Hadinin
dil(sizliy)i
Məhəmməd
Hadidən danışarkən, adətən, ilk eşitdiyimiz
fikir həmişə bu olub - Hadi çox qəlizdi,
anlaşılmazdı, mürəkkəbdi...
Müəyyən mənada haqlı, lakin müəyyən
mənada da yanlış fikirdir. Haqlılığı ondadır ki,
müasir sıravi oxucumuz həqiqətən də Hadinin
şeirlərinin içində anlaya biləcəyi bir
misranı tapmaqçün, etiraf edək ki, xeyli əziyyət
çəkməlidir... Ancaq bunun qəlizliyə, mürəkkəbliyə
heç bir dəxli yoxdur... Azərbaycan ədəbiyyatı
tarixində həqiqi mürəkkəblik, fikir qəlizliyi, əslində,
nadir hadisədir. Əsasən Xaqani Şirvani
yaradıcılığında və "Səbki-hindi"
üslubunda Saib Təbrizinin qəzəliyyatında
müşahidə olunur.. Füzulinin
divanında da sözün həqiqi mənasında mürəkkəb
qəliz qəzəllərə rast gəlmək
mümkündür...
Hadi
yaradıcılığının qəlizliyi isə sadəcə
fars və ələlxüsus ərəb kəlmələrinin,
izafət və tərkiblərin bolluğu ilə
bağlıdır ki, bunları bilən oxucu üçün
Hadi şeirləri çox sadə, səmimi, aydın təsir
bağışlayır...
Misalçün,
Hadinin ən qəliz sayılan və məşhur bəndlərindən
birinə diqqət edək...
Mən
bir günəşəm, yerdə əyandır ləməatım,
Şerimdə
parıldar duruyor çöhreyi zatım,
Yoxdur zərəri,
keçsə də fəqr ilə hayatım,
Kim
olduğumu bildirəcək bil ki məmatım,
Fərdayi-üfulumda
bu qövm ağlayacaqdır,
Lakin
gözümü dəsti-əcəl bağlayacaqdır...
Mən elə
bir günəşəm ki, parıltılarım,
şüalarım yerə düşür, əsl mahiyyətim
şeirimdə görünür, həyatım fəqirliklə
keçsə də eybi yoxdur, öləndən sonra kimliyim
bilinəcək, bütün xalq ağlayacaq, lakin xeyri
olmayacaq, çünki artıq əcəlin əli
gözümü bağlamış olacaq... Təxminən bu
cür... Və heç kim burda hansısa
qəliz fikrin, mürəkkəbliyin olduğunu deyə bilməz...
Bəs belə olan halda təbii olaraq belə bir sual
ortaya çıxır - Niyə? Niyə məhz bu
cür? Məgər eyni fikirləri ərəb-fars
tərkiblərini minimuma endirərək demək mümkün
deyildimi? Ən azından Hadinin
yaşadığı illərdə belə nümunələr
çox idi. Bəs niyə o, məhz əks
yolu tutdu? Sadələşdirmək yüngülləşdirmək
əvəzinə, bir qədər də
ağırlaşdırdı... Məgər
görmürdü ki, bu yol onu XX əsrin geniş oxucu kütlələrindən
uzaqlaşdırır?
Şəxsən
mənimçün bu addımın psixoloji tərəfi daha
maraqlıdır, çünki yeniyetməlik dövrlərimdə
şeir yazmağa təzə başlarkən, birbaşa dil
problemlərinin içinə düşmüşdüm və
ümumən müasir ədəbiyyatımız
üçün bu məsələ artıq çoxdan öz
aktuallığını itirsə də, sırf əruz
şairləri arasında hələ də mübahisə
mövzusu idi və bu mübahisələrin içində
Hadinin adı çox hallanırdı... həmin vaxtlarda əruz
mühitində bir canlanma vardı, artıq müstəqillik
dövrünə qədəm qoymuşduq, klassik ədəbi
janrların təbliğinə meydan daha da genişlənmişdi.
Ancaq bu geniş meydana çıxış əsas iki problemi
ortaya çıxarmışdı - dil və mövzu istiqaməti...
Bir qisim şairlər əruz şeirinin yalnız
ilahi-irfani mövzularda olmağını təkid edir, digərləri
isə realizmə tərəf gəlməyi tövsiyə
edirdi. Dil
baxımından da bir qisim əruz şairləri qəzəlin
dilini adi danışıq dilinə
uyğunlaşdırmağı, digərləri isə əksinə,
bir qədər də qəlizləşdirmək yolu
tuturdular... Məhz bu məqamlarda Məhəmməd Hadi
yaradıcılığı çox nümunə gətirilirdi
və həqiqətən zamandan üstün duran,
dövrün tələbləri səviyyəsinə
düşməyən, öz ali ədəbi
səviyyəsini saxlayan şair olaraq Hadi təqdim edilirdi...
Lakin bu "ali ədəbi səviyyə" dediyimiz məfhum
müəyyən qədər ziddiyyətli fikirlər və
mübahisələr də doğururdu...
