Qəmabad
sakini – Məhəmməd Hadi
Görəsən
(Hz) Musanı Nil çayına təslim edərkən
anası bilirdimi o, qurtula biləcək? Axı
Nilin sakit axan suları bəzən sərt üzünü
daşqın şəklində bəlirtirdi insanlara. Bəlkə dini mətnlərin Musa və Nil əhvalatı
sadəcə həyat axını mənasını ehtiva
edir? Yəni həyat
adlandırdığımız axın bəzən bizi məlum
olmayan, ya da gümanımıza gəlməyən məcralara
gətirib çıxara bilir.
Bəzən
düşünürəm ki, Dərbənd
Şeyxülislamı olmuş Qasım bəy yerli bəylərdən
biri tərəfindən düşmənçilik məqsədilə
suçlanmasaydı, əmlakı müsadirə
olunmasaydı, özü isə Həştərxana
sürgün edilməsəydi oğlu Mirzə Məhəmməd
Əli Kazım bəy yetişə bilərdimi? 19-cu əsrin ən
qabaqcıl ictimai fikrin görkəmli nümayəndələrindən
biri olan professor Mirzə Kazım bəyin Həştərxana
məhz atasının yanına gəlişi və burada
iş axtarmaq məqsədilə xarici missionerlərə rast gəlməsi,
şərq dillərini bildiyi üçün onlara ərəb,
fars dillərini öyrətməsi gələcəyin
alimi üçün həyat trayektoriyasını cızmaqda
idi. Və bu zaman onun qarşısına
çıxan zəka adamları eynilə Mirzə Kazım bəydə
də bu işığı gördüyündən ona həyatın
növbəti pillələrində addımlamaq
üçün yardım edirdilər. Daha doğrusu,
onun yol-yoldaşı savadı idi, sadəcə bunu görən,
qiymətləndirən, dini mənsubiyyətindən və
milliyyətindən asılı olmayaraq ona əl tutanların
mövcudluğu Mirzə Kazım bəyi ona layiq olan zirvələrə
doğru aparırdı, Rusiya Elmlər Akademiyasının ilk
azərbaycanlı üzvünə çevirirdi. Yazdığı elmi əsərlər dünya elm
qapılarını onun üzünə taybatay
açırdı. Mirzə Kazım bəyi bu
hüdudlara qədər gətirən yuxarıda qeyd etdiyim həyat
axını idi bəlkə də, Nil
idi...Hadi isə dəfələrlə Nilə atılmışdı...
Doqquz yaşında ikən atasını itirən, sonra
anası tərəfindən nənəsinin himayəsinə
verilən Hadinin hansı psixoloji durumda olmasını
müasir psixoloqlar asanlıqla aça bilərlər.
Nənə məhəbbətinə isinişmiş Hadi
növbəti qadını Tanrının əli ilə itirir. Gənclik mərhələsində
isə var sahibi olmadığı üçün,
ictimai-sosial bərabərsizlik səbəbindən həyat onu
sevdiyi xanımdan ayırır. Ard-arda qadın itkisi ilə
üzləşən şair bu dünyadan incik
düşür...
Şamaxı zəlzələsi Hadiyə həyatın
növbəti mərhələsinə keçid etmək
üçün təkan olur. Sözün həqiqi
və məcazi mənasında. Bu təkan
onu ədəbiyyata gətirir. Qəribədir,
26 yaşı olmasına (bu yaşa qədər o, bir sətir
şeir belə yazmamışdı) baxmayaraq Hadi,
ağsaqqalsayağı dövrün gəncliyinə məsləhət
verirdi, nəsihət edirdi. Bəli, həyat
onu çox böyütmüşdü, bəzən istəkləri
ilə gerçəklik arasında olan təzad onun içində
fırtınalar yaradırdı. Özü qohum-əqrabasına
təhsil istəyini bildirsə də, heç kim
bu yanğının sakitləşməsi üçün
heç nə etmirdi və onun istəkləri istək olaraq
qaldığından “Həyat” qəzetində çap edilən
şeirləri gəncliyə maarifin, təhsilin önəmindən
danışırdı, gerçək həqiqətin nə
olmasını bəyan etmək istəyirdi (“Bəyani-həqiqət”).
İçində isə ona təhsil qapılarını
açmayan insanlara qarşı narazılıqları baş
qaldırırdı...
