Bənzərsiz
sənətkarlıq nümunəsi
Çoxcəhətli
yaradıcılıq fəaliyyətinə malik olan, qiymətli
şeir və poemalar yazan, dövri mətbuatda
çoxsaylı bədii-publisistik məqalələr dərc
etdirən, klassik Şərq və farsdilli Azərbaycan
poeziyası nümunələrini dilimizə çevirən Məhəmməd
Hadi (1879-1920) əsasən qüdrətli romantik şair kimi
şöhrət qazanmışdır. O, özünü əhatə
edən müdhiş mühitin, obyektiv gerçəkliyin
mürəkkəb və parlaq hadisələrinin, "odlu fəğanlarının",
"acı həqiqətlərinin", "dadlı xatirələrinin"
oyatdığı dilsiz duyğulara, böyük rus tənqidçisi
Vissarion Belinskinin sözləri ilə desək, "söz və
surət vermiş, onları dar köks qəfəsi içərisindən
bədii həyatın təmiz havasına
çıxarmışdır". Romantik şair qəlbində
bəzən "şərarə" və "əndişə",
bəzən "kəsbi-karə qeyrət", bəzən də
nida və "fəryad şəklində" doğulan lirik
və bədii düşüncələrdən ucalan poetik səs
pərdə-pərdə qüvvətlənərək "cəhalətdən
şikayətə", "El fəryadı"na, "Vətən
nidası"na, "Amali-istiqbal"a, ümumiyyətlə,
özünün dediyi kimi, "Vətən səsi və həyatın
sözü" səviyyəsinə yüksəlmişdir:
Elmin,
hünərin, mərifətin varsa, buyur gəl,
Yoxsa, bu həyat aləminə olma bir əngəl.
Ərbabi-kəmalın
yeridir bil ki, bu meydan,
Bədbəxt yaşar torpağın üstündəki
nadan.
...İştə
yaşamaq haqqına haizdir o kütlə -
Bir hərbi-münəvvərlə
çıxıb cəbheyi-cəhlə,
Bundan belə
dünya böyük ürfanlı ər istər,
Sən də yaşamaq istər isən bilgini göstər.
Lakin bu hərarətli
şair səsi Mirzə Ələkbər Sabirin satirik
qırmanclamalarından, Hüseyn Cavidin romantik-fəlsəfi
ümumiləşdirmələrindən, Abbas Səhhət və
Abdulla Şaiqin romantik-realist tərənnüm
üsullarından fərqli olaraq, "milli nəğmə",
"həsb-hal", hətta "Zamanın məzhəkələri",
"Hərarətli şeir və qızdırmalı
halımda saçmalarım", bəzən də "Məhəmmədəli
şahın qulağına azan" şəklində təzahür
edən romantik həyəcanlardan ibarət olan, dövrün
suallarına və çağırışlarına cavab
kimi meydana çıxan hərarətli Hadi sözü idi. Fədakarlıq və mərdanəlik bu şeirin həqiqi
epiqrafı, "qüvvət, həyat, ümid" isə
estetik idealı olmuşdur. Hürriyyətin "firdovsi
məna"sından bəhs edən "Nəğməyi-əhraranə"
(1906) şeiri ilə başlanan bu orijinal yaradıcılıq
yolu "insanların tarixi faciələri və yaxud əlvahi-intibah"
(1918) poeması ilə yalnız xronoloji baxımdan deyil, həm
də ideya-sənətkarlıq cəhətdən
tamamlanmışdı. "Əlvahi-intibah"
poeması təkcə Məhəmməd Hadi romantizminin yox,
ümumən Azərbaycan ədəbiyyatında romantizm
intibahının yaradıcılıq zirvəsi idi.
Zamanı və insanlığı
düşündürən böyük amalları və mətləbləri
obrazlı şəkildə, yüksək sənətkarlıqla
və fəlsəfi ümumiləşdirmələrlə əks
etdirən "Əlvahi-intibah" poeması təzə
epoxanın intibah göstəricisi idi. Azərbaycan romantik
lirikasının fəlsəfi dərinliyini, sənətkarlıq
baxımından kamilliyini, vətəndaşlıq
çağırışlarını
"Əlvahi-intibah" səviyyəsində ifadə edə
bilən əsər tapmaq çətindir. Bu, Məhəmməd
Hadi istedadının da intibahı idi:
Həyatın
səsləri guşumda həp fəryad şəkilində,
Bu insanlar
ki, qardaşdır və lakin yad şəkilində...
