Ədəbiyyat üzrə IV
Avrasiya festivallar festivalının unudulmayan üç
günü və ya Bakıda ədəbiyyat rüzgarı
Sakit,
aydın bir payız səhəri... Azərbaycanın
paytaxtı Bakı şəhərində ədəbiyyat
rüzgarları əsir. Dünyanın 52 ölkəsindən
150-dən çox yazıçı-şair, ədəbiyyat
tənqidçiləri, mədəniyyət xadimləri Heydər
Əliyev Mərkəzində "LiFFt-2019" IV Avrasiya ədəbi
festivallar festivalında iştirak etmək üçün
Bakıya gəliblər. Avrasiya materikinin ədəbiyyat
üzrə 4-cü "LiFFt" festivallar festivalı Birləşmiş
Millətlər Təşkilatının himayəsi altında
keçirilir. "Avrasiya Xalqları Assambleyası"
Beynəlxalq Qeyri-Hökumət Təşkilatları İttifaqının,
Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi və
"Söz" Layihəsinin, Bakı Kitab Mərkəzinin tərəfdaşlığı
ilə keçirilən festivalın təşkilatçıları
Avrasiya xalqlarının "LiFFt" Mədəni Layihələrinin
İnkişafına Dəstək Fondu və Heydər
Əliyev Fondudur. Genişmiqyaslı
maarifçilik layihəsi olan "LiFFt" Avrasiya mədəni
məkanının tamhüquqlu tərkib hissəsinə
çevrilib. Avrasiya ədəbi festivallarını birləşdirən
"LiFFt" 2016-cı ildən etibarən hər il keçirilir.
Builki festival 2019-cu ilin BMT tərəfindən elan
edilmiş Yerli Xalqların Dilləri İli Proqramına və
böyük Azərbaycan şairi və mütəfəkkiri
İmadəddin Nəsiminin 650 illiyinə həsr edilib.
Festivalın məqsədi Avrasiya ölkələrində
yazıçıların və oxucuların
yaradıcılıq və dostluq əlaqələrini möhkəmlətmək,
vahid Avrasiya ədəbi məkanı yaratmaqdır.
Festivalın
əsas vəzifələrinə aşağıda sadalanan məsələlər
aiddir: Avrasiya ölkələrində festival hərəkatının
birləşdirilməsi, Avrasiya xalqlarının mədəniyyətlərinin
qarşılıqlı zənginləşməsinə
kömək, peşəkar ünsiyyət imkanlarının genişləndirilməsi,
ədəbi forumlar və festivallar təşkili sahəsində
təcrübə mübadiləsi, ictimaiyyətin geniş dairələrinin,
oxucuların qitənin mədəni həyatında iştiraka
cəlb edilməsi, mütaliənin və ədəbi
yaradıcılığın təbliği, oxucu mədəniyyətinin
formalaşması, bütün xalqlar üçün ortaq mənəvi-əxlaqi
dəyərlərin bərqərar olması yolu ilə
yazıçıların və oxucuların
qarşılıqlı zənginləşməsi.
LiFFt-2019"
Avrasiya festivalı Avrasiya məkanında ədəbiyyatçıların
qarşılıqlı yaradıcı fəaliyyəti, yer
üzündə həyatın qorunub saxlanması naminə mədəniyyətə
və qarşılıqlı hörmətə, sülhsevərliyə,
millətlərarası mehriban qonşuluq və həmrəyliyə
əsaslanan, beynəlxalq ictimai münasibətlərin yeni
modelinin yaradılmasında iştirak edən,
yazıçı və oxucuların geniş dialoqu
üçün nəzərdə tutulan məkandır.
Belə bir mötəbər Ədəbiyyat
Festivalının Azərbaycanda keçirilməsi
xalqımız, ədəbiyyatımız üçün əlamətdar
bir hadisədir. 2018-ci ildə Rusiyanın
Soçi şəhərində keçirilən Avrasiya
materikinin ədəbiyyat üzrə III "LiFFt"
festivallar festivalında 27 ölkənin 170 yazarı
arasında Azərbaycan yazıçısı Varis
Yolçiyev qalib olub. Qaydalara uyğun olaraq, növbəti
festival qalibin vətənində təşkil olunduğundan bu
il tədbirə Bakı ev sahibliyi edirdi.