Əgər Hadi həmin dövrdə Qərbdə
yaşayan modernist-dekadans sənətkarlar kimi tam real həyatdan,
sosial mühitdən aralanıb özünün fərdi
abstrakt poetik dünyasını yaratmış olsaydı,
"sənət üçün sənət"
ideyasını təbliğ etsəydi, onu müəyyən qədər
başa düşmək olardı. Ancaq onun
yaradıcılığındakı mövzular və
ağrı-acılar sosial mühitlə, xalqın cəhalətiylə,
ictimai problemlərlə sıx bağlı idi. Belə olan halda şeirlərin dili niyə sosial
mühitin, sadə xalqın dilindən bu qədər aralı
idi? Mövzuları aşağı
salıb dili yuxarı qaldırmaq nə dərəcədə
düzgün addım idi?
Bu sual
yüz il əvvəl də, indi də bir
çox ziyalılarımızı
düşündürüb, bunun ictimai-sosial səbəblərini
tapmağa çalışıblar...
Mənsə bu məsələyə bir qədər fərqli
aspektdən yanaşmaq istərdim. Hərçənd ki, bütün
bu fikirlər mənim sırf subyektiv fikrim olacaq...
Dünya
mədəniyyət tarixinə nəzər salsaq görərik
ki, sənətin iki mənşəyi var - səmavi və
dünyavi...
Qərb
alimləri bunun birinə şərti olaraq zadəgan sənəti
(elitar), birinə isə rəiyyət sənəti (kütləvi)
adını qoyur... Təbii ki, burda məsələ sənət
əsərinin hansı təbəqəyə məxsus
yaradıcı adamlar tərəfindən ərsəyə gəlməsində
deyil, ümumilikdə sənətə münasibətdədi...
XX əsrin
əvvəllərində yazıb yaratmağa başlayan Azərbaycan
şairləri, təbii ki, Şərqin klassik əruz poeziyasının
yetirmələri idilər və müəyyən mənada,
elitar sənət istiqamətini təmsil edirdilər... Şeirin qayda-qanunlarını klassik kanonlar əsasında
öyrənirdilər. Lakin artıq
dövr dəyişirdi. Qapalı irfan ədəbiyyatı
öz yerini mətbuata, publisistikaya verirdi. Və dar
çərçivəli qapalı irfan ədəbiyyatı
üzərində poeziya qaydaları öyrənən bu təbəqə
birdən-birə geniş xalq kütlələriylə
üz-üzə qalmış olurdu... paralel olaraq, Rusiya, Avropa
və Türkiyədən gələn yeniliklər... Təbii
ki, belə bir şəraitdə hər bir gənc
yaradıcı şəxsin psixikası sərt təzyiqlərlə
üzləşmiş olurdu - bir tərəfdən, dəyişən
zamanın tələbləri, digər tərəfdən, onu
özündən buraxmayan minillik ənənə...
Kimlərsə zamana uyğunlaşmadı. Əksinə, bu təzyiqlərin
qarşılığında bir az da
özlərinə qapandılar, ətraf aləmə göz
yumdular, tısbağa kimi qınlarına çəkildilər.
Topların mərmilərin dövründə, telefon-teleqraf zəmanəsində
yenə güldən-bülbüldən, meydən-meyxanədən,
yardan-əğyardan yazdılar... Bir qisim isə
klassik ənənəyə tam arxa çevirdi,
üzünü Qərbə tutdu. Lakin Məhəmməd
Hadi öz həmfikirləri olan milli romantizm nümayəndələri
kimi orta yol tutmağa çalışdı - ənənəvi
Şərq poeziyasının təntənəli ritmini, vəznini
saxlayaraq, mövzuları müasirləşdirmək,
dövrün tələblərinə
uyğunlaşdırmaq...
Lakin bu, o
qədər də asan iş deyil. Şairin
psixologiyası, ümumiyyətlə şeirə münasibəti
sındırılır, yenidən qurulur. İlk
olaraq Şərq poeziyasının elitarlığı,
dünyavi (sosial-ictimai) mübahisələrdən daha da
yuxarıda dayanaraq, yalnız səmavi-ilahi məqamlara diqqət
yönəltmək prinsipi sındırılıb
dağılmalıdır. Sən bu gün
"insan-Tanrı" münasibətlərindən
yazırsansa, sabah artıq millətin təhsilə
olan həvəssizliyini, maarifə olan laqeydliyini göstərməlisən,
insanın ictimai hüquqlarından yazmalısan, cəmiyyətdəki
çatışmazlıqları tənqid etməlisən... İlk
baxışdan birinci mövzu nə qədər ali və səmavi mənşəyə
malikdirsə, digər mövzular konkret zamanın və məkanın
real problemləridir... Və hər iki mövzu istiqamətinin
öz dili var - biri təntənəli, ali,
ağır və simvolik, ikincisi sadə, asan və
anlaşıqlı olmalıdır...
