İdrakı olanlar məni sonra qanacaqdır
Ey Vətən, ey pəriyi-vicdanım,
Səni sevmək deyilmi imanım?
Heç bilmirəm Vətənə
sevgisini iman hesab edən başqa bir şair, ya bir
yazıçımız olubmu? Özü də
Vətənə sevgisini
imanı hesab edən şair ömrü boyu vətənin isti qucağında nazlanmağın
həzzini yaşaya bilmədi, amma onu sevdi, ilahi
bir sevgi ilə sevdi. Bu sevgi Məhəmməd
Hadinin didərginlik yollarında yaratdığı
əsərlərin ana
xəttini təşkil
edir. Onun bütün yaradıcılığı
sevdiyi xalqına,
"daşa dönmüşlərə"
etdiyi xitabdır, fəryaddır: "Dağa
dersən eşidir, sonra verir əksi-seda,
Daşa dönmüşlərə
əks eyləmədi
fəryadım".
***
İstər sağlığında, istərsə
də ölümündən
sonra M.Hadi yaradıcılığına münasibət
birmənalı olmayıb. Əsasən onun yazdığı dilin ağırlığı
həmişə qınaq
obyekti olub. Onun yazdığı dil bütün türk-islam dünyasında ədəbi
dil hesab olunan türki, və ya Osmanlı
dili idi. Əbülhəqq Hamid, Namiq Kamal, Mahmud Əkrəm, Tofiq Fikrət, Əli bəy Hüseynzadə, Abbas Səhhət, Hüseyn Cavid kimi şairlər də bu dildə
yazırdılar. Onlar "nəzmü-nazik"
adlandırdıqları bu
dili əsl aristokratik dil hesab edirdilər və şeir dilinin lümpenləşməsinə
qarşı idilər.
O dövrdə Qahirədən,
balkanlardan tutmuş Cinin Şimalına, Şərqi Türküstana
qədər böyük
bir ərazidə bütün savadlı adamların anladığı
bir dil idi
"nəzmü-nazik". Dünya müharibəsindən
sonra aristokratiyanın
çöküşü, Azərbaycanda da, Türkiyədə, Türküstanda
da bu aristokratik
dilin çöküşünə
gətirib çıxardı,
ədəbiyyatın məhəlli
dillərdə yaranışı
erası başladı...
"Nəzmü-nazik"in tərəfdarlarından və
təbliğçilərindən olan Əli bəy
Hüseynzadə Məhəmməd
Hadiyə məktubunda
yazırdı: "Əfəndim,
diliniz xəvassə",
aristokratiyaya, kəlam
aristokratiyasına məxsusdur...
Sizin ifrat savadınızı camaatımızın
təqdir edəmiyəcəyi
aşkardır!..".
Yəni Əli bəy Hüseynzadə, Əbülhəqq Hamid, Namiq Kamal, Mahmud Əkrəm, Tofiq Fikrət, Məhəmməd
Hadi, Hüseyn Cavid və başqaları
nə yazdıqları,
niyə yazdıqlarını
yaxşı bilirdilər,
onlar poeziyanı "nəzmü-nazik", qadın
kimi incə və zərif görmək istəyirdilər.
Təəssüf ki,
XX əsr, bu modern dönəmi qadınlığı
eybəcər hala saldığı kimi, şeiri də eybəcər hala saldı və bunu rus şairi
Yevgeni Yevtuşenko çox gözəl ifadə edib: "Qadınlar erkəkləşir,
erkəklər qadınlaşır"...
Qeyd edim ki, Məhəmməd Hadinin şair taleyində Əli bəy Hüseynzadənin rolu əvəzsizdir. Onun "Bəyani-həqiqət"
adlı ilk yazısı
Əli bəyin redaktor olduğu "Həyat" qəzetində
çap olunub. Ümumən,
onların dünyabaxışı
da, ədəbi zövqləri də çox yaxın olub. "Füyuzat"
dərgisi nəşrə
başlayanda Ə.Hüseynzadə
Həştərxanda məskunlaşmış
M.Hadini yanında işləmək üçün
Bakıya dəvət
edir, o, "Füyuzat"
ədəbi məktəbinin
aparıcı simalarından
birinə çevrilir.
Adətən, elmi ədəbiyyatda
onu haqlı olaraq, romantizm cərəyanının nümayəndəsi
adlandırırlar. M.Hadi də
Ə.Hamid, T.Fikrət,
H.Cavid kimi Şərqdə bu cərəyanın əsasını
qoyanlardan olmuş, Qərb şairləri C.Bayronun, F.Şillerin,
"dünya kədəri"
ideyasına yeni çalarlar gətirənlər
sırasında dayanmışdır.
Hadinin
"hüznü-ümumi"si onların dünya kədərindən fərqlənir,
onun əsas xitab obyekti Vətən,
xalq nigarançılığıdır
və Vətən anlayışı onun yaradıcılığının ana xəttini təşkil edir. Bakıda, İstanbulda, Solonikdə, Karpat dağlarında - harada yazıldığından
asılı olmayaraq onun şeirləri, xalqına düşdüyü
acınacaqlı vəziyyətdən
çıxış yolları
arayan təlatümlü
bir qəlbin ağrılı duyğularıdır.
Həyatın səsləri guşumda
həp fəryad şəklində...
Cahan başdan-başa
meydani matəmzad şəklində,
Fərəhlər həbs olunmuş,
hüznlər azad şəklində,
Müsibətlər, bəlalar,
qüssələr abad
şəklində...
***
O inqilabi hadisələrlə
zəngin təlatümlü
bir zamanda məşəqqətli ömür
yaşadı, yazılarında
millətinin "imzalar
içində imzasının"
olması üçün
yollar aradı və Azərbaycanda cümhuriyyət qurulduğu
bir zamanda sevdiyi vətəninin biganəlik iqlimində sadəcə qeyb oldu. Böyük ideallarla yaşayan
şair məyusluğun
yaratdığı acını
çox ağır keçirirdi. Türkiyədə "Gənc türklər"
inqilabının məyusluğu
yaşayan İstanbuldan
Solonikə sürgün
olunmaqla nəticələndi.
Bakıdakı inqilabın məyusluğu
isə onu şərab şüşəsinin
ağuşuna itələdi.
Ağır maddi məhrumiyyətlər
içində olan şair çıxış
yolunu əlyazmalarını
satmaqda axtarırdı.
Bəy əfəndim, nəzmü-nazik
satıram mən - deyirdi həmvətənlərinə.
Onun bu günlərini
təsvir edən
Abdulla Şaiq xatirələrində
yazır: "Bir gün küçədə
ona rast gəldim. "Hərarətli
şeirlərim" adlı
mənzuməsini mənə
uzadıb "al, beş
manat ver!" - dedi. Mən cibimdə olan
on manatın hamısını
ona verdim. O, diqqətlə üzümə
baxdıqda məni tanıdı və pulu ovcuma qoyub
məni qucaqladı. Çox mütəəssir idi.
"Şaiqciyim, bağışla,
tanımadım" - dedi.
Nə qədər israr etdimsə, pulu almayıb getdi"...
Getdi... və
qeyb oldu. Azərbaycan şeir
tarixinin ən yaxşı nümayəndələrindən
birinin, Məhəmməd
Hadinin cismi qeyri-müəyyənliyə, yazıları
isə imanı qədər sevdiyinin yaddaşına daşındı.
Bu şeir tanrıqutunun
ölümü və
məzarı əbədilik
bir əsrar oldu və mifə
çevrildi.
Elxan Zal Qaraxanlı
Ədəbiyyat qəzeti.-
2019.- 30 noyabr. S. 13.