"LiFFt" 98 ölkə üzrə 5 milyard əhalinin
yaşadığı geniş bir ərazini əhatə
etdiyindən dünyanın ən kütləvi ədəbiyyat
festivallarından hesab olunur. Festivalın Azərbaycan üzrə
spikerləri xalq yazıçıları Anar, Elçin, Kamal
Abdulla, Çingiz Abdullayev, Afaq Məsud, Elmira Axundova, xalq
şairi Ramiz Rövşən, akademik Nizami Cəfərov,
yazıçı-ssenarist Ramiz Fətəliyev, Azərbaycan
üzrə koordinatorları Varis Yolçiyev, Nigar Həsənzadə,
Günel Rzayeva və Əlibala Məhərrəmzadə idi.
Oktyabrın 1-də səhər saatlarında qonaqlar
artıq Heydər Əliyev Mərkəzinə üz
tutmuşdu. Bir azdan "LiFFt-2019" IV Avrasiya ədəbi
festivallar festivalının açılış mərasimi
başlanacaqdı. Ona qədər Azərbaycan
yazıçıları ilə dünyanın müxtəlif
ölkələrindən gəlmiş yazıçı və
şairlərin bir-biri ilə tanışlığı,
ünsiyyəti başlanmışdı. Qazaxıstanın
böyük şairi, Azərbaycanın dostu Oljas Süleymenov
foyedə görününcə onun ətrafında qələbəlik
yarandı. Şəkil çəkdirən,
ayaqüstü söhbətləşən yazıçı
və şairlər Oljas Süleymenovu doğma, əziz bir
insan kimi əhatəyə almışdılar. Hələ
10 il bundan öncə, 2009-cu ildə
Bakıda olanda mərhum Natiq Səfərovun tərcüməsində
çapdan çıxmış "Az-Ya" kitabını
mənim üçün imzalamışdı. Deyəndə
ki, mənim kitabxanamda sizin imzalı kitabınız var,
gülümsədi. Dedi ki, "onu oxumayan yoxdur, hamı
"Az-Ya"dan danışır, bu kitab
o biri kitablarıma mane olur, başqa əsərlərimi də
oxuyun". Onun Azərbaycanda "Türklər tarixdən əvvəl",
"Gil kitab", "Sözün kodu" kitablarının
da nəşr olunduğunu və həmin kitabların
kitabxanamda yer aldığını dedim. "Buna sevindim"
- dedi, - "xahiş edirəm həmin kitablara da bir göz gəzdirin".
Baş üstə, dedim.
Azərbaycan yazıçılarının, həmkarlarımın
üzündəki sevinc, həyəcan hissini görməmək
mümkün deyil. Biz həm də qürur hissi
keçirirdik. Azərbaycanda ədəbiyyat
bayramı yaşanırdı. Dünya ədəbiyyatının
ünlü simaları Bakıdaydı və bu günlər
ömrümüzə yazılası günlər idi.
Saat 10-da festivalın açılış mərasimi
başlandı. Azərbaycanın xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin sədri Anar Rzayev açılış mərasimində
dünyanın müxtəlif ölkələrindən
festivala gəlmiş çoxsaylı qonaqları salamlayaraq
dedi: "Bu payız Azərbaycan üçün sözün
həqiqi mənasında ədəbi payız oldu. Bu, ilk növbədə, böyük Azərbaycan
şairi və mütəfəkkiri İmadəddin Nəsiminin
650 illiyi ilə bağlıdır. Bu
yubiley dövlət səviyyəsində genişmiqyaslı
silsilə tədbirlərlə qeyd edilir. Sevindirici
haldır ki, "LiFFt-2019" IV Avrasiya ədəbi festivallar
festivalı Bakıda keçirilir. Dünyada
insanları ədəbiyyat, mədəniyyət qədər
birləşdirən başqa bir qüvvə yoxdur. Bu gün müxtəlif dillərdə danışan
insanlar ədəbiyyat vasitəsilə bir-birilə ünsiyyət
qurur, ədəbi körpülər yaranır. Bu, ədəbiyyatın ən böyük
uğurudur". Anar müəllim
festivalın işinə və iştirakçılara
uğurlar arzuladı.
Sonra "LiFFt" Avrasiya Xalqlarının Mədəni
Layihələrinin İnkişafına Dəstək Fondunun
direktoru, "Şairin və rəssamın kitabı" layihəsinin
müəllifi rəssam Anvar Almuxametov çıxış
etdi. O,
festivalın təşkilatçılarına, xüsusən
Heydər Əliyev Fonduna və "Avrasiya Xalqları
Assambleyası" Beynəlxalq Qeyri-Hökumət Təşkilatları
İttifaqına təşəkkürünü bildirdi.