Oxumaqçün
nə qədər dadu-fəğan etdim isə,
Olmadı zərrə əsər bəxş şu
istimdadım.
Dağa
dersəm eşidir, sonra verir əks-səda,
Daşa dönmüşlərə əks eyləmədi
fəryadım.
Hadi
Kürdəmirə pənah gətirdikdə həmyaşıdlarıyla
birgə xırda ticarətlə məşğul olsa da
özünü öz qabında hiss etmirdi. Amma
onu xoşbəxt insan hesab etmək olardı, çünki
yanında onu duya bilən, olduğu kimi qəbul edən
dostları var idi. Məhz bu dost qayğısının
sayəsində təhsil susuzluğunu yatırtmaq
üçün kiçicik bir otaq açmaqla öyrətmənlik
etməyə başlayır, bununla böyük ideyalara
doğru addımlamaq üçün heç olmasa müvəqqəti
də olsa ruh yüksəkliyi qazanır. Çünki
onun uşaqlıqdan formalaşmış qısacıq sevincləri
istənilən işdə sona qədər mutlu olmamaq instinkti
ilə özünü göstərirdi. Hadi
müvəqqəti sevinclərlə ovunsa da, daha böyük
nəsnələr onun daxilində böyüdüyü
üçün çərçivələri
sındırmağa və böyük amallar uğrunda
mübarizəyə atılmağa meyllənirdi. Əslində tarixdə bu ruhda, bu ovqatda olan onlarla
şəxsin adını çəkə bilirik. Məsələn, Napaleon gerçək sərkərdəyə
çevrilənə qədər bütün arzularını
yazılarında qeyd edirdi. E.V. Tarlenin
“Napaleon”unu oxuduqca hələ litsey öyrəncisi olan zaman gələcək
sərkərdənin böyük ideyalarını vərəqlərə
yazmasını görürük. O, döyüşə
yazılarından başlamışdı və aristokratik
zümrəyə malik olmadığı üçün bəzən
həmyaşıdları tərəfindən məsxərə
obyektinə də çevrilirdi. Boyuna-buxununa lağ edənlər
tərəfindən ünvanına söylənilmiş, “Sən
at üzərində əyləşincə, döyüş
bitər” fikirlərinə, “Döyüş, mən ata mindikdən
sonra başlayacaq” kimi cavabları verirməklə xarakter
nümayiş etdirirdi. Və yazılar üzərində
gələcək Fransa imperatorunun gediş
trayektoriyasını hazırlayırdı.
Mənim üçün Hadinin ruhu həm də Bayronun
ruhuna bənzər şəkildə görünür. Bilmirəm, nədənsə
onun həyatı ilə tanış olduqca
Lord Bayron haqqında oxuduğum çılğınlıq
düşüncəmdə canlanır. Əslində
bu təkcə gənclik çılğınlığı
deyildi. Bu, həqiqətən xarakter,
mübarizlik, qorxusuzluq göstəricisi idi. Döyüşdən-döyüşə,
mübarizədən-mübarizəyə getmək daxili
ovqatın nəticəsidir, əslində. İnsan daxilən narahat olduğu təqdirdə
özünü döyüşlərlə məşğul
etmək istəyində olur və yaxud hansısa mübarizədə
iştirak etməklə həyatda qazanmadığı mənəvi,
şəxsi qələbəni real həyatın
döyüş oyununda qazanmaq istəyir və bununla
rahatlığa qovuşmağa çalışır. Bəlkə də elə bu səbəbdən
bütün mübarizələr, bütün
döyüşlər Hadini öz cazibəsinə sala bilirdi.
Onun narahat ruhuna müvəqqəti olaraq su
çiləyirdi.
