Ədəbiyyat təəssübkeşi:
İsa Həbibbəyli - ANAR yazır
Uzun illər
yazılarımda, müsahibələrimdə dediyim bir fikir
var: Dostlarımın bir hissəsini ölüm aldı, bir
hissəsini həyat. Son illərdə isə bu, artıq
çox işlətdiyim fikrə kiçik və kədərli
bir əlavə də etmişəm: Çox
yaşamağın çətin tərəfi odur ki,
yaxınlarını, dostlarını bir-bir itirirsən. Bəlkə də axır vaxtlarda bir neçə
dostumu, mənə əziz olan insanları itirdiyim
üçün belə bədbin fikirlərə
qapılıram. Amma bununla belə, illərin, zamanın
bizə qazandırdığı qiymətli, gerçək sənət,
həyat dəyərlərini hər şeydən üstün
tutan insanlar da az deyil. Bu mənada
alim, akademik İsa Həbibbəylinin yubileyi ərəfəsində
təbrik məqaləsi yazmağı özümə borc
bildim.
Hələ Sovet dövründə ədəbi tənqidin
əsas yolu, istiqaməti mübahisəli olanda bu haqda fikirlərimi
müxtəlif yerlərdə demiş, yazmışdım. Yəni o
zamanlar bir qayda olaraq rejimə və onun qaydalarına uyğun
gəlməyən əsərlər kökündən
"baltalanırdı", ya da xoşbəxt sovet cəmiyyətini
tərənnüm edənlər dağ başına
qaldırılır, müəlliflər Tolstoy, Şekspir səviyyəsində
dahi, əsərlər isə şedevr elan olunurdu.
Şübhəsiz, istisnalar vardı, yəni ədəbiyyata
gerçək sənət meyarları ilə yanaşan tənqdiçilərimiz
də az deyildi. Bizim nəsil
ədəbiyyata gələndə məhz mətni təhlil edən,
şəxsi münasibətlərin fövqündə duran,
siyasi səbəblərdən azad olan ədəbi tənqidçilərin
arzusunda idik. Yəni təriflənmək
yox, sadəcə mətnlərin təhlil olunması, onlara
bütöv yanaşılması vacib idi. Misal
üçün, Yaşar Qarayevin təhlilləri bizim
üçün çox maraqlıydı... Və
ölkəmiz müstəqil olanda mən məhz bu
yönün, bu istiqamətin inkişaf edəcəyini, ədəbi
tənqidin yeni və azad bir mərhələyə keçəcəyini
gözləyirdim. Bu mənada 70 yaşı tamam olan
dostumuz, akademik İsa Həbibbəylinin xidmətlərini xüsusi
vurğulamaq istərdim. Həmçinin bizi istər
ictimai həyatda, istərsə də ədəbiyyat müstəvisində
yaxınlaşdıran əsas məqamları yada
salmağım da bu yubiley yazımda yerinə düşər.
Əlbəttə, bütün mövzulardan, hadisələrdən,
İsa müəllimin rəhbərlik etdiyi Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu ilə Azərbaycan
Yazıçılar Birliyinin birgə layihələrindən
də öncə, dahi Mirzə Cəlil Məmmədquluzadəni
- bizi birləşdirən ən böyük dəyəri qeyd
etməliyəm. Məsələ
burasındadır ki, Mirzə Cəlil Məmmədquluzadə
Azərbaycan ədəbiyyatında özümə ən
doğma, ən yaxın bildiyim yazıçıdır və
hələ uşaq yaşlarımdan onu oxuduqca ruhən yaxınlığı
hiss edirdim. Sonra bunu "Anlamaq dərdi"ndə
də yazdım. Sonralar da Mirzə Cəlil haqda "Qəm
pəncərəsi" filmini çəkməklə,
"Sizi deyib gəlmişəm",
"Nigarançılıq" pyeslərini yazmaqla bu dahi
mütəfəkkiri öz gördüyüm,
anladığım şəkildə çatdırmaq istədim.
Amma bütün hallarda, Mirzə Cəlil
yaradıcılığının bütöv tədqiqi və
araşdırılması, yazıçının şəxsiyyəti,
mühiti, həyatı ilə əsərlərinin paralel təhlili
çox mühümdür və elmin əsas vəzifəsidir.
Bu mənada İsa müəllimin Mirzə Cəlillə
bağlı araşdırmalarına böyük dəyər
verir və onun "Cəlil Məmmədquluzadə: mühiti
və müasirləri" monoqrafiyasını ayrıca qeyd
etmək istəyirəm. Həmçinin onun
"Görkəmli Azərbaycan yazıçısı Cəlil
Məmmədquluzadə" kitabının müxtəlif dillərə
çevrilməsi də mənə görə böyük
yazıçının dünyada tanıdılması
baxımından çox vacibdir. Onu da bilirəm
ki, İsa müəllim əsl Mirzə Cəlil təəssübkeşi
kimi onun əsərlərinin də müxtəlif dillərə
çevrilməsinin təşəbbüskarıdır.
