Üç
"AX"dan biri
Şairə
Alla Axundovanın 80 illiyinə
Proloq
Onu
axırıncı dəfə altı-yeddi il əvvəl
Moskvada, bir tədbirdə gördüm. İstədim
yaxınlaşıb əlindən öpüm. Amma utandım.
Heç salam da vermədim. Axı şəxsi
tanışlığımız yox idi. Eləcə kənardan
dayanıb baxdım və 70-ci illərin məşhur rus tənqidçisi
Stanislav Lesnovskinin məşhur kəlməsini
xatırladım - "Müasir qadın poeziyamızın əsas
sütunu üç "Ax"dan ibarətdir - Axmatova,
Axmadulina, Axundova...
Məşhur
rus şairələri Anna Axmatova, Bella Axmadulinadan sonra həmyerlimiz
Alla Axundovanın adının gəlməsi, əlbəttə
ki, qürurverici haldır. Lakin həmin tədbir zamanı
özlüyümdə bir detalı kəşf elədim - necə
olub ki, bu vaxtacan fikir verməmişəm, Lesnovskinin dediyi bu
"Ax"ların hər üçü türk
soykökünə bağlıdırlar...
Bəlkə
hər üç şairənin rus poeziyasında özünəməxsus
poetik səsləri ilə seçilməsinin səbəbi də
əski türk xatunlarının ali şəxsiyyətini ləyaqətini,
qürurunu təmsil etmələri olub... Axı hər birinin
həyatına diqqət yetirəndə görürük ki,
ömür boyu çoxsaylı ağır sınaqlardan
keçsələr də, müxtəlif sərt təzyiqlərlə
üzləşsələr də, heç vaxt heç kimin
qarşısında əyilməyiblər, yaltaqlanmayıblar,
tarixin bütün imtahanlarından əsl türk
qadınları kimi alnıaçıq, üzüağ
çıxıblar. Həm Anna Axmatova, həm Bella Axmadulina, həm
də bu ilin oktyabrında 80 illiyi qeyd olunan Alla Axundova...
Poeziyadan
kinoya
Alla
Axundovanın poetik irsi çox zəngindir və Rusiya ədəbi
mühiti tərəfindən kifayət qədər dəyərləndirilib,
31 yaşında SSRİ Yazıçılar
İttifaqının, 32 yaşında isə SSRİ
Kinematoqrafçılar İttifaqının üzvü olub,
SSRİ Dövlət mükafatına layiq görülüb.
Bununla bərabər bütün fəaliyyəti dövrü
Azərbaycan ədəbiyyatının Rusiyada təbliğini
də unutmayıb, çoxsaylı şairlərimizin şeirləri
onun tərcüməsində dərc olunub, ulu "Dədə
Qorqud" dastanını da rus dilinə çevirib...
70-80-ci
illərdə onun poetik topluları, uşaq şeirləri,
ssenarilərinə yazılmış filmlər SSRİ-də
çox böyük maraqla qarşılanırdı... Əlbəttə,
rus oxucuları üçün Alla Axundova ilk olaraq zərif
ruhlu şairə olaraq rus qadın poeziyasının ən ali
təmsilçilərindən biridir. Lakin Azərbaycan mədəniyyət
tarixinə Alla Axundovanın iki böyük töhfəsi olub
ki, bunlar da onun ssenariləri əsasında çəkilmiş
"Şərikli çörək" və "Alma almaya
bənzər" filmləridir...
Onun
ssenarilərinə başqa filmlər çəkilsə də,
məhz bu iki film Azərbaycan xalqının kollektiv təhtəlşüurunun
dərin arxetiplərinə toxunduğuna görə, vaxtilə
xalqımız tərəfindən çox böyük məhəbbətlə
qarşılanıb, bu filmlərdən qopan sitatlar, kadrlar,
epizodlar xalqımızın düşüncəsinə elə
həkk olunub ki, bu günə qədər də həvəslə
baxılır. Bəlkə də, onları mədəniyyət,
kino tariximizdən çıxarsaq, yerində çox
böyük boşluq qalar...
