Seyran
Səxavət: “Dünya Allahın çin olmuş yuxusudur...“
- "Kürsü" layihəsinin qonağı
yazıçı Seyran Səxavətdir
-
Seyran müəllim, sizin nəslin bir çox nümayəndələri
ədəbiyyata gəlmək üçün xeyli zəhmət
çəkməli, aylarla, hətta illərlə çap
olunmaq üçün gözləməli olublar. Amma, nədənsə,
onlar yaşlanandan sonra, sanki yaşadıqları çətinlikləri
unutdular, yaradıcılıq baxımından bugünkü gənclərə
qarşı o qədər də səxavətli
davranmadılar. Sizcə, o dövrün çətinlik
görən gəncləri niyə bugünün ədəbi
oliqarxlarına çevrildilər?
-
Bilirsiniz, bu, hər adamın vicdanı, yanaşması, sözə
olan hörməti ilə bağlı məsələdir. Kim
sözə hörmət edirsə, hansısa təzə ayaq
açan körpə söz adamının əlindən
tutursa, o, sözün əlindən tutur. Bu da yenə deyirəm
ki, vicdan məsələsidir. Kim istəyirsə edir, istəməyəni
məcbur etmək olmaz. Əgər bu mövzudan özümə
keçid eləsəm, deyə bilərəm ki, mən həmişə
gəncliyə kömək etmişəm. Ən böyük
diqqətim də o olub ki, hansısa gənc şairin şeirlərini
oxumuşam, müəllifin özünə zəng vurub təbrik
eləmişəm.
-
Konkret gənclərdən kiminsə şeiri, kitabı
haqqında yazmısınız?
- Bəli,
yazmışam. Arzu Nehrəmlinin, Şəfəq Sahiblinin,
Narıngülün haqqında yazmışam. Şəfəq
Sahibli haqqında "Ədəbiyyat qəzeti"ndə
"Şəkillərdə yanan şamlar heç vaxt
sönmür" başlıqlı böyük bir yazım
çıxıb. Yəni bəyəndiyim müəlliflər
haqqında danışmışam da, yazmışam da.
-
Amma etiraf edək ki, 2000-ci ilin əvvəllərində ədəbiyyata
gələn gənclik publisistikada, jurnalistikada əriyib yoxa
çıxdı, ədəbiyyatdan uzaqlaşdı. Halbuki,
onlar yaxşı nasir ola bilərdilər.
- Mən
o siz dediyiniz gəncliyi neçə illərdi izləyirəm,
radioda şeirlərinə də qulaq asmışam. Aqşinin
(Aqşin Yenisey - S.Ə.), başqa adını unutduğum bir
şairənin şeirlərinə radioda qulaq asandan sonra zəng
vurub redaksiyaya təşəkkür etmişəm. Onların
heç birini üzdən tanımadığım
üçün zəng vuranda onları görmək istəyimi,
tanış olmaq arzumu da bildirmişəm. Deyiblər ki,
Aqşin əsgərlikdədir. Amma ümumi götürəndə
indi bir az biganəlik çoxalıb, hərə öz
başını birtəhər saxlayır. Bax, indi sən gələndə
mən "Ədalət" qəzetində Aqil Abbasın
hekayəsini oxuyurdum. Başlanğıcı çox möhtəşəm
idi, axırı bilmirəm necə olacaq. Yəni mən
oxuyuram! Yazıçılar Birliyində gündə mənə
iki, üç nəfər kitab bağışlayır, bu da
bir aya hardasa yüz kitab edir. Yaxşılarını oxuyuram.
-
Sovet dövrü ədəbiyyatla məşğul olan insanlar
üçün xeyli şərait yaratmışdı.
İstər təhsil, istərsə də istirahət,
dolanışıq baxımından sizin dövrün
yazıçı və şairləri çətinlik
çəkmirdilər. Bugünkü gənclik
keçmişdəki imtiyazlarınıza bir az qibtə, bir az
da aqressiya ilə yanaşır.
-
SSRİ-nin, Sovet İttifaqının yazıçılara
xüsusi bir münasibəti vardı. Çünki
yazıçılar Sovet İttifaqının ideoloji
silahı hesab olunurdu, onun ideologiyasına xidmət edirdi. Bizim
dövrdə yazıçılar üçün maksimum
şərait yaradılmışdı. Bütün SSRİ-də
yazıçıların öz pulu ilə tikilmiş
yaradıcılıq evləri vardı. Ədəbiyyat fondu
deyilən bir təşkilat vardı ki, SSRİ-nin ən
varlı təşkilatlarından biri hesab olunurdu.