Və elə bu faktın özü vətənpərvərliyin,
millətinə, xalqına münasibətin, sevginin ən
gözəl təzahürüdür.
Mətbuatı,
qəzetləri, jurnalları yaxından izləyən adam kimi İsa Həbibbəylinin ardıcıl
və yorulmadan işləməsinə həmişə
yaxşı mənada təəccüblənirəm. Axı bu qədər ictimai işlərin, tədbirlərin
içərisində yazmağa zaman tapmaq sadə məsələ
deyil. Lakin yubileyi ərəfəsində
bioqrafiyasına nəzər saldıqca, kitablarını
oxuduqca başa düşürəm ki, yazmaq və dəyərli
bildiyini təhlil, təbliğ etmək onun üçün həyat
tərzidir. Və mənə görə cəmiyyətdə,
ictimai mühitdə tanınan, söz sahibi olan İsa Həbibbəylinin
əsas sirri ictimai işlərlə elmi,
yaradıcılığı yanaşı, hətta
iç-içə yaşaması, yazmasıdır. Misal
üçün, Milli Məclisin deputatı və Elm və təhsil
komitəsinin rəhbəri kimi gördüyü işlər
Ədəbiyyat İnstitutundakı tədbirlərin,
görüşlərin, qurulan ədəbi əlaqələrin
davamıdır. Yaxud müxtəlif ədəbi
tədbirlərdə etdiyi çıxışlar da yeni
yazılacaq məqalələrin tezisi kimi səslənir və
tez-tez mətbuatda məhz gündəmlə bağlı bu
cür yazılarını oxuyuruq. Bu sırada İsa
müəllimin Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının
araşdırılması ilə bağlı
gördüyü böyük işlərin və Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun nəşri olan
"Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı"
üçcildliyinin ayrıca yeri var. 90-cı illərdə 20
Yanvar, Qarabağ müharibəsi bütün sahələrdə
durğunluğa, bədbinliyə səbəb olmuşdu. Söz, sənət adamları da daha çox ictimai
hadisələrin izləyicisinə çevrilmişdilər.
Amma, şübhəsiz, zamanla bu tarixi hadisələr
də ədəbiyyatın mövzusu oldu. Eyni
zamanda internetin, sosial şəbəkələrin dəyərləri
dəyişməsi, kütlənin marağını ayrı
tərəfə yönləndirməsi də gerçək sənətə
diqqəti azaltdı. Və müxtəlif,
heç ədəbiyyatı izləməyən, təzə əsərlərdən
xəbəri olmayan adamlar - yeni əsərlər
yazılmır, bu günün ədəbiyyatı yoxdur - kimi
fikirlərlə ittiham etdilər yazıçıları.
Zənnimcə, "Müstəqillik
dövrü Azərbaycan ədəbiyyatı"
üçcildliyi bu dövrdə yazan qələm
adamlarının yaradıcılığını və yeni
əsərləri təhlil etməklə əsassız
ittihamlara cavab vermiş oldu. Bu
üçcildlikdə mənim haqqımda geniş
oçerkin, həmçinin yubileylərim ərəfəsində
yazılmış bir neçə məqalənin də müəllifi
İsa müəllimdir. Hekayə, povest və
romanlarım barəsində araşdırmalara görə minnətdarlıq
öz yerində, amma elə bu yazıların nümunəsində
İsa Həbibbəylinin elmi məqalələrinin bir üstünlüyünü vurğulamalıyam. Doğrusu, son illərdə ədəbi tənqidin
"dilinə düşmüş" bəzi terminlərin mənasını
anlamaqda çətinlik çəkirəm. Səmimi söyləyirəm ki, bəzən
haqqımda xeyirxahlıqla yazılan məqalələrdə də
müəyyən fikirlər tam aydın olmur. Sanki bəzi
ədəbi tənqidçilər "nə qədər qəliz
olsa, o qədər səviyyəli görünər" düşüncəsindədilər və çətin elmi terminləri ard-arda düzməklə
bu prinsipə yüksək səviyyədə əməl etməyə
çalışırlar. İsa müəllimin
araşdırmaları yüksək elmiliyi, akademizmi ilə bərabər
dərinliyi, orijinallığı ilə seçilir, həm də
bütün bunların anlaşıqlı dildə yazılması
da mənə görə əsas müsbət cəhətlərdəndir.
İsa müəllimin elm, ədəbiyyat təəssübkeşliyindən
danışanda "Ədəbi proses" ənənəsini
bərpa etməsi də yada düşür. Uzun illər
Ədəbiyyat İnstitutunda olan bu konfranslar, orda səslənən
məruzələr hər ilin sonunda ötən ilin ədəbi
mənzərəsinə nəzər salmağa, yeni
yazılanları küll halda görməyə imkan verirdi.