Hadinin yaratdığı utopik dünya bu dünya ilə
üst-üstə gəlmədiyindən o, utopiya ilə real həyat
arasında vurnuxurdu. Xarakter, bitkinlik məsələsi istənilən
situasiyada Hadinin gerçək simasını bizim
üçün açır. Yaradıcılıq
nümunələrinin çap edilməsinə, az-para qonarar
almasına baxmayaraq Hadinin maddi vəziyyəti heç də
yaxşı deyildi. Amma qəribəsi budur ki,
bütün maddi məhrumiyyətlər onun vətən,
istiqlal, hürriyyət sevdasına qarşı sədd ola bilmirdi. Çətinliklərlə
üz-üzə qalsa belə kimsəyə boyun əymək,
yaltaqlıq nümayiş etdirmək, üzünə riyakar maskası
keçirmək onun təbiətinə tamamilə yad idi. Çünki şeirlərində cəhalət
dediyi faktor həm də kimsənin önündə
başıaşağı dayanmaq, diliqısa olmaq,
danışmaq mümkün olduğu halda susmaq demək idi.
Gerçək düşüncə sahibinin bu
cür nadan keyfiyyətlərə malik olması Hadi əxlaqi
kodeksində bağışlanmaz səhv idi. O səbəbdən
də şeirlərini qəpik-quruşa satsa da, Hadi kimsənin
önündə baş əymir, hətta ən çətin
məqamında AXC naziri Behbud xan Cavanşir Hadinin yanına gəlib,
“Buyurun, maşına. Bizimlə gedək, bizə
lazımsınız” söylədikdə də, “Gedin,
şairinki nazirlə tutmaz” deyir. Çünki, səhv-doğru
Hadinin özü üçün cızdığı əqidə
çərçivəsindən, əqidə cızığından
çıxması özünə qarşı xəyanət
etmək kimi bir şey idi.
Əgər
Məhəmməd Füzulinin poetik ruhu “Məni candan
usandırdı, cəfadan yar usanmazmı?” söyləyirdisə,
Hadinin poetik, üsyankar ruhu
İrişdi
hümmət ilə milləti-məsudə məqsudə,
Keçirdik
ömri-qiymətdarı biz bihudə-bihudə,
Biz olduq əhli-xüsran,
həmsəfərlər yetdilər sudə,
Bu gün
bizlərdən istikrah edir əqvami-mövcudə,
Dözərmi
nifrətə, bilməm, həqarətdən usanmazmı,
Açıldı sübhi-sadiq, xabdən millət
oyanmazmı?
deyibən hayqırırdı.
Hadi Həştərxanda məskunlaşarkən orada nəşr
edilən «Bürhani-tərəqqi» adlı qəzetlə əməkdaşlığa
başlayır. Lütfi əfəndinin
dəvəti ilə bir müddət orada
çalışdıqdan sonra 1907-ci ildə Əli bəy
Hüseynzadənin çağırışı ilə
Bakıya qayıdır, Əli bəyin baş redaktoru olduğu
«Füyuzat» jurnalında öz fəaliyyətini davam etdirir.
Hadinin yaradıcılıq istiqamətinin
möhkəmlənməsində, bacarığının,
istedadının cilalanmasnda «Füyuzat»ın böyük rolu
olur. Onun şeir, məqalə və tərcümələri
bu jurnalın səhifələrində müntəzəm
olaraq dərc edilir…
Jurnalın varlığı Hadi üçün nə
qədər böyük ruh yüksəkliyi idisə, onun
qapanması əhvalına bir o qədər mənfi təsir
göstərmişdi. Hətta
deyilənə görə məhz bu hadisədən sonra mənəvi
cəhətdən böhran keçirən şair içkiyə
qurşanır. Şeirlərini isə
ara-sıra dostların, yazarların təkidi ilə bəzi mətbu
orqanlarda çap etdirir. Hətta 1908-ci ildə
milyonçu, böyük mesenant H.Z.Tağıyevin dəstəyilə
onun şeirlərindən ibarət «Firdövsi-ilhamat» adh ilk kitabı da nəşr olunur.
Hadinin şeirlərdə vəsf etdiyi, tərənnüm
etdiyi vətən bütöv vətən idi. Bölünmüş
olsa da, dörd bir yandan düşmənlər tərəfindən
acgözcəsinə didim-didim olsa belə o, vətənini
yaralanmış şəkildə göstərmirdi. Utopik olsa belə özünün düşüncələr
aləmində yaratdığı vətəni vəsf edirdi,
həm də beynində cızdıgı bütöv vətən
xəritəsi önündə səcdədə dayanaraq onu
reallıqda görmək istəyində idi.