Yazıçıların qonorarlarının on faizi həmin
təşkilatın hesabına
köçürülürdü. Sonra da həmin maliyyə
yenə yazıçıların özlərinə, istirahətlərinə
sərf olunurdu. Sizin sualınızda bu baxımdan həqiqət
var. Amma sonra SSRİ dağıldı, quruluş dəyişdi.
-
Quruluş dəyişsə də, məkanlar və onların
adları olduğu kimi qaldı.
- Məkanlar
qalıb. Amma Şüvəlanda yazıçıların
öz pulu ilə tikilmiş yaradıcılıq evində son
günlərə qədər qaçqınlar
yaşayırdı. Məkan həmin məkan olsa da, zaman
başqa zamandır. Siz qeyd etdiyiniz kimi də bugünkü gənclik
keçmişdə bizə verilən imtiyazların günahını
bizdə görür. Mən on ildən çox Moskva ətrafında
Boris Posternakın qəbri olan kəndə, Peredelkinoya bir ay,
ay yarım yaradıcılıqla məşğul olmağa
gedirdim. Dostlarımızla iki, üç gün fərqlə
hər ilin dekabrında həmin kəndə
yığışardıq. Leninqraddan (Sankt-Peterburq) Andrey
Bıtov, Moldovadan Anatol Çokanu, Qazaxıstandan Oralxan
Bakeyev, Dağlıq Altaydan Pasley Samık gəlib bizə
qoşulurdular. Biz birlikdə gəzəndə Rusiyanın
böyük yazıçısı Valentin Katayev bizi
görüb deyirdi: "Vot, dekabristı!". Yəni
bütün bu şəraiti bizim üçün
yaratmışdılar! Misal üçün, mən
oturduğum yerdə ərizə yazırdım ki, Kuril
adalarındakı fəhlələrin həyatından hekayə
yazmaq istəyirəm. Bununla da ora səfər etmək
üçün hər şey hazır olurdu. Yəni
quruluşun özü ədəbiyyat sahəsində
maraqlı idi.
- Seyran
müəllim, o dövrdə istedad meyarı nə dərəcədə
rol oynayırdı?
-
Doxsan faiz istedad rol oynayırdı. Bu yaxınlarda adını
çəkmək istəmədiyim bir nəfər məclislərin
birində mübahisə elədi ki, yazıçı
üçün ən vacib olan zəhmətdir, istedad deyil. Mən
onu başa sala bilmədim ki, əsas olan istedaddır.
Çünki həmin adam özü istedadsızlar zümrəsinə
aid idi. Amma ona dedim ki, bala, mən səni başa sala bilmədim,
amma istedad olmayanda, adam sənin kimi danışır,
çevrilib sən olur. Ona görə də istedad hər
zaman vacib şərtdir. Bizim nəsildə də istedadlı
adamlar az deyildi. Elə bizim ədəbi dərnəyimizə o
vaxtlar Ramiz Rövşən, Səyavuş Sərxanlı,
Sabir Rüstəmxanlı, Tofiq Abdin, Seyran Səxavət, Tofiq
Hüseyn kimi qələm adamları gəlirdilər. Bunlar
hamısı ədəbiyyatda qaldılar.
-
"Qaçhaqaç" romanınızda səmimi etiraflar
həddindən artıq çoxdur. Roman bitəndən sonra və
yaxud da redaktə prosesində nələrisə sildiniz?
- O
romanı yazanda, əgər belə demək
mümkündürsə, mən özümü hamıdan
aşağı tutmuşam. Məndə redaktə adlı
şey olmur. Bir az ləng yazsam da, hər şeyi beynimdə
redaktə edə-edə işləyirəm. Ola bilər ki,
hardasa vergül yaddan çıxır, onu sonradan əlavə
edirəm.
- Yəni
səmimiyyət baxımından özünüzü
sıxmamısınız?
- Qətiyyən
sıxmamışam. Necə var, elə də yazmışam.
"Qaçhaqaç" romanında bir az memuarizm də var.
