Heykəl
diləməm, heykəli-qəbrimdir o əflak
...Qəbrimdə
açan gülləri seyr et, a
şükufəm!
Könlüm dağıdır laleyi-həmralar
içində.
...Bir
fatiheyi-nazini fırlat da, güzar et,
Ehya elə, ruhum, məni həmtalər içində.
Vardır
şu yatan kimsələrin fatihəxani,
Mən kimsəsizəm xaki-siyəhzalər içində.
M.Hadi
Müasirlərinin
dediyinə inansaq, 1919-cu ildə - Cümhuriyyət
dövründə, yəni qırx yaşında Hadinin fiziki
yapısı beləymiş: "Saç-saqqalı
ağarmışdı. İldırım
vurmuş, qol-budaqları vaxtsız qırılmış,
şaxələri sınmış, yarpaqları
tökülmüş palıd ağacına
oxşayırdı. Hərəkətləri
ağır, özü yorğun, üzüntülü bir
görkəmi vardı...". Geyimi isə...
"Əynində nimdaş çuxa, qara şalvar,
ayaqlarında köhnə çəkmə...".
Balkanlarda, Karpatın ətəklərində
gördüyü müharibə vəhşətlərinin təsiri
ilə bir az dəlirmiş, sinirləri
pozulmuş, əsəblərinə hakim ola bilməyən belə
bir Hadiyə Azərbaycanda kimsə əl
qaldırardımı?
Məncə,
Hadinin ağrısının, sərgərdanlığının
səbəbi başqadır... Nə Abdulla Şaiqin dediyidir, nə
də Cəfər Xəndanın yazdıqlarıdır...
***
...Yer məqbər,
səma qübbədir, göylərin sinəsindən
asılıb məzarlığa matəm şöləsi
saçan ulduzlar da əmvatın zəvvarıdır.
Qazılmış məzarlıqdan keçərkən Hadi
bir kəllənin dodaqsız dişləri üstündə
bir bəyaz gülüş görmüş, "Bu matəmgahi-dünyaya
gülürdü, sanki ölmüşlər, / Yer
üstündə bəşər ağlar, gülür xakə
gömülmüşlər" - deyib keçmişdi...
Dedikləri öz başına gəldi... Heç
xakə gömülmüşlər sırasında da
qalmadı.
Azərbaycan romantizmi ədəbiyyatımızda Skelet
obrazını çoxdan yaratmışdı. Əli bəy Hüseynzadənin
"Siyasəti-fürusət"ində Sen Sansın "Dans
Makaber" havasına rəqs edən mavimtraq fosforlu skeletlər
"Tarixi-Qədim"dən 9 il sonra
1914-cü ildə "Xabgahi-mövta, ilhamati-əmvat"
şəklində Hadinin də gözlərinə
göründü.
***
Hənəfi Zeynallıya görə, Hadinin
"yaradıcılığında əsas bir motiv varsa, o da
pessimizmdir". Amma, nədənsə, Hənəfi
Zeynallı Hadi pessimizminin səbəbini onun mədrəsə
təlimiylə əlaqələndirir. Amma
Hadinin pessimizmi, əslində, "mədrəsə
pessimizmi" yox, dekadan pessimizmiydi. 1909-cu
ildə yazdığı "Beşikdən məzara qədər
bəşərin əhvalı" poemasında Hadi Azərbaycan
poeziyasında klişeləşmiş paradiqmaları yenilədi,
obrazlar sistemini dağıtdı. Ərəb-fars tərkibli
izafətlərlə yaratdığı yeni sözlər yeni
estetikanın müjdəçiləriydi və bu mənada Məhəmməd
Hadini yaratdığı vətənpərvəranə
sözlərə görə yalnız türk ədəbi dilinə
ilk dəfə Vətən, millət, hürriyyət və
istiqlal sözlərini gətirmiş, ilk dəfə Vətən,
millət, hürriyyət və istiqlal barədə
yazmış, ictimai şüura Vətən, millət,
hürriyyət və istiqlal düşüncəsini təlqin
etmiş Namik Kamalla müqayisə etmək
mümkündür. Hadi poeziyada ana kultuna
qarşı üsyan etdi. "Ana sevgisini bu şəkildə
"qiymətləndirməyi" həzm eləmək çətin
idi və bu "nankor" misraların cavabı gec-tez verilməliydi",
- deyən Ramiz Rövşənə görə, bu cavabı
da bir özgəsi deyil, Məhəmməd Hadinin özü
verəcəkdi. Amma Hadi nə
yazdığını, niyə belə etdiyini bilirdi. Bilərəkdən öz düşüncə
şəcərəsini Nitsşe, Şopenhauer, Hartman fəlsəfəsinə
bağlayırdı. "Beşikdən məzara
qədər bəşərin əhvalı"nda Əziz Mirəhmədov
Emil Zolyanın, Yaşar Qarayev isə Jan Jak Russonun təsirini
müşahidə edir. Bəlkə Mirəhmədov
pozitivizm baxımından, Yaşar Qarayev isə maarifçilik
cizgilərinə nəzərən bu yanaşmalarında
haqlıydılar. Amma yox... Fövqəlidrakın
diqtəsiylə yazanlar öncə
xatırlatdıqlarımdır - ziştbinlərdir, pessimistlərdir.
Nitsşenin ölən tanrısını Hadidə
dünyaya gələn körpəsini buxovlayan, qundaqlayan,
övladının azadlığını, hürriyyətini
məhdudlaşdıran madəri-cahil - cahil ana əvəzlədi.
Hadi beşikdən məzara qədər bəşərin
əhvalını, eynən Şopenhauerin "bu gün pis,
sabah daha da pis olacaq və ən pisi olanadək bu beləcə
davam edəcək" şəklində dəyərləndirdi.
Bu misralar isə Şopenhauerə aiddir. Daha doğrusu, Hadi
"Firdovsi-ilhamat"da Şopenhauerin fikirlərini bu şəkildə
tərcümə etmişdi:
Ancaq
cahanda müsbət olan, iztirab imiş,
Ümidlər vəsaili rəncü əzab imiş.
Dünya nədir? Dərdi-qəmə rəhgüzardır.
Bu səhneyi
həyat nə pür iztirardır!..
Hadini, az qala, Azərbaycanın Şopenhaueri mislində
görənlər haqlıdır.
"Sürü əxlaqının"
özülünü ilk dəfə sarsıdan Nitsşedən
fərqli olaraq, Hadi Platonla deyil, Adəmlə başlayan dəyərlər
sistemini - bu dəfə Şərqdəki "sürü əxlaqını"
yarğılamaqdaydı. Çünki Hadiyə görə, insan
yaradılışından bəri zülmətin məğlubuydu...