Bəs,
görəsən, niyə məhz bu iki film? Ümumiyyətlə,
bunları iki film hesab eləmək olarmı? Bəlkə elə
bir filmin iki hissəsidi?
İlk
baxışdan hər iki film arasında yerlə-göy qədər
fərq var. Biri Bakının müharibədən sonrakı
ab-havasını, digəri isə 70-ci illərin "xoşbəxt
sovet kəndi"ni əks etdirir. Biri ağ-qara, digəri isə
rəngli çəkilib. Müxtəlif rejissorlar tərəfindən
fərqi üslublarda işlənib, istehsal tarixləri
arasında da 6 il fərq var...
Bəlkə
elə məhz bu altı rəqəmindən yola
çıxaq?
Əksər
dini mifologiyalarda altı rəqəmi iblisin və cəhənnəmin
rəmzidir. Bəli, məhz cəhənnəm...
Alla
Axundovanın adıçəkilən ssenarilərini
yanaşı qoyanda, sanki cəhənnəmdən cənnətə
gedən bir yolu müşahidə edirik. Beləliklə,
müəllif bizimçün öz ruhunun dərin
qatlarındakı cəhənnəmi (uşaqlığının
keçdiyi 40-cı illərin sonunu) və gənclik
dövründə yaşadığı cənnəti
(60-cı illər) göstərir. Lakin bu cəhənnəm də,
cənnət də birmənalı deyil, spesifikdir, məhz Alla
Axundovanın ruhunun dərin qatlarındakı hiss və
duyğuların, fikir və düşüncələrin məhsuludur...
Hər
iki ssenari müəyyən mənada realist üslubda
yazılıb. Lakin məşhur rus alimi Losevin dediyi kimi,
heç kim realist sənətdə simvolları qadağan eləməyib...
Bu baxımdan Alla Axundovanın ortaya qoyduğu materiallar
çoxmənalı simvollarla zəngindir... Həm cəhənnəm,
həm də cənnət simvollarıyla...
İşıqlı
cəhənnəm
Əlbəttə,
fenomenoloji və psixoanalitik yanaşma tərzi müəllifin
hər addımını heç də şüurlu şəkildə
atdığını qəbul etmir. Ola bilər ki, müəllif
özü də təhtəlşüurun təzyiqi
altında elə bir poetik məhsul ortaya qoysun ki, tam mənası
heç özünə də aydın olmasın. Məncə,
adıçəkilən filmlərə də məhz bu
cür yanaşmaq lazımdı. Hansı detalın müəllif
tərəfindən məqsədli şəkildə ortaya
qoyulduğunu, hansı detalın isə təhtəlşüur
səviyyəsində ərsəyə gəldiyini
araşdırmağa ehtiyac yoxdu. Əsas məqsəd fenomenin-
bədii materialın, simvolların arxetiplərin
bağlarını tapmaqdı...
"Şərikli
çörək" filminə sırf sosializm realizmi
prizmasından yanaşanda da, təbii ki, çox dəyərli,
maraqlı materialla üz-üzə gəlmiş oluruq. Ancaq, zənnimcə,
dərin təhtəlşüur qatlarına düşəndə
daha maraqlı mənzərəni müşahidə etmiş
oluruq.
Əlbəttə
ki, bu bir cəhənnəmdi. Müharibə bitsə də, fəsadları
davam edir. Bunlar böyük cəhənnəmin izləridir.
Yetim uşaqlar, əlil əsgərlər, dul qadınlar və
ən əsas da aclar... Aclıq. Çörəksizlik. Daha dəqiq
desək, qıtlıq...
Burda
biz cəhənnəm anlayışını bir uşaq
psixikasına proyeksiyasını görürük. 1939-cu ildə
doğulan Alla Axundova birbaşa müharibə
dövrünü, təbii ki, yaxşı xatırlaya bilməzdi.