Ola bilər ki, kimsə öz xatirələrini yazanda Səməd
Vurğunla yanaşı, dayanıb söhbət etdiyini
yazsın, amma sonradan məlum olsun ki, Səməd Vurğun
qurultayda kürsüdə məruzə oxuyanda həmin
yazıçı da zalda olub. Yəni memuar yazan adamlarda özünü
təqdim etmək, birinci göstərmək iddiası olur.
Amma mən öz romanımda bu kimi nüansları
darmadağın etdim. Adam kişi olar seriyasından nə var,
onu da yazdım.
- Həyatda
bizim tanıdığımız bir çox ütülü,
rəsmi adamları siz xarakter etibarilə əsərinizdə
başqa rakursdan təqdim etmisiniz. Misal üçün, Nəbi
Xəzrini sizin romanınızda başqa tərəflərdən
görə bildik.
- Hə.
Rəhmətlik Nəbi Xəzri haqqında yazmışam.
Ümumilikdə bir az assosiativ fikirləşsək, ev əşyalarının
içərisində mənim sevmədiyim əşya
ütüdür. Evdə başqa əşyalar xarab olanda onu
dərhal düzəldirəm. Amma ütü aylarla xarab vəziyyətdə
qala bilər. Yəni mən özüm də
ütülük adam deyiləm. Onsuz da həyat özü
bizim üzərimizdən necə lazımdır öz
ütüsünü çəkir.
-
Sizin həm kənd, həm də şəhər həyatından,
mühitindən bəhs edən əsərləriniz var. Kənd
və şəhər nəsri haqda son dövrlər
formalaşmış fikirlərə münasibətiniz
maraqlıdır.
-
Onlar hamısı boş söhbətlərdi. Amma bir halda ki,
sual verirsən onda belə cavab verə bilərəm ki,
yazıçının obyekti həyatdır. Həyatda kənd
də var, şəhər də. Kimin gücü
çatır şəhərdən yazır, kimi də kənddən.
Kimin gücü çatmır ancaq şəhərdən və
ya elə kənddən yazır. Mənim bir sözüm var,
bunu çox yerdə demişəm, elə indi də deyirəm.
Kobud desək, istənilən kəndçi hardasa bir, iki nəsildən
sonra şəhərli ola bilər. Amma istənilən şəhərli
heç vaxt kəndçi ola bilməz. Bu, sən dediyin kənd
və şəhər nəsrində də özünü
çox qabarıq göstərir.
-
Ümumiyyətlə, kənddən olmaq yazıçı
üçün nə qədər əhəmiyyətlidir?
- Mənim
üçün kəndçi olmaq başqa bir aləmdir. Həmşə
deyirəm ki, Allah mənim düşmənimi də şəhərli
eləməsin. Mən şəhərli olsam, bataram. Heyif deyil
insanın əvvəli, mayası kənddən ola, sonra gəlib
şəhərdə yavaş-yavaş, ürkək-ürkək
formalaşıb şaxələnə. Dünyanın ilkin
yaşayış maketi də axı kənddir. Şəhər
bic yerdi. Kənd, torpaq işi isə ağır məsələdir.
Torpaq işindən qaçan gəlir şəhərə. Hətta
zarafatyana öz aramızda deyə bilərəm, məndə
belə bir fikir də var ki, poeziya hardasa şəhər
uşağı, nəsr isə kənd
uşağıdır. Bütün hallarda kənd və ya
şəhər ədəbiyyatında yarımçıqlıq
çox pis şeydir. Elə adam var ki, fikirləşir şəhərə
gələn kimi ədəbiyyata da gələcək. Amma
Bakıya gəlmək ədəbiyyata gəlmək demək
deyil. Ədəbiyyata gəlmək ayrı şeydir.
-
Müsahibələrinizdən birində demişdiniz ki,
Qarabağdan yazmayaq. Özünüz də qarabağlısınız,
sonuncu şahidlərdən biri hesab olunursunuz. Siz də
yazmırsınız, başqalarına da yazmayın deyirsiniz,
bəs nəticə necə olsun?
- Mən,
təbii ki, yazıçı kimi, elə bir qəhrəman
yaradaram ki, erməniləri qıra-qıra düz Ermənistana
qədər gedib çıxa bilər. Amma mənə
kağız üzərində alınan Qarabağ yox, həqiqətdə
görəcəyim Qarabağ, üzümü sürtə biləcəyim
torpaq, real Qarabağ lazımdır.