Hətta İsanın çarmıxa çəkilməsi,
"Məsihə zülm ediş guya ki, bir iman halında"
baş vermişdi.
"Fəryadın
metafizikası" kitabımda yazdıqlarıma qayıtmaq istəyirəm:
"Absurddan boğulan, xaosdan əziyyət çəkərək
dağılmaqda olan aləm, bir-birinə (və hətta
Tanrısına da) qənim kəsilmiş cəmiyyət Məhəmməd
Hadinin "Əlvahi-intibah"ındakı aləmdir... Edvard
Munkun fəryad qoparan insanını, bu fəryadın metafizik
mənalarını və sirlərini Hadinin
"Əlvahi-intibah"ı qədər dəqiq yorumlayacaq
başqa bir poetik örnəyin varlığını xəyalıma
belə gətirə bilmirəm:
Həyatın
səsləri guşumda həp fəryad şəklində,
Bu insanlar ki qardaşdır və lakin yad şəklində.
Bu torpaq
qanlı avlaqdır bəşər səyyad şəklində,
Ədavət daima vardır məhəbbət ad şəklində.
Bu
dünya əskidəndir səhneyi-bidad şəklində,
Cahan
başdan-başa meydani-matəmzad şəklində,
Fərəhlər
həbs olunmuş, hüznlər azad şəklində,
Müsibətlər,
bəlalər, qüssələr abad şəklində,
Ürəklər
qəm odilə hər zaman bərbad şəklində,
Baxışlar
kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı
kim görmüş sürurabad şəklində?
Munkun rəsm
etdiyi, Hadinin isə yazdığı fəryad heyrətdən
boğulmaq həddinə yetinmiş (yetirilmiş) insanın -
tərkedilmişin qışqırığıdır...".
Hadi də, sanki Norveç şairi Obstfeller kimi,
"Özgə planetmiş düşdüyüm məkan!"
deyir.
Hadi fəryadın metafizikasını poeziyanın
predmetinə çevirmiş ilk Azərbaycan şairidir. Bu məqama özəlliklə
həssas yanaşılmalıdır ki, bir şeirində
özünün də eyhamlarla ifadə etdiyi kimi, Hadi dekadan
şair idi... "Bu yanda bir dekadan zülməti-xəyalilə/
Nazirəsaz olur əlvahi-qəsvəti-leylə!".
...Abdulla
Şaiq yazır ki, "Füyuzat" məcmuəsinin Hadiyə
aşılamış olduğu pantürkizm, panislamizm təsirləri
Hadidə çox davam etmədi... 1914-cü ildə Türkiyədən
qayıtdıqdan sonra o, pantürkizmin tamamilə əleyhinə
idi". Amma Şaiqin bu fikri Hadinin sistemli
dünyagörüşünə uyğun deyil. Buna ən
dəqiq cavabı Yaşar Qarayev verir: "Cavid kimi, Hadinin də
vətəni Azərbaycan, milliyyəti türk, zehniyyəti
islam və təsəvvüf olub... Təsadüfi deyil ki,
öz vətənlərində Hadi və Cavid uzun illər qadağan
olunmuş şairlər sırasına məhz
"pantürkist" və "panislamist" damğaları
ilə düşmüşlər...".
Şaiqin dediyinə rəğmən, Hadi Türkiyədən
qayıtdıqdan sonra da görüşlərindəki
pantürkist təmayül davam edib. Özü də sona qədər
davam edib. O qədər ki, 1918-ci ildə Qafqaz Türk
İslam Ordusuna ithafən birini Gəncədə, digərini
isə Bakıda yazdığı "Qəhrəman türk əsgərlərinə"
və "Türkün nəğməsi" şeirlərini
Hadinin türkçülük məfkurəsinin bilavasitə
son sözü hesab etmək mümkündür:
Türkün tökülən qanları bihudə gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?
Dörd
ildə verilmiş bu qədər can hədər olmaz,
Məfkurə
yolunda tökülən qan hədər olmaz,
Qiymətli
olan xuni-şəhidan hədər olmaz,
İstərsə cahan çevrili varsın da təməldən.
Türkün
üzü çevrilməyəcək səmti-əməldən,
Türklər geriyə dönməyəcək müslih
əməldən.
Yüksək yaşamaq istər ikən cümlə miləldən.
Yenə də Yaşar Qarayevin sözlərinə istinad
etsək, "Türklüyün tarixi düşmənləri
türk xalqları arasında qardaşlığın tarixə
düşmüş belə səhifələrini - tarixin
özünü məhv edə bilməyəcəklərini
görüb, əvəzində tarixi həqiqəti
yazanları - ...məhv etmişlər".
Abdulla Şaiqin Hadinin son günləri ilə
bağlı bir qənaətinə toxunmaq istəyirəm. "Hadi
get-gedə fikrən ayılırdısa, tutulmuş olduğu
sərxoşluq onun tamam ayılmasına, göz açıb
dünyaya daha aydın münasibət bəsləməsinə
imkan vermirdi". Yaxud Cəfər Xəndan
hansısa müəmmalı sənədlərə istinadən
görəsən, niyə belə yazırdı ki, "Milli
Müsavat hökuməti zamanı faciəli günlər
keçirən Hadinin acınacaqlı aqibəti bəlli
olmuşdur. Bəzi sənədlər
Hadinin Gəncədə müsavatçılar tərəfindən
təqib edildiyini, xəstə şairin vəhşicəsinə
döyüldüyünü, təhqir edildiyini də aydın
göstərir". Təbii ki, qaynaq yoxdur... Və təbii
ki, heç elə sənədlər də yoxdur... Milli
qüvvələr öz milli şairlərini niyə təqib
etməli və niyə döydürməliydilər...
Hadinin
ömrünün son iki ilindən qalan əmanətlər, istər
1918-ci ildə Bakıda Səməd Mənsurun "Turan" nəşriyyatında
çap olunmuş və XX yüzil poeziyamızın ən
açıq zehniyyətlə, ən mütəfəkkir bir əda
ilə yazılmış ən bəsirətli şeiri -
"İnsanlığın tarixi faciələri, yaxud əlvahi-intibah"
poeması, istər yenə də 1918-ci ilin 13 iyununda o zaman
türk ordusu ilə birgə Gəncədə olan "ədibi-xaluq,
fazili-şəhir, dahi", - deyə vəsf etdiyi Əli bəy
Hüseynzadəyə bağışladığı "Qəhrəman
türk əsgərlərinə" şeiri, istərsə də,
Abbas Səhhətin vəfatı dolayısı ilə 1918-ci
ilin 18 noyabrında "Azərbaycan" qəzetində dərc
etdirdiyi "Abbas Səhhətin üfuli-əbədisi" məqaləsi,
yaxud yenə də "Azərbaycan" qəzetinin 1919-cu il
23 aprel sayında çap etdirdiyi:
Qorxutmamalı
bizləri yollardaki əngəl,
Məfkurəyə
doğru yürü, qoş, durma, çapıq gəl!
