Tanrı
casusu
Hadinin adını ilk dəfə eşidəndə mən
hələ uşaq idim. Eşitmişdim ki, guya iyirminci ildə
qızıl ordu Gəncəyə girəndə atların
ayaqları altında əzilib ölən bu şairin heç
qəbri də qalmayıb. Bir də ki, Hadinin iki
misrasını eşitmişdim:
"İmzasını
qoymuş miləl övraqi-həyata,
Yox millətimin xətti bu imzalar içində".
O
misraların birincisi o dəqiqə yadımdan
çıxmışdı, amma ikincisi həmişəlik
beynimə mismarlanıb qalmışdı. Sonralar
hər dəfə Hadidən söhbət düşəndə
gördüm ki, bu şairi tanıyanların, hətta sevənlərin
hamısı onun haqqında elə mən biləni bilir.
Hamı bilir ki, Hadinin qəbri yoxdu və ondan misal çəkəndə
hamının yadına elə ən birinci həmin o misra
düşür: "Yox millətimin xətti bu imzalar
içində". İllər ötdü,
böyüdüm, Hadinin yazdıqlarını da, Hadi haqda
yazılanları da oxudum. Sonra Hadinin qəbri
də tapıldı. Amma bu gün də
"Hadi haqda nə bilirsən?" desələr, yəqin,
özümdən ixtiyarsız ən birinci sözüm bu olar
ki, Hadinin qəbri yoxdu. Və ondan misal çəkmək
istəsəm, ilk ağlıma gələn misra, yəqin, elə
bu olar: "Yox millətimin xətti bu imzalar içində...".
Sözün düzü, çoxdandı ki, Hadi haqda nəsə
yazmaq istəyirdim və nədənsə, mənə belə
gəlirdi ki, bu yazını mütləq 1902-ci ilin
Şamaxı zəlzələsindən başlamaq
lazımdı.
O zəlzələ minlərlə adamı evsiz-eşiksiz
qoymuşdu: iyirmi üç yaşlı Hadi də onlardan
biriydi. O zəlzələdən sonra yaşadığı on
səkkiz ildə Hadi nə ev-eşik, nə arvad-uşaq yiyəsi
oldu. Bu on səkkiz ilin (1902-1920) yarıdan
çoxunu sərgərdanlıqda, sürgündə,
müharibədə keçirən, heç bir yerdə qərar
tuta bilməyən Hadi, bəlkə də, həmin o zəlzələnin
əbədi qurbanı idi. Əslinə qalsa, bu
dünyaya göz açdığı gündən Hadinin
ömründə irili-xırdalı çox "zəlzələlər" olmuşdu:
Uşaq vaxtı atadan yetim qalmışdı, anası
onu atıb başqasına ərə getmişdi, qohumların
qapısında böyüyən Hadinin yeniyetməlik vaxtı
sevdiyi qız da varlı bir taciri ondan üstün tutmuşdu. Və Hadinin
ömrü boyu evlənməməsinin bir səbəbi də,
yəqin, qadınlardan gördüyü bu ikiqat xəyanət,
anasının və sevgilisinin vəfasızlığıydı.
Bu inciklik onun 1908-ci ildə çap olunan
"Beşikdən məzara qədər bəşərin əhvalı"
poemasında bütün çılpaqlığıyla
üzə çıxır. Dünya
poeziyasının ən müqəddəs obrazlarından biri
olan ana haqqında bu cür tikanlı, kinayəli misralara mən
heç bir şairdə rast gəlməmişəm. Amma ilk dəfə oxuyanda, mənə maraqlı
görünən, bu poemanın tamam başqa bir cəhətiydi;
ana bətninin əsarətindən qurtarıb dünyanın əsarətinə
düşən adəm övladının buradakı təsviri,
Füzulinin "Leyli və Məcnun" poemasında Məcnunun
doğulmasını təsvir eləyən misralarla çox səsləşirdi.
Füzuli yazırdı:
"Ol dəm
ki, bu xakdana düşdü,
Halını bilib fəğana düşdü.
Axır
günün əvvəl eyləyib yad,
Axıtdı
sirişkü qıldı fəryad...
Olmuşdu
zəbani-hali guya
Söylədi
ki, "Ey cəfaçı dünya!..
