Məhəmməd
Hadi: Əfsanələrin sirr pərdəsi, yaxud dəniz kimi
köpürən...
İş
elə gətirib ki, indiyə qədər Məhəmməd
Hadinin daha çox taleyindən bəhs ediblər, həm də
nakam və məhkum həyatından, məzarından və
güman edilib ki, onun bütün külliyyatı,
yaradıcılıq sirri elə bu həyatın, vərəqləri
cırılıb künc-bucağa, dünyanın ən uzaq,
güman gəlməyən yerlərinə səpələnmiş
ömür mətninin içindədir. İndi
də kimsə bunun əksini düşünmür. Daha doğrusu, həmin o nakamlıq və məhkumluq
duyğusu buna imkan vermir ki, vermir.
Zənnimizcə,
onun yaradıcılığını araşdırmağa
"imkan verməyən" tale sərgüzəştlərindən
yayınıb təsadüfi yox, içdən gələn fəhmlə
bir şeirini seçib, onun misraları arasına səpilən
toxumları incələsəniz hər şeyin, təkcə
Hadinin yox, bütün insanların və insanlığın
başına gələn fəlakətlərin ən
dürüst səbəbini tapa bilərsiniz. Yəni
bütün şairlər, qələm adamları kimi, Məhəmməd
Hadinin də şair tipini müəyyənləşdirmək,
mətninin diktə etdiyi, ərəb-fars izafətləriylə
açıq-aydın söylədiyi, sırf bizim sözlərlə
gizlətdiyi, yalnız bəzi işarələrlə kifayətləndiyi
mətləbləri fəhm etmək zəruridir.
Məhəmməd Hadini fəlakətdən fəlakətə
sürükləyən, ona bu ağrılı, fəryad dolu
şeirləri yazdıran hansı qüvvə idi? Belə bir qeydi yadda saxlamaq
lazımdır ki, həyatını bu kimi təlatümlərdə
yaşamayan, qəlbinin səsinə qulaq asıb, qeybdən gələn
nəfəsini dinləyib bədii mətn yaradan istənilən
şair də Hadi kimi qeyb ola,
öldürülə, bir xəstəxana küncündə
taleyin ümidinə buraxıla bilər və taleyin bu kimi zərbələrini
onun yazdığı şeirlərin yanında təsəvvür
etdikdə dərin bir ziddiyyət, yaxud anlaşılmazlıq
yarana bilər. Yəni həyatı təlatümlər
içində keçən şairin şeirlərindəki
bu "sakitlik" nədir? Amma bir də
var, şeirin taleyə çevrilməsi, şairin həyatına
təsir edib onu ən dəhşətli fəlakətlərə
sürükləməsi. Bizim ədəbiyyatşünaslıqda
Hadiylə bağlı həmişə belə bir mübahisə
aparılıb ki, doğrudanmı o, bəlli türk romantik
şairlərinin güclü təsiri altında olub. Mübahisə o qədər qızışıb
ki, Hadinin özünün T.Fikrətə "ərməğanı"
unudulub. Təsir şübhəsiz ki, var, olub, bu təsirdən
qaçmaq mümkünsüz idi, daha doğrusu, ədəbiyyatda
təsirsiz keçinmək, işlənmiş, az
qala son bürcü də fəth edilmiş mövzulara
qayıtmamaq mümkün deyildir. Hadi həmin türk romantikləri
və o dövrün yaxşı bələd olduğu,
ara-sıra tərcümə etdiyi dünya ədibləri kimi
qlobal mövzulardan yazırdı, daha doğrusu, yerdə
gördüklərini bəşərin başının
üstünü almış qaçılmaz fəlakət
"reyestrində" göstərməyə cəhd edirdi. Yəni bir şair kimi M.Hadinin
böyüklüyü heç şübhəsiz ki,
bundadır.