Psixologiyada sensor aclığı deyilən bir
anlayış var. Uzunmüddət qaranlıq mühitdə
qalan insanda sensor aclığı yaranır ki, bu da beyini təxəyyül
aləminə baş vurmağa meyilləndirir. Hətta orta əsrlərdə
insanın xarici dünyaya çıxış
duyğularını, yəni gözünü bağlayaraq,
qulağını tıxaclayaraq dünyadan təcrid etmək
kimi bir cəza növü də var idi. Belə
vəziyyətə düşən insan zamanla
yaddaşını itirirdi. Çünki
hissiyyat üzvlərini lokallaşdırma insanı məhv edən
əsas faktordur. Hadinin önündə
dayanan qaranlıq isə cəhalət və bu
anlamazlığın fonunda kütlənin böyük amallar
uğrunda deyil, məişət çərçivələri
daxilində ömür sürməsi idi, ya da sürünməsi
idi. Əslində bu cür
işıqlı zəka sahibləri olan cəmiyyətlərdə
belə insanların anlamaz, bilməzlər arasında
yaşamasının özü ölümdən betər idi,
işgəncə idi. Qapılar döyürsən
açılmır, vətən istəyirsən yaranmır, təhsil
istəyirsən daş-qalaq olunursan, türk deyirsən
pantürküst adlanırsan, sürgün edilirsən, edam olunursan!
Düşüncəsində, təxəyyülündə
bir aləm qurmuş Hadi də gözlərini açınca
utopiyanı reallıqda müşahidə etmədikdə yenidən
var gücü ilə öz xəyallar dünyasına vararaq nə
zamansa bu həqiqətin gerçək olmasına bərk-bərk
inanırdı. İnanmaqdan yorulmurdu. Qətiyyən
merac aləmindən yerə enmək istəmirdi. Stoiklərin ifadə etdiyi “ideal cəmiyyət
arzulamaqdansa, hər şeyi olduğu kimi qəbul etmək
lazımdır” düşüncəsindən çox uzaq idi.
Və ən qatı qaranlığın səhərə
yaxın olması gerçəkliyinə inanaraq, bütün
qorxular, mümkünsüzlüklər üzərində
günəşin doğacağına daha çox ümid bəsləyirdi.
Minor notlara köklənmiş istənilən
şeirində hər hansı bir sözlə, misra ilə
ümid işığına da yer saxlayırdı. “Qartal qonduğu budağın sınmasından
qorxmaz. Çünki güvəndiyi budaq yox, qanadlarıdır”
misalı kimi Hadi də əqidəsinə,
inanılmaz görünsə də utopik düşüncələrinin
nə zamansa reallaşacağına inanırdı. Bunun üçün cəmiyyəti qəflət
yuxusundan oyatmağa, şirin imperiya nağıllarına
inanmamağa, təhsilə, maarifə doğru irəliləməyə
səsləyirdi.
Çox qəribədir ki, dövrün maarifpərvərlərində
eyni daxili iztirabı, eyni təəssüfü, eyni
acını müşahidə etmək mümkündür. Həsən bəy
Zərdabi haqqında oxuduqda da millət təəssübkeşliyini
sezirik. Bu insanlar xalqının maarifə,
elmə, təhsilə gəlməsi üçün
ömürlərini şam kimi əridiblər. Təsəvvür edin, Zərdabi məhz maarifpərvər
çıxışlarına, doğru yol carçısı
olduğuna görə dindar dairələr tərəfindən
şantaj edilirdi. Türkiyə cəsusluğunda
ittiham olunurdu. Zərdabinin evində
axtarış aparmaq üçün işə təhkim
olunmuş qubernator onu günahlandırmağın
mümkün olmadığını görərək, “Bir
halda ki, bu qədər iztirablara – yaramaz mühitə və ləyaqətsiz
adamlara dözürsünüz, görünür, siz bu
xalqı olduqca çox sevirsiniz ki, nə olursa olsun buralardan
çıxıb getmirsiniz” fikirlərini dilinə gətirmişdi.
Proqressiv sklerozdan əziyyət çəkməsinə
baxmayaraq Zərdabi ömrünün sonuna qədər məqalələr
yazaraq “Kaspi” qəzetinin redaksiyasına gedib-gəlirdi. İnsanın
qayğı şkalası, xalq, vətən sevgisi hansı həddə
olmalıdır ki, canının dərdinə baxmayaraq,
özünü qorumayaraq bu fədakarlığı edəsən.
