Mötəbər mənbələr…Silinməyən
izlər
Xeyli müddətin söhbətidir. İstanbula səfərlərimin
birində öyrəndim ki, Əhməd bəy
Ağaoğlunun nəvəsi Tekdaş Ağaoğlu
sağdır və ehtimal ki, onda babasına aid sənədlər
var. Tekdaş bəylə görüşmək
üçün ilk cəhdim uğursuz olsa da, fikrimdən
dönmədim. Bakıya qayıtdıqdan sonra
ötən əsrin 80-ci illərinin sonundan
tanıdığım, Azərbaycan ədəbiyyatının,
mədəniyyətinin böyük dostu, Ege Universitetinin
professoru dr. Əli Yavuz Akpinara zəng etdim. O, təşəbbüsümü
bəyəndi, eyni zamanda qeyd etdi ki, çoxları, o cümlədən
mən də Tekdaş bəydən sənədləri əldə
etmək istəmişik, lakin hələlik o buna
razılıq verməyib, yəqin ki, sizə də o sənədləri
verməyəcək. Bir müddət sonra
Əli Yavuz Akpinara məktubla müraciət edib bu işdə
mənə necə kömək edə biləcəyini
soruşdum və heç olmasa Tekdaş bəyin telefonunu,
ünvanını verməsini istədim. Heç bir
gün keçmədi ki, yəni 2014-cü il
oktyabrın 24-də Ə.Y.Akpinardan cavab gəldi: "Muhterem
Abid bey, Ağaoğlu arşivi için benim hiçbir resmi
ve ya özel yetkim-selahiyetim yok. Ben sadece durumu
size bildirdim. Bu hususta niyetli iseniz
Ağaoğlunun torunu Tektaş Ağaoğlu ile telefonda
görüşünüz (Telefon nömrəsini əlavə
edir - T.A.). Umarım sağlık durumu iyi
olur. Yanlış anlamaya imkan ve fırsat vermemek
için tekrar söylüyorum: Bildiğim kadarıyla
Tektaş Ağaoğlu Bey bu arşivi bir
yere vermek arayışında ve ya fikrinde değildir (kursiv - məktub
müəllifinindir).
Ben size kendi görüşümü aktarıyorum. Eğer Tektaş Bey'i ikna
edebilirseniz, "Azerbaycan Devlet Arşivi'ne vermeyi kabul edebilir" - diyorum. Arşivi
bağışlamak için bir yer arıyor, demiyorum! Ben bu arşivin bir an önce güvenli bir yere
verilmesini arzu ettiğim için size yazıyorum.
Bence
niyetli iseniz, yetkili (mesul) bir resmi şahıs kendisine telefon
edip bu arşivi ne yapmak istediğini sorabilir ve Tektaş
Ağaoğlu uygun görürse Azerbaycan Devlet Arşivi'nin
buna talip olduğunu söyleyebilir. Bunun
dışında bir şey münasip olmaz ve ben arada mahcup
olurum.
Sevgilerimle ve Elçin Bey'e mahsus sayğı ve
selamlarımla.
Yavuz Akpınar".
Sənədləri
əldə etmək fikrim qəti olduğu üçün
Əli Yavuz Akpinarın məktubu barədə Baş nazirin
müavini, xalq yazıçısı Elçinə dedim və
ondan İstanbula ezamiyyə olunmağıma razılıq verməsini
xahiş etdim. Elçin özünəməxsus təbəssümlə
gülümsəyərək: "Yaxşı niyyətdir"
- dedi və sonra əlavə etdi: "Nə vaxtsa, mən də
o sənədlər üçün çalışdım,
Tekdaş bəy inadkarlıq etdi, dedi ki, sənədləri
Osmanlı Arxivinə verəcəyəm. Sən
də bir cəhd elə. Amma elə et ki,
İstanbuldan əliboş qayıtmayasan". Elçin
müəllim bir qədər fikirləşdikdən sonra
"Yavuz bəy düz deyir, biz Tekdaş bəyə hökumət
adından bir müraciət ünvanlayaq, onun fikrini öyrənək,
sonra səni ezam edərik" - dedi.