Bütün bunlara görədir ki,
"Əlvahi-intibah" poeması ilə Məhəmməd
Hadinin Bayron, Puşkin romantizminə qovuşduğu qeyd edilir,
bu poema dərin təsirlənmiş təfəkkür
sahibinin məhsuludur. Həqiqətən də Məhəmməd
Hadinin lirikası üçün romantik-publisist üslub səciyyəvidir.
Gündəlik hadisələrə fəal müdaxilə
edən Məhəmməd Hadi təəssüratlarını
məqalələri ilə yanaşı, şeirlərində
də geniş şəkildə əks etdirmişdir. Bu isə onun şeirlərinə
o vaxta qədər Azərbaycan şeirində ya heç
işlədilməyən, ya da az işlədilən
söz və tərkiblər gətirmişdi. Şairin
şeir dilində tez-tez rast gəlinən milləti-məzlumə,
mənafeyi-şəxsiyyə, məktəbi-mədəniyyət,
məktəb, maarif, məişət, intibah, istibdad, vicdan,
amal, əsarət zülməti, həyatın dəftəri,
dadlı həqiqət və s. kimi ifadələr ədəbiyyatdan
çox dövri mətbuatdan gəlir. Lakin
bütün hallarda Hadi belə sözlərə müəyyən
poetik məna verir. Buna görə də
publisist dil ünsürləri onun şeirlərinin ideya
aktuallığını qüvvətləndirir, gerçəkliyin
həyati ifadələrlə tərənnümünə
imkan yaradır. "Dad istibdaddan" şeirindəki
özünəqədərki Azərbaycan lirikasında nadir
hallarda təsadüf edilən, dövri mətbuatdan gələn
söz və tərkiblər yüksək
obrazlılığa və mənaya malik olan lirik nümunəyə,
publisistikaya məxsus sadəlik, aydınlıq,
çağırış və sərtlik bəxş
etmişdir:
Qaldıq
əlində bir sürü ərbabi-vəhşətin,
Olduq əsiri pənceyi-qəhrü müsübətin.
...Ehraq
olundu zülmilə nazəndə şəhrlər,
Yaxmaqdadır cəhanları ahı cəmaətin.
...Qan ağlayır əhali,
könüllər cərihedər.
Gülməzmi
ey xuda, yenə ruxsarı rəhmətin,
Hər
kimsə öz mənafeyi-şəxsiyyəsin arar,
Əshabi-elm olmada qurbani zillətin.
Bədii publisistika ilə bağlılıq, eyni zamanda Məhəmməd
Hadinin lirikasında XX əsrin əvvəlləri Azərbaycan
dövri mətbuatında geniş şəkildə işlənən
Osmanlı və ərəb-fars dillərindən
alınmış ifadələrin fəallığını
artırmışdır. "Füyuzat",
"Şəlalə" kimi nisbətən çətin
dildə yazıb-yaratmağa üstünlük verən mətbuat
orqanlarında çalışan şairin
yaradıcılığında çox vaxt həmin
jurnalların dil təcrübəsindən gəlmə meyillər
hiss olunacaq səviyyədədir. Şeirlərilə
iştirak etdiyi mətbuat orqanlarına şöhrət və
oxucu qazandıran Məhəmməd Hadi, həm də təbii
olaraq bu jurnallardan dil cəhətdən təsirlənmişdir.
Mövcud ictimai gerçəkliklə barışmayan
M.Hadinin romantik baxışları həmişə
işıqlı gələcəyə dikilir. Xoşbəxt gələcək
onun bütün ideallarının nəticəsi,
iztirablarının və romantik örpəyi arxasında
gülümsəyən şanlı gələcək günəşi
və ardınca buz bədənli okeana isti iqlim
qurşaqları yayan nəhəng aysberq kimi Hadinin
"qızdırmalı halımda saçmalarım"
formasında təzahür edən şeir ümmanına nikbin
poetik hava gətirir. Həmin poetik nikbinlik Hadi kədərini
işıqlı ümidlərlə qovuşdurur.
İctimai gerçəklikdən şikayətlərini
də, şanlı istiqbal olan gələcəyin romantik
işıqlarını da Məhəmməd Hadi özünəməxsus
məcazlarla canlandırmışdır. O, müqayisə
ünsürlərindən hamısının iştirak etdiyi
müfəssəl bənzətmələrlə
poeziyamızda tamamilə orijinal səslənən heyrətamiz
təşbehlər yaratmağa müvəffəq olmuşdur.