Yuxarıdakı fikrimizə qayıdaq. Şeir,
şairin ürək qanıyla yazdığı mətn taleyə
çevriləndə nə baş verir? Bu təsadüfdə
onun həyatı, yaşam tərzi, ölümü belə əfsanə
tülünə bürünür və ondan sonra bu
dünyada kimsə o çox nazik tülün
"qapısından" içəri keçə və
mövcud işarələri aça bilmir. Şairin taleyinə
əfsanələr sirayət (müdaxilə-!) etdikdə
qabaqcadan yazılan, bəlli olan yazının sözləri
arasında yuva qurmuş sirlər pardaqlanır, insan taleyi
bölünüb-parçalanır, hər şeydən
arınıb elə sonda hər şeyi özündə cəmləyir,
dünyanı güzgü qırıqları kimi əks
etdirir, dünyanın ən fərqli, güman gəlməyən
yerlərində. Hadinin ölümü haqqında ən
müxtəlif versiyalar təkcə o dövrün
qarışıqlığı (Gəncə üsyanı
baş vermişdi), əsrin ritminin pozulması ilə
bağlı deyildi (versiyaların birində şair şəhərə
daxil olan bolşeviklərin atlarının ayaqları
altında qalır, başqa versiyaya görə,
üsyançıların qarşısına
çıxıb "öldürün bu kafirləri, onlar
bizim milli hökumətimizi yağmaladılar" deyib, sonra əsir
alınaraq sorğusuz-sualsız güllələnir, yenə
başqa bir versiyaya görə, Gəncə üsyanı
baş verdiyi zaman kiçik bir xəstəxanada
yatırmış, baxımsızlıqdan və aclıqdan ölür
və sair...), əsas məsələ ona şeir yazdıran
ruhunun sərgərdanlığında idi. Bunu
onun şeirlərindən də görmək
mümkündür. Əfsanə tülü toxuna-toxuna
gəlirdi...
Sənin
həyatının dibinə çökən nakamlıq və
məhkumluqdan qaçış yoxdur, bu elə bir şeydir
ki, səni ən uzaq nöqtələrdəki insan mənzərələrini
fokus nöqtəsinə gətirib canlandırmağa məcbur
edir, ən kiçik, iynə ucu boyda olan problemləri də o
qlobal fəlakətlərin yanında təsəvvür edib, hər
şeyi bir damın altında yerləşdirir, nəfəs
almağa yeri olmayan bu məkanda əbədiyyəti də bir
an kimi görə bilirsən. Ən uzaq məsafələrdəki
insan mənzələri sirr deyil ki, ən uzaq keçmişdəki
qovğaları da ardınca çəkib gətirir, o
dövrlərdə baş vermiş faciələrin
sonucları yazdığın mətnlərə hopur, sən
bunu bilməsən də, qəlbinin ən çox
ağrıyan yeriynən bunu hiss edirsən.
"...Bir
bölük xalq dəniz kimi köpürür,
Bir
bölük xalq dalğa-dalğa səcdədə,
Bir
bölük xalq qılınc kimi savaşır,
Bir
bölük xalq qanımızı içmədə..."
Bu parça Hadiyə aid deyil, onun qələmindən
süzülməyib, ancaq Hadinin istənilən şeirində
Ruminin bu parçası gizli şəkildə, şifrələr
içində yaşayıb nəfəs alır.
İşıq
və kölgənin, alov və zülmətin
oynadığı (əsdiyi...), bir-birini sürətlə əvəz
etdiyi ən məşhur bir şeirini alaq:
Mən
bir günəşəm, yerdə əyandır ləməatım,
Şeirimdə
parıldar duruyor çöhreyi-zatım,
Yoxdur zərəri,
keçsə də fəqr ilə həyatım,
Kim olduğumu bildirəcək, bil ki, məmatım.
Fərdayi-üfulumda
bu qövm ağlayacaqdır,
Lakin gözümü dəsti-əcəl
bağlayacaqdır.