Festivalın
Təşkilat Komitəsinin sədri, "Avrasiya Xalqları
Assambleyası" baş katibinin birinci müavini, Baş
katibliyin rəhbəri Svetlana Smirnova "LiFFt-2019" IV
Avrasiya ədəbi festivallar festivalının "gözəl
ölkənin gözəl paytaxtında" keçirilməsinə
yaratdığı imkana və dəstəyə görə
Avrasiyanın çoxmillətli ədəbi ailəsi
adından Heydər Əliyev Fonduna və şəxsən
Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban
Əliyevaya təşəkkürünü bildirdi.
"Artıq ikinci gündür ki, festival
iştirakçıları isti, doğma münasibətlərlə
əhatə olunub, mahnı və rəqslər onların
ruhunu oxşayır, Azərbaycan mətbəxinin ləziz təamlarından
həzz alır, ən başlıcası Azərbaycan
xalqının ürək genişliyini, qonaqpərvərliyini
görürlər", - deyən S.Smirnova
çıxışının sonunda festivalın loqosunu
xatirə olaraq Azərbaycan Yazıçılar Birliyinin sədri
Anara hədiyyə etdi.
Sonra "LiFFt-2019" IV Avrasiya ədəbi festivallar
festivalının prezidenti və səfiri Marqarita Al
çıxış etdi. O, Avrasiya qitəsinin bütün
guşələrindən Bakıya gəlmiş
yazıçıları və oxucuları salamladı. Onun sözlərinə görə, festival həmişə
həmrəylik vasitəsidir və bu mənada
"LiFFt-2019" IV Avrasiya ədəbi festivallar festivalı
unikal bir hadisədir.
Sonra
festivalın laureatları - rusiyalı şair, fəlsəfə
elmləri doktoru, filosof və ədəbiyyat tənqidçisi,
"metametafora" termininin və metakodun fəlsəfi nəzəriyyəsinin
müəllifi Konstantin Kedrov-Çelişev, qazax şairi,
yazıçı və ədəbiyyatşünas,
Qazaxıstanın xalq yazıçısı, ictimai-siyasi
xadim, diplomat Oljas Süleymenov, Azərbaycan
yazıçısı, Azərbaycanın "Qızıl kəlmə"
ədəbi mükafatı laureatı,
yazıçıların Nyu-York Beynəlxalq Konqresinin
iştirakçısı, festivalın ötənilki qalibi
Varis Yolçiyev çıxış etdi. O, belə bir
mötəbər, beynəlxaq ədəbiyyat
festivalının Azərbaycanın paytaxtı Bakı şəhərində
keçirilməsindən qürur duyduğunu dedi. Təntənəli açılış mərasiminin
sonunda festivalın bayrağı səhnəyə gətirildi
və Azərbaycan nümayəndəsi, yazıçı
Varis Yolçiyevə təqdim edildi. Festivalın
himni səsləndi. Sonra festival öz
işinə başladı.
Qələm dostlarımızın sevincini paylaşmaq
izaholunmaz bir hissdir. Hamı bir-birinə "tarixdə ilk dəfədir
ki, Azərbaycana eyni vaxtda dünyanın müxtəlif ölkələrindən
bu qədər yazıçı gəlir" deyirdi. Sözün, sənətin müxtəlif dillərdə
danışan insanları birləşdirməsi doğrudan da
möcüzə və fövqəladə bir duyğudur.
Ədəbiyyatlararası dialoq, sözsüz ki,
bütün xalqların ədəbiyyatının
inkişafına, zənginləşməsinə xidmət
edir. Azərbaycanın da bu
görüşlərdən öz payını götürəcəyi
şəksizdir.
Birinci plenar iclas "Müasir dünya ədəbiyyatının
qlobal trendləri - gələcək dünya və gələcək
insan obrazlarının proqramlaşdırılması və
modelləşdirilməsi" mövzusuna həsr edildi. İngilis
poeziyasının tanınmış nümayəndəsi,
Kembric Universitetinin professoru Riçard Berenqartenin
moderatorluğu ilə keçirilən iclas olduqca maraqlı
keçdi. İclas müasir və gələcək
sosial proseslərdə ədəbiyyatın rolu, ədəbiyyatın
insan və cəmiyyətin inkişafında əhəmiyyəti,
ədəbiyyatın yaratdığı modellərin müasir
dövrdə təzahürü mövzusunda
iştirakçıların maraqlı
çıxışları ilə yadda qaldı.
