Yusif
Nəğməkarın uşaq şeirlərinin "Bal
dadı"
Azərbaycan
uşaq ədəbiyyatının Sovet dövrü
ədəbiyyat tariximizdə uzun bir zamanı əhatə edir.
Təbii ki, yetmiş ildən artıq əsarətində
olduğumuz dövlətin qayda-qanunları,
adət-ənənələri ilə yanaşı,
idealogiyası da soydaşlarımızın
təhtəlşüuruna təsir etmək
məqsədilə aşılanır, bu da
xalqımızın düşüncə tərzinə öz
təsirini göstərirdi. Ədəbiyyat kimi, onun
ayrılmaz tərkib hissəsi olan uşaq
ədəbiyyatında da dövrün inikasını
görmək mümkündür. Belə ki, uşaqlar
üçün yazılan əsərlərin bədii
keyfiyyətinin yüksəldilməsini həyata
keçirmək üçün partiya müəyyən
qərarlar vermişdir. Amma bununla belə, kollektivçilik,
beynəlmiləlçilik kimi anlayışlar uşaqlara
təlqin olunur, o dövr üçün müasir hesab olunan
mövzuların işıqlandırılması vacib hesab
edilirdi.
Bizim
məqalədə Sovet dövründən bəhs etməyimiz
təsadüfi deyildir. Yusif Nəğməkarın Sovet
dövründə yazılmış uşaq şeirlərini
təhlilə cəlb etmişik. Ancaq uşaq
ədəbiyyatının tarixini yazan bir çox
müəlliflərin-Zahid Xəlil və Füzuli
Əsgərlinin müştərək
hazırladığı kitabda, Qara Namazovun, Xanım
Mustafayevanın və bir çoxunun əsərlərində
biz əsasən adları tez-tez çəkilən, hamıya
məlum olan müəlliflərin
yaradıcılığından bəhs edən yazılara
rast gəldik. Həmin dövrə geniş aspektdən,
müasir metodologiyadan yanaşsaq uşaq ədəbiyyatı
nümunələri yazıb-yaradan çox yazarların
adının qeyd olunmadığını görə
bilərik. Belə şairlərdən biri də
ədəbiyyat aləmində Nəğməkar
təxəllüsü ilə tanınan Yusif Mədətovdur.
Yusif
Nəğməkarın 2014-cü ildə çapdan
çıxmış "Qələm səsi"
kitabında "Bal dadı" başlığı
altında toplanan şeirlər şairin qeydinə
əsasən, 1984-cü ilə qədər qələmə
alınıb.
Yusif
Nəğməkarın uşaqlar üçün
qələmə aldığı şeirlərinin mövzusu
zəngindir: Vətənə və anaya məhəbbət,
ətraf aləmə, təbiət gözəlliklərinə
qarşı həssaslıq, onun hər bir xırda
detalının incəliklərinə qədər təsviri,
dostluğa sədaqət, insanlara qarşı doğru,
dürüst, humanist mövqe və sair.
Ümumiyyətlə,
ədəbiyyatımızda öz imzalarını qoyan bir
çox yazıçı və şairlərimizin yaradıcılığında
vətən mövzusu aparıcı mövqedə olub.
Gənc nəslə millilik anlayışını,
vətən sevgisi ideyalarını aşılamaq baxımından
bu mövzuda şeirlərin yazılması aktuallıq
kəsb edir. Vətənpərvərlik insanın öz
Vətəninə sevgi və sədaqətindən, doğma
Vətənin siyasi, iqtisadi və mədəni tərəqqisi
naminə çalışmaqdan və onun
müdafiəsinə hər an hazır olmaqdan ibarətdir.
Doğma yurda sədaqət nümunəsi olaraq heç bir
çətinliklərdən qorxmayıb
vətəndaşlıq vəzifəsini ləyaqətlə
yerinə yetirmək vətənpərvərliyin bariz
nümunəsidir. Yusif Nəğməkar Vətən
haqqında yazdığı şeirlərində bu
şərəfli missiyanı uğurla həyata
keçirməyə nail olur. Şairin "Vətən" şeirində
vətənpərvərlik hissləri, doğma yurda
bağlılıq anlayışı vəsf olunur.
Y.Nəğməkar balaca oxucularına
vətənpərvərlik ideyalarını sxematik
şəkildə çatdırmır, doğma yurdun hər
qarışını, torpağını, suyunu,
çayını, hətta salam belə verdiyimiz
kəsləri Vətən adlandırır:
Yatdığın
beşik,
Gəzdiyin
eşik,
Sənə
vətəndir.
Necə
ki quşun isti yuvası,
Ona
vətəndir.
Vətən-anadır,
Ana-vətəndir.
