötürüb, ona baxdı: - Sən
heç kimi görmədin burda, eşitdin?!
Qozbel: -
Görmədim...
Oğlum
evə keçəndə geri dönüb: - Atam deyəsən
gedir. Komadadı. Başımı
itirmişəm, nə etdiyimi bilmirəm.
Qozbel: -
Düzələr...
Oğlum:
- Yenə hər şeyə hazır olaq. Ölsə,
arvadını rədd edəcəm getsin. Kişi
o küçə qəhbəsini hardan gətirib
başıma keçirtdi, bilmirəm.
O,
içəri keçdi. Qozbel onun arxasıycan
baxıb başını buladı. Mən
çaşıb qapıya, bir də Qozbelə baxa-baxa
qalmışdım. O, niyə mənim arvadıma elə
deyirdi, o nə bilirdi, nə baş verirdi?!.
Qışqırmaq istəyirdim, Qraf isə mənə
qoşulub ulayırdı. Qozbel Qrafa yaxınlaşıb: - Belə
etmə, o səni də küçəyə atar, deyəndən
sonra səsimi qısdım ki, Qraf da sussun.
Musiqi səsi ətrafa yayılanda səsim
qarışıq Qrafın dərisinə
sığınmağa başlamışdım ki, Qozbel məni
qoltuğuna vurub, öz balaca komasına keçəndə
pıçıldadığı söz məni bir daha mənliyimdən
aldı.
- Onu
qınama, qancıq arvad bu evə gələndən
oğlanın günü gün deyil. Atası
hardan biləydi ki, arvadı oğluna tamah salacaq. Düzdü, oğul imtina edə də bilərdi,
amma etmədi. Hələ dünən
qonaqlar burda olanda onlar bağdakı bağban evində kef
çəkirdilər. Kababı da
özüm aparmışdım onlara. Qancıq arvad sinəsi
açıq mənə baxıb gülə-gülə:
"Susmağı bacarırsan, ona görə də səninlə
ayrıca görüşümüz olacaq", - dedi. Onun əvəzinə utandım, Qraf. O isə
gülürdü. Hələ mənə gic-gic sual da verdi. "Kişiliyin var?".
Üzümü döndərib, ordan
qaçdım. İçimdə isə
bağırırdım, mən kişiyəm, ailəsini,
uşağını itirmiş, özündə ölən kişi!!!
Otağa keçəndə Qozbel ağlayır, Qraf isə
zingildəyirdi. Əslində, o an itin canına sığan ruhum
ağlayırdı...
İkinci
gün
Sarsıntıdan xəstəhal olmuşdum. Qozbel səhər
tezdən otaqdan çıxmışdı. Mənim üçün yerdə yemək
hazırlayıb qoymuş, suyu da yaddan
çıxarmamışdı. Dua edirdim
ki, Qrafın itdiyi tutub, yemək yeməsin. Otaqdan
çıxmağa az da olsa həvəsim
yoxdu. Birdən burnuma tanış ətir
iyi dəydi. Havanı qoxladım. Bu vaxt qapı açıldı və o, mənim
cavan arvadım içəri girdi. Üzümə
güldü, mən hürürdüm, o mənə (Qrafa) tərs-tərs
baxıb, qapını açıb çıxdı. Qozbeli öz adı ilə Kənan, - deyə səslədi.
Qozbelin addım səsləri eşidildi.
Arvadım otağa keçdi, Qozbel də onun ardı ilə gəldi:
- Bəli, xanım.
Arvadım:
- O it oğlu gecə bura tək gəlməyib, hə?
Qozbel: -
Bilmirəm.
Arvadım:
- Düzünü de!
Qozbel: - Mən
heç kimi görməmişəm...
Arvadım:
- Gözünün içinə kimi yalan deyirsən!
Sonra o,
balaca otaqda gəzişib, Qozbelə diqqətlə baxdı: -
Soyun!
Qozbel yerindən tərpənmədi.
Arvadım
yenə çığırdı: - Soyun!
Qozbel: -
Yox, xanım...
-Sən
yenə məndən imtina edirsən?..
Qozbel: - Mən
nakişi deyiləm, Arzu, sən məni məhv etdin,
sındırdın, uşağımı doğulmamış
öldürdün, səndən bir gün qisas almaq
üçün bu qapıda it olmağa belə hazır idim,
amma mən o kişinin çörəyini yedim...
- İndi o ölür.
Qozbel ona
iyrənirmiş kimi baxıb: - Yaxşı qadın belə
zamanda ərinin yanında olar. Çıx otağımdan!
Arzu onun
üstünə yeridi: - Yoxsa nə?..
Qozbel onun qolundan tutub qapını açdı,
qadını həyətə itələdi.