Əvvəlcə bunu deyək ki, hər bir şeirdə
bəlli, görünən obrazlardan başqa, görünməyən,
o şeiri, necə deyərlər, yoxdan var edən, hardasa
sütun rolunu oynayan bir obraz da olur. Real, görünən
obrazlar şeirdən-şeirə keçdikcə dəyişir,
müəllifinin nəfəsinin bütövlüyünü əks
etdirmək üçün yeni-yeni libaslarda meydana
çıxır. Ancaq adıkeçən
"görünməyən", irreal obraz şeiri yaradan nəfəsin
işarəsi, xəlvət aləmində "təmsilçisi"
(casusu-!) kimi bəzən şairin bütün
yaradıcılığını izah və şərh etmək
funksiyasını yerinə yetirir. Zənnimizcə,
Məhəmməd Hadinin bu şeirinin və bəlkə də
bütün yaradıcılığının əsasında
duran, onu yaradan əsas simgə şam obrazıdır. Bu obrazla o, Füzuli, Şəms, Şərq romantik ədəbiyyatı
və Qərb poeziyası ilə ruhən birləşir.
Hər bir şairin yaradıcılığının "görünməsinə"
səbəb olan bədii-fəlsəfi obraz zaman boyunca (təkcə
yazıldığı dövrdə yox, zaman boyunca-!) qəlpə-qəlpə
onun hər bir şeirinə səpələnir, orda, misralar
arasında zühur edir və bədii mətni diqqətlə
oxuduqda həmin obrazın ən müxtəlif
ölçülərdə şəklini,
varlığını hiss etmək mümkündür.
Yuxarıdakı şeir parçasında hər şeyi
şöləsi ilə görünən edən bədii
obrazın hənirtiləri hiss ediləndir: Mən bir günəşəm,
yerdə əyandır ləməatım // Şeirimdə
parıldar duruyor çöhreyi-zatım, sonra həyatım
zillət içində keçsə də, bir gün məmatım
- ölümümü hər şeyi ortaya çıxaracaq.
Şamın soyuq, heç isinməmiş bir hücrədə
zülmlə yanması, bütün hirsin, acı və fəryadın
bir nöqtəyə cəmlənməsi, qələmin
(şam obrazının əkizi) ucundan başına qədər
ağrıyla dolması.., ağrı elə bir həddə çatıb
ki, o qələmdən bir damcı da yerə
düşmür, əsrlər keçməli, qərinələr
ötməlidir ki, başa gələn faciələrin
dumanı seyrəlsin... Əlac nəyədir? Şamın
yanması üçün sən naqilə çevrilməsən,
bütün ağrı-acını, fəlakət və faciələrin
doğurduğu zülmləri canından keçirib
susmalısan. Şair də elə bunu
deyir.
Mən
solmalıyam, ta ki, açılsın da baharım,
Mən sönməliyəm, şəşəələnsin
də nəharım.
Mən
ölmədən əvvəl vətənim oldu məzarım,
Ərbabi-zəka düşmənidir indi diyarım.
Söndükcə
zəka əhli-vətən ağlayacaqdır,
Göz incisi - yaşlar o zaman parlayacaqdır.
Bu bənd həmin fikri müəkəmməl şəkildə
əks etdirir.
