Ömər Xəyyamın rübailəri M.Hadinin tərcüməsində

 

XX əsr Azərbaycan ədəbiyyatı və mətbuatının sütunlarından biri olan Məhəmməd Hadi (1789-1920) yaradıcılığının müəyyən qismini onun tərcümələri təşkil edir. O, mükəmməl şəkildə bildiyi ərəb və fars dillərindən onlarca elmi, publisistik və bədii əsəri Azərbaycan dilinə tərcümə edərək əsrin (XX əsr nəzərdə tutulur - İ.Q.) əvvəllərində çıxan "Həyat", "Füyuzat", "Təzə həyat", "Tərəqqi", "Səda", "İttifaq" və "İqbal" kimi mətbuat orqanlarında çap etdirmişdir.

Müşahidələr göstərir ki, Şərq klassikləri içərisində M.Hadinin rəğbət bəslədiyi, yaradıcılığından bəhrələndiyi və əsərlərini tərcümə etdiyi şairlərdən biri Ömər Xəyyam (1048-1131) olmuşdur. Maraqlı orasıdır ki, M.Hadi yalnız Ö.Xəyyamın rübailərini tərcümə etməklə kifayətlənməmiş, Türkiyədə yaşayarkən (1911-1913) onun həyat yolu və yaradıcılıq dünyası barədə ətraflı bir məqalə yazaraq İstanbulda çıxan "Tənin" qəzetində ("Tənin", 18 haziran 1911 [5 haziran 1327], N 28) çap etdirmişdir. Bu yazını Ömər Xəyyamın Türkiyədə və Azərbaycanda öyrənilməsi sahəsində ilk addımlardan biri də hesab emək olar.

Ömər Xəyyamı "ədəbiyyati-islamiyyənin ən bənam, ən azadəkəlam simalarından" hesab edən M.Hadi müxtəlif mənbələrdən istifadə edərək belə qənaətə gəlir ki, Ömər Xəyyam Hicri tarixinin V əsrinin ortalarında yaşamışdır. Ö.Xəyyamın təhsil illəri, tələbə yoldaşları, yaşam tərzi, əsərləri barədə məlumat verən müəllif təəssüflə qeyd edir ki, Çingiz xanın İrana hücumu əsnasında bir çox qiymətli kitablarla bərabər, Ö.Xəyyamın da əsərləri yandırılmış, təsadüf nəticəsində "Rübaiyyati-Xəyyam" və astronomiyadan bəhs edən "Zici-Cəlali" əsərləri qurtula bilmişdir...

Ö.Xəyyamın farsca şeirləri ilə yanaşı, ərəbcə də şeirlərinin olduğunu qeyd edən və bunlardan birinin tərcüməsini verən M.Hadi bildirir ki, "Şair son nəfəsi-həyatında şu sözü də söyləmişdir: Allahummə inni arəftükə əla məblağil-imkani!" (Ey mənim Rəbbim, dərəcəyi-idrakımın imkanı verdiyi qədər səni tanıya bildim).

 

***

1913-cü ilin axırlarında Türkiyədən Azərbaycana qayıdıb mətbuatla əlaqələrini bərpa edən, "İqbal" qəzetinin redaksiyasında çalışmağa başlayan M.Hadi bu qəzetdə şeir və məqalələri ilə yanaşı, Ömər Xəyyam Nişaburinin bir neçə rübaisini də tərcümə edərək dərc etdirmişdir.

Qəzetin 24 mart 1914-cü ildə çıxmış 608-ci nömrəsində M.Hadinin sərlövhədən əvvəl "Həzrət Xəyyamın şeirlərini tərcüməyə cürət edirəm" adlı qeydi, qeyddən sonrakı müqəddimədə xarakterli hissədə isə Ö.Xəyyam və digər klassik Şərq şairləri haqqında bəzi bilgilər verilmişdir.

Elmi xarakter daşıyan bu məlumatlarda Ömər Xəyyama yüksək dəyər verən M.Hadi yazır: "Ömər Xəyyam ki, mədəni və dühaşünas olan millətlərin tarixində, tarixi-ədəbiyyatında xeyməzəni-əzəmət və ehtişam olmuşdur, Xəyyam zindənamdır, əbədhəyatdır, cavidani bir diriliyə malikdir" ("İqbal", N 608).