Tədbiri qəm etmək olmaz oldu.
Gəldim, geri getmək olmaz oldu".
Hadi
yazırdı:
"Qanmış
kimi bu aləmi, mənfayi-həyatı,
Biçarə çocuq doğdumu, başlar nəvəhatı.
Guya ki,
demək istəyir ol kudəki-nalan"
Bu oxşar misraların sayını yenə artırmaq
olardı. Amma məsələ bunda deyil. Çünki bu
dünyaya gəlməyin peşmançılığı təkcə
Füzulidə və Hadidə yox, Füzulidən xeyli əvvəl
"Dünya duracaq yer deyil, ey can, səfər eylə" deyən
Nəsimidən tutmuş, Hadidən xeyli sonra "Bilsək
dünyaya gəlməzdik, Analar aldatdı bizi" deyən bəndənizə
qədər saysız-hesabsız şairlərin şeirlərində
var. Və Hadinin qələmindən çıxan,
özünün "kiçik felyeton"
adlandırdığı bu poemanın qəribəliyi, dediyim
kimi, dünyaya gələnin yox, dünyaya gətirənin
obrazıyla bağlıdı. Əslinə
qalsa, Hadinin təsvir elədiyi ana da, bütün anaların
gördüyü işi görür; ağlayan körpəsini
əmizdirib kiridir, bələyir, nənnidə
yırğalayıb yatızdırır. Amma Hadinin
gözündə, bu ana "zalımlar
zalımı"dı, öz biçarə körpəsinin
qənimidi, çünki...
...Biçarəni
qoymaz anası olmağa giryan,
Püstanın ucilə tıqayır ağzını hər
an.
Sərbəstcə
qoymaz ki, bir az ağlasın övlad,
Bir möhri-əsarət vuruyor ağzına bidad.
Dilli ikən
ol tifli nasıl lal ediyorlar,
Mahiyyəti-hüriyəti
pamal ediyorlar...
Zənciri-təbiisi
kəsildi, bəliyorlar,
Bir iplə dəxi qundağı qat-qat sarıyorlar.
Canimi, ənmi, söylə, edirsən onu məhbus?
Ey dəsti-sitəmkar,
ayə pənceyi-mənhus!..
Növzad
ikən övlad ona, ey lövhi-cəhalət,
"Təlim"
ediyor, öyrədiyorsan da əsarət!
Poetik
şərtiliyə çox şeyi güzəşt eləmək
mümkün olsa da, Ana sevgisini bu şəkildə "qiymətləndirməyi"
həzm eləmək çətin idi və bu "nankor"
misraların cavabı gec-tez verilməliydi. Doğrudan
da, bir müddət sonra Ana haqqında hər misrası Hadinin
yazdığının tərsi olan təntənəli bir
şeir çap olundu. Yox, bu, Cəfər
Cabbarlının məşhur "Ana" şeiri deyildi...
Yatmış
ikən duranda növzadın,
Gecələr
ağlayanda qalxar idin -
Yatağında,
a möhtərəm məxluq!
Səni
gördükcə can atardı çocuq,
Köksün ilə onu qucaqlar idin.
Səslənirdi
ləbin yanağında,
Sanki
bülbül yaşardı bağında,
Çocuq
iştə gülün budağında,
Gülüyordu
sənin qucağında...
Və
Hadinin poemasına parodiya kimi səslənən bu maraqlı
misraların müəllifi də bir özgəsi yox, elə Məhəmməd
Hadi özüydü...
Əslində, Hadinin həyatı da, şeirləri də,
belə təzadlarla doludu. Bu təzadların ən
böyüyü, ruhən romantik olan Hadinin, fikir və
düşüncə adamı kimi maarifçi olmasıdı.