Sonralar, nədənsə, bu ənənə unuduldu, amma
İsa Həbibbəylinin təşəbbüsü ilə,
Yazıçılar Birliyinin və Ədəbiyyat
İnstitutunun birgə layihəsi kimi keçirilən bu konfranslar
son bir neçə ildə alimlərlə
yazıçıların dialoquna xidmət edir. Bu isə ədəbiyyatın da, elmin də
inkişafı üçün son dərəcə vacibdir.
Sovet sisteminin xalqımıza vurduğu ən ciddi zərbələrdən
biri də keçmişimizi, tariximizi, ədəbiyyatımızı
yanlış tədris etməsi idi. Ədəbiyyat
kitabları "Avesta"dan başlayırdı, türk
olmadığımızı beyinlərə yeritmək
üçün də daha nələr uydurulmurdu. Bu yubiley məqaləsində bunlar haqda ətraflı
yazmaq istəmirəm, amma, hər halda, bir çox ədəbiyyat
tədbirlərində bu narahatlığımı dilə gətirirdim.
Yəni bizim ədəbiyyat kitablarından belə
çıxırdı ki, İzəddin Həsənoğluna,
yəni XIII əsrə qədər anadilli ədəbiyyat
ümumiyyətlə olmayıb, bu isə şübhəsiz
ki, yanlışdır. Ona görə dəfələrlə
anadilli ədəbiyyatın "Kitabi-Dədəm Qorqud"
dastanı ilə başlanması fikrini söyləmişəm.
Mənim təklifim və unudulmaz Heydər
Əliyevin dəstəyi ilə dastanın yubileyinin
keçirilməsi artıq ədəbiyyat tariximizə yenidən
baxmaq üçün səbəb idi. Amma,
nədənsə, uzun illər universitet dərslikləri dəyişilmədi,
ədəbiyyat "Avesta"dan, anadilli ədəbiyyat İzəddin
Həsənoğlunun "Apardı könlümü" qəzəlindən
başladı. Bu isə şübhəsiz
ki, hər bir ədəbiyyat adamını narahat etməli məqam
idi. İsa Həbibbəylinin bu il
çapdan çıxmış "Azərbaycan ədəbiyyatı:
dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri"
monoqrafiyası ədəbiyyat tariximizə dəyərli
töhfədir. Əslində, bu kitabdakı
bölümləri mətbuatdan ardıcıl oxuyurduq. Amma indi bütöv halda nəzər salanda İsa
müəllimin bir institutun işini gördüyünün və
fədakarlığının bir daha şahidi oluram və yaxın
gələcəkdə bu kitaba ayrıca münasibət bildirmək
niyyətim var.
Mənim yaşımdan baxanda 70 böyük rəqəm
sayılmaz, həm də bütün bu sadaladığım və
bir təbrik yazısına
sığışdırmadığım işləri
görmək sadə məsələ deyil. İsa müəllimin
gecə-gündüz çalışması öz yerində,
amma bu ciddi, fundamental işlərin arxasında müəllifin
xeyirxah xarakteri, şəxsiyyəti görünürsə, bu
daha təsirli və cəlbedici olur. İsa müəllimi
isə tanıyan, müşahidə edən istənilən adam onun şəxsiyyəti ilə əsərlərinin
bir-birini tamamladığını söyləyə bilər.
Bu məqamda İsa müəllimin qeyri-adi həssaslığını,
kövrəkliyini göstərən kiçik bir hadisə
yadıma düşür. Bəzən
hansısa tədbirlərdən sonra dostlarla birgə masa
arxasında uzun-uzun söhbətlər edib, dərdləşməyimiz
də olur. Belə məclislərimizdən
birindən sonra İsa müəllimin xidməti
maşınında gedirdik. Birdən sürücüyə
- saxla burda - dedi. Görünür, birinci dəfə
olmadığından sürücü artıq nə etməli
olduğunu bilirdi. Maşını saxlayıb
düşüb getdi, bir azdan balaca bir budaqla gəldi və
İsa müəllim budağı alıb qoxladı, "kəndimizin
ətri gəlir, ona görə istədim" - dedi. Dinamik həyatla
yaşayan, ardıcıl işləyən, nəfəs dərməyə
zamanı olmayan bir alimin, akademikin kəndin qoxusunu özləməsi,
arzulaması çox təsirli olmaqla bərabər, həm də
xarakter göstəricisi idi mənim üçün...
İstər həyatda, istərsə də kağız
üzərində bütün bu gözəl işləri,
xeyirxah əməlləri davam etdirmək üçün uzun
yaşamaq lazımdır. Mən əziz dostum, ciddi bir
elm, ədəbiyyat fədaisi, akademik İsa Həbibbəylini
70 yaşı münasibətilə təbrik edirəm və
ona bu şərəfli yolda uğur diləyirəm...
Anar
Ədəbiyyat
qəzeti.- 2019.- 5 oktyabr.- S.4.