Millət
tikəcək namına ölsən dəxi heykəl,
Qoyma
toxuna yurduna naməhrəm olan əl!
...Amalımıza
doğru şitaban olalım, gəl!
Millətlə
Vətən rahinə qurban olalım, gəl!
- misralarının da keçdiyi "Əsgərlərimizə,
könüllülərimizə" şeiri, yaxud Azərbaycan
dövləti-növzadına - yeni doğulmuş Azərbaycan
dövlətinə ithafən yazılmış "Məfkureyi
aliyəmiz" və s. deyilənlərin gerçək
olmadığını təsdiqləməkdədir.
Müasirlərinin
dediklərinə inansaq, 1919-cu ildə - Cümhuriyyət
dövründə, yəni qırx yaşında Hadinin fiziki
yapısı beləymiş: "Saç-saqqalı
ağarmışdı. İldırım
vurmuş, qol-budaqları vaxtsız qırılmış,
şaxələri sınmış, yarpaqları
tökülmüş palıd ağacına
oxşayırdı. Hərəkətləri
ağır, özü yorğun, üzüntülü bir
görkəmi vardı...". Geyimi isə...
"Əynində nimdaş çuxa, qara şalvar,
ayaqlarında köhnə çəkmə...".
Balkanlarda, Karpatın ətəklərində
gördüyü müharibə vəhşətlərinin təsiri
ilə bir az dəlirmiş, sinirləri
pozulmuş, əsəblərinə hakim ola bilməyən belə
bir Hadiyə Azərbaycanda kimsə əl
qaldırardımı?
Məncə,
Hadinin ağrısının, sərgərdanlığının
səbəbi başqadır... Nə Abdulla
Şaiqin dediyidir, nə də Cəfər Xəndanın
yazdıqlarıdır.
Karpat
dağlarında Vəhşi diviziyada müsəlman
alayının mollası... Molla Məhəmməd Hadi 3 illik cəbhə
həyatından sonra Bakıda... Ömrünün qürub
çağında... Son xəbəri Göyçaydan
eşidilir... Daha doğrusu, 1920-ci ilin təxminən
15 mayında Göyçaydan Gəncəyə gəlib.
Hadinin gəlişi Gəncə üsyanından
10 gün əvvələ, ölümü isə Gəncə
üsyanının yatırıldığı mayın son
günlərinə təsadüf edir.
Əli Nəzminin
1944-cü ildə yazdığı "Keçmiş
günlər"ində 1920-ci illərin Gəncəsindən
belə bir soraq var:
"Ki vardır Bakıdan gəlmiş bir nəfər.
Gətirmiş
bir məktub, verilir xəbər:
Ki,
"Hadi Göyçaydan dəlirmiş halda
(Çünki
yaxşı doktor yoxmuş mahalda)
Üsyandan
bir həftə, ya on gün qabaq,
Gəncəyə yollanmış çox ağır
naçaq.
Lakin o
müddətdən indiyə qədər
Məhəmməd Hadidən yoxdur bir xəbər".
Əli Nəzmi
o zaman Məhəmməd Əli Nasirin
tapşırığı ilə Gəncədəki beş xəstəxanada Hadini soraqlayır, xəstəxanaların
yalnız birindən Hadi ilə bağlı məlumat alır.
"Aldıq
biz Hadini onlardan xəbər,
Onlar dedilər
ki, üsyandan qabaq,
Hadi oradaca yatırmış naçaq.
Lakin
başlananda şəhərdə üsyan
Hamı qaçmış, yoxdur xəstəyə baxan.
... Bir həftə
almamış xəstələr yemək
Acından ölən çox olmuşdur, demək.
Etmişdir
Hadi də o günlər vəfat
Kimdir ölənlərə edən iltifat"?
"Qəbri məlumdurmu? - deyə sordum mən
Onlar dedilər ki, nə məzar, kəfən?
Bitdikdən
az sonra şəhərdə üsyan
Hər
yerdən meyitlər toplanan zaman
Bizdə
ölənlər də arabalara
Yığılıb atıldı xarabalara.
Seçmək,
ayırd etmək, qılmaq ehtiram
Əsla deyil idi mümkün. Vəssalam".
Vəssalam. Bu qədər. Sonra... Sıra gəlir
Məhəmməd Hadinin qəbrinin tapılması ilə
bağlı 1960-cı illərdən sonrakı təxminlərə...
"Bakı"
qəzetinin 4 iyun 1966-cı il tarixli sayında Əziz Mirəhmədovun
"Məhəmməd Hadinin xatirəsi" məqaləsi:
"Bu yaxınlarda Kirovabad müəllimlərindən Kərim
Tağıyev təsadüfən keçmiş qəbirqazan,
90 yaşlı Məhəmməd Şahmar oğlu Rzayevlə
görüşüb söhbət etdiyi zaman, ondan Məhəmməd
Hadini soruşub. Yaşına görə xeyli
qıvraq olan Məhəmməd Rzayev deyib ki, bəli, bu "qərib
şairi" mən özüm dəfn etmişəm. Sonra o, Hadinin qəbrini də göstərib".
Əgər Əziz Mirəhmədovun məqaləsindəki
qəbirqazanın dedikləri doğrudursa, o zaman Əli Nəzminin
yazdıqları yalan olur. Yaxud əksinə...
Bəs Əziz Mirəhmədov niyə bu versiyanı
qabartmışdı?