2014-cü
il noyabrın 13-də Elçin müəllim Tekdaş
Ağaoğluna ünvanlandığı məktubda
babasına və Ağaoğluların digər nümayəndələrinə
aid sənədlərin təqdim ediləcəyi təqdirdə
onların dövlətin himayəsində daha etibarlı
mühafizəsini təmin etmək, eyni zamanda sənədləri
daha sistemli və səmərəli araşdırmaq məqsədilə
Milli Arxiv İdarəsində Əhməd bəy
Ağaoğlu fondu yaradılmasının
mümkünlüyünü və məqsədəuyğunluğunu
bildirmişdir.
2 dekabr
2014-cü ildə İstanbuldan - Tekdaş bəydən
ümidverici məktub daxil oldu: "Çox hörmətli
Elçin Əfəndiyev!
13 noyabr
2014-cü il tarixli səmimi məktubunuzu
aldım. Babam Ağaoğlu Əhməd bəyə
aid sənədlərin mühafizəsi və onların
türk aləminin istifadəsinə verilməsi məqsədilə
rəsmi dövlət qurumuna verilməsini istəməyinizdən
çox mütəhəssis oldum - duyğulandım. Arzunuzu yerinə yetirəcəyəm.
Soyumuzun sənədlərinin mühafizəsi
üçün onları ələməyim - seçməyim
lazımdır. Mən təəssüf ki, Osmanlı əlifbasını
oxuya bilmirəm. Bu işi qısa zamanda
tamamlamaq üçün lazımi işləri görürəm.
Bir az vaxta ehtiyac var. Bu işləri bitirər-bitirməz
külliyyatı nümayəndənizin əli ilə Azərbaycan
Milli Arxiv İdarəsinə təhvil verməkdən
böyük məmnunluq duyacağam.
İcazənizlə, bir məsələni də diqqətinizə
çatdırmaq istərdim. Ağaoğlu Əhməd
bəy Türkiyənin təhsil, mədəni və siyasi həyatının
çox tanınmış şəxsiyyətidir. Türkiyə Cümhuriyyətinə və
xalqına bu sahələrdə çox böyük xidmətlər
göstərmişdir. Ona aid sənədlərin
həm də, ikinci Vətən hesab etdiyi Türkiyədə
də mühafizə edilməsinin münasib olacağı qənaətindəyəm.
Düşünürəm ki, sağ olsaydı, özü də
belə fikirləşərdi.
Sənədlərin fotosurətini
çıxara bilərik. Bu işin təfərrüatını
tərəfinizdən göndəriləcək nümayədə
ilə həll edə bilərik.
Əfəndim, ən çoxu bir və ya iki ay
içində Sizi xəbərdar etmək umudu ilə qiymətli
çalışmalarımızın davamını diləyirəm.
Hörmətlə, Tekdaş Ağaoğlu".
Beləliklə,
mən və Dövlət Tarix Arxivinin əməkdaşı
Anar Mirəliyev İstanbula ezam olunduq, Tekdaş bəyin mənzilində
onunla, xanımı, tanınmış rölyef və seramik
heykəl sənətçisi Qədriyə Əzəl
Ağaoğlu ilə görüşdük. Yeri gəlmişkən
qeyd edək ki, Çarlz Dikkensin, Mixail Şoloxovun, Yevgeni
Yevtuşenkonun, Fyodor Dostoyevskinin bir sıra əsərlərini
orijinaldan türk dilinə tərcümə etmiş Oksford
Universitetinin məzunu Tekdaş bəy kimi Əzəl
xanımın əsərlərindən ibarət sərgilər
dəfələrlə Türkiyədə, dünyanın
müxtəlif ölkələrində uğurla
nümayiş etdirilmişdir. Tekdaş bəyin
yeganə övladı Əhməd Ağaoğlu isə
tanınmış fotoqrafçıdır, fotolarından ibarət
320 səhifəlik nəfis tərtibatlı, irihəcmli albomu
işıq üzü görmüşdür.
