Unutma, bizləri yad et!..

 

Məhəmməd Hadi yaradıcılığının əvvəlindən sonuna qədər böyük ideallardan  yazıb, Yer üzündə mütləq azadlıq və hürriyyət axtarıb, dünyanın dərin təzadlarına  heyrətlənib, məktəbi, maarifi tərənnüm, cəhaləti tənqid edib, kədərli lövhələrini yaratdığı dünyanı təzadlardan azad, insanları şad görmək istəyib. Ancaq öz həyatını, öz yaşadıqlarını yazmayıb, idealındakı həqiqəti və mütləq ədaləti daim özündən kənarda axtarıb.  Yazılarını tənqid edən müasirlərindən birinə sözü bu olub: "Həyatı başdan-başa faciələrlə keçmiş bir bədbəxtdən nə gözləyirsən?".

"İnsanlığın tarixi faciələri..." adlı poema yazan, şəxsi həyatının faciələrini isə sözə gətirə bilməyən, yaxud gətirmək istəməyən M.Hadi bu gün yaddaşımızda həm real şəxsiyyət, həm də tarixin yaratdığı faciəvi obraz kimi yaşayır...

Hər kəs gərək bərabər ola hər hüquqda,

Ehsanıdır bu ərz bizə dəsti-qüdrətin,

- deyən, yaradıcılığı boyu dilindən, dinindən, irqindən asılı olmayaraq insanlar arasında bərabərliyi, münasibətlərdə ədaləti "dəsti-qüdrətin" - Allahın əlinin insana ehsanı (hədiyyəsi) hesab edən M.Hadinin öz ömür yolu amansızcasına yazılmış sərt bir əsərdir.

Dünyaya gəlib-gəlməyəli məhrumiyyətlərlə üzləşən Məhəmməd körpə ikən atasını itirib. Başqa ərə gedən anası onu taleyin ümidinə buraxıb...

Atasız-anasız böyüyən Məhəmməd gəncliyində taleyin daha bir zərbəsini yeyib. Sevdiyi qızı maddi imkanı aşağı olduğuna görə ona  deyil, varlı bir insana ərə veriblər və onun bu ədalətsizliyə üsyanı həyatı bahasına başa gəlib: sonradan ailə qurmayıb.

Şamaxıda baş verən zəlzələ şəhərin bütün sakinləri kimi, onun da həyatını alt-üst eləyib.

Ədəbi və ideoloji kimliyi, düşüncə tərzi, yaradıcılığı ilə dərin köklərlə bağlı olduğu Osmanlı dövləti, İstanbul şəhəri də taleyi kimi ona dönük çıxıb, İstanbulda onu həbs eləyib, Salonikə sürgünə göndəriblər.

Salonikdən gəmi ilə İstanbula qayıdışı isə ağlagəlməz bir macəraya çevrilib. Gəmidə qumar oynayan bir dəstə onu hədəfə alıb: uduzan tərəfə şərt qoyulub ki, M.Hadini soyundurub dənizə atsın. Onun qanının arasına gəmidəki yunan keşişi girib. İstanbulda isə onun şəhərə girişinə icazə verilməyib və başqa bir gəmi ilə Batuma göndərilib.

M.Hadi uğursuz Osmanlı səfərindən Bakıya içkidən asılı, xəstə və düşkün vəziyyətdə qayıdıb.

Dünyaya sülh, insanlara əmin-amanlıq arzulayan M.Hadi Birinci Dünya müharibəsində ordu mollası kimi iştirak edib. Rusiya İmperiyasının təşkil etdiyi müsəlmanlardan ibarət "dikaya diviziya"nın tərkibində qanlı-qadalı müharibənin dəhşətlərini öz gözləri ilə görüb, öz ömrü ilə yaşayıb... 