1960-cı
illərin əvvəllərində dövrün milli ruhlu
ziyalılarından biri Tofiq Bağırov Kirovabad Şəhər
Partiya Komitəsinin I katibi vəzifəsində
çalışarkən, Hadinin məzarının
tapılması ideyasını irəli sürür və o
zaman Hadi xəstəxanada keçinəndə orda, yəni xəstəxanada
fəhlə işləyən Musa kişi Hadinin dəfnində
iştirak etdiyini söyləyir və elə onun bələdçiliyi
ilə 46 ildən sonra Hadinin Səbzikardakı məzarı (və
üzərində, təbii ki, üstü yazılı
başdaşı olmayan məzarı) tapılır. Hadinin
olduğu güman edilən məzar açılır və
onu Gəncəçayın sağ sahilinə
köçürürlər. Həmin prosesdə iştirak edənlərdən
biri və o zaman Kirovabad Partiya Komitəsində məsul vəzifədə
çalışmış ədəbiyyatşünas Xeyrulla
Əliyevdən soruşuram: "Hadiyə aid olduğu
güman edilən məzar açılanda şairin
qalıqları ordaydımı?". "Qəbir açılanda, qalıqlar
vardı" - deyir.
2015-ci ildə Gəncə Şəhər İcra
Hakimiyyətində yenidən Hadinin məzarının əvvəlki
yerinə köçürülməsi barədə qərar
qəbul edilir və Gəncəçayın sahilindəki məzar
yenidən açılır. Bu dəfə AMEA Gəncə
Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev mətbuata
belə bir açıqlama verir ki, "Komissiya tərəfindən
şəhər ziyalıları, Gəncə Şəhər
İcra Hakimiyyəti və qəbiristanlıq nümayəndələrinin
iştirakı ilə Məhəmməd Hadinin Gəncəçayın
sağ sahilindəki qəbri 4-5 metr uzunluğunda, 2 metr dərinliyində
qazıldı. Büstün altında beton plitələr
qaldırıldı. Ancaq oradan cəsəd
qalıqları tapılmadı".
Bəs Hadi necoldu?
Hadi doğrudanmı, Köprülünün təbiriycə,
"parasızlıq və səfalətlə keçən
macəralı bir həyatdan sonra əsrarlı bir surətdə
yox olub" getdi?
Mehdi Gəncəlinin
də bir versiyası var: "Gəncə üsyanından
qısa müddət sonra Gəncədə xəstəxanada
yatması və ağır durumda olması, bu üsyana
qatılmış olması ehtimalını da gündəmə
gətirməkdədir. Dostları, dönəmin
qarğaşası içində bundan xəbərdar olmaya
bilərdilər. Digər tərəfdən,
sovet dönəmində, Hadinin bolşevik hökumətinə
qarşı baş vermiş bir üsyanda
iştirakının bilərək gizlədilmiş olması
da qüvvətli bir ehtimaldır".
Sabir Rüstəmxanlı isə "Şair və Şər"
romanında Hadinin üsyançılar arasında olduğunu
və üsyan zamanı döyüşdə
öldürüldüyünü yazır.
Təxminlər çoxdur.
Birini də
mən deyə bilərəm - bir neçə gün əvvəl
Fəxri Xiyabanda bir yerdə Mirzə Cəlilin məzarını
ziyarət edərkən bunu Xalq yazıçısı Anara
da demişdim: Bəllidir ki, 1920-ci ildə Gəncə
üsyanında iştirak edənlərin böyük bir qismi
Xudadat bəy Rəfibəyli başda olmaqla Bakıya gətirilmiş
və gəncəli əsirlər Nargin adasında məhkəməsiz-filansız
qətlə yetirilmişdilər. Məhəmməd Hadi də
Xudadat bəylə bərabər qətlə yetirilənlərin
sırasında ola bilməzdimi?
Xeyrulla Əliyevlə söhbətimizdə o, Orxan Vəzirovu
xatırladı. Yusif Vəzir Çəmənzəminlinin
oğlunu. Deyirmiş ki, "Əli və
Nino"da Məhəmməd Hadinin taleyindən intibalar var.
Lakin
artıq bunlar versiyadır...
Akademik Rafael Hüseynovun Məhəmməd Hadi ilə bağlı
özəl sayımız üçün qələmə
aldığı "Onu hamı ilə danışdırmaq
arzusu" məqaləsindəki bir fraza məni xeyli
düşündürdü. "Hər Hadini
düşünərkən, elə bu gün də onun barəsində
fikrə dalarkən, həyatdan adi ölümə məhkumlar
kimi getməsini, sıradan olan bir insan kimi torpağa
tapşırılmasını yox, məhz qeybə çəkilməsini
qəbul edir və bu həqiqətə inanıram.
Ölməyib, torpağa qatışmayıb, bir ruh kimi,
işıq kimi, mələk kimi uçub, sonsuz boşluqlarda
buxarlanıb, şeir kimi, şeirinin misraları təki fəzalarda
əriyib-itib, qeybə çəkilib...".
Mən də hər zaman belə
düşünmüşəm. Özü də təsəlli
kimi deyil, gerçək kimi.
***
...Fuad
Köprülünün belə bir müşahidəsi var:
"Füyuzat" məcmuəsi ilə başlayan və
bilxassə yeni Azəri nəzmini yaratmaq xüsusunda
böyük müvəffəqiyyət göstərən yeni
cərəyan, Avropa ədəbiyyatlarının yüksək
sənət əsərlərinə bənzəyən örnəkləri,
yeni Osmanlı ədəbiyyatında buldu. Öncə Məhəmməd
Hadi, bir az sonra Hüseyn Cavid bu təmayülü müvəffəqiyyətlə
təmsil etmişlərdir".
Cavid 1910-cu ildə İstanbulda təhsilini tamamlayıb
Azərbaycana dönür. Hadi də 1910-cu ildə
İstanbula gedir. Eyni ildə Əli bəy
Hüseynzadə də Azərbaycandan İstanbula
köçmüşdü. 1910-cu ilə
qədər Cavidin İstanbul Universitetində müəllimi
Rza Tevfiqdir. Rza Tevfiq Cavidi və təkcə
Cavidi deyil, Abdulla Suru da "kəndi xanəsində heç kəsə
sezdirmədən mürşid olaraq hazırlayıb vətəninə
yola salmışdı". 1912-ci ildə
Abdulla Sur da, Hüseyn Cavid də Gəncədəydilər.
May ayında Abdulla Sur dünyasını dəyişir.
Avqust ayında Cavid Gəncəni tərk edir.
Bir neçə aydan sonra Hadi İstanbuldan, daha
doğrusu, sürgün edildiyi Salonikdən Gəncəyə
gəlir. Gəncədə Əli Nəzminin evində
Salman Mümtaza İstanbul xatirələrini anladarkən məlum
olur ki, onun da İstanbuldakı mürşidi Rza Tevfiq imiş:
Hadi
İstanbuldan edirdi söhbət,
Heç kəsdən görməmiş orada hörmət.
Ancaq Rza
Tevfiq filosof, müdam
Etmişdi Hadiyə artıq ehtiram.
