Antropoloji
şeir təhlili, yaxud bizim Hadinin iztirabı
Yalnız psixi həyat sferasında bütün
keçmiş fazalar son fazanın yanınca mühafizə
oluna bilir və biz bu fenomeni əyani şəkildə təsvir
etmək iqtidarında deyilik. Psixi həyatda
keçmişin qoruna biləcəyini, illah da yox
olmasının gərəkmədiyini iddia etməklə kifayətlənməliyik.
Lakin biz bununla psixi və zehni həyatın trans
və ekstaz kimi qaranlıq və qeyri-müəyyən özəllikləri
sferasına keçmiş oluruq. Bu vəziyyətə
uyğun olaraq isə mənim içimdən Şillerin
dalğıcının bu sözlərini hayqırmaq gəlir:
"Nə xoşbəxtdir burada, pənbə ziya içində
nəfəs alan kəs!".
Ziqmund
Freyd
Arizi rənglər
müvəqqətidir,
Rəng
odur bəxşişi-təbiət ola...
Məhəmməd
Hadi
Hadinin
poetika periodu: Dəqiqələrlə deyil, bəlkə ah
günlərcə...
Şeir sənəti antropoloji məzmun və xarakterdədir.
Andre Suaresin yaratdığı antropoloji ədəbi
tənqid şərhçilik, əllaməçilik və
"şair burda demək istəmişdir ki", janrında
yazmaq ənənəsinə son qoydu. Bəs
bizdə? Avropada şeir sənətinə
konseptual yanaşma Şarl Bodler - Andre Suares xətti ilə
gücləndi. Poeziya sənəti də,
poeziyaşünaslar da tarixi və təbii bir axar,
ardıcıllıq başlatdı. Tarixin
təbii axarının qarşısını heç nə
və heç kəs ala bilmədi.
Azərbaycan
poeziyasında antropoloji
təhlil metodu Məhəmməd
Hadi şeirləri ilə də uzlaşır. Şeir sənəti
üç tarixi - antropoloji mərhələni
keçib. Hadi poeziyası həmin dövrləşmə
marşrutunda semiotik və estetik xəritələr
cızıb, cızır.
Hadi - nədir o?
Mürəttib - Gəncədən bir kimsə göndəribdi
sizə.
Hadi - nə?
Mürəttib - Etiraz ediyorlar keçənki şerinizə.
Hadi - Bu
gün lisanə, yarın dinə etiraz olunur,
Sanırmısız ki, bu şeylərdə bir fikir
bulunur?
Mən
oylə başa düşürdüm ki, indi dünyadə
Hüzur varsa, gərəkdir cahani-xülyadə.
Yeganə rahatlıq və hüzur təxəyyüldə,
şeir sənətindədirsə, bəs bu dekadans fikir, əqidə
və sənət hardan çıxdı? Dekadentizm tənəzzül,
düşkünlük, mədəni geriləmədirmi?
Hadinin "Həsbhal" şeiri antropoloji və
arxeoloji qazıntı aparır. Şairin
klassik-modern təfəkkürünü, çoxsəsli,
çoxqatlı estetik platformasını müəyyən
edir.
Mühərrirəm
- deyə çıxmış şu bir yığın cəhələ!..
Bu yanda
bir "dekadan" zülməti-xəyalilə
Dekadans poeziyada natura inkarmı edilir? Xeyr. Sadəcə, həyatı rəmzlərlə
görmək çabası və formasıdır dekadentizm.
Naturanı bayağılaşdıran, gözdən
salan sənətsizliyə etirazdır. Sosial
mövzulardan qaçmaq isə ürəyə yağ
kimi yayılır. Hadi klassik forma ilə modern,
poetik mükəmməliyyət axtarışındadır.
Yeri gəldikdə cahil
adlandırdığı dekadansları izləyir, bəzən
isə klassik, metaforik semiotik mənalandırmalara varır.