Müharibədən qayıdanda daxilən çökmüş, son ümidi şeirlərinə qalmışdı. Küçədə dayanıb şeirlərini satır, güzəranını bununla təmin etməyə çalışırdı. Onu da deyək ki, Sovet dərsliklərində M.Hadinin mənəvi böhranı Cümhuriyyət dövrü ilə əlaqələndirilirdi. Əslində, onun mənəvi çöküşü xeyli əvvəldən başlamışdı.

Bu da acı həqiqətdir ki, hürriyyəti, azadlığı tərənnüm edən, imzalar içində millətinin imzasının olmadığına acıyan Məhəmməd Hadiyə vətənimizin "insanlara hürriyyət, millətlərə azadlıq" prinsipi üzərində qurulmuş müstəqilliyi də xoşbəxtlik gətirməyib: Cümhuriyyət illərində o, ömrünün ən təzadlı və böhranlı dövrünü yaşayıb, maddi sıxıntıları və psixoloji sarsıntıları daha da dərinləşib.

Ömrünün son günlərində itkin düşdüyü güman edilirdi. Çox sonradan aşkar oldu ki, 1920-ci ilin iyun ayında Gəncədə vəfat edib və orada dəfn olunub...

M.Hadinin yaradıcılığına ədəbiyyatşünaslığımızın münasibəti də təzadlı olub. Sovet dövründə onu mənsub olduğu "Füyuzat" ədəbi məktəbindən,  Əli bəy Hüseynzadə dəyərlərindən ayırmağa, onun yaradıcılığını göydəndüşmə bir hadisə kimi qələmə verməyə çalışıblar. Əslində, hər bir yaradıcı insanın əsərlərinə ayrıca hadisə kimi baxılmalıdır və bunda bir qəbahət yoxdur. Lakin Məhəmməd Hadiyə münasibətdəki "ayrıcalıq" fərqli və məqsədli idi, onun həmrəy, həmfikir olduğu insanlara qarşı qoyulmasına xidmət edirdi. M.Hadinin yaradıcılığını romantizmin "mütərəqqi"; yaradıcılarından biri olduğu "Füyuzat" ədəbi məktəbini, bu məktəbin digər nümayəndələrini isə "mürtəce" cəbhəsində yerləşdirib üz-üzə qoyurdular...

M.Hadinin yaradıcılığını, mənsub olduğu estetik sistemi Əli bəy Hüseynzadənin müəyyənləşdirdiyi ideoloji və estetik dəyərlərdən ayırmaq, hər şey bir yana, M.Hadinin özünün yaradıcılığının dərk edilməsi baxımından yanlış və ziyanlı yanaşma idi...

Yaradıcılığa publisist kimi başlayan, sonradan şair kimi tanınan və sevilən M.Hadi, hüdudlarını Əli bəy Hüseynzadənin cızdığı və sonradan şaxələnən romantizm cərəyanında Əli bəyə ən yaxın şair idi. Əli bəy "Həyat" qəzetində nəşr etdirdiyi "Qəzetəmizin məsləki" adlı məqaləsində göstərirdi ki, istər ayrıca bir fərdin, istərsə də cəmiyyətin, millətin, hətta bütün bəşəriyyətin həyatı həm mənən və fikrən, həm də maddi olaraq daim hərəkətdə, fəaliyyətdədir. Ona görə də bu dəyişikliklə ayaqlaşmaq, tarixin hərəkətini nəzərə alaraq qabağa baxmaq, irəli getmək lazımdır.  Əli bəy Hüseynzadə irəli aparan yolun sağında və solunda tərəqqini izləyən iki böyük "firqə" ilə mübarizə aparmağın zəruriliyini qeyd edirdi: "Sağımızda duranlar firqeyi-mühafizəkarlardır ki, hər növ təzə və ciddi şeylərdən və işlərdən həzər edib, insanları ələtdəvam bir nöqtədə saxlamaq xəyalındadırlar. Bunlar daima xalqın iləriləməsinə sədd çəkirlər. Solumuzda duranlar isə rəqiblərimizi kor-koranə təqlid edərək birdən-birə sıçramaq, özlərini qorxulu girdablara, uçurumlara atmaq istəyirlər! Hər iki tərəfdən həzər!".  

