Kədərli
sual
Hələ lap yeniyetməlikdən, şeirlə
yaşamağa başladığım vaxtdan bəri iki
şair mənim təsəvvürümdə həmişə
qoşa olub; Müşfiq və Hadi.
Niyə Müşfiqə dərs deyən, Müşfiq
kimi özü də repressiya qurbanı olan Hüseyn Cavid yox,
məhz Müşfiqə elə bir aidiyyatı olmayan Məhəmməd
Hadi?
Əslinə qalsa, Azərbaycan poeziyasında
Müşfiqlə Hadi qədər bir-birinin əksi olan iki
şair tapmaq çox çətindi. Biri günəşli,
apaydın bir yaz səhəridirsə, o birisi buludlu,
çiskinli, tutqun bir payız alatoranlığıdı.
Birinin aydınlığında göz işlədikcə
hər yan görünür. O birinin
alatoranlığında beşaddımlıqda olanlar da
görünmür. Birinin şeirlərində
sözlər, sanki uşaq kimi bir-birilə oynayır, itələşir,
qaçışır, bir-birini əzizləyir,
küsüşür, barışır. O birinin
şeirlərində sözlər, sanki bir-birinin əlindən
yapışıb qaranlıqda görünməyən
hansısa cəngəllikdən keçirmək istəyir. Bu şairlərin birindən mən necə
yazmağı, o birindən necə yazmamağı öyrənmişəm.
Amma hər ikisi mənə doğma və əzizdi.
Dünyadan nakam getmiş bu şairlərin hər ikisinə mənim
ürəyim ağrıyır, amma birinə daha çox
yazığım gəlir; Hadiyə...
Çünki bir insan kimi faciəli taleyinə baxmayaraq,
bir şair kimi şeirləri bu gün də dillər əzbəri
olan Müşfiq xoşbəxtdir. Bu gün də 1937-ci
ildən danışanda hamıdan, hətta Stalindən, Mir Cəfər
Bağırovdan da əvvəl ilk yadımıza düşən
Müşfiq və Caviddi. Və Müşfiqi
xatırlayan kimi gözümüzün qabağında
poeziyamızın bəlkə də ən gözəl, ən
işıqlı sevgi şeiri canlanır: "Yenə o
bağ olaydı...". 1937-ci il. Həbslər, ölümlər,
qırğınlar... və sevgi, işıq. Müşfiq öz varlığıyla, sanki o
qaniçən ilin rəngini, havasını dəyişib.
Bu mənada, hətta Müşfiqə
"repressiya qurbanı" demək özü də şərtidi.
Çünki o repressiyanı törədənlərin
adlarını indi bəlkə doğma nəvə-nəticələri
də unudublar. Amma özündən sonra
heç bir övladı qalmayan Müşfiqin adını bu
ölkədə minlərlə uşaq, cavan
daşıyır.
Hadini Müşfiq kimi güllələməsələr
də, hər halda onu da yaşadığı cəhalət,
nadanlıq, haqsızlıq dolu dövrün qurbanı
sayırlar. Amma Hadi ilə bir dövrdə yaşayan, "Arizi qəmlər
əlindən ürəyim şişmiş idi, Zənn edirdim
edəcəkdir ona çarə ciyərim. Bəxti-mənhusimə
bax, mən bu təmənnada ikən, Başladı
şişməyə indi üzü qarə ciyərim..." - deyə zəmanədən
şikayətlənən Mirzə Ələkbər Sabiri necə?
Həm sağlığında, həm də bu
gün dillər əzbəri olan şeirlərində, rentgen
kimi, yaşadığı dövrün bütün naqisliklərini,
əyər-əskiklərini üzə çıxaran, cərrah
kimi kəsib doğrayan Sabiri "dövrün qurbanı"
saymaq olarmı?
Əslində,
Sabir kimi, Hadi də şeirlərində öz
dövrünü az
qamçılamayıb. Amma Hadinin qəliz bir dillə
yazılan o şeirlərini əzbərləmək bir yana, başa düşənlər nə qədər
idi? Bu mənada, Hadi təkcə
yaşadığı dövrün, mühitin yox, həm də
özünün şeir haqqındakı "Şeir necə
olmalıdır" təsəvvürünün
qurbanıdır. Bir şair kimi Hadinin azad ruhu onun ərəb,
fars sözlərilə dolub
ağırlaşmış şeirlərinin dar qəfəsində
çabalayır. Niyyəti gözəl, vətənə,
millətə, insana, kasıba, məzluma sevgi və mərhəmətlə
dolu olan bu şeirləri Hadinin həmin o sevdiklərinin
arasında anlayanlar çox idimi? Və
öz dövründə anlaşılmayan bu bəxtsiz
şairin şeirləri haçansa anlaşılacaqmı?
Haçansa Hadinin bu içi, mayası saf və
gözəl, amma üzü, libası qəliz şeirlərinin
ana dilimizdə bayramı olacaqmı?
Hadini nə qədər sevsəm də, bu suala müsbət
cavab vermək mənim üçün çətindir. Mənfi cavab
verməyə də dilim gəlmir. Odur ki,
bu kədərli sualı cavabsız qoyuram.
28 noyabr
2019
Ramiz Rövşən
Ədəbiyyat qəzeti.-
2019.- 30 noyabr. S. 6.