- Bəs
yazıçı missiyası?
-
"Bilsin, ana torpaq, eşitsin vətən.
Müsəlləh
əsgərəm mən də bu gündən".
O
dövrlər daha keçib-getdi. Küll halında milli
konsepsiya olmalıdır. Və dediklərimizin hamısı da
ordan doğmalıdı.
-
Aqil Abbas "Dolu" romanını yazdı. Bəs sizin ürəyiniz
istəmir Qarabağdan yazmaq?
-
Aqil yazandan sonra Qarabağı aldıq? Yəni artıq otuz ilə
yaxınlaşır ki, Qarabağ işğal
altındadır. İndi yazı vaxtı deyil. Real hərəkətə
keçmək lazımdır. Döyüş başlasa, mən
də gedərəm. Lap gedib kartof soyaram. Mən də Qarabağdan
yazmayaq deyəndə bu fikirləri nəzərdə tutub
demişəm. Görünür, düzgün başa
düşməyiblər.
-
"Qaçhaqaç" romanınızda da oxucuya bir sual
ünvanlayırsınız. "Qarabağdan bizə nə
qaldı?". Mən də istəyirəm bu sualı sizə
verəm: Qarabağdan bizə nə qaldı?
- Bəzi
yazıçılar, şairlər deyirlər ki,
Qarabağı hər gün yuxuda görürük. Mənim ən
böyük cəzalarımdan biri budur ki, mən bu otuz ildə
bir dəfə də olsun oraları yuxumda görməmişəm.
Elə bil ki, mənə cəza veriblər. Baxmayaraq ki, tez-tez
doğulduğum kəndin yaxınlığına, erməni
icazə verən yerə qədər gedirəm. Öz kəndimizə
baxıram, boylana-boylana qalıram.
-
Seyran müəllim, söz, qələm adamının
taleyini, özünü qoruması çətindir?
- Bu
mənada mən həm də qorxağam. Yəni bu günə
qədər dişimlə, dırnağımla
qazandığımı itirməkdən qorxuram. Söhbət,
təbii ki, maddi qazancdan yox, mənəvi qazancdan gedir. Məni
küçədə, dəniz qırağında görən
adamlar yaxınlaşıb deyirlər ki, sən kişi adamsan.
Bunu kim necə istəyir, elə də başa
düşsün. Amma həqiqətən də bu sözləri
mənə deyən insanlar var. Bax, o kişi adam imicini itirməkdən
qorxuram.
-
Maraqlı yazı prosesiniz var. Özünüzü hər
şeydən təcrid edirsiniz, hətta yemək və suya da
ehtiyacınız az olur.
- Mən
yazı yazanda sutkada iyirmi, iyirmi dörd saat işləyən
adamam. Əvvəllər çoxlu siqaret çəkirdim, indi
şükürlər olsun ki, tərgitmişəm. Amma
yazı prosesində beş qutu siqaret çəkdiyim günlər
olub. Yazanda bir buxanka çörək, bir kilo kolbasa mənə
on, on beş gün bəs eləyər. Yazı yazanda adam
heç nə yemək istəmir, ancaq işləmək istəyir.
Həmin anda yazmaqdan başqa heç nə arzulamırsan.
-
Yazacağınız mövzuları, yəqin ki, əvvəlcədən
bişirirsiniz?
- Mən
yazmağa başlayanda bilirəm ki, artıq dolmuşam,
yağmalıyam. Adam öz-özü ilə tək qalanda
yavaş-yavaş özünü dilləndirə bilir.
Yazı prosesində ən çətini birinci və
axırıncı cümləni yazmaqdır. Ən qalın
romanlarda da bütün yazılanlar birinci cümlədən
doğulur. Biz həmin döl kompaniyasını görməsək
də, hiss edirik. Şəxsən mən nəsrdə ilk
cümlədən sonra doğulanları hiss edirəm. Mənim
"Nekroloq" romanım belə başlayır:
"Aralıdan baxanda, Yer kürəsi çürük toxuma
oxşayırdı, yaxından baxanda isə
oxşamırdı, eləcə çürük idi". Mən
hesab edirəm ki, "Nekroloq" romanında sonradan nə
yazmışamsa, hamısı həmin cümlədən
yaranıb. Və romanın sonu o yerə çatıb ki, mən
sonra bilmişəm, elə əvvəldən-axıra qədər
həmin sonluğu yazmaq, cümlədəki mahiyyətə
varmaq istəmişəm. Romandakı son cümlə də belədir
ki, "dünya Allahın çin olmuş yuxusudur!"