Əvvəlindən sonuna qədər Məhəmməd Hadinin yaradıcılığında da bu iki qüvvə ilə - həm irəliyə getməyə mane olan mühafizəkarlarla, həm də öz kimliyinin fərqində olmadan Qərbi təqlid edən, milləti girdaba atmaq istəyənlərlə mübarizədə olduğunu görürük. O:

Vətən övladı qəmpərvər,

                        vətən viranəzar olmuş,

Xərababad bir mülkü edər

                        imran hürriyyət.

Bu ədvari-məarifdə

                        bütün millətdən əfzuntər -

Gərək biz milləti-islam olaq

                        cuyani-hürriyyət,

 

- deyərək maariflənmə dövründə islam aləminin bütün millətlərdən daha artıq hürriyyət, hamıya eyni imkanlar yaradan demokratik dəyərlər axtarmasının zamanın tələbi olduğunu göstərirdi.

Lakin M.Hadinin faciəsi bir də onda oldu ki, zaman sürətlə dəyişsə də, onun görüşləri və münasibəti dəyişmir, yazdıqları ilə zaman və özü arasındakı məsafə getdikcə böyüyürdü. İdeal həqiqət axtarışları onu real həyat həqiqətlərindən uzaqlaşdırırdı. Zamanın ahənginə uyğun dəyişə, yeniləşə bilməyən şairin xəyal qırıqlığı da, yaradıcılığındakı ümidsizlik, dərin təzadlar da, "baxışları kölgəli, üzləri naşad" - kədərli görməsi də axtarışlarının nəticəsiz qalmasından irəli gəlirdi.

Bir məqamı da xüsusi vurğulamağı zəruri hesab edirəm ki, XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında yaranan romantizm cərəyanı estetik hadisə kimi Osmanlı ədəbiyyatında XIX əsrin sonlarında formalaşmış və 1901-ci ilə qədər davam edən "Sərvəti-fünün" ədəbi məktəbi ilə bağlı idi. Professor Əziz Mirəhmədovun Məhəmməd Hadinin tərcümeyi-halı haqqında qeydlərində onun hələ Şamaxıda yaşayarkən şəhər qiraətxanasında "Sərvəti-fünun" jurnalını müntəzəm şəkildə oxuduğu göstərilir.  M.Hadinin Osmanlı romantik poeziyasının görkəmli nümayəndələri Namik Kamalın və Mahmud Əkrəm Rəcaizadənin yaradıcılığına dəfələrlə müraciət etdiyini görürük. Ancaq həqiqət budur ki, həmin şəxsiyyətlərin yaradıcılığı XX əsrin əvvəllərində türk ədəbiyyatının keçmişi idi. XX əsrin əvvəllərində fransız romantik ədəbiyyatından nümunələr, eləcə də fransız romantik ədəbiyyatının estetik dəyərləri Azərbaycan dilinə Osmanlı poeziyasının biçib-tikdiyi hazır poetik sistem vasitəsilə gətirilirdi. Məsələn, XIX əsrin ortalarında Alfred de Müssenin fransız ədəbiyyatında çox populyar olan "Yad et" şeiri Osmanlı ədəbiyyatına əsrin 80-ci illərində, Azərbaycan ədəbiyyatına isə XX əsrin əvvəllərində - 1908-ci ildə,  Mahmud Əkrəm Rəcaizadənin vasitəsilə gəlmişdi... (Bu barədə bax: "Yad et" - Azərbaycan şeirində fransız "modası" - "Ədəbiyyat qəzeti", 27 oktyabr 2017) Həmin illərdə Osmanlı poeziyasının özündə ciddi axtarışlar gedir, bədii düşüncə üç mədəniyyəti (türk, ərəb və fars) birləşdirən Osmanlı dilindən ayrılaraq türk xalq dilinə meyil edirdi. Məhəmməd Hadi isə Müssenin "Yad et" şeirinin təsiri duyulan ən "nikbin" şeirində, hürriyyət  xoşbəxtliyini görəcək gələcək nəslə müraciətində belə, bədii düşüncənin keçmişinin - XIX əsr  Osmanlı ədəbiyyatının havasından çıxa bilmirdı:

 

Ey ol vəqti görən məsud,

                        unutma, bizləri yad et,

Bu yolda həsrət ilə can verən

                        əhbabi tedad et.

