Hanı Hadi

 

 

Mən Hadiyəm! Mən Hadiyəm! Qayıdıram,

 

Sıyrılıram bədrlənmiş Ay içindən.

 

Mən Hadiyəm! Diz çökübən ayıdıram:

 

Öləmmirəm, ulu Tanrım, keç suçumdan.

 

 

 

Sual verər, cavab alar Qeyb məndən,

 

Yarı varlıq, yarı yoxluq görür gözüm.

 

Yarı üzüm ulu Tanrı divanında,

 

Qayıdıram əllərimdə yarı üzüm.

 

 

 

Ah çəkilir, quşlar uçur, çəkilir ah...

 

didilir bəndi gümüş yaz köynəyim!

 

Mən Hadiyəm! Qayıdıram! Bismillah!!!

 

Bir bakirə yer varmıdır zühr eyləyim?!

 

 

Murad Köhnəqala

Ədəbiyyat qəzeti.- 2019.- 30 noyabr. S. 25.