Onu
hamı ilə danışdırmaq arzusu
Doğulub-böyüdüyüm, ilk uşaqlıq və
yeniyetməlik çağlarımdan hər qarışı mənə
çox əziz olan istiqanlı Kürdəmirin qızmar
torpağına haçandan bəri ürəyimdə gəzdirdiyim
borcum var.
Nəhayət ki, vədə yetişib və uzaq olmayan
sabahlarda o çoxdankı niyyətimi gerçəkləşdirəcəyəm.
Çox istəyirəm ki, vaxtilə bura
sığınmış 4 böyük ədibimizin Kürdəmirdə
abidələri ucalsın. Özü də
bir-birinin həndəvərində, eyni bir bağın
içərisində.
Arzulayıram
ki, onlar bu yerə XX yüzilin əvvəllərində -
ömürlərinin qayğılı, narahat
çağlarında olan sayaq, vaxt və tale zəlzələsindən
can qurtararaq özlərini və əzizlərini xilas etməkçün
gəldikləri kimi deyil, indi ürəklərdə onlara
böyük sayqı və sevgi bəslənən, burada
onları az qala hamının
tanıdığı günlərdə təzədən
qayıtsınlar, hər gün göz qabağında olsunlar.
Ən azı hər gün gördükləri
üçün də bir əsr əvvəl tanımayaraq
yanlarından biganə keçənlərin nəvə-nəticələri
onların kitablarını açsın, hansısa sətirlərini
oxusun, bu adları yaddaşlarında daha çox gəzdirməyə
başlasın.
O müqəddəs
tutulmağa layiq dördlük Mirzə Cəlil, Mirzə
Ələkbər Sabir, Abbas Səhhət, bir də Məhəmməd
Hadidir.
İndi hərəsinin
adına Kürdəmirdə bir
küçə var və mənim qurmaq istədiyim, artıq
yeri də mənimki olan bağ da elə həmin küçələrdən
birindədir - Mirzə Ələkbər Sabirdə!
Həm də bunu etməyi sadəcə arzulamıram,
kimdənsə ummuram, əvvəldən sona nə zəhməti
var, özüm çəkəcəyəm.
Bu 4
ölməz kişinin arasında və ümumən
Yaxın-Orta Şərqin son 1000 ildəki nisbətən
yaxından tanıdığım yüzlərlə söz
ustası cərgəsində bircəsinin həyatının
sonu ilə bağlı laübalı, mübhəm ifadə
var ki, hələ məktəb illərindən beynimə həkk
olub.
Əksər qələm və zəka sahibinin
ömrünün bitəcəyi ilə əlaqədar, adətən,
hər Allah bəndəsinə aid bu sözləri yazırlar
ki, "vəfat etdi".
Ancaq cəllad kötüyündə başı bədənindən
ayrılanlar da olub, dar ağacından asılanlar da,
daşqalaq edilənlər, suda boğdurulanlar,
yandırılanlar da.
Üsullar çoxdur, insan qəddarlığı nə
qədər hüdudsuzdursa, öldürmələrin, məhvetmələrin
də o qədər bolluca çeşidi var.
Məhəmməd Hadi haqqında isə sadəcə
"öldü" demirdilər, kitablarda, məqalələrdə,
hətta dərsliklərdə də "qeyb oldu"
yazırdılar.
Hər məchul sual kimi gec-tez bu müşkül də
açıldı, sonralar Məhəmməd Hadinin 1920-ci ildə
vəfat etdiyi, Gəncədə hər kəs kimi bir məzara
gömüldüyü də müəyyənləşdi, hətta
qəbri də tapıldı.
Lakin
uşaqlıq çağlarımdan hafizəmə
çökmüş o şairanə, o sirli deyiş heç
vəchlə içərimdən getmir və hər Hadini
düşünərkən, elə bu gün də onun barəsində
fikrə dalarkən, həyatdan adi ölümə məhkumlar
kimi getməsini, sıradan olan bir insan kimi torpağa
tapşırılmasını yox, məhz qeybə çəkilməsini
qəbul edir və bu həqiqətə inanıram.
Ölməyib,
torpağa qatışmayıb, bir ruh kimi, işıq kimi, mələk
kimi uçub, sonsuz boşluqlarda buxarlanıb, şeir kimi,
şeirinin misraları təki fəzalarda əriyib-itib, qeybə
çəkilib...
