Ağrıyan
şair...
Məhəmməd Hadi mənimçün
kimdir?
Məhəmməd
Hadi cəmi 41 il yaşayıb, ancaq onun
poeziyasındakı vətən və millət harayı
heç vəchlə bu 41 il çərçivələrinə
sığışmır. XX əsr Azərbaycan klassik
poeziyasında Hadi qədər birbaşa, müstəqim surətdə
"vətən" və "millət" ifadələrini
işlədən ikinci şair yoxdur və bu ifadələr
onun poeziyasını tam, bütöv şəkildə müəyyənləşdirən
obrazlara çevrilib.
Hadinin müasiri Sabirdə müstəqimlik yoxdur, ancaq
baxın, istək baxımından onlar bir-birlərinə nə
qədər yaxındırlar.
Sabir:
Oğul mənimdir
əgər, oxutmuram, əl çəkin!
Eyləməyin
dəngəsər, oxutmuram, əl çəkin!
- deyə dahiyanə bir satira ilə böyük
maarifçi sözünü deyirdisə, Hadi də onun
müttəfiqi kimi eyni yanğı ilə həmin
sözü birbaşa deyirdi:
Oxu, ey
bülbüli-növxani-çəmən!
Sənin
ilə edəcək fəxr vətən!
Sabir:
Təhsili-ülum
etmə ki, elm afəti-candır,
Həm əqlə
ziyandır,
Elm afəti-can
olduğu məşhuri-cəhandır,
Mərufi-zəmandır.
- deyə haray çəkirdisə, Hadi:
Məktəb nə demək? Xadimi-qüdsiyyəti-millət,
Məktəb nə demək? Baisi-ülviyyətü şövkət,
Məktəb nə demək? Cilvəgəhi-nuri-həqiqət,
Məktəb nə demək? Rəhbəri-irşadü
səadət.
Övladi-vətən
etmək üçün bizdə təali
Məktəblər
açıb, kəsb edəlim elmü kəmali!
- deyə
sözünü açıq deyirdi, ancaq bu dolayısı ilə,
eləcə də müstəqim surətdə deyilən
poetik sözlər eyni mənbədən gəlirdi və bu mənbə
- eyni amal, eyni iztirab, eyni yanğı idi, çünki
onların hər ikisi eyni yolun yolçuları idi.
Sovet
dönəmində hakim ideologiya Hadi
yaradıcılığına qısqanc yanaşırdı,
onu qəbul edə bilmirdi və elə bu faktı demək
kifayətdir ki, bizim Əziz Mirəhmədov səviyyəli ədəbiyyatşünasımızın
Hadi haqqında yazdığı namizədlik dissertasiyası ləğv
edilmişdi, ancaq bu gün Hadi haqqında çox
yazılır, elmi monoqrafiyalar, onun özünün əsərləri
nəşr edilir.
Böyük
qələm sahiblərinin yaradıcılığı oxucunu
ələ alırsa, oxucu düşüncələrində məxsusi
bir yer tutursa, həmin qələm sahibi, nə qədər qəribə
səslənsə də, özəlləşdirilir (Marina Svetayevanın
Puşkin haqqında yazdığı böyük
esse yada düşür: "Mənim Puşkinim") və
bu qısa qeydlər də məhz "mənim Hadim"
haqqındadır.
Bədii
sözün müstəqimliyi, birbaşa deyilməsi çox
zaman bədii-estetik sönüklüyə, bəzən bədii
məğlubiyyətə belə aparıb
çıxarır, ancaq "Hadi sözü" öz
dövrünün kontekstində bədii ağrının
ifadəsi kimi səslənir, çünki onun müstəqimliyi
tərənnüm yox, nəsihət yox,
çağırışdır, hətta bir sıra məqamlarda,
əgər belə demək mümkünsə,
qızğın bir vətəndaş xahişidir,
ricasıdır, yalvarışıdır.
"Ey vətən!.. Səni sevmək deyilmi
imanım?" - deyən Hadinin
poeziyası, bir küll halında, əslində, mənəvi
faciənin ifadəsidir və baxın, mənəvi eşqi
sevgi-məhəbbətdən, aşiq-məşuqluqdan qat-qat
artıq dərəcədə vətən eşqi olan bu sənətkar
vətənin özündə faciə içindədir. Onun 1905-ci ildə çap edilmiş ilk şeirlərindən
tutmuş, ta ömrünün sonuna qədər
yazdıqlarında eyni çağırış, eyni
haraydır, çünki bu haray eşidilmir və o, "məyus
olma, amandır" desə də, özü nəinki məyusluq,
əslində, dərin bir kədər içindədir.
