Hadinin hürriyyəti

 

Məhəmməd Hadi Azərbaycan romantizminin, yəqin ki, ən "ağır" şairidir. Və burada söhbət böyük sənətkarın yalnız dil-üslubunun əksərən ərəbcə olan qəliz leksikonundan, izafət tərkiblərindən getmir, bizə ağır gələn, ilk növbədə, onun bədii-fəlsəfi təfəkküründəki klassik ideya-estetik mücərrədlikdir ki, səciyyəvi bir şəkildə təzahür edir:

 

Göründü mətləyi-ümmidimizdən bari-hürriyyət,

Təbəssümrizi - istiğnadır rüxsari-hürriyyət.

 

 Əsarət zülməti məstur edirkən vəchi-afaqi,

Üfüqdən doğdu nagəh şəmsi-pərtövbari-hürriyyət.

 

 Mücəssəm bir xəyalət, ya həqiqətsənmi sən, cana?

İnanmaq istəməm ənzarə, ey didari-hürriyyət!

 

Avropada XVII əsrdə baş qaldırmış azadlıq idealları Azərbaycana XIX əsrin sonu-XX əsrin əvvəllərində Osmanlı ədəbiyyatının romantik xülyalarında (və "ərəbcə"!) gəlib çatır. Türk kimliyi aristokratiya (və hakimiyyət) yaddaşından, demək olar ki, tamamilə silinmiş (lakin elə həmin səviyyədə də dilinin qrammatikasında qalan - "Nəğmeyi-əhraranə"də qrammatika son dərəcə millidir), özünü "müsəlman" adlandırmaqla "dərk edən" türk öz hürriyyətini ictimai idrakın üçlü formulu arasındakı tənasübdə axtarmağa məhkum olur: türklük o dərəcədə unudulmuşdur ki, ondan "azadlıq", yaxud "hürriyyət" anlayışını verən bir kəlmə də qalmamışdır; ərəbcə ilə farscanın müvafiq kəlmələri məzmunca o qədər dumanlıdır ki, "niqabi-qeyb"dədir...

 

Niqabı sal üzündən, ərzi-ruyi-ibtisam eylə,

Görənlər söyləsinlər, dilbəri-səhhari-hürriyyət.

 

Nə gülşən növnihalı, hansı cənnət hurizadısan,

Görənlər hüsnünə məftundur, ey dildari-hürriyyət?

 

 Nə dil səyyad ahusan, xuram etdikdə uşşaqın

Ənəlhəqq nəğməsin söylər, olur bərdari-hürriyyət?

 

Hadinin (və Azərbaycan romantizminin!) hürriyyəti "görmək" texnologiyası nə qədər klassik olsa da, sözün həqiqi mənasında fəlsəfi deyil. O fəlsəfə ki, azadlığı "duman"dan çıxarmaqdansa ona məhz "dumanlar" içində tərif verməyə çalışır, həmin "tərif" azadlığa yox, məhz "duman"a aid olacaqdır. Və məsələnin paradoksallığıdır ki, Hadi sufizmə (Nəsimiyə!) qədər enir. Lakin onu bu günə gətirmək əvəzinə, özünü keçmişin məfkurə dumanlığında qərq edir. Və həmin "dərinliklər"dən onun yalnız əks-sədası gəlir.

 

Nə huri-dilrubasan kim, nurun təcəllasın

Edər pərvaneyi-canın fədayi-nuri-hürriyyət.

 

 Sən azad eylədin qəmdidə hürriyyətpərəstanı,

Sənə ləbriri-şükrandır bütün əhrar, hürriyyət.

 

 Əsarət bərqi- xurşidi-ziyadarınla məhv oldu,

Meyi-eşqinlə olmuş qəlblər sərşar, hürriyyət.

 

Əslində, XX əsrin əvvəlləri Azərbaycan gerçəkliyinin sosial-mənəvi mənzərəsini göz önünə gətirməyə çalışsaq (məlumdur ki, bu, o qədər də asan məsələ deyil, çünki biz artıq həmin gerçəklikdən onu tanımayacaq qədər uzaqlaşmışıq), təsəvvür edə bilərik ki, Hadinin tərənnüm etdiyi hürriyyət, bir tərəfdən, milli, digər tərəfdən, insani olmalıdır. Və hər ikisi olduqca simvolik... Yəni Hadinin (və ümumən XX əsrin əvvəlləri Azərbaycan romantiklərinin) ideallarını bayraq edib üsyan qaldırmaq, bütün varlığınla İnsan (və Millət) azadlığı naminə mübarizəyə qalxmaq olar, lakin mətləbi (və məramı) məlum olmayan bu mübarizədə kimin və ya nəyin üzərinə gediləcəyi, prinsip etibarilə, məlum deyil. Və odur ki, romantiklər nə qədər ictimai-siyasi (və ideoloji) mövzulara nüfuz etsələr də, onları həqiqətlər yox, ya "acı", ya da "şirin" xəyallar çəkir. Odur ki, dil-üslub (sözün geniş mənasında ifadə) texnikaları da hər cür gerçəkliyin fövqündədir.

