Gör
yaşamaq asandırmı?..
Həyatın
səsləri guşimdə həp fəryad şəklində,
Bu insanlar
ki, qardaşdır və lakin yad şəklində,
Bu torpaq
qanlı ovlaqdır, bəşər səyyad şəklində,
Ədavət
daima vardır, məhəbbət ad şəklində,
Cahan
başdan-başa meydani-matəmzad şəklində,
Fərəhlər
həbs olunmuş, hüznlər azad şəklində,
Müsibətlər,
bəlalar, qüssələr abad şəklində...
M.Hadi
"Həyatın
səsləri guşimdə həp fəryad şəklində..."
İnsan
sevgisi... insan nəfəsi... insan surəti - bir şair
ömrünün məramgahını kərpic-kərpic
ucaldan nəsnələr... Bütün bunlar can adlı
türbənin divarlarında çırpınan "həyatın
səsləri" deyilmi? Qaim-qədim dünyanın hər
naxışı, hər gülü, hər butası o səslərin
içindən boylanmırmı?..
Boylanır da, baxır da... Bəşər övladı deyilən
varlığın üz-gözünə, "guşinə",
ruhuna hopur da. Amma soruşan olar ki, axı
niyə "fəryad şəklində", niyə? Nə yazıq ki belədir. Nə yazıq ki, hələ
də belədir. Fəryad şəklində
deyil, başqa nə tərzdə olmalıdır axı?
Dünya bir şahmat taxtası kimidir tarixən: xanalar dəyişməsə
də, fiqurların yeri, xanəgahları dəyişib... Hər
məqamda bir-birinə qan uddura-uddura, içlərdə,
ruhlarda, "guşlarda" fəryad qopara-qopara... Şair başqa
cür deyə bilməzdi. O, belə də
hayqırmalıydı: "Həyatın səsləri
guşimdə həp fəryad şəklində...".
"Bu
insanlar ki, qardaşdır və lakin yad şəklində..."
Tanrının
mələklərlə, mələklərin insanlarla,
insanların bir-birlərilə qurduqları təmas mütləq
sevgiyə söykənməlidir... Amma nə
yazıq ki, sonuncuların bu işdə mükəmməlliyi
heç vaxt olmayıb. Bəşər yaranandan bu yana öz aramını tapa bilməyən
insanlar qardaş da olsalar, təmasları hələ də
qüsurludur. Məsələn, dünyanın o
başında yaşayan birisi ilə gözümüz
önündəki bir insanın eyni vaxtda barmaqlarına batan
tikan eyni sızıltını, eyni göynərtini verirsə,
onlar cismən qardaşdırlar, amma... yad şəklindədirlər.
Yeri gələndə bir-birlərinə
qarşı silah qaldırıb, bir-birlərini məhv də
edirlər. Bəs
necə deyəydi şair?
Elə bu cür də deməliydi, bu cür də
yanğıyla çatdırmalıydı fikrini: "Bu
insanlar ki, qardaşdır və lakin yad şəklində...".
"Bu
torpaq qanlı ovlaqdır, bəşər səyyad şəklində..."
Dünyanın
hər yerində qan tökülür... Ona görə də
şair "bu torpaq qanlı ovlaqdır" əzabını
daşıyır... O qan şairin misraları arasından
sızıb keçmir əsla. "Səyyad
şəklində" adlayıb keçən "bəşər"in
qədəmlərinə hopur və ömürlərə,
yaddaşlara salır izlərini. Qələm
adamının içini sızladır eləcə və o,
bu misranı bəşərin, dünyanın nifrin saçan
bir alın yazısı kimi görür: "Bu torpaq qanlı
ovlaqdır, bəşər səyyad şəklində...".
"Ədavət
daima vardır, məhəbbət ad şəklində..."
