Qeybdə bir tənha vardı...
Hadini düşünürəm... Hissim
düşüncəmə dov gəlir yenə! Həmən yenilirəm bu təsəlliyə:
Bir pünhan sirr yiyəsidi,
Qıymır bəyan olmağa.
Qeybdə
bir tənha vardı -
Gedib həyan olmağa...
Hadini düşünürəm; unudulmaz
tələbəlik illərimin
xatirələrilə baş-başa!
Təhsil aldığım
universitet binasının
üçüncü mərtəbəsindən
nakam şairin Gəncə çayı sahilində yer alan qəbirüstü
abidəsi apaydın görünürdü. Və hər
dəfə auditoriyada
Hadidən söz düşəndə hamının
"Allahsız Kərim"
deyə tanıdığı
qocaman müəllim dönüb olurdu dünyanın ən imanlı Allah adamı; dərs otağının
geniş pəncərəsindən
uzun müddət o tənha abidəyə tamaşa edirdi. Titrək əllərilə cib dəsmalını aramasından
bilərdik ki, yenə gözləri dolub. Bilirdik ki, Hadinin sirli məzarının aşkarlanmasında Kərim
müəllimin xüsusi
əməyi olub.
Şahidləri adbaad tanıyırdı.
Bu səbəbdən pəncərə önündəki
susqunluğu dərs saatının sonunacan davam edirdi. Nağıl başlayırdı
bundan o yana: "Bir bəyaz lərzə, bir dumanlı uçuş, Eşqin qeyb eyləyən bir quş kimi qar...".
Gəl ver mənə bir cam də, ey saqiyi külfam,
Ta məst yazım bu sözü əfsanələr içrə.
...Ol gənci-xəfidən bir əsər bilmədim axır,
Canım çürüdü heç
yerə viranələr
içrə.
"Ol gənci-xəfidən bir əsər bilmədim axır...". Daha çox "Xan
Çoban" təxəllüsü
ilə tanınan Seyid Əbülqasim Nəbatinin misrasıdı.
"Gəzmə, səni
tari, belə biganələr içrə"
təvəqqesi edirdi,
"Oldum yenə rüsva neçə fərzanələr içrə"
sıxıntısı çəkirdi,
ruhunun "canım çürüdü heç
yerə viranələr
içrə" təəssüfü
vardı... Təbii ki, Nəbatinin
bu misraları heç vəchlə Hadiyə həsr edilməyib. Doğum tarixləri
arasında 67 illik bir zaman məsafəsi
dayanır. Daha öncə Nəbati vardı... Ancaq bütün intizarlı
halıyla Nəbatinin
bu kövrək misralarında Hadi var.
Nəbati hər dəfə zərif, biri o birini tamamlayan incə cizgilərlə, nöqtələrlə bitirirdi
mətləbini. Hadidəsə bu nöqtəli işləmələrin yerini
daha çox sual işarələri, nidalar tutur:
...Sərbəst bu gün zülmünü icradə zalım,
Ərbabi-ədalət hanı? Məfalər içində!
Sanki Nəbatini Hadidən
ayıran elə də çox olmayan zaman, vaxt məsafəsi arasında üç-dörd,
bəlkə də daha çox əsrlərin ayrıntısı
dayanır. Nəbati könül dostu
güləndamından olsa-olsa,
bir cam dolusu mey diləyirdi ki, ta məst
yaza bilsin sözünü əfsanələr
içrə. Hadidəsə Nəbati şeirinin aşiqanə, lirik ovqatının yerini daha çox ictimai, daha çox
siyasi, qlobal mahiyyət kəsb edən dəyərlər
tutur. Hadidə cism, könül,
qəlb əvəzinə
ruh, düşüncə,
yaddaş, milli qeyrət duyğusu zəban çəkir.
Nəbatinin eşq aləminin divanələr,
fərzanələr içrə
yalqız dünyasının
yerini Hadinin vətənçilik düşüncəsinin
qiyamı tutur:
"Lal ol, demə,
qanma, gözünü
kur elə" derlər,
Gözlü nasıl ömr eləsin əmalar içində?!