Bu ömürləri, belə taleləri oxuduqca
heyrətimi gizlədə bilmirəm. Dəyanət,
daxili qüvvə, böyük inam sahibi olmaq bəlkə də
yalnız və yalnız fövqəlbəşər təfəkkürə
malik bir keyfiyyət olaraq dəyərləndirilə bilər.
Onlar isə yer adamları idi, yanımızda
idilər, bizimlə çiyin-çiyinə idilər və
xalqın girifdar olduğu qaranlıqları
işıqlandırmaq üçün yer üzərinə
göndərilmiş peyğəmbər missiyasını
gerçəkləşdirirdilər. Amma
doğrunu söyləyən, düzü düz, əyrini əyri
göstərən bütün zamanların düşünən
beyinləri kimi dışlanırdılar, daş-qalaq edilirdilər. Ömrünün
sonuna qədər maarifin, təhsilin, elmin vacibliyi haqqında
yorulmadan çıxışlar edir, məqalələr
yazırdı Zərdabi. Hətta ölüm öncəsi
də xanımına vəsiyyət də etmişdi: “Mən
öz həyat yoldaşıma vəsiyyət edirəm ki,.. ehsan və dəfn xərcləri
əvəzinə öz qərarı ilə xalq təhsilinin
ehtiyaclarına ianə versin”. Böyük
maarifçinin dəfn mərasimində meydana axışan
ziyalı kütləsi, xalq nümayəndələri Zərdabiyə
öz məhəbbət və ehtiramını ifadə etmək
üçün xüsusi fikirlər yazılmış
plakatlar gətirmişdilər və onlardan birində
“Əlvida, Həsən bəy! Sən
Zaqafqaziyada müsəlmanları oyadan ilk insan idin!” fikirləri
yazılmışdı.
Estafet
növbəti ziyalılara ötürülürdü və
Hadi də öz həmfikirləriylə bərabər,
Hüseyn Cavid, Molla Nəsrəddinçilər, Əli bəy
Hüseynzadələrlə bərabər yorulmadan Hürriyyət!
Vətən! Millət! ideyası ilə əllərində
məşəl öndə gedirdilər.
Zəhrlənmiş
fikrimiz zəhrabi-mövhümat ilə,
Ey həqiqət!
Parla, parlat Şərqi, zülmətzardır!
Söyləyirdilər…
“Ləng
yeriməkdən yox, dayanmaqdan qorx” ( Paulo
Koelyo) deyimində olduğu kimi Hadi heç vaxt sükunətdə,
ətalətdə bulunmurdu. Əgər
mühitində arzularını gerçəkləşdirə
bilmirdisə, işıq axtarışında, bəlkə də
ruhuna dinclik tapmaq, növbəti mərhələlərə
baş vurmaq üçün tələsirdi. Məhz bu istəklər, ideyalar onu Türkiyəyə
də gətirir. Əslində Türkiyə, Turan
sevdalılarının həm də istinad nöqtəsi idi.
İstanbulda “Tənin” qəzetində tərcüməçi
kimi işləyən Hadi bu qəzetdə şeirləri ilə,
dünya ədəbiyyatından
türk dilinə tərcümə etdiyi nəsr nümunələriylə
də görünməyə başlayır, türk
poeziyasında azadlıq carçıları kimi tanınan
Tofiq Fikrət və Rza Tofiqlə yaxın dostluq əlaqələri
saxlayaraq burada irtica əleyhinə «Rübab», «Sərvəti-fünun»,
«Sabah» qəzetlərində fəal çıxışlar
edir.