Şairin
bir qrup şeirləri vardır ki, onlarda vətən
məfhumu işlənmir, ancaq bu şeirlər də doğma
Vətənin gözəlliyini özündə ehtiva edir.
"Suqovuşan" şeiri belələrindəndir. Uca-uca
dağların möhtəşəmliyini, qarpapaqlı
zirvələrin əzmini, sonaların qaqqıldamasını,
çiçəklərin gözəlliyini, Mil və
Muğan düzünün sonsuzluğunu duymamaq
mümkünsüzdür. Burada şair maraqlı kompozisiya
qurur. Şeir kiçik həcmdə olsa da, müəyyən
süjet xəttinə malikdir. Araz və Kür
çayını əsərin əsas obrazı kimi təsvir
edən müəllif bolluca məcazlardan, bədii təsvir
və ifadə vasitələrindən istifadə edərək
şeirin poetik təsir gücünü artırmağa nail
olur. Şeirin sonunda bu iki çayın bir məcrada
birləşməsini bir-birindən ecazkar kəlmələr
vasitəsilə dolğun, təbii ifadə edir.
Düşünürük ki, bu, əslində, maraqlı
üsuldur. Belə ki, şeiri oxuyan uşaqda həm estetik
zövq formalaşır, həm də bu çayların
birləşdiyi məkan haqqında müəyyən
məlumat əldə etmiş olur:
Ayrı
təbli ləpələr,
Bir
yataqda cəm oldu.
İki
könül birləşib
Daha
möhtəşəm oldu.
İnsanlar
Kürə Dəli,
Araza xan
dedilər.
Onlar
qovuşan yerə,
Suqovuşan
dedilər.
Akademik
Nizami Cəfərov şairin
yaradıcılığını şərh edərkən
onun Vətən haqqında yazdığı
şeirlərə yüksək dəyər verərək
yazır ki, "hər bir böyük şairdə
daxildən, içdən, ruhdan gələn bir Vətən
sevgisi olur... Səməd Vurğun, Məhəmmədhüseyn
Şəhriyar, Süleyman Rüstəm, Rəsul Rza, Hüseyn
Arif, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəriman
Həsənzadə kimi böyük sələflərindən
dərs almış Yusif Nəğməkar da
vətənpərvər və bu mənada böyük,
nəcib ideallarla yaşayan, həm də narahat bir şairdir.
Və onun poeziyasının baş qəhrəmanı
Vətəndir desək, səhv etmərik".
Məqalənin
əvvəlində qeyd etdiyimiz kimi Yusif
Nəğməkarın şeirləri mövzu və ideya
baxımından rəngarəngdir. Təbiət
təsvirlərini özündə cəmləşdirən
uşaq şeirləri şairin yaradıcılığında
üstünlük təşkil edir.
Ətraf
aləmə, onun gözəlliklərinə həsr olunan
şeirlər kiçikyaşlı oxucular üçün
olduqca əhəmiyyətlidir. Uşaqlığının
erkən çağından hər bir uşaq
ətrafındakı dünyanı kəşf edir,
gözəl, canlı bir məkana çatır,
nağıllarda, şeirlərdə öz poetik obrazı
ilə təbiətlə ünsiyyət sevincini
yaşayır, dünyanı müxtəlif rəng və
səslərlə qavrayır, hiss edir. Bu qədər cazibədar,
parlaq, gözəl və açıq dünyanın onun
üçün naməlum qalmamasına nail olmaq
üçün təbiətin təsvirini mümkün
qədər elə yaratmaq lazımdır ki, o,
uşağın kiçik qəlbində dərin iz
buraxsın. Yusif Nəğməkar şeirlərini məhz
dediyimiz prinsiplər əsasında, uşaq dünyasının
incəliklərini düşünərək
qələmə almışdır.
"Çəmən", "Yağışda",
"Şimşək", "Yarğan", "Yelə
bax, yelə", "Bulaq", "Meşələrin
yuxusu" və sair belə şeirlərdəndir.
"Çəmən" şeirində müəllif
yazır:
Bura
yaşıl çəməndir,
Yağış
altda çiməndir.
Lalə,
nərgiz, xalıdır,
Günəş
qızıl şalıdır,
Bulud
baş çalmasıdır,
Şırran
əl çalmasıdır.
Qısaca
nümunə gətirdiyimiz bu şeirdə yalnız
çəmənin gözəlliyi təsvir olunmur, eyni zamanda
bu gözəlliyə bir gözəllik qatan, onu
rövnəqləndirən digər təbiət
hadisələri-bulud, yağış, külək, al şəfəq
bir cəm halında, bütöv şəkildə, dolğun,
real çalarda oxucuya təqdim olunur. Bu gözəllikdən
zövq alan insanın qəlbi, sanki riqqətə gəlir.