Məhəmməd Hadi bu mətləbi -Mən solmalıyam, ta
ki, açılsın da baharım // Mən sönməliyəm
ki, şəşəələnsin də nəharım...//
bilmədən, fərqinə varmadan, taleyi kimi səsləndirir
və romantik poeziyanın atribut və fiqurları tam fərqli
şəkil alır. Yeri gəlmişkən deyək
ki, dünya çapında romantik ədəbiyyatın,
xüsusən poeziyanın tədqiqinə külli miqdarda əsər
həsr edilsə də, onun dəqiq, dərindən öyrənilməsi
məsələsi aktual olaraq qalır. Bunun
ən əsas səbəblərindən biri, həmin poeziyaya
və romantizm mədəniyyətinə tendensiyalı
münasibətdir, ikincisi, məlum postulatların necə gəldi
tətbiqi. Yəni romantik poeziyanı
hansısa postulatlara görə yox, məhz bədii mətni
"dinləməklə" daha dərindən araşdırmaq
lüzumu yaranır. Romantiklərə
görə, "bütün mövcud olan varlıqlara
qanunları məhz insan ruhu diktə edir, dünya isə onun əsəri,
sənətidir". Romantizmin ideal
dünya konsepsiyası insan ruhunun doğurduğu həyatın
sintezinə əsaslanır. Yuxarıda nümunə gətirilən
şeirin intonasiyasına, deyiliş, səslənmə tərzinə
fikir verin, bütün mətləb bir misra, bir nəfəs
kimi gəlir, deyilir və bitib-tükənmir, hər şey,
dünyadakı bütün varlıqlar bir araya gətirilir,
onların cəmi bu mətləbin ətrafında ən dərin,
nəfəsləri yandıran yanğıyla ifadə edilir.
Romantik poeziya ilə bağlı belə bir fikri xatırlatmaq
burda yerinə düşür: "Poeziya həm
başlanğıc, həm də sondur..., məhz poeziya sonsuz
ilahi varlığı dünyaya gətirir". Nəticədə
hər şey - fəlsəfə, din və incəsənət
- bu heç bir məqamda birləşməyən nəsnələr
poeziyanın sirli mənbəyinə axışır və
orda çulğaşırlar. Bu isə əvvəlki
poetik dövrlə müqayisədə dünyanın yeni
yozumu və dərkidir. Fikir vermisinizsə,
Hadinin poetik parçalarında sonsuz sayda bəyanlar var, yəni
ədəbiyyata tam yeni və fərqli nəfəsin gəlməsi
varlığa, gerçəkliyə münasibətdə yeni
nüansların açılmasını şərtləndirirdi.
Ulduzlar əməl,
leyli-həyatımda dirəxşan,
Dilbər
kimidir xəndeyi-məcrur ilə xəndan,
Gəh-gəh
açılır, gəh oluyor pərdədə pünhan,
Bir işvə verir, can alıyor, sonra gürizan.
Ol afəti-can,
bir gün olur, ram olacaqdır,
Dil bülbülü həmbəzmi-güləndam
olacaqdır.
Bəs Hadi yaradıcılığı (həmin
"şam" obrazı) ona həsr edilən şeirlərdən
necə görünür. Bir cəhəti qeyd edək: ithaf
şeirləri nə qədər dəqiq nöqtələrə
vursa da, ən mükəmməl variant, fikrimizcə, onu, yəni
şairin yaradıcılığını, şeirinin sirrini
çox fərqli bir müstəvi üzərində
araşdırmasıdır. İthaf mətnlərinin
hansı məqamdasa şairin yaradıcılığına
qoşulması, hətta ən qabarıq həyat, tale
epizodlarının üstündə şairin
yaradıcılığına qoşulması heç nəyi
izah və şərh etmir. Musa Yaqubun "Məhəmməd
Hadinin şeir bazarı" şeirində şam
obrazının özülü - onun sönmənin son məqamında
gur alovla yanması, yaxud əksinə, alov
"şülüzlərinin" tüstü şəklinə
düşməsi.. bütün
ayrıntılarıyla görünür. Və Hadinin ürəyindən
keçirib dilinə gətirmədiyi sözlər misralara
dönür:
Mənim
sevda bazarında
Alverim var, xeyrim yoxdur.
Bir ürəyi
ovundurub
Ona təsəlli
verməyə
sehrim
yoxdur.