Tekdaş
bəy atasının, babasının, özünün də
çox acı-ağır, məşəqqəli, məhrumiyyətlərlə
dolu, eyni zamanda şərəfli, mənalı həyat yolu
keçdiklərini söylədi, qürurla bildirdi ki, sürgünlərə,
həbslərə, təqiblərə baxmayaraq, əqidəmizə
dönük çıxmamış, şərəfli
ömür yaşamışıq. Heç
şübhəsiz ki, Ağaoğluların düçar
olduqları həyat tərzi onlara məxsus sənədlərin
də pərən-pərən olmasına, əldən-ələ
keçməsinə, bəzən itməsinə səbəb
olmuşdur. Tekdaş bəy bacardıqca
ata-baba yadigarlarını toplamağa, qorumağa səy
etmişdir. Bizə təmənnasız olaraq verdiyi sənədlərin
arasında nəşriyyat məhsulları - ərəb,
latın əlifbası ilə buraxılmış qəzet,
jurnal, kitablar, eyni zamanda əlyazmalar var. Həmin sənədlər,
o cümlədən Əhməd bəy Ağaoğlunun
Maltadan ailə üzvlərinə yazdığı 22 məktub
Milli Arxiv İdarəsinə müvafiq aktla təhvil
verilmişdir. Bu sətirlərin müəllifi
Marmara Universiteti Türkiyyat İnstitutunun müdir müavini
dos.dr. Mehdi Gəncəli ilə birlikdə
Malta məktublarını KİV vasitəsilə geniş
şərhlərlə ictimaiyyətə təqdim etdik. Şəxsi, ailə mənşəli həmin məktublar
bu gün mühüm tarixi və ictimai əhəmiyyət kəsb
edir. İstanbuldan gətirilən digər sənədlər
hələ də tədqiqatçılarını gözləyir...
Yeri gəlmişkən,
biz həmin vaxt İstanbulda 95 milyon sənədin mühafizə
edildiyi möhtəşəm Osmanlı arxivində, 2 milyonadək
sənədin mühafizə edildiyi Bəyazid Dövlət
Kitabxanasında da olduq. Elə buradaca qeyd etmək istərdim
ki, arxivdən Azərbaycan tarixi, erməni məsələsi və
erməni vandalizmi ilə bağlı 1000-ə yaxın sənədin,
kitabxanadan isə Azərbaycan ədəbiyyatı ilə
bağlı 100-dən çox kartotekanın fotosurətini
çıxarmışıq ki, hələ də ümid
edirik, həmin sənədlər də müvafiq sahə əməkdaşlarının
diqqətini çəkəcəkdir...
İstanbul
Böyük Şəhər Bələdiyyəsinin rəsmi
internet səhifəsində vaxtilə - 12 il
bundan əvvəl rast gəldiyim bir xəbər diqqətimi dərhal
çəkmişdi və onun izinə
düşmüşdüm. "Tarihde iz burakan üç
kızkardeş" adlı həmin yazıda (01.11.2007)
bildirilirdi ki, 2007-ci il noyabr ayının 3-də
İstanbuldakı Qadın Əsərləri Kitabxanası və
Bilgi Mərkəzi Vəqfi Türkiyənin ictimai həyatında
iz buraxan Cümhuriyyətin öncü, lider
qadınlarından vəkil Sürəyya Ağaoğlu, maarif
xadimi Tezər Taşkıran-Ağaoğlu və doktor Gültəkin
Ağaoğlu bacılarının şərəfinə bir tədbir
keçiriləcəkdir. Adlı-sanlı
bacıların həyat hekayələrinə həsr
olunmuş təqdimatla bağlı xəbərdə, həmçinin
məlumat verilirdi ki, artıq xeyli müddətdir
Ağaoğlu varisləri tərəfindən 2002-ci ildə Vəqfə
bağışlanan 5 minə yaxın şəxsi mənşəli
sənədin kataloqunun hazırlanması üzərində
işlər davam etdirilir. Yazıda tədbirin təşkilatçıları
göstərilir, proqramı açıqlanır,
çıxışçılar haqqında məlumatlar
verilirdi.
