Şeir
necə mədəniyyət yaradır
Fərəhlər
həbs olunmuş, hüznlər azad şəklində,
Müsibətlər,
bəlalar, qüssələr abad şəklində...
Məhəmməd Hadi
***
Ey
dadi-bidad danəndə dəhan dərviş d..
Azərbaycan şeiri başlanğıcdan
günümüzə elə doğru deyəcəyimiz bir
istiqamət götürmüş ki, bu hərəkət
trayektoriyası öz ilahi qaynaqlı poetikasını millətin
ah-naləsindən sevincinə qədər içinə
çəkməli, mənimsəməli olmuşdur. Bu millətin
dərd-səri, başından keçən əfqanlar, fəryadlar
dışarıda qalmamış, belə demək
mümkünsə. Bu tale haləsi
bütün ədəbi tale hiyləsiylə, ərkanıyla
içəriyə alınmış, öz taxtında oturdula
bilmişdir. Bu şeirsəl törə rahiyəsini
yayan da, törə coşqunluğunu ram edən də məhz
şeirimiz olmuşdur. Necə? Baxın,
Nizaminin, Nəsiminin, Xaqaninin, Füzulinin və Xətainin,
Nigarinin fərdin yaradılış qismətindəki
ehtişamı, bu fanilikdə şəxsi yaşam tutumunu
Xaliqin siqlətindən uman şeirimizin şərafəti,
öz yaşam sürəcini fərddən ictimailiyə, vətən
təravətinə ancaq Hadi və onun kimi məfkurədaşıyıcıları
vasitəsilə keçiş edə bilir. Bir
sözlə, Nizami, Nəsimi, Füzuli poetik üqbasında
insanın kamillik konsepsiyası tale həllini, fanilik
ehtiyacını Hadinin və məfkurədaşlarının
poetik taktikasındakı kamillikdə tapır. Bu zaman fərd harda olduğunu dərk edir. Hadiyə kimi "mən kiməm", deyə verilən
sual, Hadidə "mən bu kimliyimlə hardayam"la əvəz
olunmur, sadəcə olaraq, öz yerini dəyişdirir. Çünki artıq bu planetdə bu dilin əfqanında
külünü dağıdıb bütün fəryadını
aləmə sovurmaq istəyən poetik kimlik də öz
üzərindəki libasını, qövmün ruhaniyyət
varlığını göstərmək zorundaydı.
Yoxsa Nizaminin, Nəsiminin, Füzulinin ədəbiyyatda qalsa da,
ədəbiyyatdan mədəniyyətə keçiş
sürəcindəki şeirsəl səlahiyyətimizdən
heç bir əsər-əlamət qalmazdı. O dahilərin
mədəni zehniyyətimizdəki ali ləyaqət
taqətimizin millət tərəfindən həzm edilməsi
mümkün olmazdı. Çünki şeirin
ideologiyaya, daha doğrusu, məfkurəyə özünü
yetişdirib milli varlığımızın
özgürlüyü, Şəhadətimiz mütləq
qaçınılmaz şəkildə öz zəmanətini
tarixə sübut etməliydi. Bunun,
göyləri qabağına qatıb gətirən adı isə,
Azərbaycan Xalq Cümhuriyyəti oldu. Bir
daha belə demək mümkünsə, Azərbaycan şeiri
öz doğru-düzgün batini-zahiri təzəliyi ilə
tarixin fərqli aşamalarında taktiki dönüşümsəlliyini
təfəkkürümüzə ötürərək
dövlət qurdu. Dövlət
anlayışı mədəniyyət hidayəti
yarlığına rəğmən, kamil insan kimliyində ən
üst məqam hesab edildiyi bilinməmiş deyildi. Bilinməmiş
olmasına rəğmən, əsrlərdir yolunu gözlədiyimiz
bu can parası, bu nəfəs
sızıltısındakı tale deyəcəyimiz eşq
öz dünyəvi adını millətimizin səadətindən
ala bildi. Artıq əsrlərdir göylərin
sonsuzluğundan enməyən o eşq şəfaəti indi
Hadinin şeirlərində Vətənləşən,
Yurdlaşan, Varlığımızda Özgürlük
gurlayan atəşfəşanlığını sinəmizə
sindirdi, ruhumuza daldırdı. Millətin təlatümə
salan, lərzəyə gətirən kəraməti beləsinə
bir var, mülk görməmişdi əsla. Bizim Dövlətimizi şeirin necə
yetişdirdiyini M.Ə.Rəsulzadənin Nizami Gəncəvi
yaradıcılığı üzərinə
yazdığı o müdhiş kitabdan da anlamaq mümkün.
***
Məhəmməd Hadi Əfəndini oxuduqca zaman-zaman bir
həqiqəti də anladım. Hadinin şeir dili millətimizin
qeyb dilidir. Bu, kəsinliklə beləydi.
