Ustad
ilə mənəvi şagirdi
(Əli bəy Hüseynzadə və
Məhəmməd Hadi)
7 iyun 1905 günü, Çar Rusiyası tərkibində
yaşayan Azərbaycan türkləri, tarixi bir gün
yaşadı.
"Həyat" adlı qəzet, o gün Azərbaycan
mətbuat səhnəsinə qədəm qoydu. Beləliklə, 1875-ci ildə başlayıb o
günə qədər davam edən "müqəddimə"
fəsli bitdi, "əsl mətləb" dövrü
başladı. Səxavətli naşir
Hacı Zeynalabdin Tağıyev, qəzeti öz evindən idarə
edəcək və sükanı da işinin əhli,
tanınmış iki ziyalıya, Əli bəy Hüseynzadə
ilə Əhməd bəy Ağaoğluna verəcəkdir.
Artıq Qafqaz Müsəlmanlarının/Türklərinin
fikirlərini əks etdirə biləcəkləri
"böyük bir lövhə" vardır. Qəzet qısa bir müddətdə
böyüyüb səs salacaq, onun gur sədası
Qafqazın sərhədlərini aşıb Hindistana, Misirə,
Dərsəadətə çatacaqdır.
Qəzetin
24 iyul 1905 tarixli 35-ci nömrəsində "Bəyani-həqiqət"
başlıqlı "mənəm deyən" bir məqalə
çıxır. Məqaləni
"Əbdüssəlimzadəyi-əş-Şamaxi"
imzalı, 26 yaşında bir cavan yazıb. "Uşaq işi" bu məqalə rəğbət
görməmiş olmalıdır ki, qəzet uzun bir müddət
"Əbdüssəlimzadə" imzasını yaxına
qoymayıb. Gənc yazıçı bu səfər
meydana şeirlə çıxmağa qərar verir. Nəhayət, 29 noyabr tarixli 109-cu nömrədə
"Lövhi-məkatib" (məktəblər lövhəsi)
şeiri dərc edilir. Şairin yaşı az, boyu qısa olsa da, imzası bir xeyli uzun
görünür: "Məhəmməd əl-Hadi əl-Hac
Əbdüssəlimzadə əş-Şamaxi". Qəzet
idarəsi bəyəndiyi bu şeirin sonuna qısa bir qeyd əlavə
edir: "Görünür ki, məktəb haqqında
sözü tamam edib istəmirsiniz ki, sizdən sonra da qəzetimizə
söz yazan olsun. Lakin səhviniz var. Bu
xüsusda nə qədər yazılsa azdır". Məktəb məsələsinin önəmini
vurğulayan bu qeydlərin müəllifi Əli bəydən
başqası deyildir. Əli bəyin, bundan 18 il sonra, Hadinin vəfat xəbərini eşidərkən
bu şeiri xatırlaması təsadüf olmamalıdır.
Ustadının
alqışlarından ilham alan növcavan
şair, "Həyat" qəzetinə məktəb
mövzusunda bir şeir daha göndərir. Hüseynzadə
şeirin bəzi yerlərinə düzəliş verəcək,
son misrasını da tamamən qaldırıb yerinə yeni bir
misra yazaraq şeiri dərc edəcəkdir. Hadinin "Həyat"da toplam 20 məqaləsi və
biri farscadan tərcümə olmaqla 4 şeiri gün
işığına çıxır.
Hadi 1906-ci ilin aprel ayında Həştərxan şəhərinə
gedir. Orada, uşaqlıqdan bəri onu himayə edən
Mustafa Lütfi İsmayılzadəyə, məktəb və
mətbuat işlərində köməklik edir. "Həyat" qəzetində çıxan
yazıların bir qismi buradan göndərilmişdir. "Həyat", 3 sentyabr 1906 tarixində,
bağlanır. Sabirin dili ilə desək: "Əfsus,
Həyat isə məmat oldu, qapandı". 1 noyabr 1906-cı
ildə isə Hüseynzadə rəhbərliyində yeni bir səhifə
açılır: "Füyuzat" jurnalı. İlk nömrədə Hadinin tam dört şeiri
birdən dərc olunur. Qısa bir müddət sonra
Hüseynzadə, mətbuat aləmində ulduz kimi parlayan bu gənci
Bakıya dəvət edir, Hadi də məmnunluqla
"razıyam" deyərək Həştərxandan gəlib
"Füyuzat"da işə başlayır. Hadinin
körpə fikirləri bundan belə Hüseynzadə
beşiyində nəvazişlə böyüyəcək.
Əslində, Hadinin həyata gözlərini
yeni açan fikirlərinə ad qoyub, qulağına da
mübarək azan oxuyan, Hüseynzadənin məlahətli səsidir.
32 sayı ayaqda qala bilən
"Füyuzat"ın, Hüseynzadədən sonra ən
aktiv və ən məhsuldar qələmi, heç
şübhəsiz, Hadidir.