Uçmağı
isə o həmişə arzulamışdı:
Uçsaydım,
ah, mən o müəlla cahanlara!
Yüksəlmək ən böyük əməlim
asimanlara.
Artıq
xilas olur da əlindən fəlakətin,
Görməm vücuh-i dəhşətini ərz-i vəhşətin.
Həyatı
boyu könlündə yaşatdığı ən ali amala - yurdunun, millətinin istiqlalına,
hürr olaraq yaşamasına Yerdə yaxın zamanda
çatmağın mümkünlüyünə şəkk
etdiyindənmidir ki, bu nemətlərə doğru qanadlanaraq,
uçaraq yetişməyi də diləyirdi:
Hürriyyətə,
ülviyyətə, qüdsiyyətə, millət!
Amal-i səadətlə olaq biz dəxi təyyar.
Amma ona da
qəlbən inanırdı ki, ən heyrətli
uçuşların da bünövrəsi burda - yerdə
qoyulur:
Cahanda
olmasaydı əhl-i ərzin yüksək amalı,
Ucalmazdı göyə yer oğlunun şəhbal-i
iqbalı.
Evin
başlanması başdan deyil, təməldəndir,
Göyə uçmaq da öylə, ən təməlli
bir əməldəndir.
Pərvaz etməyə, çərçivələri
qırmağa, yeni-yeni sərhədləri aşmağa can
atan Hadi heç də həmişə məcazi, xəyali
uçuşları nəzərdə tutmurdu.
XX
yüzil yenicə başlayırdı, kosmik uçuş
zamanları o dövrdə hələ xəyala sığmayacaq
qədər uzaq idi, Hadinin səyyar düşüncələrindəsə
heyrətli uzaqgörənliklə həmin gələcək
günlər elə o çağlardan
sayrışırdı:
Dəst-i
təsxirində tutmuşkən bəşər
dünyaları,
Yerləri,
mədənləri, heyrətfəza dəryaları...
Yol bulur,
bir gün uçar, ulduzları təsxir edər,
Ən qaranlıq sirri anlar, aləmə təşhir edər.
Hadi
ulduzlara üz tutaraq bu şeiri qələmə alanda hələ
1907-ci il idi, hələ 28 yaşı vardı, cavan idi,
güclü idi, hələ müsibətli günlər,
böyük qəmlər xeyli aralıda idi, amma ürək
ki, həmin ürək, fəhm ki, həmin fəhm idi!
O səbəbdən
də hələ o vaxtlar uçmaq sevdası
canındaydı:
Uçsaydım,
ah, mən o müəlla cahanlara!
Yüksəlmək ən böyük əməlim
asimanlara.
Mən də
sizin kimi olub azadəsər o dəm,
Eylərdi tərk bəlkə məni pənce-yi ələm.
Gəncədə çox olmuşam, o göyçək,
o sevimli məkanın tarix yaşadan neçə səmtini gəzib-dolaşmışam,
lakin bir dəfə də olsun ürəyimdən keçməyib
ki, Hadinin məzarı deyilən yerə gedib baxım,
oranı ziyarət edim.
Bəlkə elə hisslərim haqlıdır?! Ürəyim məni məzar
deyə nişan verilən həmin yerə
doğru çəkmirsə, bəlkə elə qeyblolma
sorağı ən doğru olandır?
Hadi hey
uçmaq diləsə də, hər halda bir gün məzarının
ola biləcəyi ehtimalını da
ağlından və misralarından keçirmişdi.
Atəşlərinə
yaxılmağa pərvanə qədər hazır olduğu Vətəninin
hürriyyətə qovuşmuş gələcək vətəndaşlarına
ən sabitqədəm istiqlal şairimiz Məhəmməd
Hadi elə o başdan, isti-isti vəsiyyətini və təvəqqesini
də etmişdi:
Ey ol vəqti
görən məsud, unutma bizləri, yad et,
Bu yolda həsrət
ilə can verən əhbabi tedad et,
Məzarım
üzrə gəl, dur, qəmli-qəmli ağla, fəryad et,
Oxu bu
şeiri qəbrimdə, ələttəkrar övrad et:
Dur, ey
zindan-i nisyanda yatan, azad olub aləm,
Sürurabad-i
hürriyyət gəlib, dilşad olub aləm!