Bu baxımdan Azərbaycan fikir poeziyasında Hadi
şəriksiz və şəksiz ilk sırada durur. "Həsbhal" təkcə şeir deyil, həm
də XX əsrin əvvəllərində poeziya sənəti
üçün yazılmış manifestdir. Şeir yazmağın çətinlikləri, sənətə
müdaxilə etməyin axmaqlığı, Şərq
poeziya tarixinə məzmun və forma kontekstində
baxış, Qərb mədəniyyətindəki yeni fikir
axınları "Həsbhal" edilir. Hadi
şeir yazmağı iynə ilə quyu qazmaq kimi çətin
və məşəqqətli sənət - məşğuliyyət
kimi dəyərləndirir. Bir söz, ifadə,
misra üçün dəqiqələr deyil, günlər,
ömürlər tükədilir. Gərçi
yenə də şairə etiraz edilir, anlaşılmır.
Şeirdə XX əsrin əvvəlləri üçün aktual olan
"sənət sənət üçündür, yoxsa xalq
üçün?" problemi də aydınlaşır. Sənətin sənətkarın dünyasında hər
şeydən vacib olması, yazılma prosesindən sonra isə
xalqın ixtiyarına verilməsi, estetik tərbiyə
aşılaması başqa hansı formada ifadə edilə
bilərdi ki? Bundan uyğun və uğurlu
ifadə tərzi düşünə və tapa bilmirəm.
Bəs bu qədər problematik, paradoksal və
geniş müzakirələrə səbəb olacaq məsələlər
şeirdə necə təmərküzləşir? Modern bir şeir, klassik bir forma, polifonik bir leksikon,
radikal - antiradikal fikirlər homogen məzmundan hetrogen estetikaya
qapı açır.
Hadi Azərbaycan poeziyasında modernlik epoxasının əsas,
ciddi imzasıdır. Modernliyi
modernizmlə qarışdırmaq olmaz. Şeirdə
modernlik həmişə aktualdır. Hadi
kimi. Modernizm isə müəyyən bir mərhələ,
manifest və axındır. Oktavio Paza
görə də şeir modernliyə bərabər
olmalıdır. Əks halda müvəqqəti
xarakter daşıyır. Füyuzatçılar
modernlik epoxasında zəruriyyət kimi təzahür etdilər.
Əli bəy Hüseynzadə, Əhməd bəy
Ağaoğlu, Ömər Faiq Nemanzadə... fikir üfüqlərində,
Cavid və Hadi poeziya səmasında günəş kimi
doğdular. Günəş adamlar. Cavid tematik kasıblıq və lokallığı
genişləndirir, Hadi estetik kasadlığı zənginləşdirirdi.
Füyuzat məktəbində poetik istedadın
intəhasızlığı Məhəmməd Hadi imzası
ilə millətlər içində göründü. Gərçi biz bu günəş kimi parlaq həqiqəti
görə və göstərməkdə hələ də
acizik. Nə isə... Bunlar kiçicik
şeylərdir, Hadi "Əlvahi-intibah"da Kant, Nitsşe,
Feyerbax, Freyd kimi müxtəlif profilli filosofların mürəkkəb,
paradoksal qənaətlərini lirik-fəlsəfi tonda təqdim
etdi. Şairə cahilcə dodaq büzənlərə
cavab da şeirlə gəldi:
Bular ki,
can sıxacaq şey, xəyali incildir,
Bularla uğraşa bilməz mənim kimi şair.
Antropoloji
şeir dili - Semantik mərhələ
Şeir tarixinin "Semantik mərhələsi"ndə
məna estetikası aparıcdır. Bu periodda şeir hər
kəs tərəfindən anlaşılandır. İbtidai insan və cəmiyyətin dili ilə
şeirin dili üst-üstə düşür. Antropologiyada "ibtidai" sözünün
semantikası dardır, "yabanı insan", "yabanı
cəmiyyət" daha uyğun hesab edilir. Hadinin "Əlvahi-intibah" poemasının həm
məzmunu, həm də ideyası semantik - antropoloji şeir
dövründən başlayıb gələcəyə -
poststruktural mədəniyyət çağına qədər
davam edir.
Baxışlar
kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı
kim görmüş sürurabad şəklində?
İnsanlar şeir dilində danışır, Homo
sapiens özü ilə olan rabitəsiz - rabitəli, ritmik,
harmonik nitqində, Adəm Tanrı ilə, Qabil Habillə adi
danışıq dilində ünsiyyət qurmur. Şeir dili
ibtidai-yabanı toplumun ünsiyyəti olsa da, baxışlar
kölgəlidir. Və naşad vəziyyət
modern toplumlarda da hökm sürür.
