Ustad
publisistikası
Vidadi
Babanlının yaradıcılığı biri digərindən
ayrılmaz olan ən azı üç mühüm
xüsusiyyətinə görə böyük ədəbiyyatın
tələbləri səviyyəsindədir ki, onlardan birincisi
həyat həqiqətinə sədaqətdir. Əlbəttə,
sədaqət müxtəlif cür ola bilər... Vidadi
Babanlının həyat həqiqətinə sədaqəti, hər
şeydən əvvəl, öz analitizmi, hadisələrin
mahiyyətinə dərindən varmaq istedadı, mürəkkəb
ictimai münasibətlər spektrini zədələmədən
təhlil (və təqdim) etmək məharəti kimi təzahür
edir. Və onun ədəbi təcrübəsində həqiqət
heç zaman uydurulmur, sxematik təfəkkürün
gücünə qurulmur, gəlişigözəl metaforalarla bəzədilmir,
əgər təbiri caizsə, bütün səciyyəvi tərəflərilə
(və kifayət qədər təbii nəzər nöqtəsindən)
məhz kəşf edilir.
Vidadi
Babanlı yaradıcılığının ikinci
mühüm xüsusiyyəti özünü heç bir
yüngül, amorf liberalizmə güzəştə getməyən
sərt humanizmində göstərir. Bu elə humanizmdir ki,
yazıçı təxəyyülünün hansısa ənginliklərindən
deyil, həyat gerçəklərindən doğulduğuna
görə olduqca canlı, anlaşılan və
inandırıcıdır. Şübhə yoxdur ki, bu,
xarakteri etibarilə həyati olduğu qədər də milli
tarixi əsaslara malik, mükəmməl (epik!) humanizmdir.
Vidadi
Babanlı yaradıcılığının
üçüncü mühüm xüsusiyyəti onun
dolğun, ritmik (və ağayana!) təhkiyəsindən gəlir.
Əlbəttə,
oxucular böyük qələm ustasını ilk növbədə
nasir, romanlar müəllifi kimi tanıyırlar. Və
dünyanın çoxlu dillərinə tərcümə
olunub dəfələrlə nəşr edilmiş "Vicdan
susanda" təkcə Azərbaycan ədəbiyyatının
yox, dünya ədəbi-bədii təfəkkürünün
hadisəsi sayıla bilər. Lakin nasirin poeziyada, dramaturgiyada
olduğu qədər publisistikada da şəksiz
uğurları barədə söhbət açmaq
üçün hər cür əsas vardır.
Vidadi
Babanlının oxuculara təqdim olunan yeni kitabı
yazıçının müxtəlif illərə, hətta
demək mümkündür ki, tarixin müxtəlif mərhələlərinə
aid düşüncələrini əhatə edir. Həmin
yazılar, bir tərəfdən, yarandığı
dövrün sosial, siyasi, mənəvi mənzərəsini,
digər tərəfdən, müəllifin fəal
mövqeyini bütün miqyası (və dərinliyi) ilə əks
etdirmək baxımından əhəmiyyətlidir. Əsas da
odur ki, bu, yazıçı publisistikasıdır. Və
mövzu rəngarəngliyi məhz yazıçı təfəkkürü
mövqeyindən təqdim olunur. Elə yazılara rast gəlirik
ki, qələmə alındığı dövrün
sosial-siyasi problemlərinin müfəssəl təhlilini verir,
elələri var ki, müəllifə doğma olan bədii
yaradıcılıq məsələlərindən bəhs
edir, elələri də var ki, bir növ, xatirə-portret səciyyəlidir.
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevə həsr
olunmuş "Unudulmaz üç görüş"
aşağıdakı sözlərlə başlayır:
"Xatirələr
şirin olur. Ömür dolaylarında yaddaşa hopmuş ibrətli
görüşlər, hadisələr, əhvalatlar müəyyən
zaman kəsiyindən sonra beyində yenidən oyanır.
İnsan o anları xəyalən bir daha yaşayır...".
Üç
görüşdən birincisi "1982-ci ilin qızmar avqust
ayının axırlarına təsadüf edir". Bərdə
rayonunda pambıq yığımı mövsümünün
açılışı ilə bağlı keçiriləcək
müşavirəyə dəvət olunan yazıçı
böyük şəxsiyyətlə bağlı yaddaqalan
müşahidələrini qələmə alır. Və
göstərir ki, "əmək coşqunluğundan məmnun
qalan Heydər Əliyev lap sonda alovlu yekun nitqi söyləyirdi.
