Əziz
İsa müəllim
Bəzən uzaqdan
tanıdığımız, sadəcə
yazılarını oxuduğumuz, fəaliyyəti ilə
az-çox tanış olduğumuz adam
haqqında öyrəndiyimiz adidən-adi bir xəbər
doğmalaşmağımıza səbəb olur. Akademik İsa Həbibbəylini hələ tələbəlik
illərimdən oxuyurdum, sonralar da Naxçıvan Dövlət
Universitetinin rektoru kimi gördüyü işlər,
keçirdiyi tədbirlər və
çıxışları haqqında bilirdim. Amma illər
öncə Astana şəhərində Türkdilli
xalqların ədəbiyyat dərgiləri konqresində
öyrəndim ki, bir vaxtlar "Qardaş qələmlər"
dərgisinin yayılması çətin imiş və bu
işdə İsa Həbibbəyli həssaslıq göstərib,
yardımını əsirgəməyib. Deməli,
dərgi uzun müddət Ankaradan Naxçıvan Dövlət
Universitetinə göndərilir, ordan şəxsən İsa
müəllimin nəzarəti və dəstəyi ilə
bütün Azərbaycana, kitabxanalara, universitetlərə yayılırmış.
Sonralar öyrəndim ki, dərgini İsa müəllimə
dostumuz, yazıçı-tərcüməçi İmdat
Avşar gətirirmiş. O vaxtlar İqdırda işləyən
İmdat bəy dərgini Azərbaycana yaymaq üçün ən
doğru yol tapıbmış - Naxçıvan və İsa
Həbibbəyli... İndi yazdıqca düşünürəm
ki, İsa müəllimin ədəbiyyat adına
gördüyü böyük işlərin içərisində
bu yüzdə, mində birdir və bəlkə
özünün də yadında deyil, amma o zaman bunu eşidəndə
xeyli təsirlənmişdim. Və tezliklə
İsa müəllimin yazılarına, məqalələrinə
yenidən qayıdıb ardıcıl oxumuşdum.
Çünki əməlləriylə xeyirxahlıq, fədakarlıq
nümunəsi olan
qələm adamlarının yazıları hər
zaman daha dərin iz buraxır insanda. Və
maraqlıdır ki, tələbəlik illərində elə
İsa müəllimin özünü də bu cür alimlər,
daha doğrusu, akademik Məmməd Cəfər Cəfərovun
şəxsiyyəti, xarakteri, elmi əsərləri təsirləndirib.
Naxçıvan Dövlət Universitetinə həsr
olunmuş kitabçada dərc olunan bir ağ-qara fotoda tələbə
İsa Həbibbəylinin akademik Məmməd Cəfər Cəfərova
necə heyranlıqla baxmasını görmüşdüm.
Və indi İsa müəllim haqqında düşündükcə,
yazdıqca o foto və anın bütün bu böyük
işlərin başlanğıcı olduğunu anlayıram.
Demək ki, belə insanların, şəxsiyyətlərin
varlığı özündən sonra gələn nəsillərə
təsir edir...
Bu
günlərdə 70 yaşını qeyd edəcək İsa
Həbibbəylidən isə yeni gələn nəsillərin
öyrənə biləcəyi çox şeylər var.
Əlbəttə, İsa müəllimin öz ömrünə,
gündəlik həyatına, kitablarına
sığışdırdığı bütün
böyük işlər haqqında çox danışmaq
olar. Amma bunları sıraya düzsək, elmi
araşdırmaların, məqalə və monoqrafiyaların
özəl yeri vardır. Çünki
şəxsən mən məhz İsa Həbibbəylinin məqalələriylə,
yazılarıyla elmi təhlilin necə olmasını müəyyənləşdirmişəm.
Və mənə görə əsas şərt
akademizm və elmiliklə yanaşı, həm də müəllifin
özünün, şəxsiyyətinin ifadəsidir. Bu mənada heç şübhəsiz ki, İsa
müəllimin özünün də böyük demokrat
adlandırdığı Mirzə Cəlil haqda yazıları
çox dəyərlidir. Misal
üçün, hələ tələbə vaxtımdan məhz
İsa müəllimin məqalələrini oxuyandan sonra, əslində,
Mirzə Cəlilin buxovlar içərisində əzilmiş
qadını yox, azad Qadını yazmasını anladım.