2015-ci
ilin may ayında Əhməd bəy Ağaoğluna məxsus sənədləri
nəvəsi Tekdaş Ağaoğlundan (Səməd
Ağaoğlunun oğlu) əldə etmək məqsədilə
İstanbula gəldiyimiz zaman bacıların Qadın Əsərləri
Kitabxanasına hədiyyə etdiyi sənədlərlə də
tanış olmaq istədim. Cəhdlərim nəticə
vermədi. Kitabxana təmirə
bağlanmışdı. Sonra kitabxanaya
yazılı müraciət etdim, məktub göndərdim.
Yenə uğursuz oldu. İstanbuldakı
qohumlarım və dostlarıma istəyimi bildirdim. Nəhayət,
Türkiyədə - İstanbul Universitetinin doktoranturu Reyhanə
Səlimova arzumu həyata keçirdi. Kataloqu
ünvanıma göndərdi. Fürsətdən
istifadə edib Reyhanə xanıma minnətdarlığımı
bildirirəm.
İstanbula
növbəti səfərimiz zamanı Başbakanlıq
Dövlət Arxivi, Mərmərə Universiteti, həmin
Universitetin Türkiyyat Araşdırmaları İnstitutu, Bəyazid
Kitabxanası, İstanbul Hərb Muzeyi, "Türk
ocağı"nın İstanbul və Kadıköy
şöbələri ilə yanaşı, İstanbul Şəhər
Bələdiyyəsinin Qadın Əsərləri
Kitabxanasında da olduq və kitabxananın müdiri Hülya
İskender Hayatseven "Avukat Süreyya Ağaoğlu. Bir ömür böyle geçti". Arşiv kataloqu. 1898-1992" adlanan və nadir sənədlərin
toplandığı dəyərli kitab-kataloqdan (Qadın
Əsərləri Kitabxanası və Bilgi Mərkəzi Vəqfi.
İstanbul Barosu yayınları, 2010. 520 səh.) bir ədəd də
bizə hədiyyə etdi. Bu kataloqda yalnız
Sürəyya xanıma aid sənədlər əksini
tapmışdır. Tezər və Gültəkin
xanıma məxsus şəxsi sənədlərlə
bağlı məlumatlar kataloqa daxil edilməmişdir. Peşəkarlıqla tərtib olunmuş kataloqda
Sürəyya xanıma aid 5 minə yaxın şəxsi mənşəli
sənəd haqqında məlumat mövzuya uyğun təsnif
edilərək nəşr olunmuşdur.
Kataloqda əksini
tapan ailə şəkilləri, məktublar, iş sənədləri,
vizitkalar, pasportlar, gündəliklər, qəzet kəsikləri,
broşür və digər rəsmi sənədlər böyük tarixi
və ictimai əhəmiyyət kəsb edir. Kataloqda
adıkeçən tarixi sənədlər həm türk -
islam aləminin parlaq simalarından Əhməd bəy Ağaoğlunun,
həm onun Türkiyənin ictimai-siyasi, sosial-mədəni həyatında
iz qoymuş övladlarının, nəvələrinin tərcümeyi-halı,
fəaliyyəti ilə daha yaxından və hərtərəfli
tanış olmaq imkanı yaradır.