İt cildimdə yanıb-tökülürdüm,
qapımda işləyən Qozbelin bəyənmədiyi
qadını mən başımın tacı etmişdim. Eyni zamanda
Qozbelə hörmətim birəmin artmışdı. O
isə nimdaş yataq içində oturub,
hönkür-hönkür ağlayır, ona yazıq-yazıq
baxan Qrafa: - Sən niyə yeməyini yeməmisən, Adəm
müəllim gələndə deyəcək Qraf niyə
arıqlayıb. İçindən gələn istəklə
yerimdən qalxıb, Qozbelin ayaqlarının altında
özümə yer edib otursam da, o məni (Qrafı)
qucağına alıb, sinəsinə sıxdı: -
Sağalacaq, narahat olma, o sağalıb qayıdacaq. Əgər nəsə olsa burdan çıxıb
gedərik, yaxşı?
Bir dəfə
hürüb, ona razılığımı bildirdim, amma bu an çox istəyirdim ki, o mənim burda onun
yanında olduğumu bilsin, duysun. Çox heyiflər
olsun insan ağlı, dərrakəsi bəzi hadisələri
dərk etməkdə çox acizdi.
Üçüncü
gün
Arzu Qozbelin acığına yanında başqa kişilərlə
evə gəldi. Qozbel ona əhəmiyyət vermədən
öz komasına çəkildi. Mən isə
qapıdan sivişib evə girdim və hər şeyi öz
gözlərimlə gördüm. Ən
yaxın dostlarımla ölsəm var-dövləti necə əlində
saxlamağı, oğluma qarşı bəzi planları o,
vicdansız dostlarla birgə quran qadın, şirin-şirin gecəni
yatıb, utanmaz-utanmaz səhər xəstəxanaya məni
görməyə gedirdi.
Dördüncü
gün
Qozbel Arzunun maşınını təmizləyib
darvazanın qarşısına çəkmişdi. Arzu hələ
evdən çıxmamışdı. Mən Qrafın bədəninə
əmr verə bilmirdim, amma içimdə ona yalvarırdım
ki, - gəl, qorxma, səninləyəm mən deyəni et...
Birdən
Qrafa can gəldi, o, maşına sarı
necə şığıdısa az qala canım onun
ağzından çıxıb, yerə düşəcəkdi.
İndi yeri deyil, Qraf, səbirli ol mənim
canımı özündə gəzdirən vəfalım.
Maşında özümüzü oturacağın
altına salıb gözləyirdik. Arzunun gəlişi ilə
maşının salonu ətir iyinə büründü, ilk
dəfə, nədənsə, bu ətir ürəyimi
bulandırdı. Nəfəsimi içimə
çəkdim, Qraf da sakitləşdi, yoxsa it vərdişi
bizi ələ verə bilərdi. Arzu maşını
yerindən tərpədəndə: - Kozyol, dayan,
mən sənə nə edəcəyimi bilirəm! - dedi.
Bu söz kimə aid idi, bilmədim. Dözməliydim.
Nədənsə, mənə elə gəlirdi
ki, xəstəxanada çox şey dəyişəcəkdi.
Maşın
xəstəxananın qarşısında dayanıb, nəfəsini
dərən an Qrafın it vərdişi
ona üstün gəldi. Sahibinin yaxında
olduğunu duymuşdu, yoxsa maşın onu silkələmişdi
bilmirəm, içimdə ona yalvarsam da o hürdü. Arzu diksindi, maşının qapısını
açıb tez düşdü. Qraf
açıq qapıya doğru tullandı. Arzu çığıranda Qraf bir daha hürüb,
hətta Arzuya sarı mırıldayıb, xəstəxananın
həyətindəki ağacların arasında gözdən
itdi. Canım, sanki itin ağzında
ilişib qalmışdı. Özümdən asılı
olmadan onu söyürdüm: - İt oğlu it, canımı sənə
tapşıran, yəqin, bilir nə edir də, səbrin olsun
da öldüm, bitdim. Ya məni qus qutar, ya da ədəb-ərkannan
işini başa vur da!..
Arzu itin
arxasıycan: - Qraf, maşına, Qraf! - desə
də Qraf ona əhəmiyyət belə vermədi. Özünə rahat yer tapıb, sidiyini
boşaldandan sonra marıtdıyıb düz xəstəxana
qapısına baxırdı. İndi mən
onu yox, o məni idarə edirdi. İt olsa
da ona sığınan canımı artıq o idarə edirdi.
Mənə susub gözləməkdən
başqa heç nə qalmırdı.
Arzu xəstəxanadan çıxıb ora-bura boylansa da
iti görə bilməyib maşına mindi, telefonla zəng
etdi. Yəqin,
köməyə adam
çağırırdı. Arzu kimi
şöhrətpərəst, pulagir qadın qiymətli iti elə
belə küçəyə ata bilməzdi. İt vaxtı ilə neçə saat keçdiyini
bilməsəm də bir də gördüm budu, Qozbel xəstəxananın
həyətində Qrafı axtarır. Arzu
o gələndən sonra getmişdi. Qozbel,
sanki əli ilə qoymuş kimi düz Qrafın
dayandığı yerə gəlirdi. Qrafın şəcərəsi olan it
damarındakı qanı Qozbelə hürməyə imkan verməsə
də o, geri çəkilə-çəkilə
mırıldamağa başladı. Qozbelin isə
onu görcək üzü güldü. İlk
dəfə idi Qozbeli gülümsəyən
görürdüm. Sən demə, o gülümsəyəndə
tamam başqa adam olurmuş.