"Həsbhal"da
oxuyuruq:
Hadi: - Nədir
o?
Mürəttib:
- Gəncədən bir kimsə göndəribdi sizə.
Hadi: - Nə?
Mürəttib:
- Etiraz ediyorlar keçənki şerinizə.
- və Hadi poeziyasında çox əhəmiyyətli
və əlamətdar bir cəhət odur ki, bu cür mütəmadi
etirazlarla müşayiət olunan Hadi kədəri məhəlli
kədər deyil, bəşəri kədərdir:
Bəşər
gözyaşlıdır matəmgahi-dünyayə gəldikdən,
Bunu tədqiq qıldım hali-novzadi görən gündən.
Onu həmin
bəşəri kədərə aparan mənəvi əhval-ruhiyyəni,
ovqatı onun novzadi - vətəni yaratmışdır, yəni
bəşəri dünyagörüşünə malik olan
Hadi bəşəri düşüncələr içində
olarkən, ilk növbədə, öz vətəninin
övladıdır və onun poeziyasındakı vətən
bəşəriyyətin doğma bir hissəsidir, ona görə
də bu poeziyada milli məhdudiyyət yoxdur.
Onun təxəllüsü - Hadi - doğru yol göstərən
deməkdir, ancaq onun göstərdiyi yolun qarşısında
min bir maneə və bu maneələrin də min bir səbəbi
vardı. O,
"ey atəşi-cəhalətə büryan olan vətən",
yaxud "zənciri-əsarətdə yaşar əhli-cəhalət"
- deyirdisə, bu, yalnız faktın təsdiqi deyildi, bu - həmin
maneə və səbəblərə qarşı mənəvi protest idi, əlacsızlığın,
gücsüzlüyün etirafı və ifadəsi idi:
İnləyir
bari-qəm altında vətən, imdad yox,
Kivseyi-mətəm bürümüş cümlə, bir
dilşad yox.
Hadi millətçi idi, ancaq onun millətçiliyi məhəlli
səciyyə daşımırdı, onun millətçiliyi
irqçilik deyildi, əksinə, bəşəri təəssübkeşliyin
təzahürü və bir hissəsi idi. O:
Həsəd
ol millətə kim, aşiqi-həqiqətdir,
Xəyalı, fikri-məsaisi kəsbi-izzətdir.
Bilib ki,
elmlədir şani-növi-insani...
- deyirdi və onun "o millətə" bəslədiyi
bu həsəddə açıq-aşkar bir xeyirxahlıq,
şəffaf, aydın bir ovqat hiss olunur, çünki:
Biz vətən
viranəsin ədl ilə abad istərik,
Seyli-ədl
ilə binayi-zülmü bərbad istərik,
Millətin
qəlbi-həznin xürrəmi şad istərik,
Sevmərik
qeydi-əsarət, xəlqi azad istərik...
Millətin nəyi vardısa, Hadi bunu
özününkü etmişdi, hətta cəhaləti belə,
o, kənardan müşahidə etmirdi, bunu öz içində
yaşayırdı və cəhalətdən şikayət edəndə
də "cəhalətimdən şikayət" edirdi.
Bizim ədəbiyyatşünaslığımız
onu "XX əsr Azərbaycan şeirində romantizm cərəyanının
ən qüdrətli nümayəndələrindən
biri" (Yaşar Qarayev) hesab edir, ancaq bu romantizm ədəbiyyatşünaslıq
lüğətlərindəki romantizmin eyni deyil, bu hətta bəzən
Hadiyə həsr olunmuş yazılarda oxuduğumuz
"üsyankar romantizm" də deyil, bu - ağrıyan,
yandırıb-sızıldayan romantizmdir və Hadinin
poeziyası sövq-təbii olaraq öz romantizmini belə ifadə
edir: "Həqiqəti görürüz biz xəyal şəklində",
yaxud: "Hürriyyəti-vicdan ki, deyirlər, adı
vardır".
Əhatə
olunduğu mühitdəki həqiqət onun üçün
yalnız "xəyal şəklində"dirsə və
"hürriyyəti-vicdan"ın yalnız adı
vardırsa, bu - kədərə batmış bir
romantikadır; bu - maarifçiliyə daha yaxındır, nəinki
antimaarifçiliyin ədəbiyyata gətirdiyi klassik romantizmə.
Hadinin bir
çox şeirlərində - onun poeziyasının ana xəttində
romantizmdən əsər-əlamət də yoxdur və onun ən
məşhur misralarını xatırlayaq:
İmzasını
qoymuş miləl övraqi-həyatə,
Yox millətimin xətti bu imzalar içində.
