Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olundu

 

Oktyabrın 2-də Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyasında Azərbaycan ictimai fikrinin görkəmli nümayəndələrindən biri, tanınmış publisist və tənqidçi, hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun (1869-1939) anadan olmasının 150 illiyinə həsr edilmiş tədbir keçirildi.

Tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, yerli və xarici alimlər, eləcə də Əhməd bəy Ağaoğlunun Türkiyədə yaşayan nəvəsi və nəticələri iştirak edirdi.

Qonaqlar əvvəlcə filarmoniyanın foyesində mərhum alimin həyat və fəaliyyətini əks etdirən foto və kitab sərgisi ilə tanış oldular.

Daha sonra Əhməd bəy ömür yoluna işıq salan “Millət fədaisi” adlı sənədli film nümayiş etdirildi. 30 dəqiqəlik ekran əsərində böyük şəxsiyyətin keşməkeşli və qürur dolu həyat və fəaliyyətindən geniş bəhs olunur.

Yubiley gecəsində çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Əhməd bəy Ağaoğlu ilə bağlı fikirlərini bölüşdü. Vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ə.Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama uyğun olaraq müxtəlif elm, mədəniyyət ocaqlarında yubiley tədbirləri keçirilir.

Akademik bildirdi ki, Əhməd bəy daim milli mübarizə hərəkatının önündə olub. Onun bütün yazılarında, ideologiyasında sülh, əmin-amanlıq məfhumları xüsusi yer tuturdu. O, əsərlərində insan azadlığını, qanunun aliliyini vacib sayırdı. Əhməd bəyə qarşı aparılan kampaniyalar onun əzmini qıra bilmədi. Ömrü boyu xalqımız üçün yazdı, yaratdı.

Azərbaycanın Macarıstandakı səfiri, Ə.Ağaoğlu irsinin tədqiqatçısı, professor Vilayət Quliyev böyük mütəfəkkirin həyat və fəaliyyətindən, apardığı milli mücadilənin müxtəlif istiqamətlərindən, onun bir alim, hüquqşünas, millət fədaisi olmasından geniş danışdı. Qeyd etdi ki, Ə.Ağaoğlu milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınıb.

Diplomat həmçinin Əhməd bəyin yaradıcılığına və fəaliyyətinə yüksək qiymət vermiş tanınmış alimlərin fikirlərindən sitatlar gətirdi.

Ə.Ağaoğlunun adını daşıyan nəticəsi çıxış edərək Bakıda olmasından, bu tədbirdə iştirak etməsindən qürur duyduğunu bildirdi. Dedi ki, onda babasına dair arxiv var: “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi bizdə yeni fikir yaratdı. Bakıda Əhməd bəyin muzeyini yaratmağı düşünürük. Muzey yarandıqdan sonra arxivi Bakıya gətirib muzeyə bağışlayacağam”.

Sonra tədbir bədii hissə ilə davam etdi.

Qeyd edək ki, 1869-cu ildə Şuşada dünyaya göz açan Ə.Ağaoğlu Fransada təhsil alıb. 1896-cı ildə Şuşada ilk kitabxana, qiraətxana açıb. 1897-ci ildə H.Z.Tağıyevin dəvəti ilə Bakıya gəlib, “Kaspi ” qəzetində məqalələr yazıb. O, həmçinin Əli bəy Hüseynzadə ilə birlikdə “Həyat” qəzetini təsis edibredaktoru olub. Əhməd bəy 1905-ci ildə çar hökumətinə və daşnak ermənilərə qarşı mübarizə aparmaq üçün gizlinDifai” (müdafiə) təşkilatını qurub. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzv olan ictimai xadim Cümhuriyyətin Paris Sülh Konfransında iştirak etmək üçün göndərdiyi nümayəndə heyətinin tərkibində yer alıb. Cümhuriyyətin süqutundan digər soydaşlarımız kimi bir daha vətən qayıda bilməyib.

Ə.Ağaoğlu ikinciüçüncü çağırış Türkiyə Böyük Millət Məclisinə deputat seçildikdən sonra Mustafa Kamal Atatürkün xarici məsələlər üzrə siyasi məsləhətçisi olub. 19 may 1939-cu ildə İstanbulda vəfat edib Feriköy məzarlığında dəfn edilib.

Azərbaycan Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli qərarı ilə Əhməd bəy Ağayev Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Əhməd bəy Ağaoğlunun ictimai problemləri mənəvi-əxlaqi aspektdə işıqlandıran, cəmiyyəti tərəqqiyə doğru yönəlməyə və qabaqcıl dünya mədəniyyətindən bəhrələnməklə yeniləşməyə çağıran geniş mövzu dairəsinə malik dərin məzmunlu əsərləri Azərbaycan maarifçiliyinə mühüm töhfədir.

 

Ədəbiyyat qəzeti.- 2019.- 5 oktyabr. S. 11.