Türk avanqard şeirinin öncüllərindən olan
Tuğrul Tanyolun moderatorluğu ilə keçən plenar iclas
"Müasir poeziya ədəbiyyatın önündə gələcək
insan və cəmiyyət obrazlarını
proqramlaşdırır" mövzusunda idi. Rus yazıçısı
Konstantin Kedrovun, Serbiya Yazıçılar Birliyinin sədri,
şair-ədəbiyyatşünas Radomir Andriçin, akademik
Nizami Cəfərovun çıxışlarında
poeziyanın müxtəlif üslubları və növləri,
gələcəkdə poeziyanın aktuallığı,
müasir dünya poeziyasında gələcək cəmiyyətin
hansı obraza üstünlük verməsiylə bağlı
olduqca maraqlı fikirlər səsləndi.
Üçüncü plenar iclas "Müasir qlobal
dünyada insanların qarşılıqlı
anlaşmasında və gələcək dünyanın
formalaşmasında ədəbi tərcümənin artan əhəmiyyəti"
mövzusunda idi. Rus yazıçısı Sergey Dmitrienkonun moderatorluğu
ilə keçirilən iclasda Polşa
yazıçısı Kşiştov Şatravski, rumın
şairəsi Leo Butnaru, ispan şairi Raquel Lanseros müasir mədəniyyətlərarası
ünsiyyətin əsas vasitəsi kimi ədəbi tərcümənin
zəruriliyi və əhəmiyyəti, gələcək
dünyanın formalaşmasında ədəbi tərcümələrin
rolu mövzusunda çıxışlar etdilər.
Daha sonra isə festivala Azərbaycandan qatılmış
müsabiqə finalçılarının təqdimatı
başlandı. Festivalın laureatları sırasında istedadlı qələm
dostlarımız Əjdər Ol,
Əyyub Qiyas, Günel Eyvazlı, İbrahim
İlyaslı, Fərid Hüseyn, Mübariz Örən, Azər
Qismət, Yaşar Bünyad, Qəşəm Nəcəfzadə,
Əkbər Qoşalı, İntiqam Yaşar, Ümid Nəccari,
Ulucay Akif, Nərgiz İsmayılova, Sadıq Qarayev, Xəyal
Rza, Aləm Kəngərli, Ülviyyə Heydərova, Şahanə
Müşfiq və digərləri var idi. Azərbaycan
ədəbiyyatının Beynəlxaq Festivalda iştirakı
və laureat statusunda təmsil olunması fərəh
doğurur və dünya ədəbi sferasında Azərbaycanın
gələcək uğurlarını şərtləndirir.
Axşam
saatlarında ədəbiyyat üzrə "LİFFt-2019"
IV Avrasiya festivallar
festivalının qonaqları və
iştirakçıları böyük Azərbaycan şairi
İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə
keçirilən Nəsimi festivalının təntənəli
bağlanış-qala tamaşasında iştirak etdilər.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edirdilər.
Qala-gecədə
Azərbaycanın incəsənət xadimlərinin, Üzeyir
Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik
Orkestrinin, Milli Konservatoriyanın nəzdində yaradılan qədim
musiqi alətlərindən ibarət "Əsrlərin sədası"
ansamblının, həmçinin Türkiyə, İran,
İordaniya və Mərakeşdən dəvət olunan
musiqiçilərin, amerikan caz
ifaçısı Dan Tepferin, xanəndə Elsevər Muradovun
ifaları dinlənildi. Tamaşada dahi şair
İmadəddin Nəsiminin müxtəlif yaşlardakı
obrazı aktyorların təqdimatında
canlandırıldı.
Festivalın ikinci günü yaddaqalan tədbirlərlə
zəngin oldu.
İştirakçılar və qonaqlar Qubaya səyahət
etdilər. Festival çərçivəsində
Qubadakı "Şahdağ" otelində Avrasiya ölkələrindən
olan yazıçılar, şairlər, dramaturqlar, ədəbiyyat
tənqidçiləri və mədəniyyət xadimlərinin
iştirakı ilə ədəbi görüş
keçirildi. Əvvəlcə qonaqlar Quba
Soyqırımı Memorial Kompleksini ziyarət etdilər.
