Ədəbiyyat söhbətləri -
Gözdən düşmüş
qrafinya, yaxud Tolstoyun vətəndə sevilməyən qızı
Əyyub Qiyasın
təqdimatında
Ədəbiyyatın məkan sərhədi yoxdur, ümumiyyətlə,
sənət sərhədsizdir
və bu sərhədsiz sirli dünyanın nəhənglərindən
biri də üzərindəki rus yazıçısı yarlığını
çoxdan dünyəviləşdirən
Qraf Lev Nikolayeviç
Tolstoydur. Tolstoy neçə-neçə
dünya şöhrətli
nasirin yaradıcılığına
təsir etdi. Bu baxımdan ədibin yazıları ilə yanaşı, həyatı
da həmişə maraq doğurdu və elə son bir neçə ildə "Ədəbiyyat
qəzeti"nin səhifələrində Tolstoyun
yaradıcılığı və maraqlı, hətta təzadlı həyatı ilə bağlı müxtəlif
yazılar dərc olunub.
Bu yazıda böyük
yazıçının ailəsi
ilə bağlı bəzi maraqlı məlumatları oxucularla bölüşmək istəyirəm. Tolstoyun yaradıcılığını
yaxından izləyənlər
onun varislərinin də taleyi ilə maraqlanıblar, lakin uzun illər
onun kiçik qızının adı vətənində xatırlanmayıb.
Çünki Aleksandra Lvovna Tolstaya
tarixə təkcə
böyük yazıçının
qızı kimi yox, həm də
Tolstoy fondunun yaradıcısı
və atasının ev-muzeyinin mühafizi kimi düşüb.
Aleksandra Lvovna yazıçının
12-ci övladı idi və dünyaya gəlişi ilə artıq ailənin həyatını dəyişmişdi. 18 iyun 1884-cü ildə yazıçı Yasnaya Polyananı birdəfəlik
tərk etmək fikrində idi, lakin arvadının doğum sancıları onun yolundan qalmasına
səbəb oldu.
Qızın anası Sofya Andreyevna körpəsini ərköyün böyütmürdü. Qızı
anadan olandan sonra qadın: "Səhər saat 7-də bu gözəl, uzunsaçlı və irimavi gözlü qız dünyaya gəldi. Həmin gecə yaşadığım o qədər
həyəcandan və
fiziki ağrıdan sonra bu uşağa
qarşı heç bir hiss keçirə bilmirdim. Başa düşdüm ki, bu halımda önu özüm yedirdə bilməyəcəm,
ona görə körpəni uşaq otağına, gözümdən-qulağımdan
uzaq yerə göndərdim", - yazırdı.
Valideyn diqqəti və qayğısından kənar
qalan qızcığaz
üçün yaxşı
mürəbbiyə və
müəllim tutmuşdular.
O, ingilis, alman və fransız dillərini bilirdi. Rəsm, musiqi, rəqs təlimləri alır, at
çapır, xizək
sürürdü.
Aleksandra uşaqlıq illərində atasından
heç bir diqqət görməmişdi. Onun atası
ilə yaxınlığı
15 yaşına - Aleksandra yazıçının
əlyazmalarının üzünü
köçürməyə və məktublarına cavab yazmağa başlayandan sonraya təsadüf edir. Sonralar o, öz xatirələrində yazırdı:
"İlk dəfə
atama 15 yaşım olanda yaxınlaşdım.
Həmin
dövrü onunla yaxınlığımın başlanğıcı
hesab edirəm. Zaman keçdikcə bizim yaxınlığımız daha
da doğmalaşdı".
16 yaşım olanda isə o, artıq faktiki şəkildə yazıçının
şəxsi katibliyini
edirdi və Tolstoyun ömürünün
son 10 ilində demək
olar, onun ən yaxın adamlarından biri olmuşdu. Qız təkcə onun
işlər vəkili
deyil, eyni zamanda sadiq köməkçisi
və həmfikiri idi. Aleksandra Tolstaya Yasnaya Polyanada ambulatoriya açmışdı, orada
kəndliləri müalicə
edir, həm də kənd məktəbində dərs
deyirdi.
Lev Tolstoy Yasnaya Polyananı
tərk etməyə qərar verdiyi zaman Aleksandra yazıçının
planından xəbərdar
olan və atasının bu qərarını bütünlüklə
dəstəkləyən yeganə
ailə üzvü olmuşdu. 1910-cu il
oktyabrın 27-dən 28-nə keçən gecə qız atasını yola salmış, 10 gündən sonra özü də ona qoşulmuş və ömrünün
son günlərində Tolstoyun
yanında olmuşdu. Atasının ölümü ilə
Aleksandranın həyatının
ən qayğısız
və xoşbəxt günləri başa çatmışdı.