Mən Hadinin məzarına yox, "Edər
mürğ-i dilim pərvaz füshətgah-i lahutə" -
"Yuvam insanlar arasında olsa da, könlümün quşu
ilahi fəzalarda uçar" deyən dilinə inanıram.
Ona
görə də "İstiqbalımız
lağlağıdır" söyləyən Mirzə Ələkbər
Sabirə rəğmən "İstiqbalımız parlaqdır"
adı qoyduğu məramnamə şeirini onun qəbridir deyilən
torpaq topasının kənarında duraraq da yox, gözlərimi
göylərə dikərək pıçıldamağı
həmin vəsiyyətə daha dürüst əməletmə
sayıram.
...Dibsiz
göylərdə bitməz uçuşlarda təsəvvür
etdiyim Hadi həm də bizə əllə toxunacaq qədər
yaxındadır.
Nizami Muzeyində saxlanan, indi əllərimdə
tutduğum bu kitabda Hadinin əlinin izi var.
Bakıda,
İsa bəy Aşurbəyovun "Kaspi" mətbəəsində
basılmış "Şükufe-yi hikmət" adlı
kitabının, yəqin ki, ilk nüsxələrindən
birini 1914-cü il avqustun 9-da "bəradərim" deyə
müraciət etdiyi Mustafa Sübhiyə qardaş töhfəsi
kimi təqdim edir.
Yazısının
altında imzası, əsəbsiz, səksəkəsiz, rahat xətti...
Əlbəttə ki, xətt də danışa,
insanın ovqatını, daxili gərginliyi, ya asudəliyini nə
şəkildəsə göstərə bilir.
Amma bu kitabda başqa xətt də var.
Kimin xəttidir bilinmir, yəqin ki, haçansa, nə
yollasa bu nəşrin şəxsi kitabxanasına gəlib
çatdığı şəxsin son səhifədəki
qeydləridir.
Həmin adam öz kitabı olmasaydı, yəqin
ki, haşiyədə bu sözləri yazmağı da rəva
görməzdi.
Fikrini rusca yazıb, amma azərbaycanlıdır. Təbii ki,
indinin rusdilli azərbaycanlılarından deyil. Azərbaycan
türkcəsindəki şeirə marağı, meyli olan
oxucudur, lakin bu kitabdakı sətirlərin ərəb-fars kəlmələri
ilə doluluğu onu bir qədər mütəəssir edir:
"Bu kitab mənimlə danışmır. Nədirsə
bizim dildəki kimi deyil, başqa cür danışır.
Təəssüf ki, mənimlə söhbət
etmədi, neynək, qoy başqası ilə
danışsın".
Bu
sözləri bir əsrdən də bir az
qabaq dil, üslub qəlizliyi ucbatından gərəyincə
nüfuz edə bilmədiyi Hadi şeirləri haqqında
sıravi bir oxucu yazıb.
İndi nə qədər azərbaycanlı Hadinin
kitabını açaraq onunla hər misrasını tam
anlayacaq qədər rəvan dərdləşə bilir?
Lakin bu
şeir də Hadininkidir axı:
Yüksək
dilək, ay dilək,
Aydın
dilək, "ay" dilək,
Yolçuyuz,
yol üstünə
İşığını yay, dilək.
Səninlə
gözlər gülər,
Alınlar,
üzlər gülər,
Hansı
dodağa qonsan
Ağızda sözlər gülər.
Bu
ağır yük çəkilməz,
Bu acılar içilməz.
Sənsiz,
a parlaq dilək,
Qaranlıqlar keçilməz.
Bu da bir böyük arzumdur ki, Hadini xalqımıza o qədər
yaxınlaşdıraq ki, onun hər yadigar şeirini, içərisində
ana dilimizdən kənar bircə sözün belə yer
almadığı bu duru, bu bayatı havalı qoşqu qədər
hər yurddaşımız ilişiksiz, asanca anlasın.
Və
daha heç kəs qələm götürüb onun
hansısa şeirinin altında, hansısa kitabının
sonunda "bu sətirlər mənimlə danışmadı,
qoy başqası ilə danışsın" yazmasın!..
28 noyabr
2019
Rafael Hüseynov
Ədəbiyyat qəzeti.-
2019.- 30 noyabr. S. 10.