"Uyğunsuzluqları"
atmış keçmişə
Hadini düzəltmiş yüngül bir işə.
Həm də
müdafiə etmişdir daim,
Bunu ondan
başqa etməmiş heç kim.
Hadi
sitayişlə bəhs edir ondan
- Təkdir
İstanbulda, - derdi, - bu insan!
Belə çıxır ki, Hadinin İstanbulda
"Tanin" qəzetinə işə düzəlməsinin
də səbəbkarı Rza Tevfiq olub. Rusiya türklərinin
Rza Tevfiqlə əlaqəsi isə, adətən, Əli bəy
Hüseynzadə vasitəsilə gerçəkləşirdi və
bunu Rza Tevfiqin özü də bir dostuna
ünvanladığı məktubda xatırlatmağa ehtiyac
duyurdu. Bu barədə "Cavidnamə" kitabımda ətraflı
yazmışam....
Təəssüf
ki, Əziz Mirəhmədov "Məhəmməd Hadi" əsərində
yuxarıda adıkeçən şeirin yalnız ilk iki
misrasını ("Hadi İstanbuldan edirdi söhbət, /
Heç kəsdən görməmiş orada hörmət")
sitat gətirməklə kifayətlənir, Rza Tevfiqlə
bağlı misraları isə görməzdən gəlir, əvəzində
Rza Tevfiq haqqında əsassız məlumatlar verir: "Rza
Tevfiq jandarm idarəsində işə girib, inqilabçı
fəhlələri döydürürdü". Amma istər
1907-10-cu illərdə Cavidi, istərsə də 1910-12-ci illərdə
Hadini himayə edərkən Rza Tevfiq Osmanlı Məclisi-Məbusanının
üzvü və "İttihad və Tərəqqi"nin aparıcı siyasi simalarından biri idi. Eyni zamanda, Osmanlının ən seçkin şairlərindən
sayılırdı. Üstəlik,
İstanbul Darülfünununda fəlsəfə professoru idi.
Bir professor, incə ruhlu bir şair, Məclisi-Məbusan
üzvü jandarm idarəsində işə girib fəhlələri
niyə döydürməliydi ki? Könül istərdi
ki, Sabir Rüstəmxanlının Hadidən bəhs edən
qiymətli "Şair və şər" romanının
"İstanbul ümidi" hissəsində Rza Tevfiqin
obrazı bütün ziddiyyətləri və əlvanlığı
ilə yaradılaydı. Axı Rza Tevfiqsiz
Hadinin İstanbul dövrü bütün hallarda
tamamlanmamış qalır. Həm də
Rza Tevfiq bədii mətn üçün kifayət qədər
cazibədar bir obrazdır. Taleyi keşməkeşli bir
şairdir, filosof, professor, pəhləvan, siyasətçi,
konfransçı və bəktaşidir... "Şair
və şər" romanından söz
düşmüşkən, tarixi həqiqət
baxımından romandakı bir məqamın üzərində
dayanmaq istəyirəm. "Şair və
şər"də Əli bəy Hüseynzadə Bakıdan
İstanbula 1912-ci ilin qış günlərindən birində
gəlir. Amma elə deyil. Əli bəy
Hüseynzadə İstanbula o dövrün mətbuatında dərc
olunmuş xəbərlərə, özünün
yazdığı və əlyazması əsasında ilk dəfə
"Ədəbiyyat qəzeti"nin 23
noyabr 2007-ci il tarixli sayında dərc etdirdiyim "Müxtəsər
bioqrafik məlumat"a görə, 1910-cu ilin dekabrında
getmişdi. Türkiyəli Hadişünas Mehdi Gəncəlinin
2011-ci ildə İstanbulda nəşr etdirdiyi
"Azerbaycanlı Şair Mehemmed Hadi" kitabında diqqətimi
ilginc bir məqam cəlb etdi. Gəncəli
yazır ki, "Ustad ilə mənəvi şagirdi, 1910-cu ildə
İstanbula, həqiqi Dərsəadətə, aşiq
olduqları hürriyyətin paytaxtına gedirlər".
Bir yerdə getdiklərini güman etmək
olarmı, bilmirəm. Və elə İstanbula çatan
kimi, Hüseynzadə 1911-ci ilin əvvəllərində Tələt
Paşanın təklifi ilə "İttihad və Tərəqqi"nin (türk politbürosunun) mərkəzi-ümumisinin
(Rəyasət Heyətinin) üzvü seçilmişdi...
Artıq 1912-ci ilin qışına qədər İstanbulda
"Türk Yurdu" və "Türk Ocaqları"nın
qurulmasında yaxından iştirak etmiş, Salonikdəki
tarixi konfranslarını vermiş, Balkan hərbində
"Hilal Əhmər" xətti ilə həkim kimi fəaliyyət
göstərmiş, hətta Ədhiyyə xanımla ailə
qurmuşdu.
... Hadi isə
İstanbuldan qayıtdıqdan sonra "Ey mərifətin, fəlsəfənin
mənbəyi-nuru" misrasıyla başlayan "Türklərin
yeganə filosofu Rza Tevfiq cənablarına" adlı bir
şeir yazmışdı...
***
1918-ci ildə Hadinin 39, Cavidin 36 yaşı vardı. Bakı mətbuatı
1918-ci ilin ayrı-ayrı vaxtlarında Hadinin Gəncədə,
Cavidin Naxçıvanda vəfat etdiyini xəbər verib.
Qəribədir, niyə "qara xəbərin"
acı yelləri yanlış olaraq "Azərbaycanda Avropa ədəbiyyatını
uğurla təmsil edən" (F.Köprülü) bu iki
şairin qapısını döyüb? Və nəticədə
başqa bir paradoks da bu oldu ki, sağlıqlarında
ölüm xəbərləri yerli qəzetlərdə dərc
olunsa da, 1920-ci ildə Hadinin, 1941-ci ildə Cavidin ölüm
xəbərləri heç yerdə, heç bir qəzetdə
çap olunmadı və oluna da bilməzdi.
...Hüseyn
Cavidlə Məhəmməd Hadinin münasibətləri,
şübhəsiz ki, 1906-1907-ci illərdə
"Füyuzat" məcmuəsində birgə
çıxış etdikləri dövrdə
başlamışdı. Əli bəy Hüseynzadə
"Füyuzat"ın qapılarını Hadinin və
Cavidin üzünə taybatay açmışdı... XX yüzilin əvvəlləriydi. Azərbaycan ədəbiyyatının və ictimai
fikrinin neçə minillik bətnindən romantizm adlı bir ədəbi-məfkurəvi
cərəyan doğulurdu. "Azərbaycan
romantizmi (və hürriyyəti) isə ilk qədəmlərindən
qurban tələb edirdi" (Nizami Cəfərov). Yerin - Vətənin ən böyük şairləri
olsalar da, Hüseyn Cavid yerə enmir, Məhəmməd Hadi isə
yerdə qala bilmirdi.