İkonaqrafik
estetika
Şeir bu mərhələdə kütləvilikdən
çıxır, elitar xarakter daşıyır. Hadi
poeziyası daha çox ikonaqrafikdir. Hadinin
ikonaqrafiyası ərəb-fars dillərini yaxşı səviyyədə
bilməsi, leksik-semantik dərinliyi, fəlsəfi və estetik
dərketmə prosesini, duyumu bir yerə toplayır.
Şair oxucunun sabitliyini, rahatlığını, bir az da tənbəlliyini
yerindən oynadır. Oxucunu öz səviyyəsinə
qaldırır. Başqa cür Hadinin
estetik məkanı və zamanında var olmaq mümkün
deyil. Əks halda hər il bir az da gəncləşən
şairdən geridə qalarıq.
İztirabın
asemantikası
Semantika və ikonaqrafiya mərhələləri
keçiləndən sonra Hadinin nə qədər pozitiv
ovqatlı şair olduğu anlaşılır. Üstəlik,
oxucu Hadi şeirinin asemantik mərhələsinə rahatca
daxil olur. Məna problematizə edilir.
Təfəkkür
eylədikcə faciati-səfheyi-xaki,
Gözüm
görməkdədir zülmət bütün xak ilə əflaki,
Üzümdə
bir bulut vardır, gözüm olmaqdadır baki,
Mənə
kim verdi, vermiş olmayaydı məğzi-dərraki,
Bu idrakım ki vardır, olmuşam ondan böyük
şaki.
Hər şeyin gözəl tərəfi görülsəydi,
torpaq kimi qara, faciəli bəşər tarixi olmazdı. Gözəl
görmək, gözəl düşünməyə rəvac
verir. Hadi dərk etmək, hər şeyin
fərqində olmaqdan şikayətlənir. Çünki bədbin, qaranlıq mühitə
etiraz şəklidir bu.
Yədi-beyzayi-Musa
açdımı bir yol ki, çox rəxşan,
Məsihin
fikri Adəm oğluna bəxş etdimi bir can?
Cənabi-Əhmədin peyrəvləri bielmü
naürfan.
Pərəstişkari-narın
nuru sönmüş, həpsi şəbgərdan,
Bəhailər də xülyalar yolunda olmada puyan.
Hadi şeir tarixində mərkəzdə dayanır. Semantik mərhələdən
ikonaqrafik çağa, oradan asemantik dövrə keçidlər
edə bilir. Nə ibtidai, yabanı toplum və
dildəki kimi hər kəsin asan həzm edib anlayacağı
aydınlıq və şəffaflıq, nə qrotesk,
ikonaqrafik üsluba ilişib qalmaq, nə də ki, modern
şeirdə olduğu kimi, tünd rəmzi çalarlar,
qapalılıq hakimdir Hadi poeziyasına. Necə
ki, Avropa modern şeirinə Bodlerdən əvvəlki və
sonrakı şeir anlayışı hakimdir. Bodlerdən əvvəl hissetmə ilə sonrakı
hissetmə intellektual şeirin də mərkəzində
dayanır. Həmçinin Azərbaycan
intellektual, fikir poeziyasında Hadidən əvvəl və
sonrakı mərhələ elə məhz Hadi poeziyasında cəmlənib.
Hadi insanlığın bioloji, antropoloji və teoloji
gerçəkliyini sorğulayır. Şeir sənəti də,
insan da asemantik məqamın içində əriyir. Bəlkə də bu vəziyyət poeziya tarixinin
asemantik mərhələsində bir ilkdir. İztirab asemantikləşir. Çünki
çəkilən dərd və ələmlər
keçmişdə-mazidə qalır. Çünki
ən azından Hadidən qalan estetik miras ələmi maziyə
gömür. Ən azından şair bunu
sarsılmaz bir inamla arzulayır. İstiqbala
- gələcəyə ümid və inam Hadi sənətinin
bugünkü mövcudiyyəti ilə yenilənir, güclənir.
Ülvi BABASOY
Ədəbiyyat qəzeti.-
2019.- 30 noyabr. S. 29.