Sürəyya
Ağaoğlu (1903, Şuşa - 29 dekabr
1989, İstanbul) Şərqin, Türk-İslam
dünyasının ilk qadın vəkili,
hüquqşünası olmuşdur. Bir neçə
dili, o cümlədən ingilis və fransız dillərini
mükəmməl bilən Sürəyya xanım dəfələrlə
Beynəlxalq tədbirlərdə Türkiyəni təmsil
etmişdir. Beynəlxalq Hüquqçular
Birliyinin üzvü (1952), sonralar Hüquqçu Qadınlar
Federasiyasının ikinci katibi olmuşdur. 1960-cı ildə Qadın Hüquqçular Birliyinin
BMT Cenevrə Təşkilatı təmsilçisi
seçilmişdir.
1960-cı
il dövlət çevrilişi zamanı
həbs edilən və istintaqa cəlb olunan qardaşı,
Türkiyə baş nazirinin müavini Səməd
Ağaoğlunun (1909, Bakı - 6 avqust 1982, İstanbul) məhkəməsində
onun vəkili olmuşdur. Sürəyya
Ağaoğlu Türkiyənin siyasi həyatında fəal
iştirak etmiş, Yeni Türkiyə Partiyasının
qurucularından olmuş, partiyanın İstanbul təşkilatına
rəhbərlik etmişdir. O, Türkiyənin
sosial-ictimai həyatında bir çox ilklərə imza
atmışdır: Türkiyə Hüquqçu Qadınlar Dərnəyinin,
Universitetli Qadınlar Dərnəyinin, Azad Fikirləri Yayma Dərnəyinin,
Soroptimistlər İstanbul Klubunun, Türk-Amerikan Universitetlər
Dərnəyinin, Uşaq Dostları Dərnəyinin
qurucularından olmuş, həmin dərnəklərin bir
çoxuna rəhbərlik etmişdir. Sürəyya
Ağaoğlu hüquqa aid fundamental məqalələrin, eləcə
də "Londonda gördüklərim" və "Bir
ömür böyle geçti" memuarlarının müəllifidir.
Tezər
Taşqıran Ağaoğlu - (1907, Şuşa
- 4 may, 1979, İstanbul) Əhməd bəyin ikinci qız
övladıdır. Türkiyədə maarif
xadimi, siyasətçi və yazıçı kimi
tanınır. Türkiyə Böyük
Millət Məclisinə (TBMM) 3 dəfə VII (1941), VIII
(1946), IX (1950) çağırış millət vəkili
seçilmişdir. Yeri gəlmişkən,
o, Qarşı TBMM-də təmsil edən ilk qadın millət
vəkili olmuşdur. İstanbul
Universitetini uğurla bitirdikdən sonra pedaqoji fəaliyyətlə
məşğul olan Tezər xanım, Ankarada və
İstanbulda qız məktəblərinə müdirlik
etmiş, bir müddət Universitetli Qadınlar Dərnəyinin
rəhbəri olmuşdur. O, Türkiyə təhsil
tarixinə oğlan məktəbinin ilk qadın müəllimi
kimi də düşmüşdür. Yüzlərlə
məqalənin, 12 kitabın müəllifidir. Əsərlərindən "Türk
ahlakının ilkeleri" (1934), "Vatandaşın el
kitabı" (1971), "Cümhuriyyətin 50 yılında
Türk qadınının hakları" (1973) xüsusilə
dəyərlidir. Tezər Ağaoğlunun
Türkiyədə xatirəsi əbədiləşdirilmiş
və vaxtilə dərs dediyi məktəblərdən birinə
onun adı verilmişdir.
Gültəkin Ağaoğlu Türkiyənin
tanınmış pediatrlarından olmuş, ömrünün
sonunadək uşaqların sağlamlığı keşiyində
durmuşdur.
Əhməd bəy Ağaoğlunun 6 övladından
biri Bəşir körpə ikən vəfat etmişdir. Əhməd bəy
Ağaoğlunun böyük oğlu Abdurrahman iti zəkalı,
fiziki baxımdan da çox qüvvətli olmuşdur, Fransada ali mühəndis təhsilinə yiyələnmiş,
iş adamı kimi bir sıra uğurlara imza
atmışdır. Abdurrahman 46 yaşında ikən
qəflətən həyatını dəyişmişdir.