Təbii
ki, belə məqamda yazarın içində, sanki hüceyrələrin
bölünməsinə bənzəyən bölünmə-ikiləşmə
prosesi gedir - birincisi, "arif oldur bilməyə
dünyavü-mafiha nədir" deyən "Səma
şairi", ikincisi isə "yox millətimin xətti bu
imzalar içində" deyən "millət
şairi"...
"Səma
şairi" yerdən aralanıb İlahi yüksəkliklərə
qalxmağa çalışarkən, "Millət
şairi" gözlərini göylərdən ayırıb ətrafındakı
insanların yaşadığı iztirablara, zülmlərə
yönəlir, sosial ədalətsizliklərə, cəhalətə
zillənir...
Və
şairin içində "millət şairi" obrazı nə
qədər güclənirsə, əvəzində təhtəlşüurundakı
arxetip kimi məğlubedilməz olan "səma şairi"
kiçildikcə daha da qəzəblənir, təsiri daha da
iti olur... "xəyanət, xəyanət"
deyə bağırır... Şairi az qala
"İlahi səmalar"a xəyanətdə ittiham edir...
Və belə
məqamda Məhəmməd Hadinin içində, sanki qəribə
bir proses baş verir ki, bunu birbaşa dil müstəvisində
müşahidə edirik...
Şair məzmun
baxımından "millət şairi" obrazına
yaxınlaşdıqca, poetik dili onu zorla əks tərəfə
- "səma şairi"nə tərəf çəkir...
Mövzular sosial mühitə yaxınlaşıb sadələşdikcə,
şeirlərin dili daha çox ağır, təntənəli
olur, sanki göylərə qalxır...
Yazarın
təhtəlşüurundakı minillik "səma
şairi" arxetipi, sanki bu yolla ondan qisas almış olur,
sanki bəyan edir ki, sən mənim məzmunumdan qurtulmağa
çalışsan da, "məşum dil" səni
hörümçək toru kimi daha çox saracaq, xilas olmaq
istədikcə bu tora daha çox bürünəcəksən...
Və bu da "səma şairi" arxetipindən
qaçıb "millət şairi" olmağın qan
bahasıdır... Sən millətin dərdiylə yanan, onu cəhalətdən
xilas etməyə çalışan "millət
şairi" ola bilərsən, əvəzində
bu millətin böyük hissəsi səni başa
düşməyəcək, yazdıqların əksəriyyət
üçün anlaşılmaz qalacaq... Çünki sənin
ağzındakı dil bu mühit, bu cəmiyyət
üçün deyil - arada getdikcə dərinləşən
uçurum var. Və budur dəhşətli cəza - Bu
mühitdə, bu xalqın içində sən
"dilsiz"sən...
Hadinin bu
məşum "dilsizlik" cəzası onun
ölümündən sonra da şairi təqib etməkdədir...
Öz xalqının, millətinin dərdinə bütün
varlığı ilə yanan şair dili getdikcə sadələşən
millətdən daha da ayrı düşdü, Hadinin şair
dühasını duya bilən oxucuların sayı durmadan
azaldı... İndi az qala barmaqla
sayılacaq qədərdir... "Səma
şairi" arxetipi çox qəddardır, ona arxa
çevirib aşağı boylananları
bağışlamır. Bu Səma cənnətindən
qaçmaq Adəm üsyanına bərabərdir... Cəzası
da məşumdur...
Məhəmməd
Hadinin şair ruhu hələ də bu cəzanın altında
inildəməkdədir... Hələ də bu cəza Hadini
minlərin, milyonların sevməsinə mane olur, hərçənd
ki, sırf mövzu və məzmun baxımından, Məhəmməd
Hadinin şeirləri XXI əsr Azərbaycanı
üçün bəlkə ötən yüzildən daha
aktual, daha müasirdir... Əgər bu cəza olmasaydı, bəlkə
də bu gün milyonların sevimlisi olan "əbədi
müasirimiz" Sabirin yanında "əbədi cəfakeşimiz"
Məhəmməd Hadinin də portretini görərdik...
Budur, onun
təvəllüdünün 140 ili tamam
olur, gələn il də ölümünün 100 illiyidir.
Lakin Xaqani Şirvanidən sonra öz vulkanabənzər
gurultusu ilə Azərbaycan ədəbi düşüncəsini
silkələməyə qadir olan ilk şair olsa da, Hadinin bu
vulkan enerjisi "dilsizlik" soyuğunda
üşüyür, alov püskürə bilmir...
Amma Hadi unudulmayacaq. Onun, hətta o cəza qəfəsindən
sızılan və müasir oxucular üçün
anlaşılan olan azsaylı şeirləri belə kifayətdir
ki, poeziya sevərlərimizin yaddaşına əbədi həkk
olunsun. Bu məşum "dilsizlik" cəzasının
isə nə vaxt başa çatacağı yalnız və
yalnız taleyin hökmünə bağlıdır...
24 noyabr
2019
İlqar Fəhmi
Ədəbiyyat qəzeti.-
2019.- 30 noyabr. S. 21.