"Əli bəy o vaxta qədər bir beyt belə
yazmamış olan Hadini dilləndirdi". Bunu Abdulla
Şaiq deyir. XX yüzilin əvvəllərində
baş vermiş romantik fikir zəlzələsinin
Şamaxı torpağının təkindən, yerin
altından ədəbiyyat Olimpinə tulladığı Məhəmməd
Hadini Əli bəy qətrə-qətrə yetişdirdi...
Hüseynzadə Şamaxı zəlzələsindən sonra
"Məhəmməd əl-Hadi əl-Hac Əbdülsəlimzadə
Şirvani həzrətləri"nin
dünyagörüşünü növbəti, gələcək
zəlzələyə - Azərbaycan poeziyasının Məhəmməd
Hadi zəlzələsinə hazırlayırdı.
Hüseynzadə 25 yaşlı cavan dostuna
"Zati-ali" deyə xitab edir, Məhəmməd Hadi isə
42 yaşlı insanpərvər ustadını "Dahi"
adlandırırdı. Hətta Əli bəy Hüseynzadənin
bu günəcən çoxlarımız üçün hələ
də bir sirr olaraq qalmış "Füyuzat"dan
sonrakı illərdən etibarən başlayan ənənəvi
susqunluğuna qarşı ilk mənəvi qiyamı da, -
"virdlərin nə üçün eşidilmir, niyə
sükuta qərq oldun? Füyuzatabadında
yarpaq tökümü, xəzan fəsli başladımı,
ey dahi?" - deyə Məhəmməd
Hadi qaldırmışdı. Bu barədə
"Əli bəy Hüseynzadə" kitabımda ətraflı
yazmışam. Mehdi Gəncəlinin Məhəmməd
Hadi sayımız üçün təqdim etdiyi yazıdan
anlaşılır ki, Hadinin ölüm xəbərini
1923-cü ildə eşidən Hüseynzadə Abdulla Cövdətin
"İctihad" dərgisində bu kədərli xəbərlə
bağlı "Hısset ve Sehavet" şeirini dərc
etdiribmiş.
***
Hadinin 1908-ci ildə nəşr olunmuş ilk kitabı
"Firdovsi-ilhamat" adlanır. Kitabda "İzhari-qədrdani"
başlıqlı bir şeir var. Şeir "Ədibi-xəluq
Əli bəy Hüseynzadəyə" ithaf olunub. Hadi
böyük ustadına "böyüksən, ən
böyüksən", - deyə xitab edir. Vətən
Əli bəydən mədət diləyən bir Kərbəla
şəklində simvollaşır.
Hüseyn
Cavidin isə 1913-cü ildə nəşr olunmuş
"Keçmiş günlər" adlı ilk kitabı
"Ədibi-möhtərəm Əli bəy Hüseynzadəyə"
həsr olunmuş "Çiçək sevgisi" ilə
tamamlanır. Bu, Cavid Əfəndinin göylər
aləminə bağlı nostaljisidir. Fransız dekadans
poeziyasındakı Albatros kimi...
Mahiyyət etibarilə eyni milli və ədəbi məfkurəni
paylaşan bu iki romantik sənətkarın ədəbi irtibatı,
qəribədir ki, yaradıcılıqlarında işıqla
kölgənin qarşı-qarşıya gətirilməsi ilə
başlanır. Əslində, Cavidin estetik kredosunun ifadəsi olan (və
bu da maraqlıdır ki, 1920-ci illərin əvvəllərində
Türkiyə Böyük Millət Məclisində bəzi
millət vəkillərinin əzbər bildiyi) "Pənbə
çarşaf"da hər hansı bir çadradan söhbət
getməsə də, Hadi "Pənbə çarşaf"
şeirinə cavab olaraq, 1914-cü ildə "Şairi-nəzahətpərvər
Hüseyn Cavid bəradərimə" ithafı ilə
"Əlvahi-nəfasət"i yazır. Onlar
qəribə paradoks yaradırdılar. Cavid
şeirin örtünməsini, Hadi isə qadının
açılmasını təlim edirdi. Cavidə
görə gizlilik, hicab, mübhəmlik şeirə ayrı
bir parlaqlıq qazandırırdı. "Gülə
çox başqa fər verir yapraq!". Hadi isə incə şeirləri söz libası ilə
zinətləndirməyin tərəfdarıdır, yəni
"Pək incə şeirləri libasi-ləfz ilə
parlatmaq, eyləmək ziba..." deyir.
Əlbəttə, bu bir Əli bəy Hüseynzadə məktəbidir. Hüseynzadəyə
görə: "Zatən şeir və sənətin lətafəti
... sirli olmasındadır... Şair, ya rəssam heç bir
vaxt fikrini açıq deməyəcək, ancaq zehin və qəlbində
gizli olan bir fikri aşılamağa çalışacaq...
şairin... xəyalında... peyda olan bir hiss, bir fikir ancaq mənəvi
bir təsirlə gizli, üstüörtülü bir surətdə
oxucunun qəlbinə... ötürülüb orada yenidən
qarşılığı olan hissiyyat və əfkarı
oyandıracaq...".
Hüseynzadənin yetirmələri kölgəsiz, yəni
mübhəm olmayan sənətin sənət
olmadığı qənaətindəydilər. Cavidə görə:
"Söylə! Dünyada hanki sənətkar, / Kölgəsiz
bir rəsimdə sənət arar!?". Hadi isə nurun kölgəsini kəşf edir -
Qadın nurdur. Övlad isə o nurun
kölgəsidir. "Olurmu kölgəsi
nurun? Əvət! Qadındır nur, / Onun da kölgəsi
vardır: yerin üzündə zükur!".
Eyni zamanda, Hadi Cavidin pənbə örtüyə
bürünmüş şeirini vəsilə edərək, Hənəfi
Zeynallının dediyi kimi, ruhundakı "kəskin
feministliyi" də aktuallandırırdı. Məhəmməd Hadi
çarşaba qarşı çıxan ilk Azərbaycan
şairidir: "Çarşaf yaxışmayır o
sabahi-müqəddəsə / Yaxışırsa siz
anladın / "Çarşaf"! Bunu qovmalıyız həp
lüğatdan / Yaşasın ləfzi-inkişaf!".