Türkiyənin ictimai-siyasi, ədəbi həyatında
parlaq iz qoymuş Səməd Ağaoğlu Əhməd bəyin
dördüncü övladıdır. O, 3 dəfə
TBMM-yə millət vəkili seçilmişdir. Səməd Ağaoğlu bir sıra bədii,
publisistik, elmi əsərlərin müəllifidir. Onun
"Strassburg Hatıraları", "Zürriyet",
"Öğretmen Gafur", "Büyük Aile",
"Hücredeki Adam", "Katırın
Ölümü", "Babamdan Hatıralar",
"Babamın Arkadaşları", "Aşina
Yüzler", "Arkadaşım Menderes", "Marmara'da
Bir Ada", "Demokrat Parti'nin Doğuş ve
Yıkılış Sebepleri-Bir Soru" kimi əsərləri
geniş oxucu kütləsinin rəğbətini
qazanmışdır.
Haqqında bəhs etdiyimiz kataloqda adıkeçən sənədlər
Azərbaycanın və Türkiyənin tarixində iz
buraxmış Ağaoğluların, o cümlədən nadir
tarixi şəxsiyyətlərimizdən Əhməd bəy
Ağaoğlunun da həyat və fəaliyyətinin daha dərindən,
hərtərəfli araşdırılmasına imkan verir. Yeri gəlmişkən
qeyd edim ki, kataloqda Əhməd bəy Ağaoğluna aid 137 sənədin
adı qeyd olunmuşdur. Onların arasında Atatürkə,
Yusif Akçuraya, Ziya Göyalpa, Əli bəy Hüseynzadəyə,
Fuad Köprülüyə, Yusif Vəzir Çəmənzəminliyə,
Yaqub Qədri Qaraosmanoğluna, generallara, tanınmış
dövlət xadimlərinə, Türkiyənin xarici ölkələrdəki
səfirlərinə yazdığı, yaxud onlardan
aldığı müxtəlif məzmunlu məktublar, bir
sıra əsərlərinin əlyazmaları, qəzet-jurnal məqalələri,
müxtəlif simpozium, konfranslarla bağlı dəvətnamələr,
fərdi, ailə üzvləri, Türkiyənin dövlət
xadimləri ilə birlikdə çəkdirdiyi fotoları, həmçinin
Azərbaycanla, Qarabağla bağlı materiallar, Əhməd
bəyin Şuşadakı evinin şəkli, Bakıdan,
Romadan, Parisdən, Sankt-Peterburqdan... ona ünvanlanan teleqramlar
böyük maraq doğurur. Sürəyya Ağaoğlunun
atasına, bacıları Tezərə, Gültəkinə,
qardaşları Abdurrahmana, Səmədə, bibisi Humaya yazdığı,
eləcə də onlardan aldığı, ailənin digər
üzvlərinin bir-birinə ünvanladığı məktublar
bu ünlü ailənin keçdiyi yolu, onların arzu, istəklərini,
üzləşdikləri problemləri, həmçinin
yaşadıqları mühitin mənzərəsini,
ictimai-siyasi, ədəbi-mədəni həyatı öyrənmək
və dəyərləndirmək nöqteyi-nəzərindən
mühüm əhəmiyyət kəsb edir. Kataloqu
nəşrə hazırlayanların Ağaoğluların XIX əsrdən
günümüzədək olan dövrü əhatə edən
şəcərəsini tərtib etməsi təqdirəlayiqdir
və Türkiyədə geniş yayılmış bu soyadla
bağlı bir çox suallar da cavabını tapacaqdır.
Söz yeni nəsil tədqiqatçılarınındır.
İstanbuldakı Qadın Əsərləri Kitabxanasında
Ağaoğlulara aid minlərlə yeni sənəd onları
gözləyir...
Abid Tahirli
Ədəbiyyat qəzeti.- 2019.- 5
oktyabr. S. 10-11.