Şair ənənəvi mövzulardan sayılan məhəbbət,
təbiət, vətən, hətta XX əsr şeirimizdə
xüsusi vüsət alan elm və məktəb
mövzularına müraciət edərkən də
lirikamızı yeni bədii təsvir vasitələrilə zənginləşdirmişdir.
"Lövheyi-bahar" şeirindəki bahar təşbehləri
yeni və mənalıdır:
Parıldayır
gümüş kimi çəməndə ruyi-məvcadar,
Axar dəruni-bağdə, qılar riyazı tabdar.
Bulaqlar əşkrizi-qəm,
təranəsazdır həzar,
Bu
lövheyi-həyatdan al aqil içən etibar,
Rümuzi süni anlamış nəşaidi-həzarı
gər.
Təşbeh və metaforasız, epitet, bədii sual və
nidasız, "ictimai rəmz"dən M.Hadinin
özünün etiraf etdiyi kimi, xali şairin nəinki bir
şeirini, hətta bir misrasını da tapmaq çətindir. Romantizm
poetikası sistemində özünəməxsus yeri və əhəmiyyəti
olan bədii təsvirlərin, ifadə vasitələrinin
hamısı küll halında Hadi lirikasına poetik cazibədarlıq
gətirməklə bərabər, yeni-yeni mənaların ifadəsinə,
ictimai məzmunun qüvvətlənməsinə də müvəffəqiyyətlə
xidmət edir. Hətta M.Hadi məqalələrindən
birində açıq sözün, mütərəqqi fikrin
təqil olunmaqda davam etdiyi şəraitdə rəmzlərlə
yazmağı sənətkarın qarşısında duran bədii-estetik
tələb kimi irəli sürürdü. O, buna görə
də Mollayi Ruminin ictimai mətləbləri
üstüörtülü yolla ifadə etməsinə
yüksək qiymət verir, qələm dostlarını da bu
tələbə əməl etməyə
çağırırdı. Hadi xüsusi olaraq
xatırladırdı ki, "sözü aydın və müəmmasız
söyləyənlər isə müstəbidlərin istibdad
qılıncına qurban olub getmişlərdir".
Qüdrətli şair Məhəmməd Hadinin şeirlərinin
əksəriyyəti lirik qəhrəmanın odlu qəlbindən
qopan ehtiraslı monoloq və orijinal dialoq formalarında təzahür
edir. Həqiqət və gələcək eşqi ilə
alışan lirik "mən"in hərarətli,
qayğılı düşüncələri, haray və həyəcanları
bu monoloqların başlıca məzmununu təşkil edir.
Lirik düşüncə və həyəcanların
çılğın bir zirvəyə yüksəldiyi anlarda
isə Hadinin monoloqları qəmpərvər aşiqin təranəsi,
rindin nəvası, "xurafat içində həqiqət",
yaxud "fəryad şəklində" ifadə edilir və
ictimai-fəlsəfi vüsət alır. Dialoqlar
da belə monoloqlardan yaranır. Şair
çox vaxt şeirlərinin sərlövhəsini, sual tərzində
müəyyənləşdirir. Şeir
özü isə bütövlükdə dövrün tələbindən,
ictimai-mədəni tərəqqinin ləng inkişafından
doğan həmin sualların cavabından ibarət olur. "Qələm nə söyləyir", "Biz nə
haldayıq?", "Nasıl yüksəlməli?",
"Həqiqət acımı, dadlımı?" və sair
qeyri-adi dialoq formalı şeirlər şairin özü ilə
daxili söhbəti, hesabatı təəssüratı
doğurur.