Bu səbəbdən də onun yaddaşında müharibənin
birbaşa faciələri - bombardmanlar, sirenalar, yaralı əsgərlər,
Moskvaya dirənən faşist orduları, qara kağızlar,
daimi qorxu, vahimə, xof - bütün bunlar əks
olunmayıb... Lakin uşaq təfəkkürünün
formalaşdığı 40-cı illərin ikinci yarısı
artıq vəziyyət başqa cür idi. Qara duman çəkilsə
də, yuxarıda qeyd etdiyimiz kimi, təsiri, izi
qalmışdı. Və Alla Axundovanın uşaqlıq
qorxularıyla və travmalarıyla dolu cəhənnəmi məhz
bu izlərin üzərində qurulub...
Bəs
niyə məhz "uşaq cəhənnəmi" obrazını
önə çəkmişik? Birinci ona görə ki,
mifologiya ilə məşğul olan bir çox dünya alimləri
maraqlı bir məsələyə toxunurlar. Qeyd olunur ki, cənnətdə
yaşayan və sonradan cənnətini itirib yerə
sürgün olunan Adəm obrazı insanın sonrakı
minilliklərdəki təhtəlşüurunu müəyyən
edir. Hər kəsin öz içində
daşıdığı qorxu və vahimələrin cəhənnəmi
və ümidlərin, xəyalların cənnəti var.
Əsasən uşaqlıq dövrü Adəmin cənnətdəki
xoşbəxt həyatıyla, sonrakı böyümə və
acı həyata atılma dövrü isə Adəmin göydən
- cənnətdən qaranlıq yerə sürgün
olunması kimi qiymətləndirir.
Hətta bir çox Avropa şairlərinin şeirlərində
də oxşar fikirlərə rast gəlirik - "mən bu həyata
sürgün olundum" fikri bir çox modernist şairlərin
yaradıcılığından qırmızı xətlə
keçir.
Aclıq
qorxusu
Avropa
mifoloqlarının bu fikirlərinə bir əlavəni də
etmək istərdim. Bəzən cənnət - xoşbəxt
uşaqlıq dövrü hansısa qlobal faciələrlə
üst-üstə düşəndə biz insan psixikasında
qəribə bir transformasiya müşahidə edirik - bu cənnət
öz əlvanlığını itirərək vaxtından əvvəl
cəhənnəmə çevrilməyə başlayır.
Lakin məhz bu cəhənnəm böyüklərin cəhənnəmindən
fərqli olaraq məhz uşaq hissiyyatının məhsuludur.
Uşaqlıq fobiyalarının, qorxularının,
travmalarının cənnət işığı ilə
bir-birinə sarmaşdığı bir cəhənnəmdir...
Məhz
bu filmdə öz cənnətini yaşamalı olan
uşaqların içindəki gizli cəhənnəmin əsas
fobiyası təqdim olunur - əlbəttə ki, uşaq
üçün böyüklərin həyatını
alt-üst edib cəhənnəmə çevirən faktorlar hələ
mövcud deyil. Hələ ki hər şey yalnız instinkt həddindədi.
Bütün fobiyaların başında yalnız bir şey
dayanır - ACLIQ qorxusu...
Məhz
Alla Axundovanın bədii təxəyyülü nəticəsində
bu dəhşətli fobiyanın açarı tapılır -
kartoçkalar (çörək talonları).
Öz
cənnətini yaşayan, hətta ətrafındakı
müharibə izlərini belə uşaq pozitivliyilə
qarşılayan baş qəhrəman birdən-birə bu
kartoçkalarını itirməklə birbaşa cəhənnəmə
düşmüş olur. Aclıq qorxusu bütün hiss və
duyğuları kənara itələməklə ön plana
çıxmış olur...
Ssenari
yazılanda 30 yaşın ərəfəsində olan Alla
Axundovanın, məncə, məhz bu məqamda
özünün uşaqlıq cəhənnəminə diqqət
etmək lazımdı. Filmdə təqdim olunan ilərdə
Alla Axundova da məhz ordakı uşaqlarla eyni yaşdaydı və
çox güman ki, baş qəhrəmanın
yanındakı qızcığaz obrazında da elə
özünü görürdü, öz hiss
duyğularını, öz təhtəlşüur vahimələrini
və qorxularını yazırdı... Məkanın fərqi
yoxdu, istər Rusiya olsun, istər Orta Asiya, istər Qafqaz... həmin
illərdə bütün SSRİ uşaqlarının
yalnız bir vahiməsi vardı - ACLIQ qorxusu...