Bir müddət sonra Türkiyənin hərbi naziri Mahmud
Şövkət paşa sui-qəsd nəticəsində həlak
olduğu üçün Türkiyədə
axtarışlar, şübhələr dalğası
başlayır. Hadi də «Rusiyadan göndərilmiş təxribatçı»
kimi şübhə altına alınaraq o zamankı Türkiyə
imperiyasının ucqarlarından hesab olunan Salonikə
sürgün edilir. Özünə uyğun bir iş
tapmayan şair bazarlıq etmiş yerli qadınların
ağır zənbillərini daşımaqla bir parça
çörək üçün pul, daha doğrusu qəpik-quruş
qazanır. Ardından Balkan müharibələri (1912-1913) nəticəsində
Salonik Yunanıstana birləşdirildiyindən Hadi indi də
yunanlar tərəfindən «Türkiyənin casusu» kimi
şübhə altına alınaraq taleyin növbəti
ağrılı oyunu ilə üz-üzə qalır. O, qəlbi
xalq, bəşər səadəti üçün
döyünən bir Azərbaycan şairi olduğuna heç
kəsi inandıra bilmir. Onu limandan yola
düşən ilk gəmiyə mindirib Yunanıstandan təcili
surətdə xaric edirlər. Gəmidə
isə şairin həyatına qəsd olunur. Qaragüruhçular Hadini Mərmərə dənizinə
atıb öldürmək istəyirlər. Hadi növbəti dəfə (Nilə) atılır.
İndi isə dövran, siyasi olaylar onu - Turan
sevdalısını sevimli Türkiyəsindən
ayırır. Möcüzə nəticəsində
sulara qərq olma təhlükəsi ilə üz-üzə
dayanan şair Musa kimi, bəlkə də Yunus kimi bir yunan
keşişi tərəfindən xilas olunaraq sahilə
buraxılır…
Kiçikcə
biro da içrə zavallı bir məxluq –
Yaşar… və çox gecələr olduğu
otağı soyuq.
Soyuq ləyalı yaşar atəşin
xəyalilə,
Düşünmədə gecələr qəlbi-pürməlalilə.
O guşədə
qonulan çarpayədir yatağı,
Deyil də nəfsinə aid, kirayədir otağı.
Asılmış əlbisəsi bir
tərəfdə divarə,
Şu əskilər yaxışar böylə əski
divarə.
O yanda bir çamadan
keçmişin nəzirəsidir,
Zavallının bu oda hücreyi-fəqirəsidir. (“Şair,
hücreyi-iştiğalı və düşüncələri”)
Hadinin təkliyini,
onun yalqızlığını, düşüncələrini
bu şeir qədər özündə əks etdirən bəlkə
də ikinci belə bir şeiri yoxdur…
1914-cü ilin fevralında Bakıya qayıdan şairin
ruh halı yerində olmadığından o, bir müddət
ruhi dispanserdə müalicə alır. Elə oradan
çıxdıqda I Dünya müharibəsinin
başlandığını eşidərək
döyüşə atılır.
Milli ədəbiyyatımızada istiqlal ideyasının
başlanğıcı həm də Hadidən gəlir. Yalnız
böyük mütaliə sahibi olan insanın təfəkkürü
istiqlalın nə olduğunu anlaya bilər. Ümumiyyətlə, bu dövrün bütün
ziyalılarını kitablar dünyaya gətirmişdi.
Elə həmin kitab ağırlığında olan dünya
görüşü Hadilərin ruhunu cılız bədənlərində
coşdururdu və onlar lokal şəraitlərdə iynə
ucu qədər işıq yeri axtararaq qəmabadı (vətənini
belə adlandırardı) günəşistana çevirmək
istəyirdilər…
Həqiqət
sayəsində kəsbi-qüdsiyyət qılar millət,
Həqiqətlə
edər növi bəşər təhsili-hürriyyət…
Hadinin
bütün şeirlərini təftiş etsək, ən
çox “işıq”, “həqiqət”, “hürriyyət”, “vətən”,
“millət”, “təhsil”, “maarif” sözlərini görəcəyik.
Əslində bu sözlərin hər biri
şairin şüuraltısının inam pəncərəsini
bizim üçün açır. Şeirlərində
bədbin notlar olsa belə bu sözlər onun inamını
bizə çatdırır. Qaranlıqların
bir gün bitəcəyi gerçəkliyinə şairin
ümid etməsini göstərir.
Hadi “Mən bir kitabəm”, “Mən bir günəşəm”
adlı şeirləriylə öz daxilini də oxucusuna
açırdı. Onu, özünü vərəqləməyə
dəvət edirdi. Amma istiqlal
carçısını susdurmaq üçün bütün
dövrlərin “qəlizdir”, “qəliz yazır” ifadəsi onun
kitablarını bağlı saxlayırdı. Bu kitablar ögsüz halda kitab rəflərində
oxucusunu gözləyirdi. Oxuduqda isə şairin
özünə təxəllüs olaraq
götürdüyü Hadilik “doğru yol göstərən”
olmaq missiyasını, Musa kimi öz qövmünü
ardınca – Hürriyyətə, İstiqlala, Vətənə
səslənişini eşitmək mümkündür.