Baxanda açıq-aydın görmək olur ki,
dünyanın bünyəsi ədavətlər üzərində
qurulub. Cahan
yaranandan bu yana çəkişmələr
üzündən milyonlarla, milyardlarla insan qanı
tökülüb. Belədə mayası zülmlə
yoğrulmuş dünyanı şairin bütün incəliklərinə
qədər duyması, onu öz içindən keçirməsi
və "məhəbbət"in belə quruca "ad şəklində"
qalması qənaətinə gəlməsi başa
düşüləndir. Yəni "Ədavət daima
vardır, məhəbbət ad şəklində...".
"Cahan
başdan-başa meydani-matəmzad şəklində..."
Keç
görüm indi necə keçirsən bu "meydani-matəmzad
şəklində" olan, ömrü-günü
çürüdən, misraların təkcə üzünə
deyil, astarına da hopmuş adına "cahan" deyilən müvəqqəti
duracağımızdan... Əgər sən onu
olduğu kimi görmürsənsə, demək heç vaxt da
görməyəcəksən. Üzünün
alına aldanacaqsan. Məqamı gələndə
həzər etməyə imkanın da olmayacaq. Elə beləcə
soyuq bir divarın üzünə yazılmış kimi
görəcəksən bu misranı: "Cahan
başdan-başa meydani-matəmzad şəklində...".
"Fərəhlər
həbs olunmuş, hüznlər azad şəklində..."
İnsanın
fərəhi, içinin göyərçinli göylər
kimi sevinc dolu hüdudsuz dünyası o qədər
canlıdır ki,
ələmlərə tuş gələndə
özünü qazamata düşmüş kimi hiss edir. Keçirdiyi bütün xoş məqamlar, "fərəhlər
həbs olunmuş" kimi gəlir insana. Belədə
ruhunun sirli qapıları xoşbəxtliklərin üzünə
qapanır, əvəzində dörd tərəfindən sonsuz kədər boy verir və
"hüznlər azad şəklində" pərvazlanır.
Özünün bir fərd olaraq bu miskin
dünyanın ağuşunda üşüdüyünü
duyan şair neyləməliydi? Əlbəttə ki, elə
belə də yazmalıydı: "Fərəhlər həbs
olunmuş, hüznlər azad şəklində...".
"Müsibətlər,
bəlalar, qüssələr abad şəklində..."
Doğrudur...
Fərəhsiz dünyanın dərgahlarında
ancaq "müsibətlər, bəlalar, qüssələr
abad şəklində" yer ala bilər. Başqa
heç nə... Gözünü yum, aç və
ölümsüz bir Məhəmməd Hadi möhtəşəmliyinin
içində duy bu həqiqəti. Sonra
gör yaşamaq asandırmı?
Sadalayıb ötəri də olsa fikrimi bildirmək istədiyim
nəhəng bir əsərin bir neçə misrasına
könlümün quşu ağlım kəsəndən qonub
desəm yanılmaram. Bu qədər ağır, sanballı, möhtəşəm
bir şəkildə cızılmış bir ruhi xəritənin önündə dayanıb aradan
keçən böyük bir zaman kəsimindən sonra
aşağıdakıları pıçıldamaq keçdi
içimdən:
***
M.Hadiyə
Ölür
üstümüzdə eyni yazının kölgəsi
nəfəsimiz qaralan boşluqlarda
yarasalar
əvəzinə sözlər uçuşur səssiz
"bu, onlardı..." şəklində.
Öpdüyü
yaş qəbrin torpağı dodağında
gülümsəyincə çiskinlərdə bu noyabr səhəri
xəzəl tüstülərinin pozulduğu yerdən
huşsuz
bir külək düşür qucağına üryan
payızın
"tanıyın onları, onlardı gələn..."
şəklində.
Ağzında
ilk kəlməsini çeynəyən çocuğun
dodağından su damır gülə
güldən bir böcək uçur
çağırıldığı yerə sarı:
"onlardı, onlardı..." şəklində.
Eyni
yazının işığı altında ölürük
gözlərimiz açılır son anda:
"hanı?.. hanı?.."
şəklində
onlar
qapayırlar:
"Odur..."
şəklində...
Zahid Sarıtorpaq
Ədəbiyyat qəzeti.-
2019.- 30 noyabr. S. 30.