"Füyuzat",
bir il sonra pərdələrini endirməyə
məcbur olur. Məyus olan şair qəm libasını geyinərək
səhnəyə çıxır və nümayiş
etdirdiyi "mərsiyə" ilə
"Füyuzat"ın ruhuna fatihə oxuyub İslamdan da
ümidini kəsdiyini elan edir:
Ah, yox bir
hal əməl-bəxşayi-istiqbal ola
Yox iki
qardaş belə İslamda yek-bal ola
Qorxaram bu
ixtilafın ardı izmihlal ola
Qəti-ümmid
eylədik biz doğrusu İslamdan!
"Füyuzat"ın bağlanmasından sonra Hadi
açıq gördüyü qəzetlərin
qapısını çalır, münasib bir yol tapıb həqq
bildiyi səsini duyurmağa çalışır. Həssas
ruhlu, həlim təbiətli Hüseynzadə isə dərin
bir təəssürə qapılıb qəm dəryasına
qərq olur. Fəqət, qələmini
qılınc kimi sallayıb, sözlərini xəncər kimi
ürəyin ən həssas yerinə soxan Hadinin, mücadilə
meydanını tərk edib inzivaya çəkilənlərə
mərhəməti yoxdur. Mətbuat səhifələrində
bir müddət adı görünməyən ustadını
çox keçmədən, "neçin daldın
sükuta, gəlmiyor övradın, ey dahi?!" deyərək
mücadilə məydanına çağıracaqdır.
Hadinin bu münasibətlə qələmə
alıb Hüseynzadəni vəsf etdiyi şeiri Hadinin 1908-ci
ildə Hacı Zeynalabdin Tağıyevin maddi köməyi ilə
nəşr edilən "Firdovs-i ilhamat" (ilham cənnətləri)
kitabında çap olunmuşdur.
***
Ustad ilə mənəvi şagirdi, 1910-cu ildə
İstanbula, həqiqi Dərsəadətə, aşiq
olduqları hürriyyətin paytaxtına gedirlər. Ələ-ovuca
sığmayan "dəli şair", İstanbul mətbuatında
özünə həmən yer tapır. Qısa
bir müddətdə 30-a yaxın məqaləsi, 15-dən
çox şeiri nəşr olunur. Hadi,
"Mehtab" jurnalının lokomativi, başbilənidir.
Cəmi 15 sayılıq ömrü olan bu
jurnalın hər nömrəsində Hadinin məqalə və
şeirləri dərc olunur. Əli bəy
Hüseynzadənin şəklini bu jurnalın üz
qabığında "reklam" etdirən də odur.
Xamuşları
sevməyən gur səsli şair, sükuta qərq olan
Hüseynzadəni meydana çağırdığı kimi,
küsüb yuvasına çəkilən Tofiq Fikrəti və
Bakıda həbsxanadan çıxıb İstanbula yeni
qayıdan, fəqət, səssizliyə gömülən
Əhməd Kamalı da mücadiləyə səsləyir. Bu səsləyişlər, bu narazı
baxışlar, bu üsyankar yazılar, jurnalın
qapısına möhür vurulub, Hadinin də sürgün
edilməsinə səbəb olur. Məgər bizim
eşqdən heç şeir yazmayan, bu vadidə səriştəsi
olmayan təcrübəsiz şairin, hürriyyət pərisi
zənn edərək aşiq olduğu mələk, bir
yalançı, bir saxtakar imiş!
Qadın şairinin qadın haqqında yazdıqları,
qəzəblə qarşılanır. Dayaz təfəkkür
məhsulu kor bir fitva əsasında şairi, ağıraqsaq
bir gəmiyə mindirib Adalar dənizinin dayaz sularına tərk
edirlər. Əlindən bir şey gəlməyən
çarəsiz ustad, mənəvi tələbəsinin
arxasından məlul-məlul baxmaqla kifayətlənəcəkdir…
Bu iki şəxsiyyətın sonrakı
qarşılaşması, çox böyük bir ehtimalla,
1918-ci ildə Gəncədə baş tutacaqdır. Bəzi
qaynaqlar Hüseynzadənin də Əhməd Ağaoğlu ilə
bərabər Qafqaz İslam Ordusu tərkibində Gəncəyə
gəldiyini yazır. Hətta Batumda oteldə bərabər
qaldıqlarında fal açdıqlarına dair bir xatirə də
var. Dövrün Azərbaycan mətbuatında isə
Ağaoğlunun adı bir çox yerdə hallanarkən
Hüseynzadənin adına rastlamaq mümkün
olmamışdır. Bəzi mənbələr
də Hüseynzadənin Gəncəyə gizli olaraq gəldiyini
qəyd edir. Bu məsələ hələ
də tam olaraq aşkarlanmamışdır. Ancaq maraqlı başqa bir məqam var. Gəncəyə
gələn Qafqaz İslam Ordusunu sevinclə
qarşılayanlardan biri də Hadidir. Birinci
Dünya müharibəsi zamanı Karpat cəbhəsində
sihhiyəci (feldşer) olan Hadi, Qafqaz İslam Ordusu səflərinə
imam olaraq qatılır. Hadinin Qafqaz
İslam Ordusuna yazdığı və karton bir kağızda
tək vərəq şəklində nəşr edilən
"Türk Ordusuna" şeirinin bu gün əlimizdə
olan yeganə nüsxəsi, Əli bəyin arxivindən
çıxdı. Hüseynzadə qısa
bir müddət qaldığı Azərbaycandan dönərkən,
bu şeirin bir nüsxəsini özü ilə aparmış
olması, isabətli bir ehtimaldır. Bu
gün tək nüsxəsi qalan bu şeirin mətnini isə
professor Yavuz Akpınar hoca, "Qardaş ədəbiyyatlar"
jurnalında dərc etdirdi. Hüseynzadə
Azərbaycana son dəfə 1926-cı ildə Türkoloji
qurultayda iştirak etmək üçün gələcəkdir.