O dil qeyb dili olanda, arı-duru dediyimiz dil isə dünyəvi
milli dil statusunu və kimliyini qoruyur. Ümumiyyətlə,
hər millətin poetik yollarla oluşan qayibanə və
dünyəviləşən milli dili vardır. O qayibanə
dili şair şeirlə bulur, o dil şəkillənir və
zamanla formalaşır. Mütləq yerli dilin əhatəsində
olan dillərin söz, ifadə və ibarələrini
boşluğuna salıb, kamına çəkib o dili poetik
müstəvidə qayıblaşdırar. "Dilin boşluğu müəyyən ictimai-siyasi
dönəmlərdə, tarixi aşamalarda yaranar", deyən
E.Hoffer bu yerdə olduqca haqlıdır. Bəhs etdiyim
proses gecikmədən şairin ilham cəsarəti sayəsində
hərəkətə keçər. Bunu niyə
yazıram? Yəqin ki, M.Hadini oxuyan
sıravi oxucu onu həzm etməkdə çətinlik çəkdiyindən
dolayı əsəbləşərək dilinə yüklənəsi
olur. Hadi şeiri, şeirin dilini, Şərq
şeirinin dildəki iriliyini yazdıqlarından anlaşır
ki, daha çox və incəliyinə kimi bilirdi. Ona bu iradı (şeirindəki ərəb-fars tərkibli
ibarələrin çoxluğunu - X.T.) tutmaq heç şairə
də yaraşmaz. Çünki min illik
Şərq poeziyasını dərindən mənimsəmiş
və məfkurə təfəkkürünü poetik zehniyyətə
simsar qılmış şair üçün bu
coğrafiyada və o zamankı tarixin sürəcində
Hadinin şeirdə kullandığı ən
doğru-düzgün olan dil deyil, şeir dilidir, şeirin
dili. O, əsla bağ(ı)r yarmaq, fəlakət
qoparmaq fikrində deyil. Vətən, var olma,
milli kimliyin ideoloji təsdiqinə Nizamini də, Füzulini də
qatmaq istəyirdi. Bu dilin işidi. Bu dillə olurdu və olur ancaq. Bu
işi şeirmizdə tam şəklində görən,
tamamlayan Məhəmməd Hadi əfəndi olmuşdu, qafil.
Əgər dil məsələsini milli planda həll
etmiş olsaydı, indi Hadi Azərbaycan şeirində ən
patriot şair kimi populyarlığı sayəsində vətən
duyğulu ovqatımızın yorğunluğunu tez-tez
çıxaracaqdı. Biz hələ də ümumi
dilçiliyin fövqündə milli dil məsələmizi həll
edə bilməmişik. Biz hələ də
dildə qalmışıq. Biz yaddaş və
varidatımızı dilə verib onun saxlamasını və
indi geri almaq kimi çabamızla iddialı bir insiyativ işə
salan naləpərəst tərsliyimizi qoruyanlarıq. Biz dil məsələmizi hələ də həll
etməmişik. Biz bir az da
şüuraltı olaraq, dilə arxayınlaşmış,
dilə güvənmiş, dildən mədət uman poetik
şair sinfinin mənsublarıyıq. Hadidən
danışarkən nədən bu ritorikaya üstünlük
vermə səbəbimi anlamağa
çalışacaqsınız. Hadi
Əfəndi bu poetik, şeirsəl dillə gələcəkdə
böyük, bütöv görmək istəyəcəyi bir
millətin və onun türkcəsinin nəfəskəsən
özgürlük zəminini hazırlayırdı. Hadinin şeirlərində ərəb-fars sözləri,
tərkibləri türkcənin caynağında
pambığa, didilmiş yuna dönür. Belə bir dil vasitəsilə qarmağına
keçirdiyin məna aləmi yarın yeni nəsillərin
qulaqlarını nal səslərinə açan kimliyində əridilərək
daha öz və milli varlıq təşkil edən dilin
miqyasını oluşduracağına inanıram.
***
Hadidə böyük iman gücünün olduğu
şəksizdir. O insan, şairi milli torpaqda Şərqanə
böyütməkdən qorxmur. İnsan kimliyini
milli zəminə oturtduqdan sonra yenidən insanı
"Quran"a, aləmin nizamına bağlanmağa dəvət
edər. Məhəmməd Hadi və onun
kimi şairlər sarsılmayan inancının köməyi ilə
Azərbaycanın varlıq bütövlüyünü
düşünər və son nəfəsinə kimi
savaşar. Bu düşüncə də
onun məfkurəvi ərazisində poetik həqiqətə
dönüşər.
Bura qədər yazdıqlarım öz yerində. Ancaq təəssüf ki,
M.Hadi kimi bir şair bir həqiqəti də ox kimi
bağrımızın başına saplamaqdan çəkinməmişdir:
Mən
ölmədən əvvəl vətənim oldu məzarım
Ərbabi-zəka
düşmənidir indi diyarım...
Bu sözləri mən yazmamışam. Bu sözlər
yeni yazılmamışdır. Bu
yazının kağız üzərində uzağı 100
yaşı olsa da, verdiyimiz qurbanlar, başımıza
açılan zülmlər, dözdüyümüz
istibdadlar müstəvisində dünya qədər
yaşı bilinməz. Biz həm də o
bilinməyən yaşımızdan, ölmədən əvvəl
məzarımız olan o vətəndən,
diyarımızın ərbabi-zəka düşmənçiliyindən
də müstəqilliyimizi, hürriyyətimizi, Cümhuriyyətimizi
qazanmışdıq. Bu yurdda M.Hadi kimi bir
şairin məzarının olmaması da, bu gün bizlərə
çox şeylər deyir. Başını
iki ovucun arasına alıb hönkür-hönkür
ağlamaqdan güclə saxlayırsan özünü. O
səfalət, o yoxsulluq, o aclıq, imkansızlıq, evsizlik,
eşiksizlik o boyda sevginin önündə nədən məğlub
olmadı? Nədən o müdhiş səfalət
bu boyda yurd sevgisinin önündə əsir-yesir qalmadı?
Bu boyda məmləkəti içində sevə-sevə,
bətnində övladı kimi böyüdə-böyüdə,
o böyüklük içində heç izi-tozu da
tapılmadı? Mən indi anladım ki,
M.Hadi əfəndi niyə evlənməmiş,
övlad-uşaq, ev-eşik sahibi olmamışdır? Məncə,
o, ürəyini, ruhunu verdiyi bir yurdla evlənmiş, nikaha
girmiş, əhdi-peyman bağlamışdı...
Xanəmir
Telmanoğlu
Ədəbiyyat qəzeti.-
2019.- 30 noyabr. S. 15.