Bu sərt
vətəndaş yanğısı Hadi poeziyasının əsas
bədii-estetik katalizatorudur, onun enerjisinin mənbəyi məhz
həmin yanğıdır və o deyəndə ki:
Millət
tikəcək naminə ölsən dəxi heykəl,
Qoyma
toxuna yurduna naməhrəm olan əl!
- bu da gələcək
haqqında gözəl xəyalistan məkanı deyil,
çağırışdır və onun
"mücahidi-millət" adlandırdığı Həsən
bəy Zərdabinin ruhuna ithaf etdiyi şeirində dediyi
"millətdən özgə olmadı bir məqsədin sənin"
fikri, düşüncəsi tam şəkildə Hadinin öz
yaradıcılıq məramını səciyyələndirir.
Hadinin:
Qıldı,
ey ahu, məni vəhşi qəzali gözlərin,
Etdi səhragərdi-cənnət
laübali gözlərin,
ya da məşuqəyə
müraciətlə yazdığı:
Rövzati-cinanimdə
açan qönçeyi-məxmur,
Al qoxla, məhəbbət
gülüdür, yasəmənidir
- tipli misralarını oxuyanda mənə elə
gəlir ki, bu yad misralar onun poeziyasına təsadüfən
düşüb və ola bilsin ki, onlar
öz-özlüyündə poetikdir, yaxud da epiqonçuluq
nümunələridir - bundan asılı olmayaraq, mənim
üçün bu misralar artıq Hadi deyil.
Bir yerdə
qərar tuta bilməyən, çırpınan, İstanbula
gedən, Salonikə sürgün edilən, Karpat
dağlarında vətəni xatırlayan, müəllimlikdən,
tərcüməçilikdən, redaksiya (o cümlədən
"Füyuzat"da, "Həyat"da, "İqbal"da
və s., Türkiyə dövri mətbuatında)
işçisindən tutmuş mollalığacan məşəqqətli
bir həyat yolu keçmiş Hadi daxili aləmi etibarilə
tamam azad bir sənətkar idi, o, "məni azad edən
sultani-əqli-nüktədanımdır" - deyirdi və
onun nüktədanı xəyallar aləmi ilə yox, real vətəni
və milləti ilə bağlı idi.
Hadinin mənəvi azadlığı - başdan-başa
kədər içində olan (!) bir azadlıq idi.
Bir ədalətsizliyi (faciəni!) qeyd etmək istəyirəm
ki, Hadinin özünün milli bir şair kimi (yol göstərən
kimi!) tanınması, sevilməsi, onun vətən və millət
sevgisi müqabilində çox solğundur və bunun da səbəbi,
əlbəttə, onun poeziyasının dilidir - bu dil onun
sevdiyi millət üçün yabançı bir dildir.
Mən ədalətsizlik
dedim, ancaq bunda dialektik bir qanunauyğunluq var - yalançı
vətənpərvərliyin təzahürü kimi yox, ürəkdən
gələn bir fəryadla "millət" deyib, yanan
şairi həmin millət bu günün özündə də
ərəb, fars lüğətləri ilə
oxumaq məcburiyyətindədir.
Onun doğması olan oxucu onu oxuyub, nə dediyini başa
düşmür.
Bir sözlə, Hadi öz
yaradıcılığının estetik xüsusiyyəti
baxımından (və sayəsində!) XX əsrin ən
faciəvi böyük sənətkarıdır.
O, şəxsi
həyatında da XX əsrin faciəvi bir şairidir.
Bizim XX əsr poeziyamızın cavan yaşlarında
şəxsi həyatları məhv edilmiş Hüseyn Cavidi
var, Mikayıl Müşfiqi, Əhməd Cavadı var və
onlar Sistemin qurbanlarıdır.
Ancaq
öz vətənində vəfat edən, məzarının
yeri isə məlum olmayan Hadi də faciə qəhrəmanıdır
və bu barədə mən Abdulla Şaiqin xatirələrində
qələmə aldığı bir epizoddan təsirli söz
deyə və göstərə bilməyəcəyim
üçün, o xatirə ilə də bu qısa qeydləri
bitirirəm:
"Bir gün küçədən keçərkən
üst-başı kirli, halı pərişan bir şəxs əlimdən
tutdu. Əvvəlcə tanımadım. Çünki tanınılacaq halda deyildi. O,
titrək bir səslə:
- Şaiq, məni tanımadın? - deyə
soruşdu.
Səsindən, gözlərinin rəngindən Hadi
olduğunu tanıdım. Qucaqlayıb,
bağrıma basdım.
- Aman,
Hadi, bu nə haldır? - dedim".
26
noyabr 2019 Bakı
ELÇİN
Ədəbiyyat qəzeti.-
2019.- 30 noyabr. S. 5.