Lev Qumilyov Mərkəzinin direktoru Olqa Medvedko və Azərbaycan
Yazıçılar Birliyinin üzvü, yazıçı
Əlibala Məhərrəmzadənin moderatorluğu ilə
keçirilən ədəbi tədbirdə Avrasiya ölkələrində
yazıçıların və oxucuların
yaradıcılıq və dostluq əlaqələrini möhkəmləndirmək,
vahid Avrasiya ədəbi məkanı yaratmaq və digər
mövzularda maraqlı fikir mübadiləsi aparıldı.
Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin
əsərlərini ingilis dilinə tərcümə edən
Riçard Berenqarten çıxışı zamanı
böyük mütəfəkkir şair İmadəddin Nəsimiyə
həsr etdiyi şeirini oxudu.
İtaliyalı
Nobel mükafatçısı Paolo Rufilli Quba Soyqrımı
Memorial Kompleksini ziyarətdən sonra
sarsıldığını, 100 il əvvəl
baş verənləri dəhşətli hadisə
adlandırdı. "İnsan eşitdiklərindən
dəhşətə gəlir. Elə buna görə mən
o kədəri əks etdirən şeirimi oxumaq istəyirəm",
- dedi və şeirini oxudu.
M.Qorki adına Ədəbiyyat İnstitutunun prorektoru
Sergey Dmitrienko çıxışında azərbaycanlı gənclərin
öz institutlarında tələbə kimi təhsil
almasını arzu olaraq dilə gətirdi: "Bizim
üçün böyük şərəfdir ki, bu festival
rusların, azərbaycanlıların və digər millətlərin
birlikdə, mehriban yaşadığı bir ölkədə
keçirilir. Yazıçı həqiqəti
yazmırsa, o, artıq yazıçı deyil.
Əfsuslar olsun ki, son on il ərzində
bizim instituta Azərbaycandan tələbələr gəlmir. Biz istərdik ki, onlar gəlsinlər,
keçmişdə olan ədəbi tərcümə vərdişlərimizi
və əməkdaşlığımızı itirməyək.
Bu ənənə bərpa olunsun. Azərbaycanda olan inkişafı rus oxucusuna
çatdırmaq lazımdır. Bizdə
oxuyan tələbələrin təhsilləri pulsuzdur. Biz özümüz onlara təqaüd veririk.
İnanırıq ki, gələn il bizə
tələbələr gələcək. Arzu
edirik, Bakıdan, Gəncədən, Lənkərandan, Qubadan
olan gənclər institutumuzda təhsil alsınlar".
Özbəkistandan gəlmiş Rüstəm İqbol
bildirib ki, ölkəsində Azərbaycan ədəbiyyatına
böyük maraq var. "Biz tanınmış Azərbaycan
yazıçılarının əsərlərini tərcümə
edirik. Bizim ədəbi dostluğumuz əbədidir. Çox gözəl ahəngli diliniz var. Sizin
xalqı sevməmək mümkünsüzdür", - deyə
R.İqbol bildirdi.
İsraildən
olan Geldman Mordexay isə Qubaya gözəl bir bayrama gəldiyini,
lakin gördüyü soyqırımı mənzərəsinə
görə təsirləndiyini dedi. "Burada mənim
xalqım daşnaklar tərəfindən soyqırımına
məruz qalıb. İsraildə bizim belə
komplekslərimiz çoxdur. Bu dərd bizim
ortaq dərdimizdir. Kompleksdə
gördüklərim məni yaddaşımda olan acı xatirələrə
qaytardı. İnsanın
yaddaşını itirməsi fəlakətdir. Tarixi yaddaşı heç itirmək olmaz. Mən kompleksdəki şəkillərə
baxdım və Polşada qətlə yetirilən yəhudiləri
xatırladım".
Mərakeşli
yazıçısı Camal Behanyan, Norveçdən olan
yazıçısı Erdinq Kitelsen, Belçikadan gələn
Silviya Mari çıxış edərək
"LiFFt-2019" IV Avrasiya ədəbi festivallar
festivalının əhəmiyyətindən, ədəbiyyatın
dünyanı dostlaşdırmasından danışdılar.
Eyni zamanda festival çərçivəsində
Bakı və Sumqayıt şəhərlərinə
ekskursiyalar da təşkil edilmişdi.