Yusif
Nəğməkarın təbiətin bir hissəsi olan
heyvanlar, bitkilər haqqında da şeirləri çoxdur.
"Siçan", "Kirpi",
"Kəpənəyim", "Quzu məni
çağırdı", "Quşəppəyi",
"Göbələk", "Üzüm" və s.
şeirlər bu qəbildəndir. Şairin bu
şeirlərinin əksəriyyətində təbiətə
məxsus bu canlılara qarşı dərin sevgi, qayğı
hissinin olduğunu müşahidə edirik. Şair
"Siçan" şeirində əslində ziyanverici kimi
tanıdığımız siçanı bizə
müsbət biçimdə, fərqli obrazda təqdim edir.
Siçanın pişikdən qorxmasını xüsusi vurğu
ilə diqqətə çəkir ki, bu da uşaqda
mərhəmət hissinin yaranmasına imkan yaradır. Şair
"Quzuqulaq" bitkisinin adının yaranması haqqında
maraqlı bir hekayə uydurur və bu vasitə ilə həm
uşaqlara o bitkini tanıtdırır, həm də onlarda
təxəyyül gücünün formalaşmasına
yardımçı olur:
Əyiləndə,
Çaya
salmış
Quzuqulaq.
Onunçün
də
Su
içəndə
Bitib
qalxmış
Quzuqulaq.
Müəllif
uşaqlarımız üçün qiymətli söz
xəzinəsi olan şifahi xalq ədəbiyyatı
nümunələrinin onlar üçün mühüm
əhəmiyyət kəsb etdiyini anladığından
yaradıcılığında bu nümunələrə
də çox yer verir. Holavar, yanıltmac kimi janr formasına
oxşar tərzdə yazdığı şeirlər
söylədiyimizə sübutdur:
Örüşdən
qayıt daha,
Hoha,
inəyim, hoha!
Yol
uzaqdır, yal uca,
Naxırı
çək arxaca.
"Kirpi"
şeirində isə Yusif Nəğməkar şifahi xalq
ədəbiyyatından hamımıza məlum olan kirpi
haqqında yanıltmacdan istifadə edərək maraqlı
poeziya nümunəsi yaradır. Şeirin dili sadədir, poetik
quruluşu isə fərqli biçimdədir.
Nümunəyə nəzər yetirək:
Tükü
-
iynə,
Yükü
-
iynə.
Beli
körpü,
Bala
kirpi.
Misralarda
hecaların sayının ikidən artıq olmaması onun
asanlıqla əzbərlənməsinə və
qavranılmasına vəsilə olur.
Yusif
Nəğməkarın bir sıra şeirləri sual-cavab
əsasında, dialoq formasında qurulmuşdur. Nənə
və nəvənin mükaliməsindən ibarət olan bu
nümunədə uşağın aldığı cavablar
vasitəsilə ağacların torpaq üstdə, yol
qırağında, keçiddə, dağlarda, dərələrdə,
göllərin sahilində və s. ərazilərdə
bitdiyini öyrənirik. Ümumiyyətlə, şairin bu
formada şeirləri çoxluq təşkil edir. Bunlar
öyrədici funksiya yerinə yetirərək məlumatın
tez mənimsənilməsinə imkan yaradır.
V.Q.Belinski
yazırdı: "Uşaq yazıçısının
yaranması üçün çox, olduqca çox
şərtlər vardır: nəcib, sevən, diqqətli,
sakit, körpəcə-sadədil bir qəlb, yüksək
məlumatlı bir idrak, predmetlərə aydın bir
baxış, yalnız canlı bir təsəvvür deyil,
həm də canlı, şairanə bir xəyal, hər
şeyi canlı, zəngin surətlər halında təsəvvür
etməyə qabil bir xəyal lazımdır. Aydındır
ki, uşaqlara qarşı məhəbbət, uşaq
yaşının tələb, xüsusiyyət və
təfərrüatını dərindən bilmək də
ən mühüm şərtlərdəndir". Yusif
Nəğməkarın uşaqlar üçün
qələmə aldığı şeirləri
nəzərdən keçirərkən məşhur
tənqidçinin vacib bildiyi keyfiyyətlərin demək olar
ki, hamısını şairin yaradıb ərsəyə
gətirdiyi nümunələrdə gördük.
Çoxşaxəli yaradıcılığa malik olan
şairin balalarımızı unutmaması, onlar
üçün bir-birindən rəngarəng poeziya
nümunələri yaratması olduqca təqdirəlayiq hal hesab
olunmalıdır.
Gülnar BABAYEVA
Ədəbiyyat
qəzeti.- 2019.- 5 oktyabr. S. 21.