Birinci Dünya
müharibəsi başlayan
kimi A.Tolstaya qısa tibb bacısı kursunu bitirib şəfqət bacısı kimi cəbhəyə yollandı. O bu qərarını belə
izah edirdi: "Evdə otura bilmədim, bu ümumi dərdə nəsə bir yardım etməliydim".
1915-ci ildə Aleksandra Qızıl Xaç dəstəsinin tərkibində
rus ordusundakı yatalaq epidemiyası ilə mübarizədə
iştirak etmiş, qaçqın uşaqları
üçün məktəb-yeməkxana
yaratmışdı. 1916-cı
ildə almanların qaz hücumundan sonra zəhərlənərək
hospitala düşmüşdü.
Bir il
sonra isə polkovnik rütbəsi və iki Georgiyevski
medalı ilə Moskvaya qayıtmışdı.
Aleksandra Tolstaya ilk dəfə
1919-cu ilin yayında həbs olunmuşdu. Buna səbəb əksinqilabçıların
birində onun ünvanının tapılması
idi. Lakin bir gün sonra A.Tolstayadan üzrxahlıq edərək
onu azadlığa buraxmışdılar. 1920-ci
ilin baharında yazıçının qızı
əksinqilabi fəaliyyətdə
ittiham olunaraq növbəti dəfə həbs edilmiş, günahını sübut
edəcək heç
bir dəlil tapılmasa da, 3 illik həbs cəzası ilə Novospass monastırındakı
düşərgəyə göndərilmişdi. Hər
şeydən ümidini
itirən Aleksandra həbsxanadan
proletariat rəhbəri Vladimir Leninə məktub göndərmişdi: "Atam
bütün yaradıcılığı
ilə Çar hakimiyyətini açıq-aşkar
ifşa etdi, lakin buna baxmayaraq,
yenə azadlıqda qaldı. Vladimir İliç,
əgər məni vətənim üçün
təhlükəli hesab
edirsinizsə, o zaman sərhəddən uzağa
göndərin! Əgər
məni sərhəddən
uzaqda da təhlükəli hesab edirsinizsə, o zaman Sovet respublikasının təhlükəli vətəndaşı
qismində güllələtdirin,
lakin məni cinayətkarlarla, oğrularla,
quldurlarla bir yerdə yaşamağa, dörd divar arasına qısılmış
parazit həyatı sürməyə məhkum
etməyin...". Bu məktubdan 8 ay sonra A.Tolstaya amnistiya ilə azad olunmuşdu.
Yasnaya Polyana milliləşdirildikdən sonra
Tolstaya dahi yazıçının ev-muzeyinin
qoruyucusu təyin olundu. Bununla yanaşı, o, həm
də atasının irsini nəşr etdirirdi. O, Yasnaya Polyanada məktəb açmışdı, lakin
antixristian təbliğatı
genişləndiyi üçün
orada keçmiş proqram üzrə dərs deyə bilmirdi. O dövrün sovet mətbuatında Yasnaya Polyanada "dəfn olunmuş" qrafinyadan tez-tez bəhs olunurdu. Məktublarının birində
o yazırdı: "Hər
şeydən çox
azadıq istəyirəm.
Ac olum, susuz
olum, təki azad olum".
Beləliklə, sovet dövlətində özünə yer tapmayan Aleksandra Tolstaya mühacirət etmək qərarına gəlir. 1929-cu ildə Yaponiyaya, daha sonra ABŞ-a köçür və bir daha vətənə
qayıtmır. Dahi
Tolstoyun 48 il
Amerikada yaşayan qızı atasının
ideyalarını təbliğ
etməkdən yorulmur,
Tostoy haqqında mühazirələr oxuyur,
məqalələr yazır...
1939-cu ildə Aleksandra Lvovna "Tolstoy fondu" adlı xeyriyyə təşkilatı yaratdı. Bununla o, Rusiyadan
gələn mühacirlərə
yardım etmək istəyirdi. Onun rəhbərliyi
ilə uşaq evi, xəstəxana, ahıllar evi, kilsə və kitabxana tikilmişdi.
Bu dövrdə onun adı vətəndə qadağan olunmuşdu, orada dahi yazıçının
qızını Mərkəzi
Kəşfiyyat İdarəsi
ilə əməkdaşlıqda,
vətənə xəyanətdə
və casusluqda ittiham edir, "Tolstoy fondu"nu isə "quldur yuvası" adlandırırdılar.
Lakin 1970-ci illərin
sonlarına yaxın vəziyyət bir qədər dəyişdi. O vaxt
Aleksandra Lvovnanı Moskvaya,
Lev Tolstoyun 150 illik yubileyinə qatılmağa
dəvət etdilər.
Lakin infarkt keçirdikdən sonra yataq xəstəsi olan Tolstaya vətənə
gələ bilmədi
və bir il sonra
dünyasını dəyişdi.
Əyyub QİYAS
Ədəbiyyat qəzeti.-
2019.- 23 noyabr. S. 32.