İsa müəllim bunu bir neçə kiçik detalla izah
edirdi: azad olmayan qadın, yəni Zeynəb kətta Xudayara -
getsin anqırsın, tayını tapsın - deyə bilməzdi...
Belə nümunələri sonsuz sayda gətirmək olar və
qəribədir ki, İsa Həbibbəyli heç zaman,
heç bir çıxışında, məqaləsində,
söhbətlərində bu cür xidmətlərini qeyd
etmir, vurğulamır... Əksinə, mühitdə
çoxlarını təəccübləndirən cəhəti
hər zaman başqalarının işlərini,
yazılarını vurğulaması, bəyəndiyi fikirləri
təqdir etməsidir. Əlbəttə, bu özündən
deyənlərin çox olduğu zamanda İsa
müəllimin təvazökarlığı və səxavətlə
başqaları haqqında danışması qəribə
görünə bilər. Amma məsələ
burasındadır ki, o yazılar hər şeyi deyir və
müəllifin onları xüsusi təbliğ, reklam etməsinə
ehtiyac da qalmır. Elə bu yaxın günlərdə
"Ədəbi proses - 2018" tədbirində nəsr,
dramaturgiya, poeziya, poema və s. mövzularda məruzə edən
əməkdaşlara İsa müəllim bir neçə kəlmə
ilə böyük ruh verir, həvəsləndirirdi. Əlbəttə
bu, həm də tutduğu vəzifənin tələbidir,
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun direktoru kimi əsas iş üsuludur. Amma bütün hallarda, iştirak etdiyi istənilən
yerdə, tədbirdə İsa müəllimin humanistliyinin,
insanlara mehriban, qayğıkeş münasibətinin şahidi
olmuşam. Bir neçə il öncə
doktorant və dissertantların dissertasiya mövzularının
təsdiqində də, müxtəlif müdafiələrdə
də bu münasibətindən təsirlənmişdim. Ona görə təsadüfi deyil ki, bütün sahələrlə
müqayisədə ədəbiyyatşünaslıq üzrə
elmə yeni gələn gənclər digərlərindən
bir neçə dəfə çoxdur.
Ümumiyyətlə, İsa müəllimin bu cür həssaslığını,
imza atdığı bütün işlərə
şövqlə, həvəslə yanaşmasını hər
addımında görmək olar. Xatırlayıram, bir neçə il öncə "525-ci qəzet"in baş
redaktoru Rəşad Məcidin şeirlərindən təsirlənib
məqalə yazmışdı. Daha sonra bu məqaləni
xeyli genişləndirdi, təhlilə Rəşad müəllimin
başqa əsərlərini də, ictimai fəaliyyətini də
çəkdi və nəticədə "Bütün
yönləri ilə yaradıcı" adlı dəyərli
bir kitab meydana gəldi. Yəni İsa müəllim
dəyər bildiyi, qiymət verdiyi hər hansı şəxsiyyət,
yazıçı, şair haqqında yazanda zamanını,
enerjisini, biliklərini əsirgəmir. Qızırğanmadan
vaxtını sərf edir və yazdığı mövzunu hərtərəfli
araşdırıb ciddi elmi nəticə ortaya qoyur. Və maraqlıdır ki,
araşdırdığı mövzular, haqqında
yazdığı yazıçılar da, sanki bir-birinin
davamı, məsləkdaşı kimi görünür.
Misal üçün, Mirzə Cəlil və
Molla Nəsrəddinçilər haqda yazdıqları təməldirsə,
Çingiz Aytmatov barəsində məqalələri
bunların davamıdır. Xalq
yazıçıları Anar, Elçin haqqında oçerkləri,
elmi məqalələri isə həm daha öncəki silsilənin
ardı kimi, həm də yeni nəsrə, çağdaş ədəbiyyata
orijinal yanaşmanın ifadəsi kimi qavranır. Bir
sözlə, İsa müəllim istər ictimai fəaliyyətində,
istərsə də alim kimi böyük bir ideyanın, Azərbaycana,
dünyaya, ədəbiyyata, sənətə aid yaxşı nə
varsa onu yazmaq, açmaq, göstərmək missiyasının
daşıyıcısıdır.