Adamları daha əzmlə çalışmağa səsləyir,
bol məhsulu itkisiz və vaxtında yığmaqda uğurlar
arzulayır, yeni-yeni qələbələrə
ruhlandırırdı.
Gəzdiyimiz
bütün kolxozlarda, briqada və manqalarda bu hal eynən təkrarlanırdı.
Amma çox qəribə idi ki, Heydər Əliyev heç
yerdə özünü təkrarlamırdı. Bir dəfə
dediyini dönüb bir də demirdi. Onun tükənməz
söz ehtiyatına, səlis natiqlik qabiliyyətinə heyran
qalmaya bilmirdin".
Vidadi
Babanlının bu sözləri nə qədər
istedadlı olsa da, yalnız bir yazıçının deyil,
həm də peşəkar bir dilçinin müşahidəsinin
məhsuludur. Əks halda, hər cür "bitmiş bir
fikrin" kağızdan oxunduğu bir dövrdə Heydər
Əliyevin geniş xalq kütlələri ilə sovet
formalizminin (və hər şeyin bitdiyi barədəki sovet
"mif"inin) fövqünə yüksələn bu
demokratizmini bu həssaslıqla ifadə etmək mümkün
deyil.
İkinci
görüş üç il sonra - 1985-ci ildə Moskvada,
Kremlin Qurultaylar Sarayında, üçüncüsü
çox sonralar - 1997-ci ildə Bakıda
yazıçının yetmiş illiyi keçirilən
günlərdə baş tutur... Bu dəfə telefonla...
Heydər
Əliyevin İsmayıl Şıxlının dəfninə
gəlişini Vidadi Babanlı, yəqin ki, heç bir
kinolentinin təqdim edə bilməyəcəyi bir emosional dəqiqliklə
tarixə yazır:
"Vida
iclası təyin olunmuş vaxtdan çox gec başladı.
Hamı Heydər Əliyevin gəlişinə müntəzir
idi. Göstəriş vermişdi ki, mərasim onsuz
başlamasın... Aeroportdan saat beş radələrində
qayıtdı. Son dərəcə üzgün olsa da, fəxri
qarovulda dayandı. Hərarətli çıxış etdi.
İsmayıl Şıxlının ruhuna özünün
hörmətini büruzə verdi.
...Onun
hər hərəkəti, hər davranışı həyat
dərsidir...".
Vidadi
Babanlının keçən əsrin 80-ci illərinin sonu,
90-cı illərinin əvvəllərində yazıb
çap etdirdiyi "Mənim xalqım", "İç
yanğısı", "Ziyalı miqyası",
"Ruhları incitməyin", "Eloğlularıma
tövsiyəm" və s. məqalələri dövrün
ictimai-siyasi ovqatını bütün emosionallığı,
polemik məqamları ilə birlikdə ümumən obyektiv əks
etdirir. Məsələn, 1992-ci ilin dekabrına aid "Cəmiyyət
yetimləşir" məqaləsində deyilir:
"...Ziyalıların,
xüsusən də yaradıcı ziyalıların onsuz da pis
güzəranı indi lap pisləşmişdir. Onların bir
paraları artıq dilənçilik həddindədirlər,
heç yerdən zəhmət haqqı almırlar... Mən bu
acınacaqlı hal barədə dəfələrlə
yazmışam. Mətbuat vasitəsilə iqtidarda olan bəyləri
dözülməz dolanışığımızdan hali etməyə
çalışmışam... Min təəssüf ki, hələ
də nə harayımızı eşidən, nə də dərdimizə
çarə qılan var. Görəsən, köhnə
bürokratlarla hazırkı demokratların fərqi nədə
imiş?".
Vətənpərvər
yazıçı Vətənin dar günlərində qazanc,
gün-güzəran dalınca xarici ölkələrə
"köçən", vəziyyətin "düzəlməsi"ni
gözləyən, yaxud Vətəndə qalıb ucuz
şan-şöhrət üçün hər cür yolu
özünə rəva görən, "cüvəllağı
ziyalılar"dan da bəhs etməyi unutmur... İstər
konkret faktlara münasibətdə, istərsə də kifayət
qədər zəngin həyat (və yaradıcılıq) təcrübəsindən
irəli gələn ümumiləşdirmələrində
onun "haram-halal" tərəzi-mizanı həmişə
düz çəkir. Yazıçı, bir tərəfdən,
düşmən əlinə keçmiş ərazilərimizin
xaraba qoyulduğundan hiddətlənirsə, digər tərəfdən,
öz əlimizin də dinc durmadığından gileylənir:
"...Ətraf
mühitə biganəlik, sərvətlərimizə sahibsizlik
böyük bəladır. Bu bəlanın sonu fəlakətdir.
