Payız şeiri

 

Payız gəldi. Gördünmü?

 

Sarı-narıncı yarpaqların rəqsi başladı.

 

Küləklər saçlarımla oynadı,

 

yağışlar yanaqlarımla...

 

Pişiklər büzüşüb yumağa döndü,

 

sərçələr qəhrəman əsgərə...

 

Çətirlər yelpiklərlə vuruşdu,

 

fəsillər arasında dava düşdü...

 

Günəş yaşıllarla vidalaşdı.

 

Yadıma... eh, hələ də yaşıl qalan

 

suallar, nidalar düşdü...

 

Sözlər yarpaqtək töküldü üstümə:

 

sarı, yaşıl, qırmızı...

 

Səsim bir oktava da endi -

 

sakit, səssiz və minor...

 

Payız gəldi. Gördünmü?..

 

 

 

Əmr

 

Güllər, ləçəkləriniz darıxanda elə qəhr olmusuz ki...

 

Günlər, rəngləri axtarıb tapmayanda elə qırılmısız ki...

 

İllər, gülləri, günləri və bütün olub-keçənləri

 

unutmaqdan elə yorulmusuz ki...

 

Didərginlər, qara "Vətən" sözünün qaranlığında

 

elə qaralmısız ki...

 

Səslər, əl-ələ verin not dəftərində!

 

Sözlər, yaxın olun səslərə, rənglərə!

 

Suallar, dəyişin yerinizi nidalarla!

 

Bu, bir əmrdi!

 

 

 

Boz qayıq

 

Səni görürəm, boz qayıq -

 

evdə, küçədə, kitablarımın arasında.

 

Canlı, cansız adamların

 

canlı, cansız sözləri,

 

rəngbərəng adamların

 

rəngbərəng qayıqları içində.

 

Yadıma düşürsən, boz qayıq.

 

Yadıma düşür dünənki,

 

sabahkı günlərim.

 

Elə indi də düşürsən yadıma.

 

Yadıma düşür

 

səni hər gün görə-görə

 

unutmaq istəyim.

 

...Səni görürəm, boz qayıq,

 

səssiz, sözsüz arzularımın

 

qayğısız dənizində...

 

Daha bilmirəm nə arzu edim,

 

bilmirəm nə istəyim,

 

gözlərimi tökəcəm

 

səni görməmək üçün!

 

 

 

Adamlar ölür burda

 

Adamlar ölür burda -

 

gözümün qabağında,

 

əllərimin içində.

 

Çoxu cavan yaşında,

 

çoxu da uzun sürən

 

ağır xəstəlikdən sonra.

 

Örtmək olmur gözlərini,

 

bağlanmır heç cür xırdaca əlləri,

 

qırmızı dilləri,

 

ürəksə çoxdan dayanıb.

 

- Aldanıb cənnət adına

 

özünü öldürən adamlar,

 

indi çətin diriləsiz,

 

torpaq örtər gözünüzü,

 

qulaqlarınızı da bir "rəhmətlik" sözü,

 

bundan sonra nə dirilmək.

 

Bilirəm sən nədən öldün,

 

səni də bilirəm,

 

dostum, səni də,

 

səni də, səni də.

 

Sənsə ölü doğulmuşdun

 

ölü atadan, anadan,

 

heç bir gün də yaşamadın -

 

doğulandan dilindəydi

 

qəbir, kəfən.

 

...Adamlar ölür burda,

 

gözümün qabağında,

 

əllərimin içində.

 

Biri ölü doğulur,

 

biri özünü öldürür,

 

birin öldürür ölülər!

 

Adamlar ölür burda!

 

Əlimdən heç nə gəlmir,

 

əlim cəsədlə doludur...

 

 

 

Nikbin şeir

 

Bir gün bu gün də öləcək,

 

başqa ölən günlər kimi.

 

Ürəyini sıxma belə -

 

bütün doğulanlar ölür.

 

Bir gün öləcək bu gün də,

 

ölüb dünənə dönəcək,

 

ya böyük, şanlı tarixə,

 

ya kiçik bir xatirəyə,

 

nəyə dönəcək nə fərqi?

 

Öldü, qurtaracaq bu gün!

 

Ölüncə yaşayaq barı,

 

gəl tələsməyək nahara.

 

Oturub doyunca baxaq

 

bu şən, kədərli səhərə.

 

Ən gözəl sözləri seçək,

 

ən gözəl gözlərə baxaq.

 

Hərdən də lal, səssiz duraq -

 

Mələklər keçsin aradan.

 

Uzansın bu günün ömrü...

 

nə olsun, bir gün öləcək,

 

biz gəlmişik bu dünyaya

 

"bu gün"ün özün gətirək!

 

 

 

Şuşa

 

Necəsən, qoşa minarə,

 

səni tez-tez şəkillərdə görürəm...

 

Turşsu, "Dom otdıx" dururmu?

 

Bəs Cıdır düzündə, ocaq yerində

 

başımı yaran daş necə?

 

Tikişi hələ də alnımdadı...

 

Xınalı daşlar, xallı kəpənəklər,

 

mavi çiçəklər nə deyir?

 

Yenə yağırmı yağışlar,

 

yenə ağarırmı daşlar?

 

Gülə bilirmi şehli otlar,

 

oxuya bilirmi quşlar?

 

Cavab yazarsan mənə...

 

Hələliksə...

 

soruşan olsa deyərsən:

 

Burdan bir xatirə keçdi,

 

hicran aldı, apardı...

 

Hicran HÜSEYNOVA

Ədəbiyyat qəzeti.- 2019.- 5 oktyabr. S. 15.