 

Hadi "hürriyyətpərəstan"lıqla yanaşı, azadlığın qədrini bilməyən "kəmşüuran"lıqdan da bəhs edir, lakin mətləb dəyişmir:

Nəsimin ehtizaz etdikcə gülşənzari-əfkarə

Həqiqət gülləri yer-yer olur bidar hürriyyət.

 

Əcəbmi şəşəatından tənəffür etsə cahillər?

Gələr əmayə naxoş söleyi-ənvari-hürriyyət.

 

 Səbükməğzan hər ülviyyətindən kəmşüurandır,

Onunçün eyləyirlər qədrini inkar, hürriyyət.

 

Romantizm nəyisə çox böyük israrla (ehtirasla!) ancaq inkar, yaxud təsdiq edə bilər, o ən istedadlı təzahüründə belə analitiklikdən çox uzaqdır, gələcəyi keçmiş barədəki xəyali təəssüratlar əsasında yalnız təsəvvür edir, onu bilavasitə axtarmır.

Etiraf olunmalıdır ki, Hadi romantizminin çox enerjili, məhsuldar maarifçi qatı var ki, ilk növbədə, məsləkcə müəllimliyindən irəli gəlir. Və əslində, şairin yaradıcılığındakı klassik ədəbi normativlik də bilavasitə həmin maarifçi stixiyanın təzahürüdür. Lakin o da etiraf olunmalıdır ki, Hadinin "məktəb"i də onun hürriyyəti qədər göylərdədir. Və bu "məktəb"in məzunu "millət"in məcnunu, "həqiqət"in mücahidi ola bilər, ancaq çətin ki, ondan "övladi-vətən" (vətəndaş!) çıxsın.

"Nəğmeyi-əhraranə" türk romantiklərinin ustadı Namik Kamalın "nə əfsungər imişsən, ah, ey didari-hürriyyət" misrası ilə başa çatır ki, nidalı-xitablı həmin misrada ümiddən çox, təəssüf var... O təəssüf ki, ümumən türk romantizminin ədəbi taleyi, millətin tərcümeyi-halında oynadığı rolun miqyasca məhdudluğu barədə aydın qənaət yaradır.

Əlbəttə, Hadi romantizmi, bir zamanlar iddia edildiyinin əksinə olaraq, məzmunca mürtəce deyil, ancaq sözün fəlsəfi mənasında mütərəqqi də sayıla bilməz. Ümumiyyətlə, romantizmə mütərəqqi-mürtəce arşını ilə yanaşmaq olduqca sadəlövh konyunktur olub ədəbi cərəyan barədəki təsəvvürün inkişafına yalnız mane olaraq qalmır, həm də onu mətləbdən yayındırır.

Görünür, hər bir xalqın ədəbiyyatında romantizmin ideya-estetik mövqeyi onun milli gerçəkliyə münasibətinin perspektivliyi ilə müəyyən olunmalıdır. O mənada ki, insan xəyalpərvərliyinin xaotizminə harmoniya gətirməyə qadir olub onu humanist (və son dərəcə gerçək!) ideyaların intişarına (və interpretasiyasına) yönəldən romantizm yaşarıdır. Əksinə, həmin təbii xəyalpərvərliyi körükləyib daha da xaotikləşdirən "romantizm" elə bir "möhtəşəm" kədər pafosudur ki, milləti yeni dövrün çağırışları, yaylım atəşləri altında da ayılmaqdan məhrum edir.

Hadi təsəvvür (və tərənnüm) etdiyi hürriyyətin qəhrəmanı yox, yalnız qurbanı ola bilərdi. Tərcümeyi-halı onu realizmə çəkirdi, lakin taleyinə romantizm yazılmamışdı. Ümumiyyətlə, Azərbaycan romantizmi (və hürriyyəti) isə ilk qədəmlərindən qurban tələb edirdi.

 

 

Nizami CƏFƏROV

Ədəbiyyat qəzeti.- 2019.- 30 noyabr. S. 11.