Filmin
əvvəlində balaca oğlanla qızın çörək
növbəsindəki söhbətləri də bunu bizə
xatırladır. Bütün ümidlər, arzular xəyallar
yalnız çörəklə bağlıdır - kaş
çörəyin üstündə əlavə tikəsi
olaydı, kaş bir normanı tək yeyəydim, kaş
hamımıza bütöv bir çörək verərdilər...
hətta uşaq təfəkküründə öz iradəsinin
möhkəmliyi ilə lovğalanmaq cəhdi də
çörəklə bağlıdır - mən dünən
çörəyin üstündəki tikəni yemədim, evə
qədər özümü saxlaya bildim...
Bu
mövzuda müəllifin bir şeirini orijinalda təqdim etmək,
məncə, yerinə düşər.
Не по
зубам сухарик,
А в
чай не обмакну.
Метафорой
кухарок
Себя
не попрекну.
Какой
уж там сухарик,
Мне
жизнь не по зубам.
Не
разгрызу подарок
И
размочить не дам.
Характер
свой, железку,
И
гну, да не согну.
Отдерну
занавеску
И
голубя спугну.
А
голубь что ж, он голубь,
Не
сеет и не жнет.
А
голод что ж, он голод,
Он
хоть кого прижмет.
Поклюй-ка,
мой сударик, -
Скажу,
смахну слезу…
Не по
зубам сухарик,
А
все-таки грызу.
Qır
qazanı
Filmdəki
cəhənnəm motivlərinin ən açıq simvolu, təbii
ki, Məhəmməd obrazıdır.
Cəhənnəmdən
danışarkən ilk olaraq yada düşən nədi?
Əbədi alov, isti, qır qazanı, iblis, qara-qura əcinnələr
- cəhənnəmin ocaqçıları...
Bəli,
oxucularımız, yəqin, başa düşdü ki,
söhbət unudulmaz Fazil Salayevin oynadığı
qırçı Məhəmməd obrazından gedir...
Sırf
realizm baxımından baş qəhrəmanın
dostlaşdığı obrazın hansı işlə məşğul
olması şərtidir. Məqsəd sadəcə
uşağın zəhmətə alışmasını
göstərməkdir. Lakin məhz bu məqamda Alla Axundova qara
qır qazanı ətrafında dolaşan, alovdan
göz-başı qaralmış qırçı
obrazını yaratmaqla, sanki yenə də bizə təhtəlşüurdakı
cəhənnəmi xatırladır.
(Alla
Axundovanın bu obrazla təhtəlşüur səviyyəsində
nə demək istədiyini çox gözəl hiss edən
rejissor Şamil Mahmudbəyov da məhz qır qazanı, alov
kimi simvolları iri planlarla, gözəl kadrlarla
tamaşaçılara təqdim etməyi bacarıb.
Ümumiyyətlə, film rejissor tapıntılarıyla zəngindir.
Lakin mövzu filmin kinematoqrafik analizi olmadığına
görə bu istiqamətdə çox dərinə getmək
istəmirəm).
Ancaq
diqqət etsək görərik ki, Alla Axundova bu məqamda da,
cəhənnəm obrazlarını uşaq təfəkküründən
keçirib işıqlandırır. İlk baxışdan
qır qazanının yanında, alovun az qala içində
dolaşan İblis arxetipinin təzahürü olan
qırçı Məhəmməd obrazı müəllifin
təqdimatında mənfi yox, müsbət obraz kimi
çıxış edir. Bu İblis bir muğama qulaq asıb
təsirlənəcək, gözləri yaşaracaq dərəcədə
yumşaq və mərhəmətlidir.
Filmdə
cəmisi bir dəfə işlədilən "Cəhənnəm"
sözü də məhz bu epizodda, qırçı Məhəmmədin
dilindən səslənir - Cəhənnəmə ki... Sözə
bax a, cəhənnəmə ki...