Qozbel: -
Qraf, sən insanlardan da etibarlıymışsan. Gəl, narahat
olma, səni onun yanına aparacam, dedi.
O,
nimdaş pencəyinin yaxasını açıb, itə orda
yer elədiyini göstərdi. Qraf canı ilə
mən də ruhumla ona sarı qaçdıq.
Dördüncü
günün davamı...
Qozbel bir az gözləyib xəstəxana
qapısında adamlar sıx olanda içəri keçdi. Liftlə yox, pilləkənlərlə yuxarı
qalxdı. Palatanı axtaran zaman oğlumu
görüb ona sarı getdi. Oğlum
dayanıb palatanın pəncərəsindən mənim
cansız, aparatlara bağlı bədənimə tamaşa
edirdi. Qozbeli görəndə təəccüblənsə
də halını pozmadı: - O yaşasa bundan sonra
üzünə necə baxacam bilmirəm, dedi.
Qozbel: - Həmişəki
kimi...
Oğlumu
tanıyırdım, o bu an özündən
çıxıb, bəlkə də Qozbeli döyə də
bilərdi, amma indi sakitcə: - Sağalsın, başqa
heç nə istəmirəm, çox şeyə görə
isə it kimi peşmanam...
Bu vaxt Qraf mırıldadı, o belə, başa
düşürdü vəziyyəti. Oğlum səsi
eşidib Qozbelə baxdı.
Qozbel: -
Arzunun maşınına gizlindən minib bura gəlib. Onu aparmağa gəldim, həm də Adəm müəllimi
görmək istədim. Heyvanın ürəyi yerindən
çıxır, sahibinə çox bağlıdı, onu
görməsə rahatlıq tapmayacaq...
Bu an
oğlum hönkürtü ilə ağladı: - Heyvan qədər
də deyilik, deyib, çiyinləri atıla-atıla ordan
uzaqlaşdı.
Qraf mənim cansız bədənimi pəncərədən
görüb, Qozbelin pencəyini didişdirib
mırıldayır, olduğu yerdən çıxmağa can
atırdı.
Qozbel onun başını sığallayıb
sakitləşdirməyə çalışsa da Qraf qəfildən
hürüb, pencəyin yaxasından çıxa bildi. Qozbel onu tutmaq istəsə də, bu mümkün
deyildi. Mən nəfəsimi içimə
çəkib, hələ də nə baş verəcəyini
gözləyirdim. Mütləq nəsə
olacaqdı, çünki Qraf həmişəki it deyildi, indi
sanki onun içində tufan qalxmışdı, Qozbel belə
təəccüb içində idi. O, Qrafı
götürüb, burdan tez uzaqlaşmaq istəyirdi ki, it
özünü palata qapısına çırpdı. Qapı hansısa sehrli qüvvənin təsirindən
açıldı, tibb bacısı səsə gəldi.
Qozbel nə edəcəyini bilməyib sadəcə
çiyinlərini çəkdi. Tibb
bacısı qıyya çəkməyə hazır ikən
Qraf mənim bədənimin üstə atılıb, qabaq əllərini
boynuma doladı. Tibb bacısı iti xəstədən
necə ayıracağını bilmədən: - Paşol, ay
it, paşol! Deyir, Qozbel isə mənim cansız
bədənimə, Qrafın hərəkətlərinə
baxıb, göz yaşı tökərək əli ilə
tibb bacısına sakitləşməsi üçün
işarə verirdi. Qraf selikli ağzını
ağzıma söykəyəndə hardasa saat əqrəbləri
gecə on iki olduğunu xəbər verdiyi an mən hava su kimi
Qrafın bədənindən necə
ayrıldığımı hiss edirdim. Sonra hər yerin
qaranlığa büründüyünü, Qrafın
hürdüyünü, Qozbelin: - Bu möcüzədir!
Dediyini bir də tibb bacısının: - O qayıdır, həkimmm,
- deyə qışqırdığını eşitsəm də
artıq öz bədənimə yerləşib, rahatca yuxuya
getdiyimdən daha nə eşidib, nə də
görürdüm.
Səhər xəstəxana palatasında ayılanda
yanımda həsrətlə oyanmağımı gözləyən
Qozbellə Qrafı görəndə sevindiyimdən ayağa
durub, hər ikisini əzizim kimi öpəndə gözləri
dolan Qozbel otaqdan çıxmaq istəyəndə Qraf bir dəfə
hürdü.
O geri döndü, gülümsədi. Nəsə
demək istəsə də danışa bilmədi, amma indi
onu necə başa düşürdüm.
Məni xəstəxanadan
çıxarmağa gələn nə oğluma, nə də
Arzuya izahat vermədən hər ikisini görmək istəmədiyimi
deyib, Qozbellə Qrafa qoşulub, taksi ardıycan gedəndə
Qozbel mənə sual dolu baxanda verdiyim sual onu
şaşırtmışdı: - Kənan, bilirsən it kimi
yaşamaq necə olur?..
Yeganə Kərimzadə
Ədəbiyyat qəzeti.-
2019.- 23 noyabr. S. 30-31.