Bakıda
nəşr olunan "Bəsirət" qəzetinin 3 may 1919
tarixli nüsxəsində çıxan "Qəmərə"
adlı şeir Məhəmməd Hadinin Azərbaycan mətbuatındakı
son çıxışıdır. Bu tarixdən
sonra Hadi imzasına heç bir mətbuat orqanında rast gəlmək
mümkün olmamışdır. Vəfatından
sonra Hadi haqqında ilk məqaləni isə Kazımoğlu
yazıb. "Maarif və mədəniyyət"
jurnalında çıxan bu yazıda, Hadinin 1919-cu ilin
axırında birdən-birə itdiyi qeyd olunur. 1923-cü ilin mart ayında nəşr olunan bu jurnal
İstanbulda Hüseynzadəyə qədər gəlib
çatmış olmalıdır. Hüseynzadə
də bu vəfata inanmaq istəməyib, onu "şayiə"
olaraq qəbul etmiş və bu "şayiə"
münasibətilə şeir yazmışdır. Bu şeiri və Hüseynzadənin qeydlərini də
"Ədəbiyyat qəzeti" oxucularına təqdim
edirik. Bir maraqlı cəhət də bu
şeirin Abdulla Cövdətin naşiri olduğu
"İctihad" jurnalında çıxmasıdır.
Hadi hələ 1911-ci ildə İstanbulda ikən
"Mehtab" jurnalında hökumətin icraatları
haqqında sərt tənqidlər yazırdı. Məhəmməd
Hadini tanımayan Osmanlı ictimaiyyəti isə elə zənn
edirdi ki, bu alovlu, cəsur və Qərb yönümlü
yazıların müəllifi, Məhəmməd Hadi gizli
imzası ilə yazan Abdulla Cövdətdir. Abdulla
Cövdət ilə Əli bəy Hüseynzadə
arasındakı güclü dostluq və bu dostluğun səmərəsi
olan Cövdətin azərbaycanlı ziyalılara təsiri isə
müstəqil bir araşdırma mövzusudur. Hadinin müəmmalı vəfatı haqqında
yazılanlara və bu yazılardan çıxarılacaq nəticəyə
isə başqa bir yazıda qayıdarıq.
Hüseynzadə
Əli bəy, Hadini 1 Avqust 1923-də belə yad edir:
Xissət və Səxavət
(Hadiyi-Şirvaniyə)*
Vicdan bana
dər ki: Bənzəməməli
O
qarıncasına qissə-nüvisin.
Nalan bir
böcəyə habbə vermədi,
Dedi:
Yazın ötən, qışın dans etsin!
Daim bəsləməli
şe'ri, sən'əti
İlahi
"nektar"la bədayi seven!
"Virjil"i,
"Horas"ı öylə yaşatdı
"Mesen"in
səxası; yaşasın "Mesen"!
Un sage
me disait: Ne suivex jamsis
La mychante
fourmis du fameux La Fontaine
Toujour
fortiflez les poytes almys
Par du
"nectar" divin comme le fit Mycyne!
* - Hadi-yi Şirvaninin vəfatı şayiəsi üzərinə
yazılmışdır. Bir müddət İstanbulda,
aramızda yaşamış və bura mətbuatında
azıcıq çalışmış bulunan bu
Azerbaycanlı şairin bir divan-i əş'arı Baküdə təb' və nəşr
edilmişdir. Əş'arından nümunə olmaq üzrə
məktəb vəsfində söylədiyi şu beyt xatirimə
gəliyor:
"Məktəb
bir sədəfdir
qətreyi-naçizi dürr eylər
Məktəb
bir çəməndir,
sərvini azad-ü hürr eylər"
Hüseynzadə Əli. İctihad, no, 156,
1 Avgust 1923, İstanbul.
dos.dr. Mehdi Genceli
Ədəbiyyat qəzeti.-
2019.- 30 noyabr. S. 31.