Bu
iki kəlmə söz də şübhəsiz ki, ssenaridə
əbəs yerə peyda olmayıb...
Başqa
tərəfdən yanaşanda isə, əsərdə,
ümumiyyətlə, Cəhənnəmin real konkret maddi iblisi
demək olar ki, yoxdur. Hətta ətrafda dolaşan
fırıldaqçılar da karikatura təsiri
bağışlayır. Əsl İblis isə bir dənədir.
ACLIQ.... Bəli, sırf müharibə faciələrilə
bağlı olan əsərlərdəki kimi,
MÜHARİBƏ yox, onun fəsadlarından olan ACLIQ...
Filmdəki
karikaturalar da əbəs yerə peyda olmayıb. Bayaq qeyd
etdiyimiz kimi, uşaq təfəkküründə cənnət-cəhənnəm
motivlərinin bir-birinə qarışması bu əsərdə
yüksək bədii dildə, müəyyən yumor elementləriylə
birlikdə təqdim edilib ki, bu da Alla Axundovanın
istedadının və özünün uşaqlıq
yaddaşını yüksək səviyyədə sənət
müstəvisində gətirə bilmək
bacarığını nümayiş etdirir...
Bir tərəfdə
hamının çöhrəsini solduran aclıq,
qıtlıq - digər tərəfdə, "Baden-Badenin mavi
gecələri"... Bir tərəfdə qıtlıq
içində olan xalqın qanını sovuran
fırıldaqçı möhtəkirlər, - digər tərəfdə,
"Fransız xalqı kef eliyir".
Film
belə paradokslarla, zahiri ziddiyyətlərlə doludur. Daxili gərginlik,
həyəcan və zahiri fərəh, ümid...
Bəli,
uşaq cəhənnəminin böyük cəhənnəmindən
əsas fərqi bundan ibarətdir ki, müəllif bunu
çox gözəl tuta bilib - uşaq cəhənnəmində
əbədi qaranlıq, çıxılmazlıq yoxdu.
Zülmətin hər tərəfində ümid, inam və
işıq parıltıları görünür... əsərdəki yumor elementləri
də buna xidmət edir.
Ümumilikdə,
Alla Axundovanın öz uşaqlıq dünyası ilə
rabitəni möhkəm saxlaması onun
yaradıcılığının böyük hissəsini təşkil
edən uşaq şeirlərində də görünür.
Məhz orda da kədərlə sevinc, ağrı ilə fərəh,
sanki yanaşı addımlayır...
Və
bir də əsərdə zərif qadın psixologiyasından
axan bir çox incəliklər xüsusilə diqqəti
çəkir. Atası müharibədə həlak olan balaca
Vaqifin anası da filmin yalnız əvvəlində
görünür, sonra bir neçə günlük iş
növbəsinə gedir və bütün film boyu biz baş qəhrəmanın
anasını görmürük. Lakin bütün Bakı əhalisi
onunçün ana qayğısını əvəz etməyə
çalışır - bütün şəhər,
bütün insanlar, sanki birləşərək balaca Vaqif
üçün abstrakt bir anaya çevrilir. Bəli,
qadınların içindəki analıq instinktinin
doğurduğu ən böyük arzu - bütün
insanların ürəyində əsl "ana mərhəməti"nin
təzahür etməsi və beləcə mərhəmətli
dünyanın qurulması...
Yenə
də iki cəhənnəm fərqinə diqqət etməli
oluruq - böyüklər dünyasındakı həqiqi cəhənnəmdən
fərqli olaraq, burda gördüyümüz uşaq cəhənnəmində,
hətta bəzən utopiya elementləri də təzahür
edir. Bütün insanların bir-birinə qarşı mərhəmətli
olduğu, hamının çətin məqamda (şərti
cəhənnəmin içində) bir-birinə arxa-dayaq
olduğu bir utopiya...