Hadi klassik lirikasının ənənəvi
janrlarını dövrün həqiqətlərinin bədii
inikasına doğru istiqamətləndirə bilmiş, məlum
poetik formalarda siyasi fırtınalar dövrünün mütərəqqi
ideyalarını mənalandırmışdır. Şairin qəzəl,
rübai, tərcibənd, tərkibənd kimi şeirləri
klassik poeziyasındakı sələflərdən həm məzmun,
həm də formaca fərqlənir. Əvvəla,
Hadidə qəzəllər sayca azalmış, ilk və
axır beytlərin səciyyəvi xüsusiyyətlərinin sədləri
dağıdılmış, rübailərin qafiyə tənasübü
dəyişmişdir. İkincisi isə
klassik lirikadakı aşiqanə məzmun Hadinin şeirlərində
öz yerini yeni ictimai mənalara tərk etmişdi. Hadi
yaradıcılığında qəsidə artıq klassik
lirikada Tanrını tərənnüm edən minacat, peyğəmbəri
tərifləyən nət, hökmdarı ilahiləşdirmək
məcburiyyətindən kənara çıxa bilməyən
mədhiyyə, şairin özünün vəziyyətini mənalandıran
fəxriyyə və matəm, kədər motivlərini
canlandıran mərsiyə əlamətlərinin, məzmun
xüsusiyyətlərinin sədlərini xeyli aşaraq
yüksək vətəndaşlıq keyfiyyətləri
qazanmış, ictimai-fəlsəfi xarakter almışdı. Qəsidə ustasının bu janrda
yazılmış şeirlərində minacatların və lənətin
mövcud xarakteri büsbütün tərk edilmişdi. Hökmdarın mədhini isə köhnəlmiş
idarə üsulunun, vaxtı keçmiş adətlərin,
geri qalmış həyat tərzinin tənqidi əvəz
etmişdi. "Arzuyi-dil" qəsidəsində
"atəşlərə dönmüş vətən"in
nəsibi əzab olan övladlarının "aləmi
yandıran fəryadları"ndan, "Əndişeyi-həyat"
şeirində məişətə qat-qat vurulan zəncirlərin
yaratdığı əsarət zindanından
danışılır. Böyük
söz ustadı Səməd Mənsura həsr olunmuş
"Hərarətli şeir, yaxud qızdırmalı
halımda saçmalarım" qəsidəsinin ideya-məzmununu
isə sərlövhənin özü də dolğun ifadə
edir. Bu şeirdə şairin idealla varlıq arasındakı
təzaddan, uyğunsuzluqdan doğan odlu, hərarətli
düşüncələri əks etdirilmişdi:
Gözün
bir gülməyir
bu ərzi-fəryadı
görən gündən,
Könül
şad olmayır
bu səhni-nəşadı
görən gündən.
...Bəşər
göz yaşıdır
matəmgəhi-dünyayə
gəldikdən,
Bunu tədqiq
qıldım,
hali-növzadı
görən gündən.
Orta əsr
ədəbiyyatındakı mistik məzmunlu mərsiyə və
münasibətnamələrin əvəzinə, Məhəmməd
Hadinin dünyəvi kədərini tərənnüm edən
"Təraneyi-qəmpərvəranə", "Dünya
saheyi-qəmdir" və s. kimi qəsidələri meydana
çıxmışdı. Lirik "mən"in
dilindən deyilsə də, bu şeirlərdə
"özündən daha qabaq, daha artıq xalqını, vətənini
düşünən namuslu vətəndaşın",
Hadinin öz sözləri ilə desək, "dünyadə
bədbəxtanə yaşayan arifin" kədərli
düşüncələri çırpınırdı.
Beləliklə, qəsidə zamanın ictimai mənzərəsini
mənalandıran, dövrün ciddi, mürəkkəb
suallarına cavab axtaran sosial məzmunlu şeirə
çevrilmişdi.
İdeya, məzmun və poetik forma etibarilə rus və
dünya şeirindəki oda janrı ilə yaxın olan qəsidə
üçün təntənəli dil və üslub həmişə
səciyyəvi əlamətlərdən
sayılmışdır. Vaxtilə M.V.Lomonosov
oda formasında yazılan şeirlərin təntənəliyini
onun yüksək üslubu ilə təmin etməyə
çağırmışdı. Romantik
şeirdəki qəsidələrdə də yüksək ahəngdarlıq
və poetik təntənə xatirinə parlaq üslub qorunub
saxlanılmışdır. Hadinin parlaq
üslublu, xüsusi təmtərağa malik qəsidələrində
"işıqlı düşüncələr ilə
işıqlanır millət" tələbinə əməl
edilmişdir.
Hadinin əksər qəsidələri məsnəvi
formasında qafiyələndirilmişdir. Yəni hər
beyti təşkil edən cüt misra öz arasında qafiyəcə
uyğunlaşdırılmışdır.