-
Seyran müəllim, bu baxımdan hərdən sizi mətndə
söz oynadan adam kimi təqdim edirlər.
-
Vay, vay, vay. Allah belə adamlara insaf versin. Kaş elə onlar
da mənim kimi sözlə oynayardılar.
-
"Qaçhaqaç" romanınızda təsirli məqamlar
da çoxdur. Haqqında yazdığınız
dostlarınızın, tanışlarınızın bir
çoxu artıq həyatda yoxdur. Rauf Soltana aid bölüm
xüsusilə çox təsirli alınıb.
Özünüzün təsirləndiyi, kövrəldiyi məqamlar
olub?
- Mən
haqqında yazdığım adamları hər gün
xatırlayıram desəm, doğru olmaz. Amma söhbət
Raufdan gedirsə, onda hamı yadıma düşür. Baş
verən hər şey olduğu kimi yadımdadır. Həmin
xatirələr elə bil yaddaşımın bir
küncündə dincə qoyulub, lazım olanda istifadə
etmişəm. Rauf Soltanla bağlı hissəyə görə
mənə çox zənglər olunub. Bəziləri bunu Azərbaycan
nəsrinin müəyyən dövrünü əhatə edən
nəslin faciəsi də hesab ediblər.
- Gənclərdən
kimləri oxuyursunuz?
- Bu
gün xeyli istedadlı uşaqlar var. Təranə Vahid
adlı yazıçı var. Çox gözəl
yazıçıdır. Hədsiz dərəcədə
gözəl. Mənə çox təəccüblü gəlir
ki, tənqidçilər, ədəbiyyatşünaslar niyə
onun haqqında yazmırlar. Fərqanə, Arzu Nehrəmli, Nuranə
Nur, Həyat Şəmi, Feyziyyə çox
istedadlıdırlar. Feyziyyəni çox istəyirəm. O,
niyəsə sözdən, ədəbiyyatdan
küsmüşdü, bu yaxınlarda onu sözlə
barışdırdım. Mətanət Uluşirvanlı
adlı yazar var. O, şeir də yazır, nəsr də. Amma nəsri
daha gözəl alınır. Onun "İt kəlləsi"
adlı romanını oxudum. Çox gözəl romandı.
-
Dramaturgiya məsələsinə toxunmaq istəmirəm. Mənə
elə gəlir ki, dramaturgiya sahəsi artıq sizin
üçün qapanıb.
- Sən
doğru hiss edirsən. Mənim üçün sözün
səhnədən və ya kitabdan deyilməsinin fərqi
yoxdur. Əsas odur ki, sözümü deyim. Mənim
üçün bir janr var, o da söz janrıdır. Yaza bilən,
söz demək istəyən adamlar üçün mövzu
həmişə olacaq. Bütün bəşəriyyət
yazıçı olsa belə, mövzu heç vaxt tükənməz.
-
Amma bütün sözlərin nə vaxtsa necə və nə
cürsə deyilməsi fikri ilə razısınız?
-
Yox. Qəti şəkildə razılaşmıram. Deyilməmiş
o qədər təzə fikirlər var ki, saymaqla bitməz. Misal
üçün, Qarabağın istedadı boyda abrı olan və
abrı da ona həmişə mane olan bir şairi gör, nə
deyir:
Gözlərim
qızarıb yenə qan kimi,
Deyəsən,
bəxtimin yatan vaxtıdır.
Bu
gün Qarabağın Xuraman kimi,
Özünü
qayadan atan vaxtıdır.
Sözün
möhtəşəmliyini görürsən? Bunu Nizami,
Füzuli deməyib. Amma Əşrəf Veysəlli
Qarabağı Xuramanın taleyi kimi yazıb, çox da
gözəl yazıb.
Seyran
Səxavət
Söhbətləşdi:
Samirə Əşrəf
Ədəbiyyat qəzeti.-
2019.- 5 oktyabr. S. 14.