Çünki odla su kimi, əsl şairliklə
maarifçiliyin də bir-birinə uyuşması çox
çətindi. Şair öz ilahi missiyasını
müəllimliklə əvəz eləyəndə, oxucunu
öz bəndəsi və ya həmsöhbəti deyil,
şagirdi sayanda, ona nəsə demək yox, nəsə
öyrətmək istəyəndə, poetik təxəyyülün
sərhədləri, istər-istəməz, oxucu
şüurunun qavraya biləcəyi həddə qədər
daralır və şair təxəyyülü ilə oxucu təfəkkürünün
ortaq ərazisi yaranır. Hadinin təkcə
böyük istedadı yox, həm də böyük
ağlı və biliyi vardı, öz oxucusuna nəsə
öyrətmək meyli də çox güclüydü, amma
onun öz oxucusuyla ortaq ərazisi, ortaq dili yoxuydu. Və bu mənada, Hadi oxucusuz şair, həm də
şagirdsiz müəllim idi. Hadinin
şeir dilinin qəlizliyindən çox yazıblar, bəzən
onun dilini Füzulinin diliylə də müqayisə ediblər.
Məncə, bu müqayisə yersizdi. Çünki Füzuli ilə Hadinin dilə
münasibəti bir-birinin əksidi. Və
yaşadıqları dövrdə, Füzulinin
yazdıqlarını ondan sadə, Hadinin
yazdıqlarını ondan qəliz yazmaq, bəlkə də,
qeyri-mümkün idi. Odur ki, Füzulinin
yazdığı hər üç dildə türkcə,
farsca, ərəbcə bülbül kimi ötsən də,
yenə onun şeirlərindəki sətiraltı mənaları
tam açmağa gücün çatmayacaq. Bunun üçün həm Füzulinin
duyduqlarını duymaq, həm də bildiklərini bilmək
lazımdı. Amma Hadinin ilk baxışda
çox qəliz görünən misralarının o qədər
də dərin və sirli sətiraltı dünyası yoxdu.
O misralardakı fars və ərəb
sözlərini dilimizə çevirib, sadə,
anlaşıqlı bir dilə gətirsək, hər bir məktəblinin
o şeirləri çox gözəl anlayacağına mən
inanıram. Sözün düzü, səksəninci illərin
əvvəlində mən özüm belə bir fikrə
düşmüşdüm, Hadinin sevdiyim şeirlərindən
bir-ikisini sadələşdirməyə
çalışmışdım və bu vaxt qəribə
bir mənzərənin şahidi oldum: o şeirlər sadələşdikcə
dayazlaşırdı. Sən demə, Hadinin
şeirlərinin cazibə qüvvəsi, həm də onun
dilinin qəlizliyindəymiş. Bir
çox sözlərini başa düşməyimiz və ya səhv
başa düşdüyümüz o şeirlər bizim oxucu
fikrimizi dolaşdırıb azdırır, təsəvvürümüzdə
müəllifin ağlına gəlməyən mənzərələr
yaradır. Elə bil ki, hardansa uzaqdan keçən bir
qatarın fit səsini eşidirsən və həmin o fit səsinin
uzunluğuyla hesablayıb, görmədiyin o qatarın
vaqonlarının sayını bilmək istəyirsən. Doğrudanmı, Hadinin şeir dilinin qəlizliyi bir
şair kimi onun bədbəxtliyidir? Sözün
düzü, bu suala birmənalı cavab vermək mənim
üçün çətindi..
...Məşhur Amerika yazıçısı Folkner sənətdə
böyük məğlubiyyətləri xırda qələbələrdən
üstün tuturdu. Çünki böyük məğlubiyyətin
arxasında cəhdin böyüklüyü dayanır. Bu mənada, Azərbaycan poeziyasının ən
böyük məğlubiyyəti, yəqin ki, Hadinin adıyla
bağlıdı. Çünki bu məmləkətdə
heç bir şair "Beşikdən məzara qədər bəşərin
əhvalı"nı və ya
"İnsanların tarixi faciələri"ni yazmağa cəhd
eləməyib...
Həyatın
səsləri guşumda həp fəryad şəklində,
Bu insanlar
ki, qardaşdır və lakin yad şəklində,
Ədavət
daima vardır, məhəbbət ad şəklində,
Fərəhlər
həbs olunmuş, hüznlər azad şəklində,
Müsibətlər,
bəlalar qüssələr abad şəklində,
Ürəklər
qəm odilə hər zaman bərbad şəklində...