Və
filmin finalı da, sanki bu utopiyanın reallığa
çevrilməsinə doğru bir addım atılır - məşum
kartoçkalar tapılır və yanğınsöndürənlər
divara yazılmış "Hər şey cəbhə
üçün" yazısını su
şırnağı ilə yuyurlar...
Deməli,
"cəhənnəm mərhələsi" başa
çatır, bundan sonra hər şey gözəl olacaq, qara
rənglər itəcək və bizim həyatımız ideal
bir "Sovet cənnəti"nə (Kommunizmə) çevriləcək...
Lakin
hansı cənnət? Ümumiyyətlə, Kommunist
ideologiyası çərçivəsində, Sovet cəmiyyətində
hansı cənnətin mövcudluğu mümkün idimi? Və
yaxud cənnət deyərkən, nə nəzərdə
tutulurdu?
Alma
almaya bənzər
Bu
suallara isə Alla Axundova beş-altı il sonra, 1975-ci ildə
çəkilən "Alma almaya bənzər" filminin
ssenarisində cavab axtarır...
Stabil
dövrdə yaşayan yaradıcı insanlarda, adətən,
uşaqlıq və yeniyetməlik dövrüylə
bağlı xatirələr daha çox cənnəti,
sonrakı dövr isə, sanki acı həyatın cəhənnəmi
kimi çıxış edir. Lakin qeyd etdiyimiz kimi, Alla
Axundovanın cənnəti müharibə dövrünə
düşdüyünə görə, sanki həyatın fəsilləri
qarışıb, onun yaradıcılığının ilk
olaraq biz "cəhənnəm"i (hərçənd ki,
bu cəhənnəm də, yuxarıda qeyd etdiyimiz kimi,
sırf qara rənglər üzərində qurulan odlu-alovlu cəhənnəm
deyil), daha sonra isə cənnəti görürük...
Bu cənnət
isə Sovet dövlətində kənd təsərrüfatının
inkişafının xüsusi diqqət altında olduğu
50-ci illərin sonu, 60 illərin əvvəllərinə
(Xruşşov dönəmi) təsadüf edir... Həmin illərdə
Alla Axundova təxminən 20 yaşlarındaydı. Bu yaşda
bir qız hələ yeniyetməlik romantikasından tam
çıxmayıb, lakin bununla bərabər artıq ətrafdakı
reallığı düzgün dərk etməyə
başlayır, onu əhatə edən gözəlliklərin
içində rəzalət, riyakarlıq cizgilərini sezə
bilir... Film çəkiləndə Alla Axundovanın artıq
35 yaşı vardı, ancaq diqqət edəndə
görürük ki, əsərdə təsvir olunan cənnət
artıq gəncliyilə vidalaşmış bir qadın təsəvvüründəki
cənnət deyil, yox, bu, məhz 20 yaşlarında gənc
bir qızın cənnətidir ki, bu da yenə də müəllifin
öz təəssürat və xatirələri üzərində
çox gözəl gəzişə bilməyinin təzahürüdür...
Başqa
sözlə desək, "Şərikli çörək"
9-10 yaşlı Alla Axundovanın cəhənnəmi idisə,
"Alma almaya bənzər" 20 yaşlı Alla
Axundovanın cənnətidir...
Əsərdəki
cənnətin ilk əlaməti, təbii ki, alma simvoludur. Adəmin
almaları...
Hamı
xatırlayır ki, filmin ana xətti toxumsuz alma
yetişdirmiş bir kəndlinin macəralarından bəhs
edir... Bəs görəsən, bu, sadəcə, gözəl
bir poetik tapıntıdır, yoxsa altında hansısa incəlik
var?
Bəlkə
insanları cənnətdən çıxaran almanın
kökünü kəsmək fikri var altda? Almaların
hamısı toxumsuz olarsa, artım təhlükə altına
atılır... Deməli, nəzəri cəhətdən, nə
vaxtsa almanın kökü kəsilə bilər... Deməli,
cənnətdən çıxmağa da bəhanə
qalmayacaq. Başqa sözlə desək, cənnət
dövrü bitməyəcək.. Növbəti bir utopiya?