M.Hadinin Ö.Xəyyamdan etdiyi tərcümələrə keçməzdən əvvəl bir məsələni qeyd etməyi zəruri hesab edirik.

Məlumdur ki, Ömər Xəyyam filosof, münəccim və riyaziyyatçı alim kimi daha çox məşhurdur və tədqiqatçıların fikrincə, o, rübailərini ruhuna təskinlik üçün yazmışdır.

Ö.Xəyyamın konkret olaraq neçə rübainin müəllifi olması bu gün də mübahisəli məsələlərdəndir. Bəziləri onun rübailərinin sayının daha çox, bəziləri isə 225 civarında olduğunu qeyd edirlər. Professor Nəsib Göyüşovun Ömər Xəyyamın "Rübailər" kitabına yazdığı "Xəyyam: Şərq müdrikliyinin timsalı" müqəddiməsindən aydın olur ki, İran alimləri Qasım Qəni və Məhəmməd Əli Foruqinin təhlillərinə və dəqiqləşdirmələrinə görə, Ö.Xəyyamın olduğu şübhə doğurmayan rübailərin sayı 178-dir. 48 rübai Ö.Xəyyamın ruhuna uyğun gəlsə də, onların Ö.Xəyyama aidliyi hələ ki mübahisəlidir.

Tədqiqatçılar belə hesab edirlər ki, Ö.Xəyyamın rubailərinin toplandığı əlyazma və çap kitablarının əksəriyyəti qüsurlu olmuş, əvvəllər Azərbaycan dilinə edilmiş tərcümələr də uydurma və təhriflərlə dolu mətnlər əsasında edilmişdir. M.Hadi Ö.Xəyyamın rübailərini tərcümə edərkən hansı mənbəyə əsaslandığını göstərmədiyindən, biz onların haradan götürüldüyünü müəyyənləşdirməkdə çətinlik çəksək də, on rübaidən beşinin farsca orijinalını Ö.Xəyyamın dəqiqləşdirilmiş rübailərinin çap olunduğu kitabdan əldə edə bildik ki, aşağıda onlardan bəhs edəcəyik.

 

"İqbal" qəzetinin 608-ci nömrəsində Ö.Xəyyamın iki rübaisinin tərcüməsi verilir. Rübailər aşağıdaklardır:

Sən içməsən, içənlərə də tən səndədir,

Mümkün olursa, mən oluram sonra tövbəkar.

Ey içməməklə fəxr qılan şəxsi-huşyar,

Quldur şərab o işlərə nisbət ki, səndədir.

 

 

Alüftəyə demişdi ki bir şeyx: - Məstsən,

Hər vaxt başqa bir torun olursan əsiri sən!

Alüftə söylədi: - Nə desən mən o! Ya ki sən?

Qəlbən də zahirin kimi təqvapərəstmisən?

 

Orijinalını əldə edə bilmədiyimiz ikinci rübainin altında belə bir qeyd verilmişdir: "Bakı, 23 mart, 1914". Çox mənalı və ibrətamiz bu dördlükdə din xadimi ilə "alüftə" - fikri dağınıq, məst bir adam qarşılaşdırılır. Məst adamın "sən nə desən mən oyam, yəni göründüyüm kimiyəm, sənin isə daxilin ilə xaricin təzad təşkil edir. Zahirdə abid, təqvapərəst kimi görünsən də, daxilin fitnə-fəsad yuvasıdır", - sözləri dindən öz çirkin məqsədləri üçün istifadə edənlərə tutarlı bir cavabdır.

"Mərifət əhli olan kimsəyə canım qurban" və "Keçmiş gününü heç düşünüb yad etmə" misraları ilə başlayan 3-cü və 4-cü rübailər qəzetin 703-cü nömrəsində "Pəyami-Xəyyam. Ləyamut şairin ölməz sözləri (tənqidiyyuna ithaf)" başlığı altında çap olunmuşdur.

Orijinalını əldə edə bilmədiyimiz birinci rübaidə cahilin söhbətini dünyanın ən böyük əzabı hesab edən şair bildirir ki, imkan olsa mərifət əhlinə canımı qurban edər, başımı yolunda verərəm. M.Hadi rübaini sadə və oxunaqlı dillə belə tərcümə edir:

 

Mərifət əhli olan kimsəyə canım qurban,

Qoyaram payinə baş, gər ola bilsə imkan.