Və mühüm olan budur ki, o, vətənini, onun ədəbiyyatını
xaricdə tanıtmaq üçün də əlindən gələni
əsirgəmir. Məhz İsa müəllimin sayəsində son illərdə
Ədəbiyyat İnstitutunun beynəlxalq əlaqələri
genişləndirilib, hazırda dünyanın 30-dan çox
ölkəsilə: Rusiya, Çin Xalq Respublikası, Türkiyə,
Almaniya, Polşa, Bolqarıstan, Hindistan, Pakistan, İran
İslam Respublikası, Misir, Gürcüstan, Qazaxıstan, Cənubi
Koreya, Özbəkistan, Qırğızıstan, Türkmənistan,
Tacikistan və başqa ölkələrin elmi mərkəzləri,
akademik qurumları və universitetləri ilə əməkdaşlıq
edir. Bu mənada Ədəbiyyat İnstitutunun Beynəlxalq tədbirlərini,
xüsusən son illərdə geniş vüsət alan, MDB məkanında tanınan, reaksiyalar
doğuran "Fizika-Lirika" konfransını xüsusi qeyd
etməliyəm. İsa Həbibbəylinin təşəbbüsü
ilə keçirilən bu konfranslar istər ədəbiyyat,
istərsə də elm sahəsində canlanmaya, yeni
ab-havanın yaranmasına səbəb olub.
İsa Həbibbəylinin təşkilatçılığı
ilə keçirilən belə tədbirləri nəzərdən
keçirəndə, bunlara sərf olunan zamanı
düşünəndə adama elə gəlir ki, ciddi elmi
araşdırmalara zaman, həvəs, ruh qalmaz. Amma budur, elə bu il "Azərbaycan
ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və
inkişaf mərhələləri" adlı irihəcmli
monoqrafiya işıq üzü görür. Arzumuz isə
budur ki, bu qeyri-adi dərəcədə maraqlı, vacib kitab ali məktəb dərslikləri
sırasına daxil olsun, yeni gələn nəsillərə
çatdırılsın. Eyni zamanda İsa
müəllimin ədəbi növlərə və janrlara
özünəməxsus yanaşması, satiranı ayrıca
növ kimi ayırmaq təklifi, bu istiqamətdə uzunillik fəaliyyətləri
də gənclərin, tələbələrin iştirakı
ilə müzakirə olunmalıdır.
Bütün
bu işlərin dərinliyinə gedəndə, qalın
kitabları, qəzet və jurnal səhifələrini vərəqləyəndə
sadəcə elə həcmdən heyrətlənir adam. Bu boyda enerjinin,
şövqün mənbəyi elə İsa müəllimin
özüdür. Onun elmi fəaliyyəti
və xidmətləri Azərbaycan dövləti tərəfindən
yüksək qiymətləndirilib. O, əməkdar elm
xadimi fəxri adına layiq
görülüb, "Şöhrət" və "Şərəf"
ordenləri ilə təltif olunub. Amma bu yüksək adlarla
yanaşı, mənə belə gəlir ki, İsa müəllim
üçün ən gözəl mükafat sadəcə
öz işi ilə məşğul olmaqdır. Yəni o,
işdən, işləməkdən zövq alan
və bununla yaşayan insandır.
İnsan ömrü illərlə, zamanla
ölçülür. Amma yazdıqca düşündüm
ki, əslində, qələm adamlarının ömrü, həyatı
həm də səhifələrlə ölçülə
bilər. Nə qədər ki, yaza bilirsən,
yaşayırsan, səhifələrin sayı artıqca, yeni
yazılar yarandıqca təzələndiyini hiss edirsən.
Ona görə mən İsa müəllimə
cansağlığı, uzun ömür, həm də sonsuz
sayda səhifələrlə, cildlərlə həyat diləyirəm.
PƏRVİN
Ədəbiyyat qəzeti.- 2019.- 5 oktyabr. S. 8.