Əlbəttə,
bunlar subyektiv fikirlərdir, ancaq filmin mifik qatındakı Cənnət
motivlərinin, Adəm-Həvva, İblis obrazlarının
olmağı danılmaz faktdır... Elə kəndin
özünün Cənnətməkan adlandırılması
da buna şarədir... Elə ilk səhnələrdəki
hadisələr bizə cənnəti xatırladan bağda cərəyan
edir... Və ilk gördüyümüz obrazlar bu bağdan alma
dərməyə çalışan balaca uşaqlar...Və
yuxular...
Sovet
cənnəti
Alla
Axundovanın qurduğu cənnət də, təbii ki, Sovet
dövrünün cənnəti idi... Bu cənnətin Adəmi
yetim, sadə, saf sürücü, Həvvası isə yenə
də yetim kolxozçu qızdır... İblis isə, təbii
ki, sovet dövründə ən çox tənqid olunan sosial
təbəqənin - ticarət sahəsinin adamı olan
möhtəkir bazarkom Məmmədəlidir...
Əbəs
deyil ki, "Alma almaya bənzər" filmi haqqında
danışarkən onu film-nağıl kimi xarakterizə edirlər...
Təbii ki, o dövrdə mifoloji təfəkkür, kollektiv təhtəlşüur
arxetipləri kimi faktorları açıq şəkildə təbliğ
eləmək olmurdu, psixoanaliz üzərində qurulan
bütün bu fəlsəfi cərəyanlar o dönəmdə
mürtəce burjua dünyagörüşünün bir hissəsi
kimi təqdim edilirdi...
Lakin
elə "film-nağıl" ifadəsi də, zənnimcə,
bir çox mətləbləri açmaq üçün
kifayət edir... Bu, həqiqətən də
nağıldı, sadəcə sıravi bir məişət
nağılı yox, bəşəriyyətin
çox-çox uzaq keçmişini - hətta ilk
insanların dünyada peyda olmasını XX əsrin Sovet cəmiyyəti
ilə bağlayan unikal bir nağıldı... Sadəcə,
bu nağıl Alla Axundovanın özünün təhtəlşüurundan
süzülüb gələn, onun qadın
psixologiyasının filtrindən keçən və poetik
tapıntılarla bəzədilən bir nağıldı...
Və
əlbəttə ki, bir almanın nağılıdı...
Müəllif əsərdə bu almanı az qala mifi bir
güclə yükləyir. Bu alma iki yetim gəncin arasında
Adəm Həvva sevgisi yaratmağa qadirdir; bu alma uzun illər
oğul həsrətində olan kişini muradına
çatdırmağa qadirdir; bu alma, hətta bir "əzbərçi
şagird"in zahiri yalanını belə, həqiqətə
çevirməyə qadirdir. Çünki bu alma cənnət
almasıdır, ilahi gücə malikdir... Amma unutmayaq ki, bu
alma Sovet kəndində, Sovet kolxozçusu tərəfindən
becərilib...
Zənnimcə,
təhtəlşüur qatlarından gələn bütün
bu mifik motivlər üzərində qurulan ssenarinin çəkilməyə
icazə verilməsinin də səbəbi, sanki bu son
detallardır. Bəli, ideologiyanın fikrincə, SSRİ vətəndaşlarına
sanki bu filmlə mesaj verilir ki, bəli, sizi muradınıza
çatdıra biləcək mifik, möcüzəli
almanın həsrətində ola bilərsiz, lakin nəzərdə
saxlayın ki, belə bir sehrli-tilsimli artefakt da yalnız və
yalnız sovet kəndində, sovet kolxozçusu tərəfindən
becərilə bilər. Budur əsl Sovet nağılı.
Yeganə işıqlı nağıl... Əgər
bütün danışdığımız təhtəlşüur
motivlərinə, mifik elementlərə əsərdə məhz
bu tipli don geyindirilməsəydi, yəqin ki, sovet
dövründə bu ssenarinin çəkilişinə icazə
verilməzdi, "mənası tam aydın olmayan,
qarışıq motivli, qeyri-müəyyən fantastik"
bir ssenari kimi kənara atılardı...