İstəyirsən biləsən ciddən əzab aləmini,

Cahilin söhbətidir iştə cahanda nirani.

İkinci rübainin orijinal mətni belədir:

Keçmiş gününü heç düşünüb yad etmə,

Əndişeyi-fərda ilə fəryad etmə.

Nə maziyi xatırla, nə istiqbalı,

Halında xoş ol, ömrünü bərbad etmə.

 

"İqbal"ın 706-cı nömrəsində çıxan iki rübai "Pəyami-Xəyyam" başlığı altında çap olunmuşdur. Din xadiminə xitabən deyilən bu rübaidə müəllif bildirir ki, sən bizi sərməst hesab etsən də, biz səndən ayığıq. Biz şərab, sən isə insan qanı içirsən. Hansımız haqlıyıq, sən, ya biz?

 

Rübaini M.Hadi belə tərcümə edir:

Səndən biz, əya müfti ki, çox pərkarız,

Sərməstləriz, səndən, əvət huşyarız,

Biz badəyi-nab içmədə, sən xuni-bəşər,

İnsaf ilə söylə: - Hankımız xunxarız?

 

M.Hadinin tərcümə etdiyi "Müshəf duruyor bir əldə, bir əldə də cam" misrası ilə başlanan rübainin də farsca mətnini qeyd olunan kitabda tapa bilmədik. Rübainin tərcüməsindən göründüyü kimi, burda təsvir olunan lirik qəhrəman gah özünü bir əlində "Quran" olan halal insan, gah da bir əlində mey dolu cam olan haram əhli adlandırır. Bu qəhrəmanın daxilində ikilik var. O, nə tam müsəlmandır, nə də başqa yol əhli, yəni kafir. Həmin rübainin tərcüməsi belə təqdim olunur:

 

Müshəf duruyor bir əldə, bir əldə də cam,

Gah mərdi-halalız, gah mərdi-haram.

İştə bu göy altında biz o kimsələriz,

Nə başqa yol əhliyik, nə də müslimi-tam.

M.Hadi Ö.Xəyyamın daha dörd rübaisini tərcümə edərək "İqbal" qəzetinin 709 və 715-ci nömrələrində dərc etdirir ki, həmin tərcümələr bunlardır:

Cövründən, ey asiman ki, şadan deyiləm,

Hürrəm ki, əsir olmağa şayan deyiləm.

Biəql ilə naəhləsə şayəd meyilim,

Mən də o qədər ağıllı insan deyiləm.

 

Ən yaxşısı könlü mey ilə şad edəlim,

Mazi ilə atiyi də az yad edəlim.

Bu ariyət aləmində bir məhbusu,

Zənciri xirəddən bir az azad edəlim.

 

Xəllaq kimi əlim irişsəydi əgər,

Bu qübbəni ortadan edərdim zail.

Bir başqa fələk bina edərdim yenidən,

İstəklərinə qolay olardı nail.

 

 Olduqca əsirin necə pərvaz edəyim,

Eşqinlə nasıl nəğməyə ağaz edəlim?

Bir ləhzə gözüm yaşları qoymaz gözümü,

Başqa bir üzü görmək üçün baz edəyim.

1, 2 və 4-cü rübailərin farscası əlimizdə olmasa da, 3-cü rübai Ömər Xəyyamın "Rübailər" kitabında vardır.

 

Əgər Yaradan kimi əlim

                        göy qübbəsinə yetsəydi,

Mən bu göy qübbəsini (fələyi)

                        aradan götürərdim.

Yenidən elə bir aləm düzəldərdim ki,

Orda ürək öz kamına,

                        arzusuna asanlıqla çatsın.

 

Göründüyü kimi, M.Hadinin tərcüməsində rübainin tələbindən doğan qafiyə sistemi pozulsa da, (AABA əvəzinə ABCA) məzmun qorunub saxlanmış, sərbəstliyə o qədər də yol verilməmişdir.      

M.Hadinin Ö.Xəyyamdan tərcümə etdiyi rübailəri nəzərdən keçirəndə bir daha şahidi oluruq ki, şair estetik idealına uyğun olaraq Ö.Xəyyamın bəşəri mövzulu rübailərini seçərək dilimizə çevirmiş, idealını elan üçün onlardan bir vasitə kimi istifadə etmişdir.

 

 

İslam QƏRİBLİ

Ədəbiyyat qəzeti.- 2019.- 30 noyabr. S. 28.