"Qarayazı meşəsi"nə qəddar münasibət
həmin sahibsizliyin bir təzahürüdür. Meşə
qabaqkı hüsnünü, gözəlliyini itirməklə
bərabər, sərin bulaqları, axar suları da
qurumuşdur".
Vidadi
Babanlı publisistikası Vətənin həm maddi, həm də
mənəvi nemətlərinə istehlakçı,
dağıdıcı münasibət göstərənlərə
qarşı çıxır. Və bu, Vətənin vətəndaşlardan
ümid gözlədiyi dar gününə təsadüf edəndə
yazıçı, sadəcə, qarşı çıxmaqla
kifayətlənməyib belə hallara (və insanlara)
müharibə elan etməkdən çəkinmir:
"Hamı,
uşaqlı-böyüklü alğı-satqıya
qurşanıb. Hərə özünə bir kiçik
müəssisə yaradıb, dükan açıb. Bir
paraları da küçədə, tində stol qoyub
üstünü xırdavatla, spirtli içkilərlə,
xarici siqaretlərlə doldurub soyuqda, şaxtada gözlərini
döyə-döyə müştəri gözləyir.
...Sizli-bizli
papağımızı qabağımıza qoyub fikirləşməliyik.
Həyəcan təbili çalmalıyıq. Meşələrimizi
də, gəncliyimizi də göz bəbəyi kimi
qorumalıyıq. Biri mühitimizin gözəllik və
sağlamlıq mənbəyidir, digəri millətimizin
sabahı, əbədi mövcudluq zəmanətidir".
Vidadi
Babanlının xalq şairləri Osman Sarıvəlli,
Hüseyn Arif, xalq yazıçısı İsmayıl
Şıxlı, görkəmli jurnalist Nəsir İmanquliyev
haqqındakı portret yazıları müəllif
müşahidələrinin nə qədər dərinliyi, dəqiqliyi
ilə seçilirsə, bir o qədər də
canlılığı, təravəti ilə diqqəti
çəkir. Məsələn, "İyirmi dörd il
ötdü" məqaləsində deyilir:
"İsmayıl
Şıxlı bizim yüksək mənəviyyatlı,
böyük daxili aləmi olan nadir ziyalılarımızdan
idi. Təkrarolunmaz şəxsiyyət idi. Artıq iyirmi
dörd ildir, o, aramızda yoxdur. Vacib iclas və
yığıncaqlardan, mühüm toplantılardan həqiqi
kişilərə məxsus səsi gəlmir...
...İsmayılda
irsi, əsil-nəsildən gəlmə bəyzadəlik var
idi. Gözü, nəfsi tox idi. Əksər həmyaşıdları
- qələm yoldaşları kimi hər addımdan istər
maddi, istərsə də mənəvi gəlir ummurdu"...
Və
bu sətirlərin müəllifinin ümumən Azərbaycan
ziyalılığı haqqında danışarkən
İsmayıl Şıxlını örnək alması
tamamilə təbiidir. Bununla belə, o da təbiidir ki, Vidadi
Babanlının publisistikasında onun öz şəxsiyyəti
də nəinki pərdə arxasında qalır, əksinə,
bütün məğrurluğu ilə önə
çıxıb mövqeyini, hadisələrə münasibətini
təfsilatlı bir cəsarətlə təqdim edir...
"Düzlüyün çətin yolu", "Etiraf cəsarəti",
"Tənqidçilərə sözüm",
"Özüm barədə son açıqlamalar",
"İnsafı mürgüləmişləri mürvətə
çağırış" və b. məqalələri
bu baxımdan xüsusi maraq doğurur. "Özümlə
müsahibəm"ə gəldikdə isə burada
yazıçı özünü heç bir tənqidçiyə
müyəssər olmayacaq bir miqyasda təhlil edir.
Ümumiyyətlə,
Vidadi Babanlı bütün publisistik yazılarında peşəkar
olduğu qədər səmimi, səmimi olduğu qədər
peşəkardır... Və əsas da odur ki, bu yazılar
yalnız yaxın keçmişin tərcümanı olaraq
qalmır, uzaq gələcək barədə də
düşünməyə sövq edir...
Nizami CƏFƏROV
Ədəbiyyat qəzeti.-
2019.- 5 oktyabr. S. 13.