Bu xüsusda bir özəl məqamı da
xatırlatmalıyam. Əfsus ki, biz çadra inqilabını
Azərbaycanın sovetləşməsi ilə
bağlayırıq. Əslində isə qadın
azadlığının - çadra müstəvisində ədəbiyyatlaşan
ilk örnəyini Azərbaycan romantizmi verir: Əli bəy
Hüseynzadənin "Siyasəti-fürusət"inin
timsalında ədəbiyyatımızda ilk dəfəydi ki,
1908-ci ildə müsəlman qadınları ayağa qalxıb
rübənd və çarşablarını üzərlərindən
atırdılar. İlk dəfə onun qələminin və
ilhamının qüdrəti ilə "Fəcri mədəniyyət"
(mədəniyyətin dan yeri) rəqsini ifa edən müsəlman
qadınlar ingilis ledilərinin, sufrajist xanımların, rus matışkalarının
tələb etdiyi hüququ deyil, din və təbiətin
hüdudu dairəsində ədalət tələb edirdilər.
Hadi də Əli bəy Hüseynzadənin yolundaydı...
"Mən istəməm o örtüyü... Neçinmi
ya? "Örtü" "bunu yaqdı ki, Qərb oldu
möhtəşəm...". Və:
Bir
ildırım olsam da, əritsəm gecələrdən
Bir
parça olan örtünü gül üzlü səhərdən...
Gülüzlü
səhər, iştə qadındır bu firiştə,
Yolgöstəri versin, girəlim biz də behiştə.
... Sən
kölgəli oldun ki, işıqlar da büründü -
Bir kölgə kimi Şərqdə yerlərdə
süründü.
Hadi qərbləşmə təmayülündə daha
kəskindir. "Şərqə cəhənnəm", "Qərbəsə
cənnət" deyəcək qədər birmənalı
görüş sahibidir. Elə buna görə
də Hadi özünün kəşf olunmasını
gözləyən böyük Azərbaycan fenomenidir. 1913-cü ildə, qəribədir ki, Salonik
sürgünündən "yazıq, səfil" görkəmi
verib Vətənə "qaytardığımız"
zamanlarda Hadi təkamül nəzəriyyəsinə istinadən
şeirlər yaradırmış, hətta Mir Cəlalın
1948-ci ildə yazdığına görə Məhəmməd
Hadi "Darvin kimi filosofun nəzəriyyəsindən
xüsusi və fəlsəfı bir kitab" üzərində
çalışırmış. 1914-cü
ildə Hadi qərbləşmənin, amma Avropanın pozitivist
fəlsəfəsini, təkamül nəzəriyyəsini mənimsəyərək
qərbləşmənin tərəfindədir. "Onlar erişib cənnətə, biz Veyldə
qaldıq / Sübhi-mədəniyyətdə də vəlleyldə
qaldıq". Səbəb isə yenə
də madəri-cahildir. Cahil anadır.
"Könlümdən asılmışdı dürəxşəndə
Qəmərlər / Əfsus ki, onu söndürdü anam misli
Qəmərlər"... / Təmin olaydı əgər
ağuşi-Qəmərdən, /Tabəndə olurdu ürəyim
nuri-hünərdən... / Ey madəri-cahil, bumudur qiyməti-gövhər,
/ Can parəsini madər edərmi belə kəmtər...". Hadinin dərdləri
dünya dərdlərinə qarışıb. Qəmər ay simvolikasınımı, yoxsa sevdiyi,
qovuşa bilmədiyi qızımı təmsil edir? - ayırd etmək olmur.
Amma uşaqlıq dostu Əbülqasim Əminzadənin
1923-cü ildə yazdığı xatirələrindən
bilinən o ki, bütün ömrü zəlzələlər
qoynunda keçib. Atasını çox erkən itirib,
anası Hadini atıb, başqa kişiyə ərə gedib,
göbəkkəsdi nişanlısı olan sevdiyi əmisi
qızını da başqasına ərə veriblər.
Hələ üstəlik, əmiqızının
(çox güman ki, Qəmərin) nikah mərasimində
şahid qismində Hadini dəvət ediblər. Sonra zəlzələdən Şamaxı viran
qalıb. Sonra Kürdəmir sərgərdanlığı.
Sonra Türkiyəyə hicrət. Sonra
Salonikə sürgün, sonra sürgündən
qaçış, sonra Birinci Cahan hərbində Avstriya cəbhəsi,
Karpatlardakı müharibənin vəhşətləri... Sonra Azərbaycan Cümhuriyyətinin süqutu.
Nəhayət, onun sahibsiz və kimsəsiz
ölümü. Sonuncu zəlzələnin
şəpələri Azərbaycanın yaddaşını
yüz ildir ki, titrətməkdədir. Ölümündən
qırx il sonra qəbri
"tapılır" və tapılandan 40 il sonra yenidən
"itirilir". 1978-ci ildə ikicildliyinin
birinci cildi nəşr olunur, ikinci cild bu günə qədər
nəşr olunmur.
***
Hadi prosesdir. Hadi mifdir. Hadi ilə bağlı
suallar bitmir... İlk sualı 1942-ci ildə "Səni kim
unudar" məqaləsində Məmməd Cəfər verib:
"- Axırı nə oldu?" "- Kim bilir?!". "Öz əcəli iləmi
ölmüşdür, öz-özünümü
öldürmüşdür, yoxsa onu öldürmüşlər?
Aclıqdan, xəstəlikdənmi ölmüşdür?".
Məmməd
Cəfər bu sualı Hadinin ölümündən 22 il sonra verib. 77 ildir tarix bu suala
cavab vermək iqtidarında deyil.
Heç Hadi özü də çox suallara cavab tapa
bilmədi.
İlk sualını isə 27 yaşında
"Füyuzat"da vermişdi:
Cəhanə
gəlmədən məqsəd nədir insanə,
bilməm ki?
Həqiqətmi
bu xilqət, yoxsa bir əfsanə,
bilməm ki?
Mən
idrak etmədim dünyaya gəlməkdən
nədir
hikmət,
Yaratmaqdan
nədir hikmət bizi sübhanə,
bilməm ki?
Avropada belə bir taleyi, adətən, lənətlənmiş
şairlər yaşayır. Amma Hadinin
günahı nəydi? Lənətlənməsinə səbəb
olacaq nəsə etməmişdi, nəsə
yazmamışdı axı...
***
İlqar Fəhmi Hadinin dilinə metafizik rakursdan
yanaşır.