Heydər
Əliyev Mərkəzində keçirilən plenar iclaslardan
biri də "Ədəbiyyatın gələcəyi:
Yazıçılar və oxucular birliyi" adlanırdı. Nəsr, dramaturgiya və tənqid, müxtəlif regionlarda
və qitələrdə gələcək yazıçı
və oxucu obrazının inkişaf etdirilməsi və yenidən
formalaşdırılması mövzusunda
çıxışlar oldu. Gürcü şairi,
köhnə dostumuz Şota İataşvili
çıxışında - "bugünün oxucusu
çox istəyir ki, yazıçı olsun" - dedi və
bunun həm mənfi, həm də müsbət xüsusiyyətləri
haqda danışdı. Rus tənqidçisi
Lyudmila Vyazmitinovanın çıxışı da maraqlı
məqamlarla yadda qaldı. Tənqidçi
bildirdi ki, bugünün tənqidçisi, əslində, gələcəyin
oxucularına xitab edir və o, sadəcə, izah edəndir, o,
bədii mətnləri izah edir və oxucunu mətnin
oxunuşuna hazırlayır. İsrail dramaturqu İdo
Natenyahu çıxışında "ədəbiyyatın
var olması oxuculardan asılıdır, oxucunun var olması
üçün isə yazıçı çox iş
görməlidir" - dedi. Rus şairi Yevgeni Popov
yazıçı və oxucu obrazının tərifini verməkdə
çətinlik çəkdiyini dedi və belə bir misal
çəkdi: "Qırxayağa sual verirlər ki, sən
necə yeriyirsən? O necə yeridiyini izah etməyə
başlayanda gördü ki, artıq yeriyə bilmir".
Y.Popov onu da qeyd etdi ki, yazıçı nə qədər
desə ki, mən özüm üçün yazıram, onun
mütləq bir-iki oxucusu var. Əgər
yazıçını 2 nəfər oxuyursa, demək o, həm
də başqaları üçün yazır.
Bu
mövzuda fransız şairi Martin Dinkof, Almaniya
yazıçısı Gerald Qroxler, Estoniya dramaturqu Vadi Urmas,
ABŞ-ın nümayəndəsi Aleksandr Selimov maraqlı
fikirlərini bildirdilər.
Sonra xalq yazıçısı Kamal Abdullanın
moderatorluğu ilə "Avrasiya notası-dünyanın gələcəyi
üçün model kimi müxtəlif ölkələrin və
xalqların ədəbiyyat və mədəniyyətlərinin
qarşılıqlı əlaqələri" mövzusunda
plenar iclas keçirildi. Hindistan şairəsi Mamta Saqar, Koreya şairəsi Han
Sunq Rea, Bolqarıstandan Marin Stoyanov, Rusiyadan Marsel Salimov,
Çindən Meyer, Ukraynadan Natalya Varenik, İsveçdən
Mimmi Berqstrom mövzu üzrə çıxışlar etdilər.
Bakı Kitab Mərkəzində görkəmli qazax şairi
və ictimai-siyasi xadimi Oljas Süleymenovla görüş
keçirildi.
Azərbaycan Yazıçılar Birliyinin katibi,
şair, yazıçı-publisist İlqar Fəhmi gecəni
açaraq ölkəmizə gəldiyinə və Azərbaycan
xalqına həmişə səmimi münasibət bəslədiyinə
görə yüksək qonağa təşəkkür etdi.
O qeyd etdi ki, ölkəmizdə Oljas Süleymenovun
yaradıcılığına böyük maraq var. Onun
kitabları böyükdən-kiçiyə hamı tərəfindən
böyük sevgi ilə oxunur. İ.Fəhmi deyib: "Bu
gün bu qədər çox insanın sizi görməyə
gəlməsi çox mətləbdən xəbər
verir".
Oljas
Süleymenov öz təəssüratlarını belə ifadə
etdi: "Bakı inanılmaz dərəcədə gözəl
şəhərdir. Mən hər dəfə
paytaxtınızın gözəlliyinə və
bakılıların qonaqpərvərliyinə heyran oluram.
Bu dəfə isə mənə gözəl
Sumqayıt şəhərinə getmək nəsib oldu. Sumqayıt məndə gözəl təəssürat
yaratdı. Sevindirici haldır ki, Azərbaycan
sürətlə inkişaf edir. Çox
sevinirəm ki, ölkənizdə mənim
yaradıcılığımı yüksək qiymətləndirirlər.