Kupletlər də Məhəmməd Hadinin romantik
şeirin poetik forma xəzinəsinə daxil etdiyi yeni
janrlardandır. "Ümməhati-həyat, yaxud cinsi-lətifəyə
bir baxış", "Timsali-məal, hüsnü-məhzun",
"Hisviyyət təranələri" başlıqları
altında toplanan kupletlər əsasən dördlüklər
və beşliklərdən ibarətdir. Formaca
yeni olan bu bəndlərin quruluşunda, qafiyələnməsində
xalq-aşıq şeirindəkindən fərqləri
üsullardan istifadə edilmişdir. Dördlüklərdə
bir qayda olaraq birinci və dördüncü misralar birlikdə
qafiyələndirilmiş, yanaşı gələn ikinci,
üçüncü misralar isə ayrılıqda qafiyəcə
uyğunlaşdırılmışdır. Bu cür
qafiyələnmə üsulu Azərbaycan şeirində yeni
idi:
Açıl,
ey sübhi-sadiqi-millət,
Gecə
geymiş həyatımızsa yetər!
Parla, ey
canlı nur, canlı səhər,
Ərisin
bizləri udan zülmət!
Bəzən ədəbiyyatşünaslıqda kupletlər
M.Hadinin "müvəffəqiyyətsiz forma
axtarışlarına misal" hesab edilmişdir. Doğrudan da bəzi
misralardakı natamamlıq, vəzndəki dəyişkənlik
və s. kupletlərin forma sarıdan nöqsanı sayıla
bilər. Lakin Hadinin dördlüklərində
misraların bütövlüyü və vəzni
pozulmamışdır. Sərbəstlik
beşliklərdə nəzərə çarpır ki, bu da
şairin poetik forma sahəsində klassik ənənədən
müəyyən qədər ayrılmaq, orijinal yol tutmaq cəhdlərindən
irəli gəlmişdir. Əslində,
romantiklərin hamısı bu cür cəhd göstərmiş,
özlərinin yaradıcılıq dəst-xəttinə
uyğun gələn yeni janrlarda yazmağa can atmışlar.
Hadinin də yaradıcılığında bu cəhdin
uğurlu təzahür etdiyi məqamlara təsadüf edirik.
O, elə beşlik kupletlər də yaratmışdır ki,
onlarda yarımçıq misralar və ya vəzn
dolaşıqlığı yoxdur:
Ana! - Eylər
hüququnu pamal,
Üzünə,
həqqinə çəkər pərdə,
Olmuş ikən südünlə pərvərdə.
O səbəbdən
ki, cəhreyi-amal.
Məhəmməd Hadi lirikasının vəzni də
onun təmtəraqlı bədii üslubunu tamamlayır. Şairin heca
vəznində yazılmış şeiri yox dərəcəsindədir.
O, şeirlərini əsasən əruz vəzninin rəngarəng
bəhrələrində yazmışdır. Çünki
əruz vəzni təmtəraqlı üslub üçün
münbit şərait yaradırdı. Vəzndən
irəli gələn yüksək ahəng, ağır poetik ləngər,
vurğu və ibarə, dəbdəbəli dil Məhəmməd
Hadinin üslubu ilə çulğalaşır. Görkəmli ədəbiyyatşünas Əziz Mirəhmədovun
haqlı olaraq dediyi kimi, Məhəmməd Hadi əruz vəzninin
təntənəli bəhrələrinə müraciət etməklə
şeirlərinə coşqunluq gətirmişdir. Həqiqətən bu vəzn Hadi şeirinin parlaq bədii
üslubunu tamamlamışdır.
Novatorluq yollarındakı belə axtarışlar Məhəmməd
Hadi yaradıcılığının başlıca məzmununu
və əsas istiqamətlərini təyin etmiş, zəngin ənənələrə
malik olan ədəbiyyat tariximizdə qüdrətli sənətkar
kimi fəxri yer qazandırmışdır. Məhəmməd
Hadinin yaradıcılığı Azərbaycan şeirində
Füzuli ilə Səməd Vurğun arasında xüsusi mərhələ
təşkil edir. Bütün bənzərsiz
cəhətləri, özünəməxsusluqları ilə
bir sırada Hadi şeiri klassik lirikadan yeni şeirə
keçidə, hazırlıq baxımından da mühüm əhəmiyyət
kəsb edir. Məhəmməd Hadinin
simasındakı Azərbaycan şairi Füzulini inkar etmədən,
onu forma və məzmunca bir qədər yeniləşdirərək
klassik şeirdən yeni şeir mərhələsinə
keçə bilmişdir.
İsa
HƏBİBBƏYLİ
Ədəbiyyat qəzeti.-
2019.- 30 noyabr. S. 8-9.