Rəsul Rzanın miniatür biçimli şeirində Məhəmməd
Hadi yaradıcılığının əsas qayəsi,
gündəlik çabalarının arxa planı, buraya hər
gün sızan ağrıların, dərdin özü əksini
tapıb. Rəsul Rza bu parçada "Hadinin şeir
bazarından" yan keçərək başqa bir mətləbə
güzgü tutub. Bu da Hadinin hər gün
ürəyindən keçirib heç zaman dilinə gətirmədiyi
sözlərə dönür.
Şeir yaza bilmirəm.
Nə
ürəyim göynəyir,
nə
sözlər yandırır dodaqlarımı.
Ağrısız, göynəksiz şeir olarmı?!
Əli Kərimin şeirində isə (bu şeir də
miniatür biçimlidir və zənnimizcə, belə
olması (həm də R.Rzanın şeirinin) təsadüfi
deyildir) yuxarıda deyildiyi kimi, Hadinin bütün
yaradıcılığının mahiyyətini bəlləyən
obrazın başqa bir görüntüsü fokus nöqtəsinə
gətirilir. Yəni Hadiyə şeir həsr edən hər bir
müəllif istər-istəməz həmin görünməyən
obraza istinad etməyə çalışır. Onu duyur və məhz bu nöqtədən işaran
məğzi vermək istəyir.
Həqiqət
it şəklindəsə -
yalan
ceyran şəklində,
Olma iti
madonnatək sevəcəyim şəkkində...
Hadinin portretindəki sərtlik, xasiyyətinin
tündlüyü və digər xarakterik cəhətləri
onunla bağlı xatirələrdə də əksini
tapıb.
Manaf Süleymanovun məşhur kitabında yer alan
nöqtələrə diqqət edin: "...İyirminci il may
ayının ilk günlərində "Çanaq Qala"
kafesində oturub, Hadi ilə bərabər qayğanaq yedik,
kofe içdik. Birlikdə çıxıb
Nikolaysk küçəsinə tərəf gedəndə xalq
ədliyyə komissarı Əliheydər Qarayevə rast gəldik.
Ayaq saxlayıb bizimlə görüşdü,
Hadidən hal-əhval xəbər aldı.
Hadi:
"Belə inqilabi kəbirdən sonra mən də hamı
kimi xoşbəxt, azad dünyaya qədəm qoymuşam, -
dedi".
"Ağakərim oğlu Əliheydər, tarixi bəşərdə
baş vermiş bütün qovğa, məğlubiyyət və
qələbələrdə heç bir zaman, heç kəs
şərabı qadağan etməmişdi. Siz
bolşeviklər qadağan etdiniz. Bəşəriyyəti
bu bəladan da, bu faciədən də xilas edə bilsəniz,
alqış sizə. - Azca fikirləşib əlavə
etdi. - Heç yerdə şərab tapılmır. Amma - əlini
qoltuğuna salıb araqla dolu balaca bir şüşə
çıxartdı, - amma mən tapmışam. Mənzilə gedib içəcəyəm, hər
şeyi unudacağam. Mənzil dedikdə,
güman etmə ki, sizin burjuylardan müsadirə etdiyiniz təmtəraqlı
kaşanalardandır. Xeyr! Quba meydanında,
karvansaranın bir küncündəki "qapıdan" zorla
yanakı keçə bildiyim kahadır".
Yazının
sonunu Eldar Baxışın "Yox" adlı şeirinin
misralarıyla bitirmək istərdik:
Rəhmətlik
Sabir,
rəhmətlik Məhəmməd Hadi,
rəhmətlik Hüseyn Cavid
küçəyə, bazara çıxardıb
sabunlarını satdılar,
tiyanlarını satdılar,
köynəklərini satdılar,
əlyazmalarını satdılar,
ömürlərini satdılar,
günlərini satdılar,
nələri var satdılar,
özlərini,
ruhlarını yox!
Cavanşir
YUSİFLİ
Ədəbiyyat qəzeti.-
2019.- 30 noyabr. S. 26.