Hadinin fikrincə, bəşərin beşikdən məzara
gedən yolu zülm və əsarətdən keçirdi. Adəmdən
üzübəri insanların tarixi faciələri də ədavətdən,
xəyanətdən, nəfsdən, tamahdan, bir sözlə,
insana xas olan yüz cür günahdan doğurdu. Hadi
özü azad adam idi, bu dünyada
heç kimə və heç nəyə bağlı deyildi,
deməli, kiminsə, nəyinsə xətrinə günaha
batmağa da ehtiyacı yoxuydu. Amma Hadinin
canındakı bu azadlıq duyğusu təkcə şeirə,
sözə çevrilməklə doymurdu, onu səyahətlərə,
təhlükə və macəralara
çağırırdı. Bu cəhətdən
Hadi dünyanın bir çox romantik şairlərinə bənzəsə
də öz müasiri Caviddən xeyli fərqlənirdi. Caviddə romantik şairlərə qətiyyən
xas olmayan bir oturaqlıq, evə, ailəyə
bağlılıq vardı. Amma yox!..
Sən demə, Cavidin taleyinə də "səyahət"
yazılmışdı: Azərbaycanın bu romantik şairi də
öz ömrünü evdən-eşikdən uzaqda, soyuq
Maqadanda, sürgündə başa vurmağa məhkum idi...
Haçansa Hadinin həyatında da bir sürgün əhvalatı
olmuşdu. Səksəninci illərin əvvəlində, qocaman
yazıçılarımızdan biri həmin o sürgünlə
bağlı mənə maraqlı bir rəvayət
danışdı. ...1908-ci il
Türkiyə inqilabından ruhlanan Hadi bir-iki il sonra
İstanbula gedir. Amma orda da dilini dinc qoymur, qəzet və
jurnallarda yazdığını yazır, yaxşıya
yaxşı, pisə pis deyir və görünür,
"pis" dediyi adamlar onun üstünə "rus
casusu" adı qoyub Salonikə sürgün edirlər. Uzun əzablardan, əziyyətdən sonra, axır
ki, onu sürgündən azad eləyib əvvəl
İstanbula, ordan da, 1914-cü ildə gəmiylə vətəninə
qaytarırlar. Və taleyin acı zarafatına bax ki, yolda
o gəmini yunanlar saxlayırlar, adamları yoxlayıb yenə
yazıq Hadidən yapışırlar, bu dəfə də
üstünə "türk casusu" adı qoyub həbs etmək
istəyirlər və bu vaxt o gəmidə olan bir erməni həkim
Hadinin dadına çatır: - Mən bu yazığı
tanıyıram, - deyir, - şairdi. Türklər "rus
casusu" deyib bunu Salonikə sürgün eləmişdilər,
indi siz də "türk casusu" deyib həbs etmək istəyirsiniz?!. Xülasə, o həkim Hadini
yunanların əlindən alır. Amma o
erməninin Azərbaycan ədəbiyyatı
qarşısındakı "xidmətləri" bununla
bitmir. Həmin o qocaman yazıçımız
danışırdı ki, otuz yeddinci ildə o həkimi tutub
Sibirə sürgün edirlər və Maqadanda, Cavidin
ömrünün son günlərində, o həkim xəstə
şairin qulluğunda dayanır... Sözün
düzü, bu rəvayətin həqiqətə nə dərəcədə
yaxın olduğunu mən bilmirəm. Və
nə vaxtsa bu dünyada bir yaxşı erməninin olduğuna
inanmağa da əsas görmürəm. (Amma
o erməninin axırına da Maqadan şaxtası
çıxdı.) Əslinə qalsa, o
vaxt o söhbətdə mənə maraqlı görünən
Hadinin "casusluğu" idi. Yox, məsələ
onun "rus və ya türk casusu" olmasında deyildi.
Allahın bu dünyaya göndərdiyi şairləri
insanlar arasında "Tanrı casusu" sayanlar, bəlkə
də, haqlıdı. Bu mənada, təpədən
dırnağacan şair olan Məhəmməd Hadi
Tanrının ən sədaqətli "casuslarından"
idi. Və Hadinin heç kəsin başa düşmədiyi
qəliz bir dildə yazılmış, az
qala şifrələnmiş şeirləri də, bəlkə
bizə yox, onu bu dünyaya göndərənə
ünvanlanmışdı. ...Tanrının Hadini çox
gözəl başa düşdüyünə heç bir
şübhəm yoxdu...
Ramiz Rövşən
Ədəbiyyat qəzeti.-
2019.- 30 noyabr. S. 6-7.