Bu görüşü təşkil etdiyinə
görə Bakı Kitab Mərkəzinin rəhbərliyinə
də təşəkkür etmək istəyirəm".
Axşam "Söz" Layihəsinin keçirdiyi
poetik-musiqili fikir gecəsi də yaddaqalan oldu. İngilis
şairi Riçard Berenqartenin eksperiment olaraq
yazdığı şeirləri səsləndi. Rus şairi və musiqiçisi Viktor Pelenyaqrenin
oxuduğu mahnılar tədbirə rəngarənglik qatdı.
Xalq şairləri Ramiz Rövşən və
Sabir Rüstəmxanlının çıxışları
da yaddaqalan oldu.
Tədbirin
üçüncü günü "Müasir Avrasiya
yazıçıları" antologiyasının təqdimatı
və Azərbaycan Yazıçılar Birliyinin dəstəyi
ilə AYB Bədii Tərcümə və Ədəbi
Əlaqələr Mərkəzinin nəşri olaraq Azərbaycan
dilində nəşr olunan xarici müəlliflərin - Radomir
Andriçin, Tuğrul Tanyolun, Leo Butnarunun kitablarının təqdimatı
keçirildi.
Rus Kitabı Evində avanqard türk şeirinin
öncüllərindən olan Tuğrul Tanyolla
görüş də maraqlı keçdi. Tuğrul bəy möhkəm
soyuqladığını və bu səbəbdən
rahatsız olduğunu dedi. Amma tədbir
başlayınca xəstəliyini unutdu, şövqlə ədəbiyyat,
sənət haqqında maraqlı fikirlər səsləndirdi.
Şair özünün təcrübələrini,
yaradıcılıq sirlərini oxucularla
bölüşdü. Tuğrul Tanyol
fransız avanqard şeirindən daha çox təsirləndiyini
bildirdi. Haydar Ergülən və Adnan
Özerlə bir ədəbi platformada çıxış
etdiyini dilə gətirdi. Görüşdə şair Fərid
Hüseyn, şair Aysel Əlizadə, professor Cavanşir
Yusifli, şair Həyat Şəmi və yazıçı Kənan
Hacı şairin yaradıcılıyla bağlı fikirlərini
bildirdilər.
Axşam saatlarında Heydər Əliyev Mərkəzində
ədəbiyyat üzrə "LİFFt-2019" IV Avrasiya
festivallar festivalının qonaqlarının və
iştirakçılarının təntənəli şəkildə
qırmızı xalça üzərindən keçidi və
fotosessiya oldu.
Üç günün yorğunluğu yazıçı
Varisin simasında hiss olunur. Bütün təşkilatı
məsələlərin əsas yükü həm də onun
üzərində olduğundan nəfəs dərməyə
macalı olmur. Amma hamımız kimi, o da
xoşbəxtdir. Bakıda ədəbiyyat
rüzgarı əsir.
Oktyabrın 3-də Heydər Əliyev Mərkəzində
"LiFFt-2019" IV Avrasiya ədəbi festivallar festivalına
yekun vuruldu. Bağlanış mərasimində Avrasiya
Xalqları Assambleyası Baş katibinin birinci müavini
Svetlana Smirnova və festivalın prezidenti Marqarita Al
çıxış etdilər. Çıxışçılar
"LiFFt-2019" festivalının yüksək səviyyədə
təşkilinə görə dövlət
başçısı İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini
bildirdilər.
Festivalın müxtəlif nominasiyalar üzrə qaliblərinə
mükafatlar təqdim olundu. Qızıl medala
türk şairi Tuğrul Tanyol layiq görüldü. Tədbirdən sonra Tuğrul Tanyola
yaxınlaşıb təbrik etdim və hansı hissləri
keçirdiyini soruşdum. Şair bu sözləri dilə
gətirdi:
"Bu mükafatın mənə məhz Azərbaycanda
təqdim olunmasından qürur hissi keçirdim. Layiq görənlərə
sonsuz təşəkkürlərimi bildirirəm!".
Bakıda keçirilən bu möhtəşəm
Ədəbiyyat Festivalı uzun müddət yaddaşlardan
silinməyəcək.
Kənan
HACI
Ədəbiyyat
qəzeti.- 2019.- 5 oktyabr.- S.2-3.