Bəlkə də haqlıdır. Amma bu,
"Hadinin dil(sizliy)i"nə dəlalət
etmir. Ona qalsa, Coys da "dilsiz"dir. Amma Coysun
təhtəlşüurunda səma yazıçısı ilə
millət yazıçısının qarşıdurması
və savaşı baş vermir. Hadinin
şeirləri bizi ən yaddaşsız vaxtımızda
haqladı. Yazdığı dil onun dilsizliyi və bədbəxtliyi
idisə, bəs Tevfiq Fikrətin, bəs Cənab Şəhabəddinin,
hətta bütün türklərin ilk Vətən şairi
Namik Kamalın dili necə olsun? Çağdaş türklər Tevfik Fikrəti də,
Cənab Şəhabəddini də anlamaqda zorluq çəkir,
həm də onlardan vaz keçə bilmir. Tevfik Fikrət
həm "Millət şərqisi"nin,
həm "Haluqun amentüsü"nün, həm də
"Tarixi-Qədim"in yazarıdır. Bu şeirlərin,
ümumiyyətlə, "Rübabi-şikəstə"nin varlığından sərf-nəzər
edilərsə, çağdaş türk poeziyası təməlsiz
qalar. Yaxud Cənab Şəhabəddinin keçib gedən yasəmən
rəngli saatı: "Artık oyan, ey mah / ey mahi-dila-ram, /
zira keciyor ah! / saati-semen-fam!" Tənzimatdan yola çıxan bu dil, həm
yaddaşlı, həm də obrazlı dil idi. Avropa, xüsusən, fransız modernizminin obrazlar
sistemi ilə semantik əlaqə yaratmaq gücündəydi.
Çox vaxt Hadinin dili onun bədbəxtliyi kimi səciyyələndirilir
və bunu, adətən, "Füyuzat" estetikası ilə
əlaqələndirirlər. Amma Əli bəy Hüseynzadə
ona üslubda mürəkkəbliyi deyil, sadəliyi təlqin
edirdi... Deyirdi ki, Hadinin yazdığı dil
söz aristokratiyasının dilidir. Və millət
Hadini oxumağa hələ ki hazır deyil...
***
İş
otağımda üç dahinin şəkli
baş-başadır: Hüseyn Cavid, Əli bəy Hüseynzadə
və Məhəmməd Hadinin. Öz ruhsal və
estetik dünyaları ilə mənim sonsuz enerji və fikir
qaynaqlarım. Son vaxtlar isə Hadi içimin tufanına,
ağrısına çevrilib... Hara getsəm mənimlədir.
Hüseynzadə ilə, Cavidlə bağlı
yaşantılarımı çoxdan kitablaşdırsam da (və
hər iki kitabda Hadi haqqında ayrıca hissələr olsa
da), hiss edirəm ki, yazdıqlarım Hadisiz bütöv ola bilmir. Hadisiz nəinki mənim
yazdıqlarım, heç min illik ədəbiyyatımız
da tam və bütöv ola bilməz. Bir də
ki, axı Hadinin Vətənindən, ruhundan və şeirlərindən
başqa, heç nəyi, heç bir nişanəsi
qalmayıb...
Və nəhayət,
son vaxtlar duyğularıma amansızlıqla hakim kəsilmiş
belə bir fikir: HEYKƏLİ NİYƏ OLMASIN?..
XX yüzilin dünya miqyasında ən
böyük şairlərindən biridir. Şəstlə
dünyaya çıxara biləcəyimiz iki-üç
şairimizdən biridir. Ən böyük
Vətən şairimizdir. Xalq yazıçısı
Elçin demişkən, "Azərbaycan klassik
poeziyasında Hadi qədər birbaşa, müstəqim surətdə
"vətən" və "mllət" ifadələrini
işlədən ikinci şair yoxdur".
O ZAMAN
HEYKƏLİ NİYƏ OLMASIN? "Heykəl diləməm,
heykəli-qəbrimdir o əflak" desə də, içinin
bir nisgili də var idi axı: "Ən son diləyim: məqbərim
olsun vətənimdə, / Təndir vətənim, olmalı
canım da tənimdə..." NİYƏ OLMASIN?
Niyə
bütün külliyyatı, tutaq ki, bir kitabda və tutaq ki,
"Əlvahi-intibah" başlığı ilə nəşr
olunmasın?.. İstər məzmun əlvanlığı,
istər poetik özəlliyi baxımından belə bir
"Əlvahi-intibah" "Rübabi-şikəstə"
ilə yanaşı, modern türk poeziyasının təməl
kitablarının siyahısını zənginləşdirməzdimi?..
... "Vətəni iman kimi, ömür kimi sevmək təlimi
ilk dəfə Hadinin şeirlərindən saçıldı
poeziyaya" (Elnarə Akimova). "Vətən
sevgisi iman olanda ona gücləndirici, əsaslandırıcı
sübut gərəkmir. Hadinin vətənçiliyi
iman kimi orijinal idi" (Niyazi Mehdi). Bir-birini
tamamlayan, biri digərinə emanasiya edən bu fikirlər Hadi
poeziyasının əyarını dəqiq müəyyənləşdirir.
Amma ötəsi də var. Bu fikirlərin fövqündə
bir də "Amalımız, əfkarımız iqbali-vətəndir"
deyən Namik Kamal Vətənçiliyi var: "A Vətən,
Kəbəmidir hər tərəfin". O qədər ki, hər
tərəfi Kəbə olan Vətənə "Bir
qızım var sana qurban olsun" - deyə biləcək dərəcədə.
Namik Kamal Vətəni qutsallaşdıran ilk türk
şairidir.
Ardıyca daha əzəmətli dalğa - Məhəmməd
Hadi dalğası gəlir...
Məhəmməd
Hadinin Vətən Sevgisi Hz. Məhəmmədin təlim etdiyi
Vətən Sevgisidir: "Hübbül-vətən min əl
iman". Yəni Vətəni sevmək
imandandır.
"Ey Vətən,
ey pəriyi-vicdanım, / Səni sevmək deyilmi imanım?".
***
Belə
bir Məhəmməd Hadi Vətəndə məzardan məzara
köçürülə-köçürülə qeyb
olub getdi... Özünə də əyan idi: "Ruhum
uçuyor cənnəti-ülyalər içində...". Dediyi kimi də oldu. Ruhu hələ də cənnət vətənin
göylərində uçur.
27-29
noyabr 2019
Azər TURAN
Ədəbiyyat qəzeti.-
2019.- 30 noyabr. S. 16-18.