Bu yöndən Hadi
bütün düşüncəsi,
məfkurə aydınlığı
ilə yeniləşmənin,
istiqlal mücadiləsinin
yanındaydı. Daha çox böyük
müasirləri Əli
bəy Hüseynzadəyə,
Tofiq Fikrətə hesablanmışdı. O yerdə
ki, ustadı Tofiq Fikrət zülm, istibdad girdabına düçar olmuş soydaşlarının
gerçək durumunu
Çeynəndi yazıq millətin
ümidi-büləndi,
Qanun deyə torpaqlara sürüldü cəbinlər
Qanun deyə, qanun deyə qanun təpələndi
- misralarıyla anladırdı, o yerdə
ki, millətə bir sillə olan mənsəb sahiblərini
Düşsün sənə meyyali-təhəkküm
əyilən sər,
Qopsun səni bir haqq
deyə alqışlayan
əllər
- lənətilə qamçılayırdı, Hadi
onunlaydı. Tofiq Fikrəti təqdir
edirdi. Və ustadının daş-qalağa
məruz qaldığı
bir vaxtda "Sərvəti-fünun"da çap
etdirdiyi şeirində
yazırdı:
...Fikrət, o böyük şairi nəvvari-füsunkar,
Hər təri
rübabından uçan
nəğməyi-səhhar.
...Ey dəsti-hünər, dəsti ədəb, dəsti rehasaz,
Alqışlayan əllər səni,
əlbəttə, qırılmaz!
Tofiq Fikrətin "Yeyin, əfəndilər, yeyin, bu xani-iştaha sizin, doyunca, tıxsırınca, çatlayıncaya
qədər yeyin"
qəzəbinin, üsyanın
davamı kimi Məhəmməd Hadi öz qövmünə qənim çıxanlara acı və istehzalı bir tərzdə qiyam qaldırırdı:
İç, iç nə qədər istərsən
qanımı, zalim,
Bir gün görərəm qanını
səhbalər içində.
Böyük müasiri və
həmyerlisi M.Ə.Sabirin
"ülfəti-ünsiyyət" xitabına eyni fikir ucalığından dəstək verirdi:
Həmdəsti-ittifaq olunuz, ey rəfiqlər!
Birlikdə fəth olur sizə babi səadətin.
Məhəmməd Hadi daha çox
zəmanəsinin "Vətən
şairi" adıyla
qiyaslanın Namiq Kamaldan gəlirdi. Rəcanzadə Mahmud Əkrəm, Əbülhaq
Hamid Tərxan, Məhməd Akif Ersoy düşüncəsiylə
həmzəban idi.
Məmləkətinin Əli bəy
Hüseynzadə, Sabir,
Səhhət, Cavid, Cəfər Cabbarlı silsiləsini tamamlayan məfkurə örnəyiydi.
XIX əsrin tanınan isimlərindən olan Səfiqulu bəyin
Çağırdım uca avaz ilə: - Leyla, Leyla,
Dağ səs verdi
cavabında ki, Məcnun, Məcnun
- beytinin aşiqanə
ovqatı Hadiyə öz dövrünün qaranlıq, biganə aləmini təsvir etmək üçün dolğun fon verirdi və Səfiqulu bəyin bu beytindən çıxış edərək
yazırdı:
Dağa
dersən eşidir, sonra verir əks-səda,
Daşa dönmüşlərə əks
eyləmədi fəryadım.
Və bu məqamda Səfiqulu bəy də, Məhəmməd Hadi də eyni
dərəcədə Füzuliyə
tapınır, Füzulidən
gəlirdilər...
Şamaxıda doğulmuşdu. Gəncədə qeyb olmuşdu.
Ömür kitabı 1937-ci ildə
Müşfiq taleyi, Müşfiq qədəriylə
tamamlandı. O gündən-bu
günə "qərib
bir haray var, gəzir dünyanı - görən
harda qaldı anası ölmüş?!".
Sərvaz Hüseynoğlu
Ədəbiyyat qəzeti.-
2019.- 30 noyabr. S. 25.