Məzarım üzrə gəl dur,

                         qəmli-qəmli ağla, fəryad et,

Oxu bu şeiri qəbrimdə...

 

Məhəmməd Hadinin yaradıcılığının başlanğıcında Əli bəy Hüseynzadədən əxz etdiyi və sona qədər sadiq qaldığı mühüm dəyərlərdən biri də ədəbi-bədii dilə münasibət idi. Əli bəy Hüseynzadənin 1905-ci ildə "Həyat" qəzetində nəşr etdirdiyi "Qəzetəmizin dili haqqında bir neçə söz" məqaləsi, əslində, manifest idi. Azərbaycanı böyük bir coğrafiyanın tərkibində görən Əli bəy sualı konkret qoyur və öz mövqeyini aydın ifadə edirdi: "Bizəmi qəzetəmizin dilini sadələşdirmək, yoxsa cəmaətimizəmi öz ana dili olan türkcəyi öyrənmək lazımdır? Budur məsələ!..". Əli bəyin mövqeyinə görə, bütün türk şivələrini birləşdirən, "orta yerdə duran"  bir ədəbi dil formalaşdırılmalı idi. Bu elə bir ədəbi dil olmalı idi ki, onda yalnız bədii mətnlər deyil, həm də elmin, texnologiyaların yenilikləri ifadə edilsin. Bu məsələdə Əli bəy Hüseynzadə yeni anlayışları latın və yunan dilindəki sözlərlə ifadə etməyə üstünlük verən Avropa təcrübəsindən yararlanmağı zəruri sayırdı: "Biz nə üçün avropalılar kimi hərəkət etməyəlim? Nə üçün biz də türkcəmiz üçün latın və yunan dilləri məqamında olan fars və ərəb dillərinə müraciət etməyəlim?".

M.Hadi ədəbi dillə bağlı kəskin mübahisələrin obyekti olan bu mövqeyə axıra qədər sadiq qaldı. Onu da qeyd edək ki, Məhəmməd Hadinin yazılarının dilinə öz müasirləri də birmənalı yanaşmırdılar. Şairin  1907-ci ildə qələmə aldığı "Həsb-hal, yaxud bizim Hadinin iztirabı" adlı şeiri onun dilinin ağırlığını tənqid edənlərə həsr olunub...

Müharibədə yazmağa başladığı "İnsanlığın tarixi faciələri, yaxud əlvahi-intibah" lirik poeması M.Hadi yaradıcılığının mahiyyətini, üstünlüklərini və ziddiyyətlərini daha aydın ifadə edir. Dünyanı dərin təzadlar içində görən M.Hadi "beyni kamil olmayan" insanlığın sözlə qəflət yuxusundan oyanacağına, cahilliyə və qəddarlığa son qoyacağına, qan tökməkdən əl çəkəcəyinə inamını itirmişdi:

 

Gözəl söz, canlı söz,

            parlaq söz ilə olmayır bidar,

Bu çirkinlikdən əl çəkməz

            neçin bu qan tökən qəddar?

Demək, kamil deyil

            beyni olurkən də təkamüldar,

Bir az bax kəndinə, insan,

            nədir ömründəki əkdar?

...Əvət, keçmişlərin, halın

            bunu etməkdədir izhar:

Baxışlar kölgəli, üzlər

            bütün naşad şəklində,

Bu matəmgahı kim görmüş

            sürurabad şəklində?

Bu isə artıq yolun və sözün bitdiyi yer idi...

 

Məti Osmanoğlu

Ədəbiyyat qəzeti.- 2019.- 30 noyabr. S. 27.