Donurdu
Hadinin əlləri
Soyuğu
başladı yetim bir məmləkətin,
Keçən
ilin soyuğu qıçında
kasıb
qaçıb gizlənmişdi
cındırının içində.
Soyuq
ayı dərisindən də keçirdi,
kasıbın cındırından keçmədi,
-
Gözümüz aydın!
Kasıb soyuqdan
küsüb!
Qapılılar
bağladı qapısın,
Pəncərəlilər
pəncərəsin;
Özləri
bilərlər -
Kasıb soyuğun, soyuq kasıbın.
Hamı
qaçıb gizlənəndə,
çəkiləndə bu dünyadan,
hətta
şeytanın da ayağı,
sınıq pəncərələrə tutulmuş
qəzet kimi
şairlərə gəlir dünyanın soyuğu...
Donurdu
Hadinin əlləri,
Qapılılar
qapısın bağlamışdı,
pəncərəlilər pəncərəsin.
Buzdan,
şaxtadan yollar da qalın,
Qara torpaq
da qalın, qalın,
üstündə nə qəbir qazılar,
nə
dua oxunar, -
Allah da
bağlamışdı
o
dünyanın yolun.
Bir atlı keçirdi
Allah
bağlayan, dərd açan yoldan,
atlının bığları eşmə,
dərdin
yolları sürüşkən,
-
Canım atlı, gözüm atlı,
bu
dünyanı keçməyə
ya bu
atı bağışla,
atı
bağışlamırsan,
atın
ağzındakı odu bağışla.
Odu da
bağışlamırsan,
gəl,
bu bığları bir də eşmə!
Donurdu
Hadinin əlləri
səsinə at dayandı,
atın
ağzında od dayandı,
Atlı
qamçıladı atı,
od
çıxırdı atın ağzından,
Donurdu
Hadinin əlləri,
Qaça-qaça
saldı əlini atın ağzına,
Atlı
qamçıladı atı,
At qaça-qaça yumdu ağzını...
Donurdu
Hadinin əlləri
Çıxartdı
ürəyinin yanından
Sata bilmədiyi
şeirləri,
od vurdu
şeirlərə
saldı
əlini odun içinə,
orda əli
ürəyinə dəydi,
orda
ürəyi əlinin içində,
əli
ürəyinin içindəydi.
Şeirin
odu axıb, axıb isitdi
çölləri, dağları, məzarları da,
isitdi
ölümsüz məzarların
ölümsüz etdiyi bu ulu yurdu.
...O anda,
yurdun bir qırağında
qalxıb
ulu məzarından Mirzə Ələkbər
Ciyərinin qanını yuyurdu.
Vaqif Bayatlı Oder
Ədəbiyyat qəzeti.-
2019.- 30 noyabr. S. 7.