Qırx
bir
Onun faciəsi amansız bir əsrin faciəsi idi və o
bu faciəni hər üzü ilə yaşamışdı.
Yetimliklə başlayan həyatı ruhi xəstəxanadan,
zəlzələdən, qanlı hərb meydanlarından,
aclıq və səfalətdən, nakam sevgidən, həbsxanadan,
sürgündən, alkoqolizmdən bir sözlə taleyin insana
oynadığı bütün dəhşətlərdən
keçmişdi.
O
zamanın övladı idi və bu zamanda fərəhlər həbs
edilmiş, hüznlər azad idi.
Di gəl ki, bu amansız zaman heç kimi o qədər
sıxıb boğmalamamışdı, heç kimi bu qədər
əzməmişdi və heç bir şair öz həyatında
insanlığın tarixi faciələrini öz dərisində
bu qədər dərindən hiss etməmişdi.
Və onun faciəvi ölümü də əlahiddə
bir hadisə olmayıb bu dramatik həyatın məntiqi yekunu
idi.
XX əsrin əvvəllərində bütün
dünyaya qəribə bir hüzn, bəşərin taleyindən
nigarançılıq, Nitsşenin
"öldürdüyü" Tanrıdan sonra yetimlik
çökmüşdü.
Hadi bu fikir burulğanlarında çapalayacaqdı. Ümidləri
ardıcıl olaraq puça çıxacaqdı.
"Hophopnamə"
Sabirin ömrünün son beş ilində
yazdığı şeirlərdən ibarətdir. O zamana qədər
isə Sabir öz yolunu tapmamışdı. Molla
Nəsrəddin olmasaydı Sabir də olmayacaqdı.
Mən Hadinin faciəsinin sirrini də bunda görürəm.
Sabir kimi o da klassik təhsil almışdı,
dünyadakı gedişatdan, dünyəvi təhsildən uzaq
düşmüşdü.
O XX əsrdə Sədi, Hafiz təfəkkürü ilə
yaşamaq istəyirdi. Əsrin çağırışları onu dindirmirdi. Əcnəbilərin balonlarla
çıxdığı göy üzünü o öz ruhu
ilə fəth etmək istəyirdi.
Maarifin, təhsilin əhəmiyyətindən
danışırdı. Amma Sədini tərcümə edirdi.
Axundovun da dediyi kimi 800 il ərzində Sədi
ilə heç kimi tərbiyə etmək mümkün
olmamışdı.
Bir tərəfdən despotlara bayraq qaldırır,
inqilaba şeir həsr edir, sonra isə milli oyanışa qayıdırdı.
Bu daxili ziddiyyətlər, çözə bilmədiyi fəlsəfi
suallar Hadini içdən yeyirdi. Bəzən ruhani kimi
cəbhəyə gedir, bəzən isə şeirlərini
satıb araq alırdı. Məscidlə
meyxana arasında qalmışdı.
Ölümü də qaranlıq qaldı, bilinmədi
ki, Gəncə üsyanında öldürülüb yoxsa xəstəlikdən
ölüb.
Qəbrinin yeri belə naməlumdur.
Hadi elə bil dünyaya enmiş bir mələk idi və
o mələk sanki insanlığın bütün
günahlarına müqabil olaraq öz ruhunu fəda edəcəkdi.
Və
Hadi şair idi...
Bütün bu ruhi sarsıntılar, mənəvi məhrumiyyətlər,
səfalət və böhranlar-bütün bunlar, onun qələmi
ilə ədəbiləşəcək, tarixin
yaddaşına hopdurulacaqdı.
Kafka
haqqında bu ifadəni tez-tez işlədirlər: Pessimizmin
peyğəmbəri...
Hadi Kafka
ilə eyni illərdə yazırdı və mən
Kafkanın bütün nihilizmini eləcə də onun ziddiyyətlərini
eyniylə Hadidə hiss edirəm.
Onlar eyni
zamanın övladları idilər, Kafka ondan 4 il
sonra doğulub dörd il sonra ölmüşdü. Hər
ikisi də 41 il yaşamışdı...
Birinci
Cahan hərbi zamanı düşmən ölkələrin vətəndaşları
olsalar da onlar ədəbiyyat adlı bu zamanın bütün zərbələrinə
qarşı şax dayanıb, insana daim insanlığı
xatırladan bir dinin müridləri idilər.
Onlar insan
idilər...
"Nə
yapsın bəxtsiz insan ki, möhnətlər həqiqətdir?!".
Qan Turalı
Ədəbiyyat qəzeti.-
2019.- 30 noyabr. S. 9.