Hadinin bir deyiminə fəlsəfi açım
Məhəmməd Hadinin yaradıcılığını
düşünmək istəyəndə
cavabı çətin
suallarla üzləşirsən. Gündəlik yaşamında bu qədər uğursuzluğa
düşən adamda
vətən sevgisi haradandır? Ürəkdən gəlir, yoxsa şeiri yüksək mətləblərdən etmək
istəyi "vətən
sevgisi" ilə oynayır? Bəs vətənin hürriyyəti
nə məsələdir
onun şeirlərində,
doğrudanmı azadlıq
sevgisindən gəlir,
yoxsa şeirinə siyasi qırım vermək istəyindən gəlir? Şeiriyyəti
ərəb-fars sözlərinin,
fars izafətlərinin
intonativ cizgilərində
görən Hadidə
vətənin və ulusun modernləşməsinə
yönəlik istək
nələrdən qaynaqlanırdı?
Hərçənd eyni sorunu Əli bəy Hüseynzadəyə də
vermək olardı.
Bu sualları düşünüb hələ
cavabı tapmayan mən Elnarə Akimovanın bir məqaləsinə rast gəldim. Ondan bir parçanı verim:
"Bilirsinizmi nədir,
məncə, nüxbeyi-amal?
Könüldəki əməlim millətin
səadətidir...
Ey Vətən! Ey pəriyi-vicdanım!
...Səni sevmək deyilmi imanım?".
Elnarə
xanım bu tip Hadi misraları üstünə yazmışdı:
"Hadi vətəni
sevməyi imanına çevirdi. Vətən haqqında ən
gözəl şeirlərin
müəllifi kimi yazdı adını milli ədəbiyyat tarixinə. Hadiyə qədər sevgi
obrazının bütün
çalarları işlənmişdi
ədəbiyyatda. Bütün dərinlik
ölçülərində gətirilmişdi poeziyaya.
Tək Füzuli faktoru kifayət edir fikrimizi əsaslandırmağa.
Amma vətəni iman kimi, ömür kimi sevmək təlimi ilk dəfə Hadinin şeirlərindən
saçıldı poeziyaya.
Hadi toplumdan millətə aparan yolun şairi
kimi doğuldu, bu amal uğrunda
yaşadı, bu ideya yolunda ömrünü
var etdi.
Bizim Aristotel
məntiqi ilə korlanmış bilincimizdə
belə bir qəlib var ki, olmalı olan nə varsa,
onun xeyrinə sübutlar da olmalıdır. Yəni "vətəni sevməliyik" buyuruğu
varsa, bunun sübutu da olmalıdır. Məntiqin belə
mütləqləşdirilməsinə mən bilincimizin Aristotel məntiqi ilə korlanması deyirəm. Vaxtı ilə imanı
və bilimi Avqustin tutuşduranda birincinin xeyrinə onu demişdi ki, hətta sübutlar tələb edən elm də aksiomalardan, postulatlardan başlamalı olur. Bu axırıncılar isə sübut əsasında yox, inam əsasında qəbul edilir.
Dünya düşüncəsində bu
anlamda panloqisizmə çoxlu "əmmalar"
qoyulub. Kant "nəyə
görə mən əxlaqlı olmalıyam"
sorusuna cavab axtaranda bundan xeyir götürməyi təməl prinsipi düzəldənlərə deyirdi:
sən umacaqla yaxşılıq edirsənsə,
bu, davranışın
əxlaqi deyil. Əxlaqlı adam
borc duyğu-düşüncəsindən
itələnib yaxşılıqlar
edəndir, bundan, hətta ziyan çəksə də.
Mən bir dəfə yazmışdım
ki, biz Azərbaycanı
yaşamaq üçün
sərfəli məmləkət
etsək, heç bir milli ideoloji
olmadan da adamlar Azərbaycanı sevəcəklər. Konkretləşdirmişdim ki, yaşamaq
üçün sərfəli
məmləkət təkcə
yaxşı dolanışıq
deyil, haqların qorunması, düşüncə
özgürlüyü və
s.-dir. Ancaq boynuma alıram, bu "gözəl" məsləhətim
kütlə insanı
üçün idi.
Bir də var seçmə
adamlar ki, borc düşüncəsindən
çıxış edərək
dillərini, vətənlərini
sevirlər. Nə sovetləşmə
aşamasında, nə
də ondan qabaq Azərbaycan yaşamaq üçün
sərfəli məmləkət
deyildi. Ancaq Hadi kimi düşünənlərimizin vətən sevgisi umacaqsız idi. Üzümü yığnaq
adamlarına yox, mənəvi adamlara tutub soruşuram: biz nəyə görə Azərbaycanı sevməliyik?
Ona görə ki, gözəl təbiəti
var? Azərbaycandan da gözəl
təbiəti olan yerlər var. Ona görə ki, Azərbaycan insanı gözəl, yaxşı insandır? Ondan da gözəli,
yaxşısı var. Biz Azərbaycanı
vətənimiz olduğu
üçün sevməliyik.
Bəzi gənclərə elə gəlir ki, İslamı sevməyin əsasında bu sübut durmalıdır ki, o ən doğru-düzgün,
ən təmiz dindir. Bir TV tok-şousunda
Rəhman Bədəlov
qızıl sözlər
demişdi: İslamı
sevmək üçün
niyə sizə sübut lazımdır ki, ən düzgün
din odur?! Dininiz olduğu üçün
sevə bilmirsiniz?!
Mənim
əlavəm: biz ata-anamızı
sevmək üçün
bəyəm sübuta
gərək duyuruq ki, onlar ən
yaxşı adam
olmalıdırlar?! Bax, bu kontekstdə mən Elnarə xanımın məqaləsində Hadinin
vətən sevgisini vurğulamasında fəlsəfi
məqam gördüm.
Vətən sevgisi iman olanda ona gücləndirici,
əsaslandırıcı sübut
gərəkmir. Hadinin vətənçiliyi
iman kimi orijinal idi və
o çağkı başqa
yazarlarımızın, düşünərlərimizin
vətənçiliyinə yeni əlavələr idi.
Niyazi Mehdi
Ədəbiyyat qəzeti.-
2019.- 30 noyabr. S. 24.