Əsərdəki
təmənnalı "duz-çörək" mövzusu,
yeddi qızdan sonra oğlunun dünyaya gəlməsini gözləyən
kişinin hekayəti, möhtəkir bazarkomun sevgi macərası,
alma qəbul edən idarələrin alim rəhbərləri -
və bu kimi digər obrazlar Alla Axundovanın cənnətinin
ayrılmaz hissələridir...
Telefonçu
qızın diliylə "bizim sehrbaz" adlandırılan
Nadir kişinin öz oğlu ilə mübahisə səhnəsi,
sanki həqiqətən də, mifik təfəkkürdən gələn
epizodu - Tanrı və İblis mübahisəsini
xatırladır.
Sadəcə
fərq ondadır ki, mifologiyadan fərqli olaraq bu dəfə,
İblisin fitnəsinə uyan Adəm cənnətdən qovulmur,
əksinə, İblis ifşa edilərək Tanrı tərəfindən
evdən qovulur.
Başqa
bir maraqlı detal - bir tərəfdə çox gözəl
şəkildə təqdim olunan təriflənən,
hamını muradına çatdıran almanın paralelində,
hansısa bir bazada həyətə az qala zibil kimi
tökülmüş tonlarla almalar ön plana çəkilir.
Bu çürümüş almalar, sanki dünyadakı milyonlarla
insanın yerinə yetməyən arzularını,
muradlarını simvolizə edir... Bu məqamda əsərdəki
milis obrazının yolda ibarəylə dediyi "Alma var, alma
var" ifadəsi yada düşür...
Müəllif
ssenaridə Nadir kişinin üç alimlə söhbətlərində
də maraqlı və mistik məqamlara toxunur. Almanın qurdu
obrazı, təbii ki, insan muradının (məqsədinin,
istəyinin) içindəki dağıdıcı elementlərə
işarə edir. Axı heç də hamının
arzusu-muradı təhlükəsiz, ziyansız deyil, bəzən
kiminsə arzusu-muradı başqa birinin zərərinə olan
məqamlar üzərində qurulur; kiminsə öz arzusuna
çatması, başqa birisinin həyatını məhv
edir. Belə də olur... Ona görə nəyisə şiddətlə
arzulayanda bir az ehtiyatlı olmaq lazımdır. Çünki
almanın (muradın, məqsədin) içindən hər an
qurd (dağıdıcı energetika) çıxma ehtimalı
var...
Əsərdəki
alimlərə Nadir kişi alma cildində, sanki
mif-nağıl təqdim edir, onlar isə bu obyektə sırf
rasional mənfəət obyekti kimi baxır - biri plan
doldurmağı düşünür, digəri elmi adlar
almağı fikirləşir - başqa sözlə desək,
hamı bu "tumsuz alma"dan nəsə "dartmaq" məqsədi
güdür, onun mistikası (sehri-tilsimi) heç kimə diqqətini
cəlb etmir...
Sonda,
müəllif obrazlardan birinin diliylə az qala yanıqlı fəryad
şəklində səslənən "Bəs alma? Alma
heç kimə lazım deyil?" sədası ilə öz
növbəsində elə bil ki, müasir dövrün
sırf rasional cəmiyyətin insanlarına üz tutaraq fəryad
edir ki, bəs nağıl-mif heç kimə lazım deyil?
Axı nağılsız, mifsiz (cənnət xülyaları)
həyat yoxdur? Mifdən bu qədər uzaqlaşmaq
böyük fəlakətlərə gətirib çıxara
bilər.
Ümumiyyətlə,
hər iki ssenarinin içində o qədər maraqlı incə
məqamlar var ki, hamısına toxunmaq bəlkə də
böyük bir araşdırma qədər yer tutar. Lakin, zənnimcə,
bu kiçik yazıda Alla Axundovanın kino
yaradıcılığındaki iki maraqlı qütbə - cənnət
və cəhənnəm motivlərinə toxuna bildik.
İlqar FƏHMİ
Ədəbiyyat qəzeti.-
2019.- 5 oktyabr. S. 18-19.