Mən
bir kitab, hər vərəqim min kitabdır,
Millət
işıq olsun, məni udsun bu siyəh xak,
Ancaq dilərəm
qövmüm ola sahibi idrak.
İdrakı
olanlar məni sonra qanacaqdır,
Bir
qövmi dirildən də cahanda qanacaqdır…
Hadinin vətəni Qəmabad idi. Hadinin taleyi də
elə vətəninin taleyinə bənzəyirdi. Onun ruhu narahat idi, özündən başqa
hamından narahat idi. Vətənindən,
millətindən, onun gələcəyindən narahat idi, Hadi.
Məhrumiyyətlərlə acınacaqlı
ömür yaşayırdı. Abdulla
Şaiq xatirələrində yazır ki, «bir gün
küçədə Hadiyə rast gəldim. «Hərarətli
şeirlərim» adlı mənzuməsini mənə uzadıb
«al, beş manat ver!» dedi. Mən
cibimdə olan on manatın hamısını ona verdim. O,
diqqətlə üzümə baxdıqda məni
tanıdı və pulu ovcuma qoyub məni qucaqladı. Çox mütəəssir idi. «Şaiqciyim,
bağışla, tanımadım» dedi. Nə qədər
israr etdimsə pulu almayıb getdi… «Tutulmuş olduğu sərxoşluq
onun … göz açıb dünyaya daha aydın münasibət
bəsləməsinə imkan vermirdi…».
Hadi
dövrünün Kefli İsgəndəri idi həm də…
Bir müddətə qədər xəyallar aləmində
utopik dünya yaradaraq var gücünlə mücadilə edə
bilərsən, hə, edə bilərsən, amma…sonra istəklərinin
qar dənəsi kimi suya düşüb əridiyini
görüncə dünyadan da, taleyindən də, elə
özündən də küsməyə başlayırsan. Bir vaxtlar
Büraqa minib merac etdiyin dünyalar indi həqiqət
önündə təslim olur və gücsüz Don Kixot kimi
taxta qılıncını əlindən atıb təslim
olursan həyatın axarına. “Bu qədər
yaşadım, yetər” deyirsən.
Günəş doğacaqmı?
Ay səmada
qalacaqmı?
Eh,
artıq heç nəyin mənası yoxdur… (Masamune
Akira) kimi baxırsan dünyaya. Çünki Polifem
misalıtək bir pəncərədən baxanlar - təkgözlər,
dar düşüncəlilər arasında özünü
ögey hiss edirsən. Küsürsən, sadəcə…Əlini
yelləyib gedirsən…
Deyilənə görə, M.Hadi 1920-ci ilin mayında
artıq bolşeviklərin əlinə keçmiş Gəncədəki
xəstəxanaların birində vəfat etmişdir. Harada dəfn
edildiyi barədə uzun müddət ictimaiyyət məlumatsız
qalmışdır. Görkəmli alim, Məhəmməd
Hadi yaradıcılığının tədqiqatçısı
Ə.Mirəhmədov 1966-cı ildə Gəncəyə gedib
yerli ağsaqqalların köməyi ilə «Səbzkar» qəbristanlığında
Hadinin qəbrini tapmışdır. («Bakı» qəzeti
4 iyun 1966-cı il) Hadi səssiz-səmirsiz
bu dünyadan köçüb getmişdi. Yanında doğmaları, əzizləri olmadan
gözünü əbədi olaraq yummuşdu. Sonda nə
demişdi, hansı sözü söyləmişdi - heç kim bilmir.
“Bir gül qədər gözəl ol, amma tikanı qədər
zalım olma.
Birinə elə bir söz de ki, ya
yaşasın, ya da ölsün. Amma, əsla yaralı
buraxma” demişdi Şəms Təbrizi… Həyat
isə, vətən isə, elə taleyin özü də
şamtək əriyən, günəştək yanan övladını
yaralı buraxdı. Ana ola bilmədi…
Günel EYVAZLI
Ədəbiyyat qəzeti.-
2019.- 30 noyabr. S. 22.